M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir.
O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cü ildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonunadək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə idi.
50-ci illərdən başlayaraq Azərbaycanda psixologiya elminin yeni bir inkişaf mərhələsi başlayır. Bu dövrdə A.K. Abdullayev, Ş.S. Ağayev aspiranturada, Ə.S. Bayramov, Ə.Ə. Əlizadə, Ə.Ə. Qədirov, M.Ə. Həmzəyev və digərləri psixologiya fakültəsində təhsil almışdır.
İ.Ə. Seyidov, K.S. Əbilov, M.S. Nəcəfov, M.Ə. Həmzəyev, M.M. Hacıyev 50-ci illərdə namizədlik dissertasiyaları müdafiə edirlər.
1963-64-cü tədris ilində V.İ. Lenin adına APİ-də psixologiya kafedrası yenidən müstəqil fəaliyyətə başlayır. 1963-1975-ci illərdə kafedraya görkəmli psixoloq Ş.S. Ağayev rəhbərlik edir.
Ş.S. Ağayev 1954-cü ildə «Fikri məqsədin xarakterindən asılı olaraq görmə qavrayışının dinamikası» mövzusunda namizədlik, 1967-ci ildə isə «Əmək, tərbiyə və inkişaf» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Şəxsiyyət psixologiyası, təlim psixologiyası, tərbiyə psixologiyası və s. sahələr üzrə tədqiqatlar aparmış, dərsliklərin hazırlanmasında, kadrların yetişməsində önəmli rol oynamış professor Ş.S. Ağayev müəyyən müddət V.İ. Lenin adına APİ-nin rektoru olmuşdur.
1960-70-ci illərdə sovet psixologiya elmində bir inkişaf mərhələsi başladı. Psixologiyanın müxtəlif sahələri üzrə tədqiqatlar genişləndi.
Gənc və istedadlı psixoloqlar Ə.S. Bayramov, T.Ə. Mustafayev, C.A. Təhmasib, İ.A. Fərəcov, A.U. Məmmədov, Q.E. Əzimov, R.M. Rəsulov, M.Ş. Əbdülov və başqaları namizədlik dissertasiyaları müdafiə etdilər. Bu dissertasiyalar psixologiyanın bir çox sahələrini əhatə etsə də əsas diqqət yaş və pedaqoji psixologiyaya yönəldilmişdi.
60-cı illərin sonu – 70-ci illərin əvvəlləri Azərbaycan psixologiya elmi üçün daha məhsuldar olmuşdur. Ə.S. Bayramov, M.Ə. Həmzəyev, M.S. Nəcəfov, Ə.Ə. Qədirov, Ə.Ə. Əlizadə müxtəlif mövzularda doktorluq dissertasiyaları müdafiə etmişlər. Bundan sonra 20 il müddətində Azərbaycanda psixologiya üzrə doktorluq dissertasiyaları müdafiə olunmamışdır. Yalnız 90-cı illərin ortalarından başlayaraq yenidən respublikada doktorluq dissertasiyaları müdafiə olunmağa başladı. Ə.T. Baxşəliyev, S.İ. Seyidov, B.H. Əliyev, İ.M. Novruzlu, R.İ.Əliyev, G.K.Məmmədova, İ.Ə.Məmmədova doktorluq dissertasiyaları müdafiə etdilər.
Azərbaycanda psixologiya elminin inkişafında 1947-48-ci tədris ilindən 1954-55-ci tədris ilinədək Azərbaycan Dövlət Universitetində təşkil olunmuş məntiq-psixologiya şöbəsinin müstəsna rolu olmuşdur. Bu müddət ərzində 150-dən artıq yüksək ixtisaslı psixoloq kadrı oranın məzunu olmuşdur. Onların sırasından Ə.S. Bayramov, Ə.Ə. Əlizadə, Ə.Ə. Qədirov, M.S. Nəcəfov, Q.E. Əzimov, M.Ş. Əbilov kimi tanınmış alimlər çıxmışlar. Məhz onların sayəsində Azərbaycan psixologiya elmi mühüm inkişaf yolu keçmişdir.
1947-52-ci illərdə Azərbaycan Dövlət Universitetinin məntiq-psixologiya şöbəsini bitirənlərdən biri də professor Ələddin Əhməd oğlu Qədirov (1929-2003) olmuşdur. Ə.Qədirov 1963-2001-ci illər ərzində Gəncə Dövlət Pedaqoji İnstitutunda dosent, kafedra müdiri, prorektor, rektor vəzifələrində çalışmışdır.
Ə. Qədirov 2001-2003-cü illərdə Təhsil Problemləri İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.
O, 1961-ci ildə «Kiçik məktəbyaşlı uşaqlarda mücərrəd təfəkkürün inkişafı» mövzusunda namizədlik, 1974-cü ildə isə «Kiçikyaşlı məktəblilərdə mücərrədləşdirmənin inkişafı» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Ə.Qədirov təlim-tərbiyə psixologiyasına dair çoxsaylı əsərlərin müəllifidir. 2003-cü ildə nəşr etdirdiyi «Yaş psixologiyası» dərsliyi isə ümumən Azərbaycan psixologiya elminin nailiyyətlərindən hesab olunur.
Azərbaycan psixologiya elminin inkişafında əvəzsiz xidmətləri olan alimlərdən biri də professor Muxtar Əliş oğlu Həmzəyevdir (1929). O, 1952-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1956-cı ildə «İbtidai məktəbin II sinif şagirdlərində samitlər üzrə düzgün yazı vərdişlərinin təşəkkül etməsi və inkişafının psixoloji xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bundan sonra M.Həmzəyevin təlim-tərbiyə məsələləri ilə bağlı əsərləri nəşr olunur. «Ailədə uşaqların oyunlarına rəhbərlik» (1965), «Yazı təliminin bəzi məsələləri» (1961), «Şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnmə xüsusiyyətləri» (1984) və onlarla digər kitablar M.Həmzəyevin qələminin məhsulu olsa da, ümumən Azərbaycan psixologiya elminin nailiyyətləri hesab edilir. Onun «Pedaqoji psixologiya» (1991), «Yaş və pedaqoji psixologiyanın əsasları» (2000-2003) və digər dərslikləri geniş istifadə olunan uğurlu dərsliklərdəndir. O, uzun müddət I sinif şagirdləri üçün «Ana dili» dərsliyinin müəlliflərindən biri olmuşdur.
M. Həmzəyevin fəaliyyətinin uzun və məhsuldar bir dövrü Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu ilə bağlı olmuşdur. O, 1956-74-cü illərdə baş elmi işçi, şöbə müdiri, psixologiya laboratoriyasının müdiri işləmişdir. 1974-77-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İns- titutunda kafedra müdiri olmuşdur.
1978-ci ildən M.Həmzəyevin elmi fəaliyyəti Azərbaycan Dövlət Dillər İnstitutu, indiki Dillər Universiteti ilə bağlanır. O, hazırda Azərbaycan Dillər Universitetində psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.
M.Həmzəyev 1969-cu ildə «Azərbaycan dili orfoqrafiya və durğu işarələrinin mənimsənilməsi psixologiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Respublikada elmi kadrların hazırlanmasında da M.Həmzəyevin müstəsna rolu olmuşdur. Onun rəhbərliyi ilə onlarla aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmişdir. Uzun müddət AAK Ekspert Şurasının üzvü olmuşdur.
Azərbaycan psixologiya elminin inkişafında əməkdar elm xadimi, professor Əkbər Salman oğlu Bayramovun (1930) müstəsna xidmətləri olmuşdur. Azərbaycan Dövlət Universitetinin məntiq-psixologiya şöbəsini bitirdikdən sonra Ə.S. Bayramov çoxşaxəli elmi-pedaqoji fəaliyyətə başlayır. O, demək olar ki, Azərbaycanda psixologiya elminin bütün sahələri üzrə tədqiqat aparmış, elmi əsərlər yazmış, dərsliklər hazırlamışdır. O, professor Ə.Ə. Əlizadə ilə birlikdə Azərbaycanda sosial psixologiyanın əsasını qoymuşdur. Hələ sovet hakimiyyəti illərində etnopsixologiyanın «qadağan olunduğu» vaxtlarda etnopsixologiya ilə bağlı fikir və ideyalarını irəli sürmüş, 1996-cı ildə isə «Etnik psixologiya məsələləri» əsərini nəşr etdirmişdir. Ə.S. Bayramov Azərbaycanda etnopsixologiyanın yaradıcısıdır. Onun çoxsaylı aspirant və dissertantları da etnopsixoloji məsələlərə dair namizədlik dissertasiyası müdafiə etmişdir.
1959-cu ildə Ə.S. Bayramov «Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III-IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri» mövzusunda namizədlik, 1967-ci ildə isə «Kiçik məktəbyaşlı şagirdlərdə əqli keyfiyyətlərin inkişaf dinamikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
O, 1974-cü ildən SSRİ Psixologiya Cəmiyyəti Azərbaycan şöbəsinın sədri olmuşdur. Ə.S.Bayramov 1971-97-ci illərdə BDU-nun pedaqogika və psixologiya kafedrasına rəhbərlik etmişdir. Uzun illər psixologiya üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri kimi respublikada yüksək ixtisaslı psixoloq kadrların hazırlanmasına rəhbərlik etmişdir.
Hazırda Bakı Dövlət Universiteti psixologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi Azərbaycan psixologiya elminin inkişafına xidmət göstərir.
Respublikamızın görkəmli alimlərindən biri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi psixologiya kafedrasının müdiri, professor Əbdül Əli oğlu Əlizadə (1932) Azərbaycanda psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmiş psixoloqlardandır. Ə.Əlizadə 1950-55-ci illərdə Azərbaycan Dövlət Universitetinin məntiq-psixologiya şöbəsində təhsil almışdır. 1956-cı ildə ilk elmi məqaləsi çap olunur. 1957-ci ildə «Azərbaycan məktəbi» jurnalında işə başlayır. 1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olur. Sonrakı fəaliyyəti bu institutla bağlıdır.
1962-ci ildə «Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri» mövzusunda namizədlik, 1975-ci ildə isə «Cinsi dimorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edir.
1976-cı ildən bu günədək Ə.Ə.Əlizadə ADPU-nun ümumi psixologiya kafedrasının müdiridir.
Ə.Ə.Əlizadənin fəaliyyətində dərsliklərin hazırlanması xüsusi yer tutur. O, hələ 60-cı illərdən dərsliklərin hazırlanmasında yaxından iştirak edir. Professor Y.Ş.Kərimovla birlikdə hazırladığı «İlk addımlar» dərs vəsaiti özünün psixoloji məzmununa görə diqqəti cəlb edir.
1964-cü ildə nəşr olunmuş «Psixologiya» dərsliyinin müəlliflərindən biri də professor Ə.Ə.Əlizadədir. Professor Ə.Ə.Əlizadə professor Ə.S.Bayramovla birlikdə çox səmərəli fəaliyyət göstərmiş, Azərbaycan psixologiya elminin inkişafına önəmli xidmət etmişlər. «Psixologiya» (1989), «Sosial psixologiyanun aktual məsələləri» (1986), «Sosial psixologiya» (1976), «Sosial psixologiya» (2003) və digər əsərlər onların birgə fəaliyyətinin məhsuludur.
Ə.Ə.Əlizadənin yaradıcılığında ailə tərbiyəsi, ailə problemləri daha dolğun şəkildə araşdırılmışdır. Professor A.N.Abbasovla birlikdə hazırladıqları «Ailə» dərsliyi pedaqoji ictimaiyyət tərəfindən müstəsna xidməti olan əsər kimi qəbul olundu.
Ə.Ə.Əlizadənin psixoloq kadrlarının hazırlanmasında da əvəzsiz rolu olmuşdur. Onun aspirant və dissertantları müxtəlif istiqamətli mövzularda namizədlik dissertasiyaları müdafiə etmişlər. Professor Ə.Ə.Əlizadə indi də fəaliyyətini uğurla davam etdirir.
80-ci illərin ortalarından başlayaraq SSRİ-də psixologiyanın praktik istiqamətdə inkişafına xüsusi yer ayrıldı. Təbii ki, Azərbaycanda da bu istiqamətə diqqət yetirilməyə başlandı. 80-ci illərin sonuna yaxın məktəbə psixoloji xidmət sahəsində fəaliyyətə başlandı. Aydındır ki, fəaliyyət üçün ixtisaslı psixoloq kadrlarına ehtiyac yarandı. İlk dövrlər problem işləyən müəllimlərin ixtisasdəyişməsi yolu ilə həll olundu. Respublikamız müstəqillik qazandıqdan sonra yüksək ixtisaslı psixoloq kadrlarının hazırlanması zərurəti yarandı.
90-cı illərin əvvəllərindən başlayaraq Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) psixologiya fakültələri fəaliyyətə başladı. Görülmüş işlər tədricən öz bəhrəsini verməyə başladı.
İndi Azərbaycanda həm elmi psixologiya, həm də praktik psixologiya özünün inkişafının yeni bir mərhələsinə qədəm qoyur.
20 ildən artıq bir müddətdə Azərbaycanda psixologiya üzrə doktorluq dissertasiyası müdafiə olunmadı. 1996-cı ildə Ərəstun Təriş oğlu Baxşəliyev «XX əsrdə Azərbaycanda psixoloji fikrin inkişafı» mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Azərbaycanda psixologiya tarixi üzrə görkəmli mütəxəssis Ə.Baxşəliyev 1973-cü ildə «Sovet Azərbaycanında psixologiyanın inkişaf tarixindən» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Ə.Baxşəliyev xüsusilə Azərbaycanda elmi psixologiyanın təşəkkül tapmasından sonrakı dövrün öyrənilməsinə diqqət yetirmiş, təhlillər aparmışdır. O hazırda ADPU-da yaş və pedaqoji psixologiya kafedrasına rəhbərlik edir.
Respublikamızın müstəqillik qazanmasıyla digər sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də islahatlar aparılması zərurəti yarandı. Bu isə psixologiya elmində də yeni istiqamətli, praktik əhəmiyyət kəsb edən problemləri aktuallaşdırdı. Bu istiqamətdə ilk addım atan psixoloqların sırasında ilk növbədə professor Səməd İsmayıl oğlu Seyidovun adını qeyd etmək lazımdır. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini bitirən S.Seyidov 1989-cu ildə namizədlik, 1995-ci ildə isə doktorluq dissertasiyası müdafiə edir.
Hazırda Azərbaycan Dillər Universitetinin rektorudur.
S.İ.Seyidov təşkilati, ictimai işlərlə yanaşı, Azərbaycan Respublikası üçün yeni bir sahə olan menecment psixologiyası üzrə aparılan ciddi tədqiqatların müəllifidir. Bununla yanaşı, o, kadr hazırlığı sahəsinə də önəmli yer verir. Onun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə edən gənc alimlər də tədqiqatlarında daha çox menecment psixologiyası kimi vacib bir sahəyə diqqət yetirirlər.
Azərbaycan psixologiya elminin 80-ci illərdən sonrakı inkişafında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bəxtiyar Həmzə oğlu Əliyevin özünəməxsus yeri və rolu vardır. O, Moskva Dövlət Universitetini bitirmiş azsaylı, yüksək ixtisaslı, peşəkar psixoloqlardandır. O, ilk növbədə, rus psixologiya elminin nailiyyətlərinə istinad etməklə Azərbaycanda da yeni istiqamətli tədqiqatların aparılmasını zəruri hesab edən və bu yöndə əməli fəaliyyət göstərən psixoloqlardandır. 1983-cü ildə MDU-nu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində əmək fəaliyyətinə başlamış, 1989-cu ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1998-ci ildə doktorluq dissertasiyası müdafiə etdikdən sonra daha ciddi şəkildə Azərbaycan psixologiya elminin inkişafına səy göstərmişdir.
B.H.Əliyev Azərbaycan elmi psixologiyası üçün çox əhəmiyyətli olan, lakin nisbətən az işlənmiş sosial psixologiya üzrə tədqiqatların aparılmasına, monoqrafiya və kitabların çap olunmasına çalışır və bu sahədə Azərbaycan elminə nailiyyətlər qazandırır. Onun hüquq psixologiyası sahəsindəki tədqiqatları xüsusilə əhəmiyyətlidir.
B.H.Əliyev onlarla aspirant və dissertanta rəhbərlik etmişdir. 2005-ci ilin iyun ayında isə B.H.Əliyevin rəhbərliyilə G.K.Məmmədova «Psixologiya və bədii ədəbiyyatda şəxsiyyətin tipologiyası problemi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
B.H.Əliyev eyni zamanda 1999-cu ildən nəşr olunan «Psixologiya jurnalı»nın baş redaktoru, Bakı Dövlət Universitetinin nəzdindəki psixologiya üzrə dissertasiya şurasının sədri, psixologiya kafedrasının müdiridir.
2003-cü ildə Azərbaycan psixologiya elmində az işlənmiş bir sahə üzrə – dərinlik psixologiyası üzrə doktorluq dissertasiyası müdafiə edən İ.M. Novruzlu həm özünün yaradıcılığında, həm də Azərbaycan psixologiya elmində uzun illər qadağan olunmuş psixoanalizin yenidən tədqiqat obyektinə çevrilməsində mühüm addım atdı. 1979-cu ildə Tbilisi şəhərində «Sözdüzəldici prosesin psixoloji əsasları» mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra nitq inkişafı, rus dilinin mənimsənilməsi sahəsində maraqlı tədqiqatlar aparmışdır.
Azərbaycan psixologiya elminin inkişafında Təhsil Prblemləri İnstitutu Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri Ramiz İbrahim oğlu Əliyevin özünəməxsus rolu vardır. R.Əliyev 1985-ci ildə Kiyev şəhərində «Kiçik məktəbli şəxsiyyətinin formalaşmasında ictimai fəallığın rolu» mövzusunda namizədlik, 2004-cü ildə BDU-da «Şagird şəxsiyyətinin formalaşmasının etnopsixoloji əsasları» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Pedaqoji psixologiya və etnopsixologiya üzrə tədqiqatlar aparır. «Şagird şəxsiyyətinin formalaşmasında milli xüsusiyyətlərin nəzərə alınması» (1995), «Şəxsiyyət və onun formalaşmasının
etnopsixoloji əsasları» (2000) adlı monoqrafiyaları, Psixologiya (2003), «Psixologiya tarixi» (2006) dərs vəsaitləri çap olunmuşdur. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvüdür.
Azərbaycan psixologiya elminin inkişafında M.Ş. Əbdülov, R.M. Rəsulov, C.A. Təhmasib, T.Ə. Mustafayev, A.U. Məmmədov və başqaları mühüm rol oynamışlar. T.Ə. Mustafayev ədəbi yaradıcılıq, M.Ş. Əbdülov nitq inkişafı, R.M. Rəsulov ikidilliliyin psixoloji xüsusiyyətləri, A.U. Məmmədov hafizə, təlim fəaliyyəti sahəsində tədqiqatlar aparmış, əsərlər çap etdirmişlər.
Azərbaycan psixologiya elminin inkişafında Z.M. Mehdizadə, İ.Ə. Seyidov və Q.E. Əziomvun xüsusi rolu olmuşdur.