Kiçik qrupların həcmi və strukturu. Əvvəlki bölmədə kiçik qrupların həcmindən danışdıq və qeyd etdik ki, kiçik qruplar 2- dən 30- 40- a qədər insanların birliyidir (III.6.2.). Onun strukturuna gəldikdə bunu bir neçə istiqamətdə xarakterizə etmək mümkündür.
R.S.Nemov qarşılıqlı təsir və informasiyaların qrupun bir üzvündən digərinə ötürülmə imkanlarını və şəxsiyyətlərarası əlaqə sistemini təmin edən kommunikasiya kanallarından asılı olaraq kiçik qrupların özünəməxsus strukturunu qeyd edir. Qrupdaxili kommunikasiyanın struktur kanalının iki əsas növü qeyd olunur: mərkəzləşdirilmiş (A) və mərkəzləşdirilməmiş (B), eyni zamanda onların həyatda özünü göstərən bəzi variantları.1
Mərkəzləşdirilmiş kommunikasiya kanalının strukturu onunla səciyyələnir ki, burada qrupun üzvlərindən biri daima bütün ünsiyyət istiqamətlərində fəaliyyət göstərir, diqqət mərkəzində olur və qrup fəaliyyətinin təşkilində əsas rol oynayır. Həmin adamın vasitəsilə qrupda həmin qrupun digər üzvləri arasında informasiya mübadiləsi həyata keçirilir.
A
1) frontal 2) radial 3) ierarxik
B
4) zəncirvari 5) dairəvi 6) tam
Şəkil 9. Qrupdaxili kommunikasiyanın struktur tipləri və variantları (R.S.Nemova görə)
A şəklində mərkəzləşdirilmiş strukturun üç variantı verilmişdir: frontal, radial və iyerarxik struktur. Şəkildən göründüyü kimi frontal kommunikasiya kanalı strukturunda qrupun iştirakçıları birbaşa təmasa girmədən bir sırada dayanır və bir- birlərini görə bilirlər. Bu cür struktur qrup iştirakçıları birgə fəaliyyət zamanı müəyyən dərəcədə bir- birlərinin davranış və reaksiyalarını nəzərə ala bilirlər. Frontal struktur müəllimlərə sinifdə dərs zamanı, frontal iş zamanı yaranan strukturdan tanışdır.
İkinci, mərkəzləşdirilmiş kommunikasiya strukturu olan radial variant frontal variantdan onunla fərqlənir ki, burada fəaliyyətin iştirakçıları bir-birlərini bilavasitə qavraya, görə və ya eşidə bilmirlər. Onlar informasiya mübadiləsini yalnız mərkəzi şəxsin vasitəsilə həyata keçirirlər. Bu hal qrupun ayrı-ayrı üzvlərindən birinin digərlərinin davranış və reaksiyalarını nəzərə almalarına imkan vermir. Bu zaman sadəcə olaraq qrupun hər bir üzvü tam sərbəst və müstəqil işləməklə, axıra qədər fərdi, özünəməxsus mövqeyini təzahür etdirir.
Mərkəzləşdirilmiş iyerarxik kommunikasiya strukturunda tamamilə başqa cür vəziyyət yaranır. Burada iştirakçıların bir neçə, ən azı iki tabeçilik səviyyəsi mövcud olur. Bunlardan bir qismi birgə fəaliyyət zamanı bir- birini görə bildiyi halda, digərləri görə bilmir. Onların arasındakı şəxsiyyətlərarası ünsiyyət məhdudlaşmış olur. Yalnız tabeçilik səviyyəsində olan iki nəfərin arasında əlaqə (kommunikasiya) həyata keçə bilir.
Şəkil A – dan göründüyü kimi, bu cür kommunikasiya strukturunda iyerarxik tabeçiliyin yuxarı səviyyəsində 1-ci fərdin bilavasitə 2- ci köməkçisi vardır. 2- ci fərd də öz növbəsində qalan üç iştirakçıya tabedir. 1- ci fərd yalnız 3- mərhələdə dayanan fərdlərlə ünsiyyət imkanına malik olan 2- ci fərdlə qarşılıqlı təsir imkanına malikdir.
Mərkəzləşdirilməmiş ünsiyyət strukturuna malik olan tipik variantlar əvvəlki strukturdan fərqli xüsusiyyətlərə malikdirlər. Burada bütün variantlarda qrupun hər bir üzvü həmin struktur daxilində öz qrup yoldaşları ilə eyni məlumat əldə etmək, işləmək və məlumatları ötürmək imkanlarına malik olmaqla, onlarla açıq, bilavasitə ünsiyyətə girə bilirlər.
Kommunikasiyanın bu cür strukturunun zəncirvari variantında ünsiyyət sistemində şəxsiyyətlərarası qarşılıqlı təsir bir növ zəncirvari şəkildə həyata keçir. İki kənar iştirakçıdan başqa qalan iştirakçılar iki qonşusu ilə, kənar mövqe tutan fərdlər isə yalnız bir qonşusu ilə qarşılıqlı təsirə malik olur. Bu cür ünsiyyət strukturu konveyer xarakterli işlərdə özünü aydın göstərir.
Dairəvi kommunikasiya strukturası zəncirvaridən onunla fərqlənir ki, burada birinci növbədə qrup üzvlirinin hamısı eyni imkana malik olur. İkincisi, onların öhdəsində olan məlumatlar qrup üzvləri arasında dövr etmək, tamamlanmaq və dəqiqləşmək imkanına malik olur. Üçüncüsü, bu cür kommunikasiya strukturunda iştirakçılar üzbəüz dayanmaqla bir-birinin reaksiyalarını bilavasitə müşahidə etmək, onları öz işlərində nəzərə almaq imkanına malik olurlar.
Aparılmış tədqiqatlar belə bir qənaətə gəlməyə imkan vermişdir ki, qruplarda kommunikasiya strukturunun yuxarıda qeyd etdiyimiz bütün variantlar bu və ya digər dərəcədə məhdudiyyətə malikdir. Bunlarda iştirakçıların hər biri ya başqaları ilə bilavasitə ünsiyyətdə qeyri bərabər imkana, ya da bərabər, lakin məüdud imkana malik olur. Ona görə də həmin sahənin mütəxəssisləri ünsiyyət strukturuna görə qrupun daha səmərəli variantı kimi tam və ya qeyri məhdud variantını qeyd edirlər. Bu variantda qrup iştirakçıları arasında sərbəst şəxsiyyətlərarası ünsiyyət sahəsində heç bir məhdudiyyət olmur. Burada qrupun hər bir üzvü digərləri ilə tamamilə sərbəst qarşılıqlı təsiri həyata keçirə bilir. Təcrübədə kommunikasiya strukturunun hansından istifadə olunması qrupun qarşısında duran məqsəd və vəzifədən asılı olur.
Dostları ilə paylaş: |