AHƏNG QANUNU
Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir.
Ahəng qanununa tabe olanlar: «qalın», «incə», «qanun»
Ahəng qanununa tabe olmayanlar: «ahəng»
Ahəng qanunu morfouoloji hadisədir, yəni həm fonetikaya, həm də morfologiyaya aiddir.
HECA
Tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə heca deyilir:
A-zər-bay-can, sə-ya-hət-çi-lər, qəh-rə-man-lıq, i-yir-mi Sözdəki hecaların sayı onda işlənən saitlərin sayı qədər olur. Heca yalnız bir saitdən də ibarət ola bilər:
A-i-lə, a-ta, u-şaq-lar
Sözlər sətirdən sətrə hecalarla keçirilir. Lakin bir hərfdən ibarət hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: i-nək, sün-i.
Qoşasamitli sözlər sətirdən sətrə keçirilərkən samitlərdən biri sətirdə saxlanılır, digəri isə yeni sətrə keçirilir
VURĞU
Sözdəki hecalardan birinin o birinə (və ya o birilərinə) nisbətən qüvvətli tələffüzünə vurğu deyilir. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır.
Bizim dilimizdə vurğu çox zaman sözün axırıncı hecasına düşür. Lakin əvvəlinci hecalarında vurğusu olan sözlər də az deyil: traktor, kombaynçı, kosmos və s.
Vurğu qəbul etməyən şəkilçilər:
1) İsmin xəbərlik (şəxs) şəkilçiləri:
-am2, -san2, -dır4, -ıq4,- sınız4, -dırlar4.
2) Soyad əmələ gətirən şəkilçilər: -ov, -yev, -ova, -yeva.
3) İsim düzəldən -gil şəkilçisi.
4) Felin inkar şəkilçisi: -ma2
5) Felin nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zaman şəkilçilərindən sonra gələn şəxs şəkilçiləri:
6) idi, imiş, isə hissəciklərinin ixtisar forması.
7) Feli bağlama şəkilçiləri: -madan2 və -arkan2 şəkilçisinin 2-ci hecası.
8) Felin əmr şəkli II şəxs cəmin şəxs şəkilçisi: -ın4
9) Şəxs-kəmiyyət şəkilçisi: -lar2.
İSTİSNA: Şühudi keçmiş zamanda və əmr, şərt şəkillərində -lar2 vurğu qəbul edir.
FONETİK TƏHLİL
Təhlil zamanı aşağıdakılar müəyyənləşdirilir:
Sözün səs və hərf tərkibi.
Sözün hecaları və vurğusu.
Sait səslər (qalın, incə; dodaqlanan, dodaqlanmayan; açıq, qapalı).
Samit səslər (kar, cingiltili).
QEYD: Təhlil zamanı; hərf, ahəng, heca, vurğu yazılışa, səs, sait, samit isə oxunuşa əsasən müəyyən olunur.
Dostları ilə paylaş: |