Bərpaedici təxəyyül təsvirə, sxemə əsasən surətlərin yaradılması prosesidir. Mövcud olmuş, yaxud mövcud olan, lakin bizim tərəfimizdən heç zaman bilavasitə qavranılmamış obyektlərin təsvirə əsasən surətlərinin yaradılmasına bərpaedici təxəyyül deyilir. Məsələn, bədii əsərlərdə təbiət təsvirlərinə aid parçaları oxuyarkən gözümüzün qarşısında, yəni təxəyyülümüzdə bizim heç vaxt olmadığımız bir yerin, ərazinin obrazı yaranır. Həndəsədə fiqurların fəzada vəziyyətinə aid teoremanın şərtlərində verilən faktlara əsasən biz onun obrazını təxəyyülümüzdə yarada bilməsək, teoremanı isbat etmək olmaz. Şagird tarix, coğrafiya fənnləri ilə bağlı materialları öyrənərkən, beləcə, dərslikdə verilən təsvirlərə əsasən, müxtəlif coğrafi əraziləri, tarixdə baş verən döyüş səhnələrini, onların obrazlarını təxəyyülündə yaradır. Bütün bunlar da öz növbəsində təlim materialarının mənimsənilməsində, uzun müddət yadda saxlanılmasında çox böyük əhəmiyyət daşıyır.
Bərpaedici təxəyyül insanın həyat və fəaliyyətində mühüm əhəmiyyətə malik olmaqla təlim fəaliyyətində müstəsna əhəmiyyət daşıyır.
Yaradıcı təxəyyül fəaliyyətin tərkib hissəsini təşkil edən yeni surətlərin yaradılmasıdır. Təxəyyülün bu növü heç bir sxemə, təsvirə istinad etmədən, müstəqil olaraq yeni surətlərin yaradılmasından ibarətdir. Bəzən yanlış olaraq yaradıcı təxəyyüllə, yəni, yeni orijinal obrazların yaradılması prosesi ilə yaradıcılıq deyilən fəaliyyət prosesini eyniləşdirirlər. Təbii ki, insanın yaradıcılıq fəaliyyəti yaradıcı təxəyyülə çox bağlıdır. Lakin, bunlar eyniləşə bilməz. Təxəyyül və yaradıcılıq haqqında sonrakı bölmədə söhbət açacağıq. Burada isə ancaq yeni obrazlar yaratmaqdan söhbət gedir. Yeni obrazın, surətin yaradılması prosesi haqqında ayrıca danışacağıq. Xəyal. Təxəyyülün növlərindən biri də xəyaldır. Xəyal arzu edilən gələcəyə yönəlmiş obrazların yaradılması prosesidir. Xəyal xülya deyil. Xəyalı xülyadan ayıran odur ki, xəyal əsasən real, həyata keçirilməsi mümkün olan surətlərin yaradılması prosesidir. Xəyal insanın fəallığının çox qüvvətli stimullarından biridir. Xəyal insana fəaliyyətində və mübarizəsində qarşıya çıxan çətinliklərə üstün gəlməkdə bir güc, qüvvə verir. Xüsusilə gənclərin, məktəblilərin gələcək peşələri, həyat mövqeləri haqqındakı xəyalları onları yaxşı oxumağa, çalışmağa, özlərinin təhsil fəaliyyətlərinə daha ciddi yanaşmağa sövq edir. Göstərdiyimiz bütün bu cəhətlərinə görə xəyal insanı passivləşdirən xülyadan əsaslı şəkildə fərqlənir.
Xəyal insanın reallaşa bilən, yaxud reallaşması mümkün olan fantaziyasıdır. Belə bir fantaziya, xəyal rus yazıçısı D.İ.Pisarevin dediyi kimi, insanın faydalı işinə təkan verir. Xəyal insanın fəaliyyətinin təhrikedici səbəbi, motivi kimi meydana çıxır. Məhz bu mənada demək olar ki, insan əli ilə düzəldilmiş hər şey öz tarixi mahiyyətinə görə maddiləşmiş, həyata keçirilmiş insan xəyalıdır. Xəyalın insanın işində, əməlində, bir sözlə praktik fəaliyyətindəki rolunu böyük rus psixoloqu S.L.Rubinşteyin belə ifadə etmişdir: «Hər bir bədii yaradıcılıq aktında və bütün həqiqi hisslərdə fantaziyanın kiçik parçası var: bir başa təsir edən faktların üzərində qurulan hər bir mücərrəd fikirdə fantaziyanın kiçik parçası var; çox kiçicik şəkildə aləmi dəyişdirə bilən insanın hər bir işində fantaziyanın kiçik parçası var; insan düşünərək, duyaraq, fəaliyyət göstərərək, həyata bir damcı da olsa, yenilik gətirir ki, burada da fantaziyanın bir parçası var»1.