Əmək funksiyası. Müəssisəyə rəhbərlik edir. Onun siyasət və planını müəyyənləşdirir və formalaşdırır. Müəssisənin ümumi fəaliyyətini istiqamətləndirir və əlaqələndirir.
İstehsalat vahidləri, sex və başqa struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir. Onların istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirir.
Müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradır.
Müəssisəni digər müəssisələrlə (dövlət orqanları da daxil olmaqla) müqavilə bağlanmasında təmsil edir.
Bilməlidir: müəssisənin aid olduğu sahənin iqtisadi və sosial inkişafına yönəldilən əsas istiqamətlərini müəyyən edən hökumət qərar və fərmanlarını; yuxarı orqanların və müəssisənin profilinə aid olan digər təşkilatların qərar, sərəncam, əmr və göstərişlərini; müəssisənin və sahənin texniki, iqtisadi və sosial inkişafı perspektivlərini; təsərrüfatçılıq və idarəetmə metodlarını, təsərrüfat müqavilələrinin bağlanılması və yerinə yetirilməsi qaydasını, elm və texnikanın nailiyyətlərini və qabaqcıl müəssisələrin təcrübəsini; iqtisadiyyatın, istehsalın, əməyin təşkili və idarə olunmasını; qanunvericiliyin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:ali təhsil və müəssisənin fəaliyyətinə uyğun olan sahələrdə rəhbər vəzifədə 5 ildən az olmayaraq iş stajı.
18-ci dərəcə: I qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
17-ci dərəcə: II qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
16-cı dərəcə: III qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
15-ci dərəcə: IV qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
14-10-cu dərəcələr: Müvafiq olaraq daha aşağı qrupa aid edilən müəssisə, idarə, təşkilat rəhbərinin vəzifə borclarını yerinə yetirdikdə.
Q eyd: Birliyin (istehsalat birliyinin) baş direktorunun əməyin ödəniş dərəcəsi həmin birliyin tərkibinə daxil olan müəssisələrin direktorlarının əməyinin ödəniş dərəcəsindən bir dərəcə yuxarı təyin edilir.
BAŞ MÜTƏXƏSSİSLƏR BAŞ İQTİSADÇI Əmək funksiyası. Müəssisənin iqtisadi fəaliyyətinin təşkili və təkmilləşdirilməsini həyata keçirir. İqtisadi anlayış, nəzəriyyə və operativ metodların təkmilləşdirilməsi və inkişafı üzrə tədqiqatlar aparır. Müəssisənin bütün bölmələrinin iqtisadi və sosial inkişafının perspektiv planlarının tərtibinə metodiki rəhbərlik edir və fəaliyyətini əlaqələndirir.
Müəssisənin təsərrüfat fəaliyyətində material, əmək və maliyyə rejiminə ciddi riayət olunmasına təminat yaradır. Müəssisənin iqtisadi cavabdehliyini, təsərrüfat müstəqilliyini, əmək məhsuldarlığını artıra bilən tədbirlər hazırlayır.
Müəssisənin istehsalat təsərrüfat fəaliyyətini, iqtisadi təhlili və yekununa qiymət verilməsi işini təşkil edir.
İqtisadiyyat elminin nailiyyətlərinin praktikada tərtib edilməsi üçün tədbirlər görür.
İqtisadi hesablamalar apararaq yeni texnikanın və texnologiyanın tətbiqi üzrə, istehsalatın, əməyin və idarəetmənin yeni növ məhsulun yaranması və mənimsənilməsi, səmərələşdirici təkliflərin və elmi kəşflərin tətbiqinin effektivliyini araşdırır. Müəssisənin iqtisadi göstəriciləri ilə başqa müəssisələrin göstəricilərinin müqayisəli təhlilini aparır, iqtisadı sahədə qabaqcıl təcrübəni tətbiq etməyə rəhbərlik edir. Müəssisənin iqtisadi göstəricilərinin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Müəssisənin iqtisadi fəaliyyətinin yekunları barədə hesabatın yuxarı təşkilatlara vaxtında verilməsinə nəzarət edir, Müəssisənin iqtisadi işlə məşğul olan struktur bölmələrinə rəhbərlik edir, istehsalatın idarə olunmasına iqtisadi cəhətdən məqsədəuyğun qərarların tətbiqinə təsir göstərir.
Bilməlidir: sahənin inkişafını istiqamətləndirən hökumət qərarlarını və qətnamələrini, yuxarı təşkilatların qərar, əmr və sərəncamlarını, digər rəhbər, metodiki və normativ materialları; müəssisənin spesifik xüsusiyyətlərini, istehsal gücünü, texniki və iqtisadi inkişafın perspektivlərini; proqnozlaşdırma işinin təşkili, formaları və metodlarını; material, əmək və maliyyə sərfinin normativlərinin işlənməsi qaydasını; təsərrüfat müqavilələrinin bağlanması qaydalarını; elm və texnikanın nailiyyətlərini, müəssisələrin iqtisadiyyat sahəsindəki qabaqcıl təcrübələrini; iqtisadiyyatın əsaslarını; istehsalın, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.