Sadist tip öz uğursuzluqlarının səbəbini özündə deyil, başqa adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır.
Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcüd şəraitə uyğunlaşır.
Tənha tip həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.
K.Yunq tərəfindən irəli sürülmüş ekstravert və introvert tipli xarakterlərin təsnifatı geniş yayılmışdır. Ekstravertlərə coşqunluq, təşəbbüskarlıq, uyuşqanlıq, ünsiyyətlilik xasdır. İntrovertlər üçün öz daxili aləmində baş verənlərdə şəxsi maraqlarını güdməsi, ünsiyyətsiz, qapalı, özünü təhlilə meyl, uyğunlaşmada çətinlik çəkmək xarakterikdir. Həmçinin xarakteri konform və sərbəst, hakim və itaətkar, normativ və anarxist tiplərə də ayırmaq olar.
Psixoloq S.Məcidovanın işləyib hazırladığı tipologiya “69” adlanan xarakterin tipologiyası da maraq doğurur. Bu tipologiyanın əsasında şəxsiyyətin özünü dərk etməsinin səviyyələri durur. Onun tərəfindənm insanın inkişafının təkamül mərhələlərini ifadə edən özünüdərkin 3 səviyyəsi ayrılmışdır. Özünüdərkin birinci səviyyəsinə aid olan insanlar aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunurlar: eqosentrizmlə, meyarlarından birinin – “mənim – mənimki – olmayan” münasibətlər sistemi olan ətraf aləmin fərqli qəbul edilməsilə; hər şeyə qarşı istehlakçı, əşyavi münasibətlə; mənəviyyat üzərində bütün maddi olanın hakimliyi ilə.
Özünüdərkin ikinci səviyyəsində olan insanlar onunla xarakterizə olunurlar ki, soyuqluğun, eqosentrizmin yerinə birliyin və cəmiyyətin müəyən hissəsi ilə tamlığın dərk edilməsi gəlir. Köhnə, qalıq kimi saxlanan, ətraf mühitin “mənim” – “mənim olmayan”a ayrılmasına yeni fərqləndirmə genişlənir. Şəxsiyyətin zamanı “mən”im mövcudluğunun real zamanından kənara çıxaraq “biz”im mövcud olduğu zamanına daxil olur.
Özünüdərkin üçüncü səviyyəsinin əsas xarakteristikası – fərqləndirmənin olmaması, məkan-zaman sonsuzluğu, ətraf-aləmə qarşılıqlı münasibətlərin dərk edilməsi, onun birliyinin qəbul edilməsi, güclü şəxsiyyətin başqaları ilə konkret münasibətlərinin olmaması, ümumbəşəri mənəvi prinsiplərə əməl etməkdir.
Demək olar ki, tipologiyanın bütün müəllifləri qeyd edirlər ki, xarakter az ya çox ifadə edilə bilər. Əgər xarakterlərin təzahürlərinin intensivliyini göstərən ox təsəvvür etsək, onda aşağıdakı 3 zonanı qeyd etmək olar: tamamilə “normal” xarakterlər zonası, seçilən xarakterlər zonası (onlar aksentuasiyalı xarakterlər adını alıb), və güclü dəyişikliyə məruz qalmış, yəni psixopatiyalı xarakterlər zonası. Birinci və ikinci zonalar normaya uyğundur (geniş mənada), üçüncü zona isə xarakterin patalogiyasına aiddir. Müvafiq olaraq, xarakterin aksentuasiyasını normanın son variantları kimi nəzərdən keçirirlər. Onlar da öz növbəsində aşkar və gizli aksentuasiyalara bölünürlər. Aksentuasiyalı patoloji və normal xarakterlər arasında fərq çox ciddidir.İkinci və üçüncü zonalara ayıran əlamətlərin bir tərəfində ümumi psixologiyaya məxsus fərqlər durur. Əlbəttə, əlamət çox yığcam səslənir. Buna baxmayaraq, onu xarakterin intensivliyi məhvərində təxmini olaraq lokallaşdırmağa imkan verən meyarlar mövcuddur.
Bu meyarlar üçdür və onlar Qannuşkin-Kerbikovun “psixopatiyanın meyarları” kimi məşhurdur. Xarakteri patoloji hesab etmək, yəni psixopatiya kimi qiymətləndirmək olar. A.E.Liçkonun fikrincə bu ilk əlamət atalar sözündə yaxşı misal gətirilir (Necə gəlibsənsə elə də gedəcəksən). İkinci əlamət – xarakterin ümumilik əlamətidir; psixopatlarda xarakterin eyni bir xüsusiyyətinə hər yerdə rast gəlinir: evdə, işdə istirahət edərkən və tanışların da, özgələrinin də arasında. Əgər insan evdə bir cür, adamlar arasında başqa cürdürsə o psixopat deyil. Nəhayət, üçüncü, demək olar ki, psixopatiyanın ən güclü əlaməti – sosial uyğunsuzluqdur.
Bu əlamət ondan ibarətdir ki, insan daima həyati çətinliklərlə qarşılaşır.
Normal xarakterlərin son variantları kimi xarakterin aksentuasiyasına gəldikdə isə, bu xarakterli insanlar üçün də bəzi problemlər və çətinliklər xarakterikdir. Buna görə də həm terminin özü, həm də aksentuasiyalı xarakterlərin ilk tətqiqatları psixiatrların əsərlərində ilk dəfə işıq üzü görüb. Hər halda aksentuasiyalı xarakterlərin problemləri bəlkə də daha çox ümumi psixologiyaya aiddir.
Məşhur alman psixiatrı K.Leonqardın fikrincə, 20%-50% insanlarda xarakterin bəzi əlamətləri o qədər kəskinləşir ki, (diqqəti cəlb edir) mübahisələrə və əsəb pozuntusuna gətirib çıxarır. Xarakterin aksentuasiyası onun ayrı-ayrı xüsusiyyətlərinin, digərlərinin əksinə olaraq inkişafının şişirdilməsidir və bunun nəticəsində də ətrafdakı adamlarla qarşılıqlı əlaqəni çətinləşdirir.Leonqard aksentuasiyanın 12 tipini ayırır.
Xarakterin aksentuasiyasına daha çox yeniyetmə və gənclərdə rast gəlinir (50-80%). Aksentuasiyanın tiplərini xüsusi psixoloji testlərin köməyi ilə müəyyən etmək olar. Leonqard aksentuasiyanın tiplərinin aşağıdakı təsnifatını vermişdir.