Unitar dövlət. Unitar dövlətlərdə («unitar» anlayışı latın sözü olan «unus»dan götürülüb və bu sözün mənası vahid, tək deməkdir) dövlətin ərazisi mərkəzi hakimiyyətdən birbaşa asılı olan siyasi-inzibati və ya inzibati-ərazi vahidlərinə bölünür və həmin ərazi vahidləri üzrə təşkil olunan orqanlar, qurumlar mərkəzdən formalaşdırılır və ya daim mərkəzin nəzarəti altında olur. Unitar dövlət quruluşunu xarakterizə edən ən əsas cəhət də bütün ölkə ərazisi üçün dövlət aparatının vahid strukturda fəaliyyət göstərməsi və ərazi vahidlərinin birbaşa mərkəzdən asılı olması ilə bağlıdır. Mərkəzi orqanların səlahiyyətləri hüquqi cəhətdən və faktiki olaraq yerli orqanlara verilən səlahiyyətlərlə məhdudlaşmır. Adətən, unitar dövlətlərdə vahid qanunvericilik, məhkəmə və dövlət inzibatçılığı sistemi mövcuddur. Ərazi vahidləri daxili məsələlərdə müstəqil olmur və onların özünün qanunvericiliyi, xüsusi orqanları da yoxdur. Lakin bunlar mütləq deyil, yəni istisnalar var. Həmin istisnaların olması isə hər hansısa unitar dövlət daxilində siyasi muxtariyyətin mövcudluğu ilə bağlıdır. Bu baxımdan, yəni ərazi vahidlərinin hüquqi statusuna görə unitar dövlətlər sadə və mürəkkəb unitar dövlətlərə bölünür. Unitar dövlətin ərazisində muxtar qurumun olması onu mürəkkəb unitar dövlət kimi xarakterizə edir. Sadə unitar dövlətlərin ərazisi isə yalnız inzibati-ərazi vahidlərinə bölünür və bütün ərazi vahidləri statusca bərabərdir.
Sadə unitar dövlətlərin bir sıra ümumi cəhətləri mövcuddur. Bu cəhətlərin bir çoxu həm də unitar dövlətin bu növünü mürəkkəb unitar dövlətdən fərqləndirən cəhətlərdir.
Birincisi, sadə unitar dövlətin inzibati-ərazi vahidləri heç bir siyasi müstəqilliyə, siyasi statusa malik deyil. Onlara yalnız təsərrüfat sahəsi, həmçinin sosial-mədəni sahə ilə bağlı geniş səlahiyyətlər verilə bilər. Bu isə ərazi üzrə idarəetmənin daha səmərəli təşkil olunması, müvafiq əraziyə xas olan özünəməxsusluqların nəzərə alınması üçündür.
İkincisi, sadə unitar dövlətin ərazisində yaşayan heç bir etnik qrupun, milli azlığın statusca digər ərazi vahidlərindən fərqlənən öz muxtar qurumu olmur.
Üçüncüsü, sadə unitar dövlətdə bir konstitusiya və vahid qanunvericilik sistemi mövcuddur. İnzibati-ərazi vahidlərində qanunvericilik orqanı mövcud deyil və yerli hakimiyyət orqanları dövlət hakimiyyətinin bütün mərkəzi orqanları tərəfindən qəbul olunan normativ hüquqi aktları tətbiq etməlidir. Yerli hakimiyyət orqanlarının norma müəyyənləşdirici fəaliyyəti tam şəkildə tabeii xarakter daşıyır və lokal təsirə malikdir.
Dördüncüsü, bütün dövlət ərazisində vahid məhkəmə sistemi mövcuddur və məhkəmə orqanları da digər hüquq mühafizə orqanları kimi ümumi bir sistemin tərkib hissələri kimi çıxış edir.
Beşincisi, bütün dövlət ərazisində yalnız bir vətəndaşlıq mövcuddur. Yəni dövlətin hər hansısa bir ərazi vahidinin öz vətəndaşlığı olmur.
Aitıncısı, dövlətdə yalnız bir vergi sistemi tətbiq olunur. Yuxarıda qeyd etdiyimiz kimi, sadə unitar dövlətlərdən fərqli olaraq mürəkkəb unitar dövlətlərdə muxtariyyətə malik olan, başqa sözlə desək, daxili işlərində və bir sıra məsələlərdə müstəqilliyi olan ərazi vahidləri mövcuddur.
Ümumiyyətlə, muxtariyyət deyərkən, dövlətin ərazi üzrə təşkilində dövlət daxilində mövcud olan milli, mədəni, tarixi, coğrafi özünəməxsusluqların nəzərə alınması və dövlətin ərazi vahidlərindən bəzilərinə, hətta hamısına daxili özünüidarəetmə hüququnun və bir sıra məsələlərdə müstəqilliyin verilməsi, həmçinin ölkə daxilində yığcam deyil, dağınıq vəziyyətdə yaşayan etnik qrupların, millətlərin əsasən dil və mədəniyyət problemləri ilə məşğul olan təşkilatların, seçkili orqanların yaradılması başa düşülür. Dövlət ərazisinin müəyyən bir hissəsində yaradılan muxtariyyətə ərazi muxtariyyəti, ölkə daxilində yığcam deyil, dağınıq vəziyyətdə yaşayan etnik qrupların, millətlərin əsasən dil və mədəniyyət problemləri ilə məşğul olan təşkilatların, seçkili orqanların yaradılması yolu ilə təşkil olunan muxtariyyətə isə milli-mədəni muxtariyyət deyilir. Birinci halda, yəni müəyyən
bir əraziyə muxtariyyət statusunun verilməsində tarixi, coğrafi özünəməxsusluqlar, həmçinin müəyyən siyasi-inzibati ənənələr əsas rol oynayır. Bu halda muxtariyyətin yaradıldığı ərazidə yaşayan əhalinin mədəniyyətinə, məişətinə, tarixi ənənələrinə aid xüsusiyyətlər də nəzərə alınır. Bir çox hallarda isə, ərazi muxta- riyəti milli xarakterli olur, yəni muxtariyyət müəyyən ərazi daxilində kompakt yaşayan etnik qrupa verilir. Belə muxtariyyətə hüquq ədəbiyyatında milli-ərazi muxtariyyəti deyilir.
Ərazi muxtariyyəti səlahiyyətlərin həcmindən asılı olaraq iki formada: siyasi muxtariyyət və inzibati muxtariyyət formasında olur. Bu, milli-ərazi muxtariyyətinə də aiddir. Yəni ərazi muxtariyyəti kimi milli-ərazi muxtariyyəti də həm siyasi muxtariyyət, həm də inzibati muxtariyyət formasında ola bilər.
Hüquq ədəbiyyatında açıqlandığı kimi, siyasi muxtariyyət bəzi dövlətçilik əlamətlərinə malikdir. Belə ki, siyasi muxtariyyətlərin əksəriyyətinin nümayəndəli orqanları yerli məsələlər üzrə qanunvericilik fəaliyyəti ilə məşğul olur. Siyasi muxtariyyətin nümayəndəli orqanının qanun qəbul etmək səlahiyyətinə malik olması isə həmin muxtar qurumun daha çox məsələlər üzrə müstəqil olması, özünüidarəetmə imkanlarının daha geniş olması deməkdir. Siyasi muxtariyyətin özünün yerli parlamenti, icra hakimiyyəti orqanı yaradılır. İcra hakimiyyəti orqanı həm qanunvericilik səlahiyyətinə malik olan nümayəndəli orqanın seçdiyi kollegiya, həm də həmin orqanın sədri ola bilər. Bəzi hallarda isə siyasi muxtariyyətin konstitusiyası da olur. Məsələn, Azərbaycan Respublikasının ərazi vahidi olan Naxçıvan Muxtar Respublikası siyasi muxtariyyət formasına malikdir və onun öz konstitusiyası var. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir və onun ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini nümayəndəli orqan olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini isə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ayrıca məhkəmə hakimiyyəti də mövcuddur və bu hakimiyyəti Muxtar Respublikanın məhkəmələri həyata keçirir. Bu isə demək olar ki, bütün dünyada nadir hadisədir. Çünki, adətən, federasiya subyektiərindən fərqli olaraq, muxtar qurumların məhkəmələri olmur. Naxçıvan Muxtar Respublikası milli-ərazi muxtariyyəti deyil, o, ərazi muxtariyyətidir.
Siyasi muxtariyyət Azərbaycan Respublikasından başqa, bir sıra digər unitar dövlətlərdə də mövcuddur. Məsələn, Özbəkistanda Qaraqalpak Respublikası, Böyük Britaniyada Şotlandiya, Portuqaliyada Azor adaları, Finlandiyada Aland adaları, Danimarkada Qrenlandiya, Fransada Korsika siyasi muxtariyyət formasına malikdir. Bunlardan bəzilərinin səlahiyyətləri müqayisədə daha genişdir və müstəqillikləri də daha çoxdur. Məsələn, Portuqaliyada Azor adaları ona aid olan məsələlər üzrə beynəlxalq danışıqlarda iştirak etmək hüququna malik olmaqla ümum- dövlət məsələsinin həllinə təsir göstərə bilir. Azor adaları həm də Portuqaliya parlamentində qanunvericilik təşəbbüsünə malikdir. Danimarkanın Avropa Birliyinin üzvü olmasına baxmayaraq Qrenlandiya öz ərazisində referendum keçirmək yolu ilə həmin təşkilata qatılmaqdan imtina etmişdir.
Özbəkistanda isə Qaraqalpak Respublikasına bu dövlətdən ayrılmaq hüququ verilmişdir. Lakin bu hüququn reallaşması üçün mütləq parlamentin razılığı olmalıdır.
Qnu da əlavə edək ki, siyasi muxtariyyətlərin əksəriyyətinin qanunverici orqanı olsa da (Ukraynada Krım Muxtar Respublikasının parlamenti qanun qəbul etmək səlahiyyətində deyil), onların qanunvericilik səlahiyyəti məhduddur. Belə ki, həmin orqanların qanunvericilik fəaliyyəti yalnız yerli əhəmiyyətə malik olan məsələləri əhatə edir. Digər tərəfdən isə, elə yerli əhəmiyyətli məsələlər var ki, siyasi muxtariyyətin qanunverici orqanı o məsələlər üzrə qanun qəbul etmək səlahiyyətində deyil.
İnzibati muxtariyyətin isə siyasi muxtariyyətdən fərqli olaraq yerli qanunlar qəbul etmək səlahiyyəti yoxdur. Lakin inzibati- ərazi vahidləri ilə müqayisədə inzibati muxtariyyət daha geniş səlahiyyətlərə və əlavə hüquqlara malikdir. Məsələn, Çində inzibati muxtariyyətlərin nümayəndəli orqanları «yuxan dövlət orqanlarının aktları yerli şəraitə uyğun gəlmədikdə onları dəyişdirə və ya ləğv edə bilər (müvafiq mərkəzi orqanın icazəsi ilə), habelə, qanunvericiliyə uyğun olaraq xarici iqtisadi əlaqələrdə iştirak edə bilər, inzibati muxtariyyət rayonlarında məhkəmə icraatında yerli dildən istifadə edilə bilər. Digər tərəfdən, əhalinin adətləri nəzərə alınır, yerli dildə qəzetlər çap olunur, radio verilişləri yayımlanır. Bu dildən məktəblərdə təhsil zamanı istifadə olunur. Bununla yanaşı, dövlət aparatı yerli dili bilən şəxslərdən formalaşdırılır və idarəetmə aparatı təşkil olunarkən yerli sakinlərə üstünlük verilir».'' Ümumiyyətlə, inzibati muxtariyyət siyasi muxtariyyətlə müqayisədə az ölkədə mövcuddur. İnzibati muxtariyyəti olan ölkələrdən, ilk növbədə, Çinin, Moldaviyanın, Nikaraquanın adını çəkə bilərik. Çin həm də muxtar qurumların sayının çox olması ilə fərqlənir. Belə ki, bu dövlətdə irili-xırdalı yüzdən artıq muxtar qurum mövcuddur.
Daha öncə qeyd etdiyimiz kimi, ərazi muxtariyyətindən fərqli olaraq milli-mədəni muxtariyyət (buna elmi ədəbiyyatda bəzən etno-mədəni muxtariyyət də deyilir) etnik və ya dini azlıqların ölkə daxilində dağınıq vəziyyətdə yaşadıqları hallarda təşkil olunur. Muxtariyyətin belə bir forması vasitəsi ilə milli və ya dini azlığa ümumdövlət səviyyəsində öz nümayəndəli orqanını yaratmaq təminatı verilir. Bu orqanlar, bəzi mərkəzi dövlət orqanları yanında (əsasən parlament yanında) məşvərətçi qurum kimi təmsil olunur və müvafiq azlığın maraqlarını müdafiə edir. Milli- mədəni muxtariyyətlər, əsasən, mədəniyyət, dil, adət və məişət məsəiələri ilə məşğul olur. Mərkəzi hakimiyyət həmin məsələ- iərlə məşğul olarkən müvafiq azlığı təmsil edən nümayəndələrlə, yəni muxtariyyətin nümayəndəli orqanının üzvləri ilə məsləhətləşir. Muxtariyyətin bu forması Avstriyada, Macarıstanda, Skandinaviya ölkələrində və bir sıra başqa döviətlərdə mövcuddur.
Unitar dövlət dövlət quruluşunun ən mərkəzləşdirilmiş formasıdır. Lakin bu cür mərkəzləşmənin özünün də dərəcələri var. Bu baxımdan unitar dövlətlər, mərkəzi hakimiyyətin və yerli əhalinin yerlərdə hakimiyyətin təşkilində iştirak etmə dərəcəsinə görə mərkəzləşdirilmiş, mərkəzləşdirilməmiş və nisbi mərkəzləşdirilmiş dövlətlərə bölünür. Mərkəzləşdirilmiş unitar dövlətdə təyinetmə əsasında təşkil olunan idarəetmə orqanlarının vertikal sistemi mövcuddur. Bu cür dövlətlərdə yerli hakimiyyət orqanları ancaq mərkəzdən formalaşdırılır və hakimiyyətə aid funksiyaları ancaq yuxarıdan təyin edilmiş administratorlar həyata keçirir.
Mərkəzləşdirilmiş unitar dövlətlərdə, ümumiyyətlə, muxtariyyət olmur. Müasir dövrdə belə bir dövlət quruluşu forması avtoritar rejimli (hərbi rejimli) dövlətlərdə mümkündür. Çünki yerlərdə əhalinin özünüidarəetmə işindən tamamilə məhrum olması dövlətçiliklə bağlı müasir tələblərə uyğun deyil. Nisbi mərkəzləşdirilmiş unitar dövlətdə inzibati-ərazi bölgüsünün yuxarı pillələrində həm mərkəzin yerlərə təyin etdiyi ümumi səlahiyyətli məmur, həm də yerli əhali tərəfindən seçilən özünüidarəetmə orqanı müvafiq ərazi vahidinin idarə olunmasında iştirak edir. Məsələn, belə bir dövlət quruluşuna malik olan Fransada şəhərlərin, icmaların özünüidarəetmə orqanı təşkil olunur və bu orqan idarəetmə işini həyata keçirməyə səlahiyyətli olan şəhər merini seçir. Bəzi ölkələrdə isə mer bilavasitə yerli əhali tərəfindən seçilir.
Mərkəzləşdirilməmiş unitar dövlətdə isə ərazi vahidlərində (muxtar qurumlarda və inzibati-ərazi vahidlərində) yalnız yerli əhali tərəfindən seçilən orqanlar (məsələn. Böyük Britaniyada, Yaponiyada ərazi vahidlərinin idarə olunmasında bu qaydadan istifadə edilir) fəaliyyət göstərir. Lakin yerlərdə idarəetmənin göstərilən qaydada təşkil olunması yerli özünüidarəetmə orqanları üzərində mərkəzin nəzarətinin olmaması demək deyil. Mərkəzləşdirilməmiş unitar dövlətdə yerli özünüidarəetmə orqanları üzərində nəzarəti müxtəlif mərkəzi orqanlar həyata keçirir. Bu cür unitar dövlətdə mərkəzi hakimiyyətlə ərazi vahidlərinin səlahiyyət bölgüsü konstitusiya ilə müəyyənləşir. Dövlət ərazisində hakimiyyətin bu qaydada təşkil olunmasına əsasən müəlliflərin bir çoxu belə hesab edir ki, mərkəzləşdirilməmiş unitar dövlət bir sıra cəhətlərinə görə federativ dövlətə oxşayır.
Mərkəzləşdirilməmiş unitar dövlətlərin bəzilərində (İtaliya, İspaniya, Şri-lanka, Cənubi Afrika Respublikası) dövlətin bütün ərazisi muxtar qurumlara bölünür. İtaliyanın ərazisi 20, İspaniyanın ərazisi 17, Şri-lankanın ərazisi 10, Cənubi Afrika Respublikasının ərazisi isə 9 muxtar quruma bölünmüşdür. Həmin muxtar qurumlar etnik, coğrafi, məişət və s. amillər əsasında ərazi muxtariyyəti, milli-ərazi muxtariyyəti, milli-mədəni muxtariyyət, siyasi və yaxud inzibati muxtariyyət formalarında olan qurumlardır. Belə dövlətlər mürəkkəb unitar dövlət olsalar da, hüquq ədəbiyyatında onlar, göstərilən xüsusiyyətə görə digər mürəkkəb unitar dövlətlərdən fərqləndirilir. Dövlətin bütün ərazisinin muxtar qurumlara bölünməsi ilə əlaqədar olaraq elmi ədəbiyyatda regional dövlət konsepsiyası formalaşmışdır. Bu konsepsiyanın tərəfdarları həmin dövlətlərdə yeni bir dövlət formasının - regional dövlətin meydana gəldiyini bildirirlər. Onların fikrincə, regional dövlət unitar dövlətdən federasiyaya keçid formasıdır.