Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


V 16.5. Xarakterin formalaşmasının şərtləri



Yüklə 1,29 Mb.
səhifə177/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   173   174   175   176   177   178   179   180   ...   297
psix

V 16.5. Xarakterin formalaşmasının şərtləri


İnsanın xarakteri adətən sosial amillərin təsiri altında formalaşır. Xarakterin formalaşması problemini nəzərdən keçirərkən onun eyni zamanda həm sabit, həm də dəyişkən olması prinsipini tətbiq etmək lazımdır. Bundan başqa, şəxsiyyətin ən vacib xüsusiyyətlərindən biri olan xarakter – ictimai tarixi bir kateqoriyadır, ona görə də insanın xarakterinin formalaş­masından danışarkən həmişə sosial şərtlərin təsirini nəzərdə tutmaq lazımdır. İnsanın xarakterinin formalaşmasına sosial mühitin təsiri hər şeydən əvvəl müxtəlif ictimai formasiyalarda tipik xarakterlərin müqayisəsi ilə sübut edilir. Kiçik qrupların psixologiyası onun üzvlərinin xarakterlərinin formalaşmasında böyük rol oynayır. Xarakterin formalaşmasına eyni zamanda bioloji şərtlər də təsir edir. Ancaq, xarakterin formalaşmasına irsi təsirin əhəmiyyətli roluna isnad edərkən çox ehtiyatlı olmaq lazımdır. A.N.Leontyevin sözlərilə desək, bioloji irsilik əhəmiyyətsiz sayılmır, ancaq mənimsəmə prosesi ilə müqayisədə o asılı vəziyyətdə olur.


Xarakterin əlamətlərində cinsi və psixi fərqlərin prob­leminin həlli üçün bir çox tədqiqatlar aparılmış, hətta kişilik-qadınlığın müəyyənləşdirilməsi üçün xüsusi testlər də işlənib hazırlanmışdır. Şəxsiyyətin xüsusiyyətlərində cinsi fərqlər ortaya çıxıb. Məsələn, kişilər daha özünə güvənən, aqressiv, inadkar və cəsarətlidirlər, xasiyyət, danışıq və hisslərində daha çox kobuddurlar. Qadınlar isə daha çox həssas, utancaq, xeyir­xah və emosionaldırlar.
Xarakterin formalaşmasının bioloji şərtlərindən danı­şarkən fiziki tərbiyənin böyük əhəmiyyətini qeyd etmək lazımdır. İdmançıların xarakterində iradəlilik xüsusiyyətlərinin tərbiyəsinə həsr olunmuş bir çox əsərlər mövcuddur. Daha ümumiləşdirilmiş formada bu problem P.A.Rudik, A.Ç.Puni, O.A.Çernikova tərəfindən təhlil edilmişdir.
Həyat öz müxtəlifliyi ilə tərbiyə edir, ancaq xarakterin formalaşmasının əsas amili ailə və məktəbdir. Uşaqların xarakterinin bir çox qüsurları ailədə düzgün olmayan tərbi­yənin nəticəsidir, məsələn, ərköyünlik, inadkarlıq, şıltaqlıq və eqoizm yaradır, fiziki cəza isə uşaqları kobud, sərt bəzən isə qorxaq, yalançı, aciz edir. Ancaq heç də həmişə uşaqların xarakterinin qüsurlarını ailə tərbiyəsinin səhv olması ilə izah etmək düzgün olmaz. Bəzən xarakterin yaranmış xüsusiy­yətlərini uşaqlar “küçənin”, pis məktəb yoldaşlarının və s. təsiri altında qazanırlar.
Məktəblilərin xarakterinin formalaşdırılması məktəbdə təlim və tərbiyənin əsas vəzifələrindən biridir.
Xarakterin formalaşmasının əsas şərtlərinin siyahısına özünü tərbiyəni də əlavə edirlər.
Məlumdur ki, xarakterin formalaşmasına ətraf mühit təsir edir. Bioloji şərtlər də əhəmiyyətli rol oynayır. Bu şərtlər xarakterin formalaşmasına fatalist təsir etmir, onlar həmişə müxtəlif və öz qanunauyğunluqları olan daxili şərtlər vasitəsilə dəyişir.
Xarakterin formalaşmasında kompensasiya hadisəsi də böyük rol oynayır. Xarakterin bir əlaməti zəiflədikdə bu çatışmazlığın əvəzinə başqa əlamət daha yaxşı inkişaf edir.
Xarakterin formalaşması daxili vəziyyətdən də asılı olur. L.S.Vıqotski uşaq üzərində hər hansı bir təsir onu uşağın hiss etməsi nöqteyi-nəzərindən ona subyektiv münasibətindən keçməsi anlayışını inkişaf etdirmişdir. İnkişafın uşağın daxili vəziyyətindən asılılığı prinsipi daha sonra A.N.Leontyev tərəfindən inkişaf etdirilmiş və L.İ.Bojoviç və onun əmək­daşlarının tədqi­qatlarında xüsusi sübutlarla təsdiq olunmuşdur. Bojoviç daxili vəziyyəti uşağın şəxsi ehtiyacları və arzularının sistemi kimi müəyyən edir. Daxili vəziyyət həm də yaşlı insanların xarakterinin dinamikliyində az rol oynamır, məsələn, inadkar adamın yenidən tərbiyə edilməsinin çətinliyi onun daha çox bu xüsusiyyətlə mübarizə aparmağa ehtiyac hiss etmə­məsindən və onu pis əlamət kimi hesab etməməsindən ibarətdir. İnsanın psixi vəziyyətinin öyrənilməsi prosesində daha bir zəruri qanunauyğunluq meydana çıxır: xarakterin dinamikliyi, onun xüsusiyyətlərinin əldə edilməsi, dəyişməsi psixi vəziyyətin keçid mərhələsindən, daha dəqiq desək insanın öz hərəkətlərinə münasibətindən keçir.
Şəxsi nümunə də tərbiyənin və özünütərbiyənin ən güclü vasitəsidir.
Məktəblilərin xarakterinin formalaşmasına şəxsi nümunə­nin təsiri haqqında aparılmış tədqiqatlarda nümunənin seçil­məsi yolları məsələsinə böyük yer verilmişdir. Nümunələrin seçilməsi yolları müxtəlifdir. Belə yollardan biri şagirdlərin etiraf etdikləri bəzi qüsurların təkmilləşdirilməsi üçün nü­munənin seçimidir. Belə ki, qeyri-mütəşəkkil bir şagird çox intizamlı və mütəşəkkil yoldaşına oxşamaq istəyir. Nümunənin seçilməsinin ikinci yolu-oxşarlığa görədir. Nümunənin seçi­minin başqa bir yolu mənalı həyatı hadisələrin maraqlı, cəlbedici axarına əsaslanır.
Nəhayət nümunə seçiminin daha bir yolu, N.Levitovun şərti olaraq emosional adlandırdığı yoldur. O, şagirdin müəy­yən bir adama əvvəlcə rəğbət hissi keçirdiyindən və daha sonra isə nümunə kimi bu adamın arxasınca getməsindən ibarətdir. Nümunənin seçilməsi prosesində həm obyektiv, həm də subyektiv amillər rol oynaya bilər.
Hansı şagirdlərə və onların xarakterlərinin hansı xüsusiy­yətlərinə nümunə daha yaxşı təsir edir. Bu baxımdan şagirdləri iki qrupa ayırırlar:

  1. Xarakterin xüsusi plastikliyi və yüngüllüyü ilə seçi­lənlər;

  2. Yaşadıqları əqidələrin konkret daşıyıcıları olan insanları şüurlu surətdə axtaranlar.

Fərdi psixoloji şərtlərlə yanaşı təsəvvürün, maraqların canlılığı, öz üzərində işləmək arzusu kimi ümumi psixoloji şərtlər də mövcuddur. İnadkarlıq, özündənrazılıq, lovğalıq kimi xüsusiyyətlər nümunənin təsirinə mane olur.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin