2. YANĞIN TƏHLÜKƏSİZLİYİNİN ƏSAS TƏLƏBLƏRİ. ƏRAZİNİN SAXLANILMASI.
2.1. Təhsil müəssisəsinin ərazisi daima təmiz vəziyyətdə saxlanılmalıdır. Bütün zibil tullantıları xüsusi ayrılmış sahələrə yığılmalı və mütəmadi olaraq daşınıb aparılmalıdır.
2.2. Bütün bina və qurğulara, su mənbələrinə habelə yanğın avadanlığına və qurğularına gedən yollar daima maneəsiz olmalıdır. Bina və qurğular arasındakı yanğına qarşı ara məsafələrdə materialların, avadanlıqların habelə qablaşdırılmış materialların yığılmasına, nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməsinə icazə verilmir.
2.3. Yanğın avtomobillərinin hərəkətinə maneə törədə biləcək, yol və keçidlərin ayrı-ayrı sahələrinin təmiri zamanı yanğından mühafizə xidmətinə mütləq xəbər verilməlidir. Yolların təmiri dövründə müvafiq yerlərdə hərəkətin istiqamətinə dair göstəricilər qoyulmalı və yaxud təmir sahələrinin üzərindən nəqliyyat üçün keçidlər qurulmalıdır.
2.4. Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırılmamış layihə əsasında təhsil müəssisəsinin ərazisində hər hansı tikinti və yenidənqurma işlərinin aparılmasına icazə verilmir.
2.5. Yanar qaz və buxar yığılması ehtimalı olan ərazilərə, sahələrə avto-nəqliyyatın daxil olması qadağandır. Belə hallarda lazımi yerlərdə müvafiq nişanlar (göstəricilər) qoyulmalıdır.
2.6. Binanın həyətində və yaxınlıqda asan alışan və yanar mayelər olan çənlərin, sıxlaşdırılmış və maye qaz balonlarının saxlanması, həmçinin tonqalların yandırılması və sönməmiş kömürün atılması qadağandır.
3. BİNANIN, TİKİLİNİN VƏ OTAĞIN SAXLANILMASI.
3.1. Təhsil müəssisələrinin binalarında, tikililərində və otaqlarında qadağandır:
3.1.1. Pilləkan qəfəslərində iş, anbar və digər təyinatlı otaqların yerləşdirilməsi, qaz kəmərləri və asan alışan maye boru kəmərlərinin çəkilməsi, yükqaldırıcıların şaxtalarından çıxışların qurulması, habelə insanların hərəkətinə maneə törədən avadanlıqların, əşyaların yerləşdirilməsi;
Pilləkan qəfəsinin altında yalnız mərkəzi isitmə və su ölçən şəbəkələrin idarəetmə qovşaqlarının yerləşdirilməsinə icazə verilir.
3.1.2. Təhsil müəssisəsinin zirzəmi və yarımzirzəmi otaqlarında partlayış təhlükəli maddə və materialların, asan alışan və yanar mayelərin habelə zirzəmi otaqlarında partlayış-yanğın təhlükəli proseslər aparılan laboratoriyaların yerləşdirilməsi;
3.1.3. Çardaq otaqlarında və texniki mərtəbələrdə hər hansı bir maddə və materialları saxlamaq.
3.2. Çardaq otaqlarının və texniki mərtəbələrin qapıları daima qıfılla kilidlənməli, qıfılın açarı isə sutkanın istənilən vaxtında götürülməsi mümkün olan, əlverişli yerdə saxlanılmalıdır. Çardaq otaqlarının və texniki mərtəbələrin taxta konstruktiv elementləri üç ildə ən azı bir dəfə odadavamlı məhlulla hopdurulmalıdır.
3.3. Yanğına qarşı divar və arakəsmələrdə olan oyuqlarda alovun və alışma məhsullarının yayılmasının qarşısını alan qurğular quraşdırılmalıdır (yanğına qarşı qapı, su pərdəsi, şiber, tüstüyə qarşı qurğu).
3.4. Yanğına qarşı səddlərin müxtəlif komunal qurğularla kəsişdiyi yerlərdə onların kəsişmə sahəsindəki mövcud boşluqlar, ara məsafələr yanmayan materiallarla doldurularaq tutulmalıdır.
3.5 Yüksək mərtəbəli binalarda yanğına və tüstüyə qarşı sistemlər daima saz vəziyyətdə saxlanılmalıdır. Tüstülənməyən pilləkən qəfəslərində jalyüzlü hava zonaların və oyuqların şüşələnməsi və ya tutulması qadağandır.
3.6 Təhsil müəssisələrində qadağandır:
3.6.1 Otaqların yuyulub təmizlənilməsində benzin, kerosin və digər asanalışan yanar mayelərdən istifadə etmək;
3.6.2 Hər hansı otağın divarlarına, tavanına yanar və yandıqda zəhərli maddələr ayrılan materiallardan üzlük çəkmək;
3.6.3 Açıq alovdan istifadə etməklə donmuş su və kanalizasiya borularını qızdırmaq;
3.6.4 Təmir işləri dövründə təhsil müəssisəsinin və yataqxananın binasında orada yaşayan adamları köçürmədən od və digər yanğın təhlükəli işlər aparmaq;
3.6.5 Pəncərələrdə açılmayan dəmir barmaqlıqların quraşdırılması;
3.6.6 Texniki mərtəbələrin havadəyişmə kameralarını, maşın otaqlarını təyinatı üzrə istifadə etməmək;
3.6.7 Cərəyan altında olan elektrik cihazlarını və qurğularını nəzarətsiz saxlamaq.
3.7 Xarici yanğın nərdivanları və dam örtüyünün qıraqlarındakı sipərlər daima saz vəziyyətdə saxlanılmalıdır.
3.8 Çardaq otaqlarındakı səs pəncərələri şüşələnməli və daima bağlı vəziyyətdə saxlanılmalıdır.