Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə21/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

IV.10.2. Hafizənin prosesləri

Yuxarıda qeyd olunduğu kimi, hafizənin yaddasaxlama, 

yadasalma, tanıma və unutma kimi prosesləri vardır.

Hafizə psixikanın funksional bütövlüyünün, üç mühüm

prosesin

nəticəsində

yaranır. 

Onlardan


birincisi

yaddasaxlamadır.  Bu prosesdə beynə daxil olan müxtəlif

informasiyaların təhlili,  identifikasiyası və kodlaşdırılması

aparılır. Hafizə prosesinin ikinci mərhələsi informasiyanın hifz

olunmasıdır.  Prosesin üçüncü mərhələsi ixtiyari və ya qeyri-

ixtiyari yadasalmadır.  İnformasiyanın yada salınmasını haqlı

olaraq hafizənin əsas funksiyası,  insanın öz təcrübəsindən

istifadə edə bilməsinin əsası hesab edirlər. 



Yaddasaxlama duyub qavradıqlarımızın beyində hifz

olunması prosesidir.  Bu zaman yeni qavranılanların əvvəllər

əldə

etdiklərimizlə



əlaqələndirilməsi

yolu


ilə

möhkəmləndirilməsi baş verir. 

Anlamadan asılı olaraq yaddasaxlamanın məntiqi və


284

mexaniki növləri mövcuddur.  Məntiqi yaddasaxlamanın

əsasında anlama dayanır.  Bu zaman insan öyrəndiklərini öz

sözləri ilə ifadə edə bilir.  Mexaniki yaddasaxlama isə quru

əzbərləmə, 

bəzən


mənaya

əhəmiyyət

vermədən

yaddasaxlamadır.  Adətən mexaniki olaraq yadda saxlayan

şagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda ya-

da sala bilmir.

Ən fərdiləşdirilmiş psixi hadisələrdən hesab olunan

hafizə çoxsaylı amillərdən: beynin xüsusiyyətlərindən, mərkəzi

sinir sistemindən,  mühitdən,  fəaliyyətin xarakterindən və

şəxsiyyətin növündən asılıdır.  Məhz bu səbəbdən yadda

saxlamanın

ən

ümumi



qanunauyğunluqlarını

müəyyənləşdirmək xeyli çətindir və daha çətini isə onun

səmərəli şəkildə idarə edilməsini öyrənməkdən ibarətdir. Bax-

mayaraq ki, hafizənin təkmilləşdirilməsi ilə bağlı çoxsaylı me-

todikalar işlənmiş, tövsiyələr hazırlanmışdır. 

Alman psixoloqu Q.Ebbinhauz materiala məna və emo-

sional münasibətlərdən asılı olaraq mexaniki yaddasaxlamanın

16 qanunauyğunluqlarını özündə birləşdirən vahid sistem təklif

etmişdir. Onlardan bir neçəsini nəzərdən keçirək.

1.  İnsana ilk dəfə təsir göstərən xarici təzyiqi o daha

güclü və uzunmüddətli yadda saxlayır. 

2. Güclü emosional reaksiya doğurmayan, lakin kifayət

qədər mürəkkəb olan informasiya hafizədə hifz olunmur.

3.  Diqqətin mərkəzləşdirilməsi nə qədər güclü olarsa, 

yaddasaxlama da o qədər sürətli baş verir.

4.  Çoxsaylı fakt və təəssüratların əvvəli və sonu daha

yaxşı yadda saxlanılır. 

5. Təkrar yaddasaxlamanın daha səmərəli yoludur.

6.  Məntiqi əlaqəsi və bir-birilə sıx bağlı olan fakt və

hadisələr daha asan yadda saxlanılır. Çünki bu zaman assosia-

tiv təəssürat daha asan və sistemli olur.  Burada sanki əşya və

hadisənin elementlərinin yadda saxlanması bir-biri ilə sıx

bağlanır.


285

Qarşıya


qoyulan

məqsəddən

asılı

olaraq


yaddasaxlamanın qeyri-ixtiyari və ixtiyari növlərini qeyd

edirlər.  Qeyri-ixtiyari yaddasaxlama qarşıya məqsəd qoyma-



dan duyub-qavradıqlarımızın yadda saxlanmasıdır. Çox vaxt

bizə emosional təsir bağışlayan material qeyri ixtiyari olaraq

yadımızda

qalır.  İxtiyari

yaddasaxlama

isə


qarşıya

qoyduğumuz məqsədlə bağlı olur.  Ona görə də ixtiyari

yaddasaxlamanı xüsusi mnemik iş kimi xarakterizə edirlər. 

İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti,  məhsuldarlığı mne-

mik

məqsədin


xüsusiyyətindən

asılı


olur. 

İxtiyari


yaddasaxlamanın məhsuldarlığı üçün mühüm şərt kimi yadda

saxlanılacaq materialın planını tutmaq,  qarşıya yaddasaxlama, 

uzun müddətdə yaddasaxlama məqsədi qoymaq,  materialı

təsnif etmək,  sistemləşdirmək,  öyrəndiklərini təxəyyüldə

canlandırmaq və s. zəruridir.

Prinsipcə hər bir insanın hafizəsi,  xüsusilə,  qeyri-

ixtiyari yaddasaxlamanın seçiciliyi baxımından fərqlənir. 

İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti isə qavranılan

informasiyanın xarakteri ilə bağlıdır.  Məsələn,  tanışları və ya

qohumlarında keçirilən qonaqlığın yada salınmasına diqqət  

yetirək. Bəziləri (xüsusilə qadınlar) kimin və necə geyindiyini, 

digərləri kimin nə və necə yediyini,  üçüncülər isə (yeri

gəlmişkən çox az qismi)  məclisin ümumi təsvirini və

söhbətlərin məzmununu xatırlayacaqdır.

Yaddasaxlamanın

davamlılığından

asılı

olaraq


qısamüddətli və uzunmüddətli növləri də vardır.  Qısamüddətli

yaddasaxlama saniyə və dəqiqələrlə,  uzunmüddətli yaddasax-

lama isə saatlarla, günlər, aylar, illərlə ölçülür.

Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya

yaradaraq yaddasaxlamanı da qeyd edirlər.  Bu cür yaddasax-

lama mnemonik yaddasaxlama adlanır.  Məsələn,  20.07 

rəqəmini yaddasaxlamaq üçün 2007-ci ili yada salmaq

kifayətdir.  Yaxud yeni tanış olduğumuz adamın adını həmin

adda olan yaxın adamımızın adı ilə eyni olduğuna görə yadda


286

saxlayırıq.



Yadasalma

əvvəllər


psixikada

möhkəmlənmiş

məzmunun

uzunmüddətli

hafizədən

operativ


hafizəyə

gətirilməsi nəticəsində aktuallaşdırılması,  xatırlanmasından

ibarət olan hafizə prosesidir.  Yadasalma da ixtiyari və qeyri-

ixtiyari olur.

Beyində hifz olunanların qısa müddətdən sonra yenidən

yada salınması xeyli çətin baş verir, əsasən, 2-4 gündən sonra

daha aydın və əhatəli yada salınır. 

Yadasalmada hadisələrin hansı konteksdə baş verdiyi

mühüm əhəmiyyət kəsb edir. Məsələn, köhnə əşyalar, kitablar, 

ev, uşaqlığın keçdiyi yerlər və onlarla bağlı olanlar daha güclü

təsir edir. Bu mənada Zeyqarnik effekti maraq kəsb edir. Təbii

sonluğu olmayan vəziyyətləri,  tamamlanmayan hərəkətləri in-

sanlar daha yaxşı yadda saxlayır. Əgər biz yeməyi, içməyi sona

çatdıra bilmir,  arzu etdiyinə çata bilməyə az qalmış,  amma

çatmadıqda bu daha uzun müddət yadda saxlanılır,  nəinki

asanlıqla əldə edilən. Hafizənin bu xüsusiyyəti onunla bağlıdır

ki, tamamlanmamış hərəkətlər mənfi emosiyaların mənbəyi ol-

duğundan müsbət emosiyalara nisbətən daha güclü təsirə ma-

likdir.  Məhz buna görə də adamlar uğursuz sevgini,  bədbəxt

hadisələri,  xəstəliyi,  əzablarını,  həyəcanlarını daha dəqiq və

aydın yadda saxlayırlar. 

Tanımaya gəldikdə o,  hər hansı bir obyekti yenidən

qavrama

zamanı

yada

salmaqdan

ibarətdir.

Tanıma


olmasaydı biz cisimləri artıq bizə tanış olan kimi deyil, yeni ci-

sim kimi qavrayardıq. 



          Unutma. Hafizə ilə bağlı çətinliklər yadasalmadan daha

çox xatırlama ilə əlaqədardır.  Müasir psixologiyanın bir çox

tədqiqatları sübut edir ki, sağlam beyində informasiyalar uzun

müddət hifz olunsa da onların çox hissəsi istifadə olunmamış

qalır.  Praktiki olaraq böyük əksəriyyəti «əlçatmaz»  olur,  «un-

udulur»,  amma deyirlər ki,  onlar bunu bilirdi,  oxumuşdu, 

eşitmişdi və s.  Psixoloqlar bunu unutma adlandırırlar.  Yəni


287

psixikada olan informasiyalar dəqiqliyini,  aydınlığını itirir və

ya azalır. Q.Ebbinhauzun təcrübəsi bu baxımdan maraqlıdır. O, 

sübut edir ki, öyrənilən materialın 40 faizi yarım saat sonra, 66 

faizi bir gündən sonra,  75  faizi üç gündən sonra,  79  faizi bir

aydan sonra unudulur.  Əlbəttə,  burada fərdi xüsusiyyətlər, 

materialın mənalılığı, əhəmiyyətliliyi də böyük rol oynayır. 

Göründüyü kimi, unutmada başlıca yeri vaxt tutur. La-

kin psixika üçün paradoksal hallar da xasdır.  Məsələn,  yaşlı

adamlar indicə,  az müddət əvvəl eşitdiklərini asanlıqla

unutduqları halda, uzaq keçmişdə baş verənləri çox da çətinlik

çəkmədən və aydın xatırlayırlar. Bu fonomen «Ribo qanunu» 

adlanır. Unutmanın ikinci mühüm amili adətən mövcud infor-

masiyadan aktiv istifadə olunmasıdır. O şeylər daha tez unudu-

lur ki, ona az tələbat olur və ya ehtiyac olmur. Yaşlı adamlarda

verbal hafizə daha tez unutqanlıqla əvəz olunur.  Uşaqlığın

təəssüratı, xatirələri, hərəkət vərdişləri (velosiped sürmək, gita-

ra çalmaq,  üzgüçülük,  futbol oynamaq və s.)  hafizədə daha

davamlı, bəzən on illərlə heç də çox iradi səy göstərmədən ya-

da salınır.  Belə faktlar da məlumdur ki,  üç il həbsxanada

«oturmuş»  adam nəinki qalstuk bağlamağı,  hətta ayaqqabı

bağlamağı belə unudur. 

Unutma eyni zamanda,  psixikanın özünümüdafiə mex-

anizmidir. Unutma şüur və  şüuraltı sahələri sarsıntı və pozul-

malardan qoruyur.  İnsana xüsusilə kəskin təsir etmiş

hadisələrin uzun müddət həmin şiddətlə davam etməsinə təbii

ki, orqanizm davam gətirməz. Vaxt keçdikcə onun təsiri azalır, 

tədricən unudulur. Ümumiyyətlə, o şeylər "unudulur" ki, psix-

oloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır.

Hafizə insanın daha asan pozulan qabiliyyətlərindəndir. 

Onun çoxsaylı pozuntuları geniş yayılmışdır.  Baxmayaraq ki, 

insanların çoxu onun pozulduğunu hətta bilmirlər və yaxud da

çox sonralar bilirlər.  Hafizənin pozulması insanın fərdi

xüsusiyyətləri ilə də bağlıdır. Onların təhlili hafizənin bir daha

psixoloji fonomen olduğunu təsdiq edir. 


288

IV.10.3. Hafizənin növləri və tipləri

Yadda saxlanılan materialların növlərinə görə müvafiq

olaraq hafizənin aşağıdakı dörd növü müəyyənləşdirilmişdir. 

Müxtəlif hərəkətlərin və onların yadda saxlanılması,  hifz

olunması hərəkət hafizəsi adlanır.  Maşın sürmək,  musiqi

alətlərində ifa etmək, kompyuterdə yazmaq və s. Hərəki hafizə

peşə fəaliyyətini icra etmək üçün vacibdir.  Sonra gerçəkliyin

cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz

surətlərinin yadda saxlanılması,  hifz edilməsi və yada

salınmasından

ibarət

surət

hafizəsi

formalaşır.  Surət

hafizəsində hansı analizatorun daha aktiv iştirak etməsindən

asılı olaraq onun beş növünü: görmə, eşitmə, toxunma, iy bilmə

və dadı ayırırlar. İnsan psixikası üçün görmə və eşitmə hafizəsi

daha əhəmiyyətli rol oynayır. 

Praktiki olaraq hərəkət hafizəsi ilə eyni vaxtda emo-

sional hafizə formalaşır. Emosional hafizə yaranmış hisslərin, 

şəxsi emosional vəziyyətin və affektlərin yada salınmasıdır. 

Həyətdən qəflətən çıxan itdən qorxan şəxs uzun müddət oradan

keçərkən həmin hissləri təkrar yaşayır. Hafizənin ən yüksək, ali

növü verbal (sözlü-məntiqli və ya semantik) hafizə hesab olu-

nur. Onun köməyilə insanın intellektual bazası yaranır və fikri

fəaliyyətinin (oxumaq,  yazmaq,  hesablamaq və s.)  böyük

əksəriyyəti həyata keçirilir. 

Verbal hafizə təfəkkürün xüsusi formasının məhsulu

kimi özündə ana dilinin qrammatik qaydalarının əsasını, təhlili

və dərk olunmasını ehtiva edir. Yəni materialın mənasının yad-

da saxlanılması və yada salınması təfəkkür prosesi ilə bağlıdır. 

Yaddasaxlama və yadasalmanın iradi proseslərinin

dərəcələrinə görə hafizənin qeyri-ixtiyari (bəzən özü də

istəmədən nəyisə xatırlayır)  və ixtiyari hafizələrə ayırırlar. 

İxtiyari hafizədə insan sanki qarşısına məqsəd qoyur.  «Yada

sal». Lakin iradi səy həmişə uğurla tamamlanmır və maraqlıdır


289

ki, insan həmişə unudacağından qorxduğu şeyi unudur. 

Genetik hafizənin mexanizminin bir çox sahələri hələ

də sirr olaraq qalır.  İnsanın hərəkət və psixi reaksiyasının

tənzim olunmasında irsi amillərin rolu,  çoxalma və

özünümühafizə instinktinin bu prosesdə yeri tamamilə elmi

həllini tapmamışdır.

Müxtəlif


növ

məlumatların

yadda

saxlanılması



qabiliyyəti insanın hansı - sol və sağ yarımkürələrinin domi-

nant olmasından asılıdır.  Birinci halda verbal hafizənin

(sxemlər, məntiqi sübut, terminlər və s.), ikinci halda isə görmə

və hərəkət hafizələrinin mexanizmləri daha səmərəlidir. 

Hafizə yadda saxlanan informasiyalar dinamikliyinə

görə fərqlənir və sanki psixikada müstəqil «yaşayır». O, bəzən

qeyri-ixtiyari olaraq fəallaşır,  digər hallarda heç bir səbəb ol-

madan yox olur.  Dinamikanın məlum olan belə silsilələri re-



minisensiya adlanır.

Yadda saxlama müddətindən asılı olaraq hafizənin



qısamüddətli



uzunmüddətli

növləri



vardır. 



Qısamüddətli hafizə qısamüddətli yaddasaxlamaya əsaslanır. 

Uzunmüddətli hafizəyə gəldikdə isə bu zaman öyrənilən ma-

terial uzun müddət, bəzən bütün həyat boyu beyində hifz olu-

nan və istənilən vaxt yada salına bilir.

Uzunmüddətli hafizə ilə bağlı toplanmış materiallar, 

keçirilən təcrübələr göstərir ki, onun həcmi və müddəti demək

olar hüdudsuzdur.  İndi baş vermiş və uzaq keçmişdə olmuş

hadisələrin hafizədə hifz olunması baxımından fərqli cəhətləri

çoxdur. Birincinin xatırlanması asan, ikincininki isə xeyli çətin

və nisbətən uzun vaxt tələb edən prosesdir. 

Qısamüddətli hafizə ilə uzunmüddətli hafizənin fərqi

təxminən belədir:  «Əvvəlki sözünüz necə oldu?» – qısamüd-

dətli hafizə.  «Keçən həftənin bazar günü naharda nə yemişdi-

niz?»  – uzunmüddətli hafizə.  Yeni materialın uzunmüddətli

hafizəyə daxil olması və sonra yada salınması xeyli iradi səy

tələb edir. Psixikamızın operativ və analitik mərkəzi özünün in-



290

formasiya mərkəzinə qismən nəzarət edir.  Məhz bu səbəbdən

hifz olunan informasiyaların içərisindən lazım olanını həminki

anda seçmək xeyli çətindir.  Eyni zamanda,  bir sıra mürəkkəb

əməliyyatlar,  məsələn,  qrammatik

qaydalardan

istifadə

olunması, 

mətnin

oxunması


uzunmüddətli

hafizənin

nəticəsində asan və praktik olaraq avtomatlaşdırılmış şəkildə

icra olunur. 

Beyində hifz olunanların qısa müddətdən sonra yenidən

yada salınması xeyli çətin baş verir, əsasən, 2-4 gündən sonra

daha aydın və əhatəli yada salınır. 

Nəhayət hafizənin operativ növü də vardır. Adətən, in-

san müəyyən məsələni həll edərkən ona lazım olan məlumatları

xatırlayır və ondan istifadə edir. Əməliyyat qurtardıqdan sonra

həmin məlumat yenidən beyində hifz olunur. Bu proses opera-

tiv hafizə ilə əlaqədardır.



Hafizənin tipləri.  İnsanlar öz hafizələrinin bir sıra

xüsusiyyətləri ilə bir-birlərindən fərqlənirlər.  Bu cür fərdi

fərqlər hafizənin tiplərində özünü daha aydın göstərir. Adətən

psixologiyada əyani obrazlı,  sözlü-mücərrəd və aralıq hafizə

tipləri qeyd olunur. 

Hafizənin əyani-obrazlı tipi müxtəlif    təəssüratı yadda

saxlamaqda analizatorlardan hansının daha çox məhsuldar

olmasında özünü göstərir. 

Görmə tipinə malik olan adamlar ən çox gördüklərini, 

eşitmə tipinə    malik olan adamlar eşitdiklərini,  hərəki tipə

mənsub olanlar isə bilavasitə əməliyyat apardıqları,  hərəki

analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda

saxlayıb yada sala bilirlər.  Həyatı faktlardan göründüyü kimi

bu tiplərə təmiz halda çox az rast gəlmək mümkündür. Həyatda

ən çox qarışıq tipə: görmə-eşitmə, görmə-hərəki, eşitmə-hərəki

tiplərə rast gəlmək mümkündür.  Məhz buna görə də təlim

prosesində hafizənin tipologiyasının nəzərə alınması zəruridir. 

Təlim fəaliyyəti elə təşkil edilməlidir ki,  ayrı-ayrı tiplərə

mənsub olan şagirdlərin hamısının mənimsəməsi üçün səmərəli


291

şərait yaranmış olsun.



IV.10.4. Hafizə pozuntuları

Hafizənin fərdi parametrləri çox geniş diapazonda

fərqlidir.  Elə bu səbəbdən də «normal hafizə» anlayışı qeyri-

müəyyəndir. Məsələn, bir də görürsən ki, yadasalma adi hallar-

da olduğundan xeyli canlı, aydın, konkretdir və ən xırda detal-

lar belə yada salınır.  Bu vəziyyət hafizənin qiperfunksiyası

adlanırO,  adətən güclü təsir,  kəskin həyəcanlanma və bəzən

də gipnoz halında, narkotik maddə qəbul etdikdə təzahür edir.

Emosional

tarazlığın

pozulması, 

inamsızlıq

hissi, 

həyəcanlanma hafizənin qiperfunksiyasını istiqamətləndirir və



yadasalmaya təhrik edir.  İnsan xoşagəlməz və biabırçı

hərəkətləri demək olar ki,  unutmaqda gücsüzdür.  Belə

yadasalmanı beyindən çıxarmaq praktik olaraq mümkün deyil. 

O, təkrar-təkrar xatırlanır, peşimançılıq və təəssüf hissi (vicdan

hafizəsi) yaradır.

Daha tez-tez rastlaşılan hal hafizə funksiyasının

zəifləməsi ilə əlaqədardır.  Mövcud informasiyanın yada

salınması qabiliyyəti nisbətən itir. Onun ilkin təzahürü həminki

anda lazım olan materialın (tarix,  ad,  termin və s.)  yada

salınmasının nisbətən zəifləməsi – reproduktiv seçiciliyin

azalmasında özünü göstərir.  Hafizənin zəifləməsinin sonrakı

mərhələsi onun daha da güclənərək amneziyaya keçməsidir.

Onun səbəbləri sərxoşluq,  zədələr,  huşsuzluq,  yaşlanma, 

şəxsiyyətin neqativ yönümdə dəyişməsi və bəzi xəstəliklər ola

bilər.

Amneziya


zamanı

əvvəlcə


informasiyanın

yada


salınması,  sonra isə hafizənin informasiya ehtiyatı toplamaq

qabiliyyəti itir. İlk növbədə yaxın zamanlarda öyrənilənlər un-

udulur. Başqa sözlə, yeni məlumat və yeni assosiasiyalar, daha

sonra isə həyatın son illərində baş verənlər unudulur. Uşaq və



292

gənclik illərində baş verənlər isə hafizədə daha uzun müddət

qorunur və xatırlanır.  Mürəkkəb fikri əməliyyatlar,  kompleks

qiymətləndirmə,  yeriş və s. ilə əlaqədar hafizə daha tez pozu-

lur.

Təhrif olunmuş hafizə,  səhv yadasalma (konfibulya-



siya),  yalnız bir istiqamətli yadasalma hafizə aldanmaları

adlanır. Onlar adətən güclü istək, meyl və ödənilməmiş tələbat

zamanı meydana çıxır.  Məsələn,  uşaq ona verilən konfeti tez

yeyir və sonra tam səmimi olaraq bildirir ki, o konfet yeməyib. 

Onu inandırmaq (bir çox hallarda böyükləri də) praktiki olaraq

mümkün olmur. Hafizə asanlıqla ehtirasın, inam və meylin qu-

luna çevrilir.  Məhz buna görə keçmişin qərəzsiz,  obyektiv

xatırlanmasına az-az rast gəlinir.  Hafizə aldanmaları əsasən

özününkü və özgəninkini,  həqiqətdə olanlarla eşitdikləri, 

oxuduqlarını fərqləndirmək qabiliyyətini itirdikdə baş verir. 

Belə yadasalmaların dəfələrlə təkrarı nəticəsində tamamilə per-

sonifikasiya (özününküləşdirmə)  yaranır.  Yəni insan tədricən

və təbii olaraq başqasının fikrini özününküləşdirir.  Halbuki, 

vaxtilə özü onları inkar edirdi.  Bu bir daha göstərir ki,  hafizə

təxəyyüllə,  fantaziya ilə sıx əlaqədardır və psixoloji reallıq

adlanır.


Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1.Hafizə nəyə deyilir?

2.Hafizənin insanın həyat və fəaliyyətində rolu nədən

ibarətdir?

3.Hafizə haqqında hansı nəzəriyyələr mövcud

olmuşdur? Onları şərh edin.

4.Hafizənin hansı prosesləri vardır?

5.Yaddasaxlama və onun növlərini şərh edin.

6.Yadasalma və tanıma nədir? Onların fərqli

xüsusiyyətlərini qeyd edin.

7.Unutma prosesini şərh edin.


293

8.Hafizənin növləri hansılardır? Onları şərh edin.

9.Hafizənin tipləri barədə danışın.

10.Hafizədə nə kimi pozuntular özünü göstərir?



Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular

1. Hafizə hissi idrak prosesi kimi.

2. Hafizənin prosesləri.

3. Hafizənin əsas nəzəriyyələri.

4. Hafizənin tipologiyası.

Ədəbiyyat

Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji

problemləri. – Bakı, 2004



Əlizadə Ə.Ə. İdrak prosesləri və hisslər. Psixoloji

məsələlər. – Bakı, 2006,səh. 33-81



Məmmədov A.U. Məktəblilərdə hafizənin

xüsusiyyətləri. – Bakı, 1974.



Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.

Zinçenko P.İ. Neproizvolğnoe zapominanie. – M., 

1961


Luriə A.R. Vnimanie i pamətğ. – M., 1975, s. 42-103.

Rubinşteyn S.L. Osnovı obhey psixoloqii. V 2 t. – t.1. 

– M., 1989, s.300-344



Smirnov A.A. Problema psixoloqii paməti. – M., 1966.

Xrestomatiə po obhey psixoloqii. Psixoloqiə paməti. –

M., 1979. 



294

1 1 - c i     F Ə S İ L

T Ə F Ə K K Ü R

Qısa xülasə

Təfəkkür haqqında anlayış.  Təfəkkürün təbiəti. Təfəkkür və

hissi idrak.  Təfəkkürün ümumi xarakteristikası:  təfəkkürün ümu-

miləşmiş və vasitəli idrak prosesi olması,  geniş əhatəyə malik

olması, nitqlə əlaqədar olması. 



Dilin və nitqin təfəkkürlə əlaqədar olması.

Fikri proseslər.  Fikri proseslərin psixoloji təbiəti.  Fikri

proseslərin əsas əməliyyatları.  Təhlil,  tərkib,  müqayisə,  ümu-

miləşdirmə, mücərrədləşdirmə fikri əməliyyat kimi.

Təfəkkürün formaları.  Məfhumlar cisim və hadisələri mü-

hüm əlamətlərinə görə əks etdirməkdən ibarət təfəkkür forması kimi. 

Hökmlər fikri proseslərin baş verdiyi əsas forma kimi. Əqli nəticə və

onun növləri: induktiv, deduktiv əqli nəticə, analogiya.



Təfəkkürün növləri.  Formasına,  xarakterinə,  genişliyinə və

yeniliyinə görə təfəkkürün növləri.



Təfəkkürün fərdi xüsusiyyətləri.  Təfəkkürün müstəqilliyi, 

tənqidiliyi, çevikliyi, dərinliyi.



IV. 11.1.  Təfəkkür haqqında anlayış

Təfəkkürün təbiəti. Real aləmin dərk edilməsi duyğu və

qavrayışla başlasa da,  onlarla bitmir və idrak prosesləri

təfəkkür prosesi ilə davam edir.  Duyğu və qavrayışdan alınan

məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə

sərhədlərinin genişləndirilməsində həm prosessual, həm də in-

formasiya dayaqları rolunu oynayır.  Təfəkkür proseslərinin

gücündə idrak prosesi həm dərinləşir,  həm də genişlənir. 


295

Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş

biliklərin ayrı-ayrı hissələrini müqayisə edir,  qarşılaşdırır, 

fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəşf edir və

hissi idrakdan verilən şeylərin əlamətlərini mücərrədləşdirir, 

qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə va-

raraq onu dərk edir.  Təfəkkür reallığı onun münasibət və

əlaqələrində onun çoxobrazlı vasitəli tərəfləri ilə birlikdə əks

etdirir.

Təfəkkürün əsas məqsədi cisim və hadisələr arasından

münasibət və əlaqələrin açılmasına yönəlib.  Varlığın dərin-

liklərinin kəşfi, onun dərki təfəkkürün xüsusi yolunu müəyyən

edir.  Təfəkkür təkcə münasibət və əlaqələri deyil,  həmçinin

əlamət və mahiyyəti də əks etdirir.  Qavrayışda verilən

gerçəkliyin cisim və əlamətlərinin qarşılıqlı münasibətləri, 

birləşmələri,  əlaqələrindən çıxış edərək təfəkkür reallığı dərk

etdirir.  Qavrayış vasitəsi ilə təfəkkür proseslərinə ötürülən ci-

sim və hadisələrin,  onların əlamətlərinin bəzilərinin təkcə, 

digərlərinin mühüm olmayan əlamətləri,  onların xarici

əlamətləri birləşsələr də əlaqəli deyillər.  Təfəkkür prosesləri

zamanı hadisələrin mahiyyəti,  xarakteri, əlamətləri arasında

əlaqələrin yaranması nəzərdə tutulur.

Mühüm və ikinci dərəcəli əlamətlər,  təsadüfi və zəruri

əlaqələr,  sadə təsadüfi və real oxşarlıqlar qavrayışda

üzvlənməmiş,  ayrılmamış şəkildə olur.  Təfəkkürün məqsədi

ondan ibarətdir ki,  mühüm,  əsas,  zəruri əlaqələri,  ikinci

dərəcəli, formal əlaqələrdən, təsadüfi uyğunluqlarını situasiya-

lara görə ayırsın.

Zəruri olanı,  mahiyyət əlaqələrini,  təsadüfdən zərurətə

keçidi ayıran təfəkkür prosesləri təkcədən ümumiyə keçir. 

Təsadüfi,  xüsusi hallara əsaslanan,  zaman və məkanla hüdud-

lanan hadisələr təkcə xarakter daşıyır. Lakin mahiyyətcə əlaqəli



296

olan çoxlu dəyişmələrdə zəruri olan elementlərin köməyi ilə

təfəkkür əlaqələri açır və ona görə də ümumiləşdirir.  Hissi

idrak səviyyəsində şeylərin mahiyyətini müəyyən etmək, onun

daxili quruluşunu dərk etmək mümkün deyil.  Elementar

hissəcikləri görmə qavrayışı ilə müəyyən etmək çətindir. İnsan

beynində,  təbii və sosial dünyanın hadisələri bilvasitə inikas

üçün əlçatmazdır.

Hissi

idrakın


sərhədlərini

keçmək


üçün

insan


təfəkkürünə müraciət olunur. Təfəkkür dərk etmə səviyyəsinin

keyfiyyətcə yeni və daha yüksək    mərhələsidir.  Təfəkkürdə

belə hadisələr üçün işarələrdən,  nitqdən istifadə edirlər.  Söz

mücərrədləşdirmə alətidir və şeylərin mahiyyətini müəyyən

etməyə imkan verir. Söz şeylərin əsas əlamətlərinin

ümumiləşmiş inikası üçün vasitədir.

Hər hansı təfəkkür ümumiləşdirmədə icra olunur. 

Təfəkkür – fikrin hərəkətidir ki,  əlaqələrin açılmasına xidmət

edir,  təkcədən ümumiyə,  ümumidən təkcəyə və oradan da

xüsusiyə doğru gedir.  Təfəkkür əlaqə,  münasibətlərin vasitəli

kəşfinə əsaslanır və real aləmin ümumiləşmiş dərkidir. 


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin