Xarakter haqqında anlayış. Xarakterin tərifi. Xarakter həyatda qazanılmış davranış forması kimi. Xarakter şəxsiyyətin mühüm və davamlı fərdi psixi xüsusiyyətlərinin məcmusu kimi.
Xarakterin quruluşu. Xarakter əlamətləri və onların qarşılıqlı əlaqəsi. Xarakter əlamətləri və şəxsiyyətin münasibətləri. İnsanın başqa adamlara, özünə, əməyə, əşyalara münasibətini ifadə edən xarakter əlamətləri.
Xarakter haqqında təlimlər tarixindən. Xarakter haqqında tədqiqatların əsas istiqamətləri. Qədim dünyada xarakterin öyrənilməsi cəhdləri. XIX əsrdə xarakter haqqında elmin yaranması. A.F.Lazurskinin xarakter haqqında tipologiyası. Z.Freydin və müasir psixoloanalitiklərin xarakter haqqında baxışları. R.Kettel şəxsiyyətin əsas amilləri arasında güc və zəiflik haqqında. E.Frommun irəli sürdüyü mazoxist, sadist, konformist, tənha tiplər. K.Yunqun tipologiyası (ekstrovert və introvert tiplər).
Xarakterin aksentuasiyası. K.Leonqard və A.E.Liçkonun xarakterin aksentuasiyası barədə konsepsiyaları).
Xarakter və şəxsiyyət. Xarakter və şəxsiyyətin əlaqəsi. Hər bir şəxsiyyətdə xarakterin ən müxtəlif əlamətlərinin inkişaf edə bilməsi. Şəxsiyyətin formalaşmasına yönəlmiş cəmiyyətin fəallığının fərdi xarakterlərdə müxtəlif qaydalarla rastlaşması. Xarakterin təzahürünün şəxsiyyətin təzahürünə nisbətən vasitəsiz olması. A.F.Lazurski şəxsiyyət və xarakter haqqında.
Xarakterin formalaşması.İnsan xarakterinin formalaşması şərtləri: bioloji və sosial şərtlər. Xarakterin formalaşmasında tərbiyə və özünütərbiyənin rolu. Xarakterin formalaşmasında mühitin, kollektivin, nümunənin rolu.
V.16.1. Xarakter haqqında anlayış
Xarakterin tərifi. İnsanları bir-birlərindən fərqləndirən şəxsiyyətin davamlı fərdi psixi xassələrindən biri də xarakterdir. Adətən, insanları bir-birlərindən fərqləndirərkən onların xasiyyətini, xarakterini ön plana çəkirlər. Bu baxımdan yunanca “xarakter” “möhür”, “naxış” mənasini bildirir. Xarakter bir növ insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmuunu özündə əks etdirir. Digər tərəfdən xarakteri bir psixi fenomen kimi fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, o həmişə fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür edir. Xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim anadan tənbəl və ya işgüzar, gobud və ya mehriban, qəddar və ya humanist, səliqəli və ya pinti, təvazökar və ya xüdbin doğulmur. Bu kimi keyfiyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyəsinin təsiri altında əldə edir. Həmin əlamətlər həmin insanın xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır.
Bütün bunlarla yanaşı olaraq insan xarakteri onun dünyagörüş və əqidəsilə də sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır. Adətən, xarakter formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir.
Yuxarıda qeyd edilənlərə əsasən xarakterə belə tərif vermək olar:
Konkret şəsiyyət üçün tipik olan fəaliyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin məcmusuna xarakter deyilir. Psixoloqların apardıqları tədqiqatlar belə bir qənaətə gəlməyə imkan vermişdir ki, şəxsiyyətin münasibətləri xarakter əlamətlərinin fərdi özünə məxsusluğunu iki cəhətdən müəyyənləşdirir. Birinci, insanın düşdüyü hər bir tipik şəraitdə emosional həyəcanların fərdi özünəməxsusluğu şəxsiyyətin münasibətlərindən asılıdır. Həyati faktlar xarakterin hər bir xüsusiyyətinin məhz bu cür tipik şəraitdə özünü büruzə verdiyini göstərir. İkincisi, hər bir tipik şəraitdə şəxsiyyətin təzahür edən davranış fomasının özünəməxsus fərdi xüsusiyyətləri də onun münasibətindən asılıdır.