1.Diktator modeli («Monblan»). Bu cür müəllimlər dərs dedikləri şagirdlərdən (tələbələrdən) bir növ təcrid olunurlar. Onlar yalnız şagirdlərə (tələbələrə) bilik vermək, öz hazırlıq səviyyələrini nəzərə çarpdırmağa çalışırlar. Şagirdlər onun üçün yalnız adi dinləyici kütləsi olur. Onların arasında heç bir qarşılıqlı təsir mövcud olmur. Müəllimin pedaqoji funksiyası yalnız məlumat verməklə məhdudlaşır.
Nəticədə – psixoloji təmas olmur, buradan isə şagirdin, tələbənin təşəbbüskarsızlığı, passivliyi yaranır.
2.Təmassız model («Çin səddi»).Bu cür model özünün psixoloji məzmununa görə birinciyə yaxın olur. Fərq ondan ibarətdir ki, bu modeldə müəllim və şagirdlər arasında azacıq da olsa zəif əks əlaqə yaranır. Əks əlaqənin zəifliyi ixtiyari və ya qeyri-ixtiyari ünsiyyət maneəsi ilə bağlı olur. Bu cür maneə rolunu tərəflərdən birinin əməkdaşlıq arzusunun olmaması, məşğələnin dialoq xarakterində deyil, yalnız məlumatı çatdırmaqla məhdudlaşması, müəllimin qeyri-ixtiyari olaraq öz statusunu qeyd etməsi və s. oynaya bilər. Bu cür müəllimlər öz mövqeləri ilə hər cür başqa mülahizələri rədd edirlər.
Nəticədə – müəllimin şagirdlərlə (tələbələrlə) zəif qarşılıqlı təsiri, şagirdlərin müəllimə qarşı laqeyd münasibəti özünü göstərir.
3.Fərqləndirici diqqət modeli («Lokator»).Bu cür müəllimlər şagirdlərə seçici münasibət bəsləyirlər. Onlar bütün sinfə deyil, məsələn, yalnız talantlı və yaxud zəif şagirdlərə diqqət yetirirlər. Bu cür ünsiyyət modelinin yaranmasının səbəblərindən biri dərs dediyi şagirdlərin təliminin fərdiləşdirilməsi ilə frontal yanaşmanı əlaqələndirə bilməməsi ola bilər.
Nəticədə – müəllim-şagird kollektivi sistemində qarşılıqlı təsir aktı pozulur.
4.Hiporefleks modeli («Tetra quşu»).Bu cür müəllimlər ünsiyyət zamanı sanki özlərinə qapılırlar. Özlərini dinləməyə meyllidirlər. Onların nitqi ən çox monoloji xarakter daşıyır. Danışarkən o, yalnız özü-özünü eşidir, dinləyicilərə heç cür reaksiya, fikir vermir. Birgə iş zamanı da özünə qapılmış olur.
Nəticədə – öyrədən və öyrənənlər arasında qarşılıqlı təsir praktik olaraq mövcud olmur. Müəllim və şagirdlər (tələbələr) arasında psixoloji vakuum sahəsi yaranır. Ünsiyyət prosesinin tərəfləri bir-birindən təcrid olunurlar.