Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə209/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   205   206   207   208   209   210   211   212   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkil
Xəstəlik nəzərə çarpmadan və çox vaxt heç bir səbəb olmadan başlayır. Dərinin hər 
hansı nahiyəsində, çox vaxt göbək nahiyəsində şəffaf, kövşək, seroz möhtəviyyatla dolu 
qovuqlar əmələ gəlir ki, onlar da tezliklə deşilir və yerində qızartı və eroziyalar yaranır. 
Onlar qartmaqla örtülür və qovuqların kənarı da yerini dəyişməkdə davam edir. Bir oca-
ğın hüdudlarında yeni qovuqlar əmələ gələ bilər. Qovuqların möhtəviyyatı hemorragik 
xarakterli deyildir. Təqribən 50% hallarda xəstəlik ağız boşluğundan başlayır. Burada 
zərif qovuqlar maserasiya nəticəsində sürətlə partlayırlar, ona görə də klinik gedişində 
ağrılı eroziyalar üstünlük təşkil edir. Gözlər da zədələnə bilər (xronik konyunktivit, 
çapıqlaşmayan xronik blefarit). 
Xəstəliyin gedişində dərinin intertriqinoz sahələri (qoltuqaltı çüxurlar, submammar 
sahələr, qasıq nahiyəsi), sonra isə bütün dəri zədələnə bilər. Ən çox rast gələn lokaliza-
siyalı sahələr yoxdur. Hər yerdə klinik sağlam dəridə müxtəlif ölçülü kövşək, içərisində 
şəffaf-seroz və ya ağımtıl-tutqun möhtəviyyat olan qovuqlar inkişaf edir. Qovuqlar il-
tihabi haşiyə ilə örtülə bilər. Qovuqların nazik qatı tezliklə partlayır, yerində eroziyalı 
səthlər əmələ gəlir. Bu mərhələdə xəstəlik dərinin böyük sahələrini örtən geniş eroziya-
larla səciyyələnir. Əgər o, ikincili infeksiyalaşmayıbsa, eroziyalar yerində iz qoymadan 


316
sağala bilərlər, lakin köhnə nahiyələrdə və ya dərinin yeni sahələrində qovuqların inki-
şafı davam edir. Yeni qovuqların əmələ gəlməsi üstünlük təşkil edir, ona görə də dərinin 
daha geniş sahələri eroziyalarla zədələnir və qartmaqlarla örtülür.
Əgər sağlam dərini qovuğun yanında kənara itələməklə, sürtməklə bərk sıxsaq, 
onda epidermisin yuxarı qatları yerdəyişə bilər (Nikolski fenomeni I). Bu əlamət onu 
müəyyən etməyə imkan verir ki, akantoliz nəticəsində epidermal hüceyrələrin birləş-
mələri zəifləmişdir. Əgər qovuğa təsir etsək görərik ki, onun möhtəviyyatı geriyə və 
arxaya doğru yerini dəyişir (Nikolski fenomeni II). Remissiya anlarında hər iki fenomen 
müşahidə olunmur.
Xəstələrin əksəriyyətində qaşınma olmur. Eroziyalar ağrılıdır, çatlaya, qanaya və 
qartmaqla örtülə bilərlər, həmçinin ikincili infeksiya prosesə qoşula bilər. Xüsusilə ağız-
da olan gec sağalan eroziyalar daha ağrılıdır ki, nəticədə qida qəbulu çətinləşir. Ən çox 
sevilən lokalizasiya yeri yoxdur, belə ki, söhbət elə xəstəlikdən gedir ki, onda dərinin 
istənilən sahəsi qovuqların yaranmasına meyllidir. Nikolski fenomenindən göründüyü 
kimi, mexaniki amillər, şübhəsiz, qovuqların lokalizasiya yerini müəyyən edirlər. Məhz 
buna görə də, qovuqların ən çox rast gəldiyi yerlər qasıq nahiyəsi, sağrılar sahəsi, bel və 
döş vəzilərinin altındakı sahələr sayılır.
Xəstəliyin gedişini əvvəlcədən söyləmək mümkün deyildir. Bir neçə illər ərzində də-
rinin və ya selikli qişaların eyni sahələrində ayrı-ayrı qovuqlar əmələ gələ bilər. Dəri 
və selikli qişalarda qovuqların təkanvari meydana çıxması qəflətən baş verir və bir neçə 
həftədən sonra yenidən reqressiya edir. Müalicə aparılmadıqda 1-3 ildən sonra xəstəlik 
ölümlə nəticələnə bilər. Bir çox hallarda ağız boşluğunun selikli qişası zədələndiyi üçün 
qida qəbulu da çətinləşir və xəstənin güclü fiziki iztirablarına səbəb olur. Burnun selikli 
qişasının, konyunktivanın və anal dəliyin prosesə qoşulması da həmçinin ağrı hissiyyatı 
yaradır. Köhnə qovuqlarda və eroziyalardan götürülmüş yaxmalarda bakteriyaların sayı 
dəfələrlə artır, ona görə də istənilən an ikincili infeksiyanın qoşulması mümkündür.
Əgər vulqar pemfiqus uzun müddət davam edərək ağır keçirsə, onda bir qayda olaraq, 
xəstənin ümumi vəziyyətinin pisləşməsi, iştahanın azalması və arıqlaması üzündən xeyli 
pozulur. Bədən temperaturu yüksək ola bilər, yekun mərhələ üçün temperaturun kəskin 
artması (sepsisdə olduğu kimi) səciyyəvidir. Ölüm kəskin gediş zamanı bir neçə aydan 
sonra, dəyişən gedişdə bir neçə ildən sonra ikincili ağırlaşmaların nəticəsində (sepsis, 
bronxopnevmoniya, kaxeksiya) baş verir. Çox vaxt belə təəssürat yaranır ki, xəstənin 
ölümünün səbəbi dəri əlamətləri deyildir. Bundan başqa autopsiya yalnız qeyri-spesifik 
dəyişiklikləri göstərir və bunlar da ona dəlalət edir ki, ölüm daha çox maddələr mü-
badiləsinin pozulması zamanı yaranan dəyişikliklər nəticəsində (nəinki xəstəliyin üzvi 
dəyişiklikləri nəticəsində) baş verir. 
Proqnozu ehtiyatla vermək lazımdır. Əgər xəstələr müalicə məqsədilə uzun müddət 
yüksək dozada qlükokortikoidlər və sitostatiklər qəbul etmişlərsə, onların əlavə təsirlə-
rinin olacağını gözləmək lazımdır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin