Amerika preromantizmi F.Freno və B.Braun kimi yazarların timsalında yalnız romantizmin yaranması üçün lazımi zəmin yaratmamış, həm də özəl Amerika ədəbiyyatının formalaş- masına rəvac vermişdi. Filip Freno o dövrün Amerika ədəbiyyatının ən görkəmli nümayəndəsi olsa da, ədəbi aləmdə tək deyildi. Onun xidmətləri əsasən poeziya sahəsində təzahür etmişdi. Lakin həmin dövrdə Amerika nəsri də təşəkkül tapmağa başlamış və gələcəkdə Amerika nəsrində aparıcı olacaq bir sıra mövzular qismən də olsa həmin dövrün nəsrində öz əksini tapmışdı. Amerika romantizminin inkişaf mərhələləri əsasən mövzu dairəsi, milli prioritetlər, janr-üslub məsələləri ilə əlaqəli izlənilir. Amerika ədəbiyyatının özünəməxsus xüsusiyyətlər kəsb etməsi, özünü müstəqil milli ədəbiyyat kimi təsdiq etməsi bütövlükdə romantizm dövrünə təsadüf edir.
Cəmiyyət həyatında sürətlə baş verən inkişaf meylləri, müstəqilliyin ilk illərində doğmuş ruh yüksəkliyi, sonra ölkənin inkişaf yolundakı iki bir-birinə zidd meyllər gözlənilən nəticələrin əldə olunmaması və bundan doğan narazılıq Amerika romantizminin özünəməxsus inkişaf yolunu və rəngarəngliyini şərtləndirdi. Tədqiqatçılar Amerika romantizminin intişarının üç mərhələdən keçdiyini qeyd edirlər. Birinci mərhələ ilkin Amerika romantizminin (1820-1830-cu illər) nümayəndələri V.İrvinq, C.F.Kuper, U.K.Brayent, D.P.Kennedi öz yaradıcılıqlarında bəzi hallarda maarifçilik ənənələrindən istifadə edirdilər. Bu dövrdə romantiklərin görkəmli simaları İrvinq və Kuper Amerikanın ictimai-siyası həyatında fəal iştirak edir, ideoloji hədəflərin müəyyənləşməsinə təsir göstərirdilər. Erkən romantiklər yüksək idealların, sosial utopiyaların böhrana uğramasından, əxlaqi-mənəvi dəyərlərin yaşamaq uğrunda mübarizənin “qurbanına” çevrilməsi səbəbindən bədbinləşsələr də, qiyamçı və üsyankar əhval-ruhiyyədən əl çəkmirdilər. Onlar burjua cəmiyyətinin alternativ variantını arayır və romantik sosial utopiyalar irəli sürürdülər. V.İrvinqin (Washington İrving) “Preriyaya səyahət” (“A Tour on the Prairie”), ölkənin patriarxal keçmişindən bəhs edən “Nyu-Yorkun tarixi” (“History of New York”), orta əsrlər Avropasının tarixini ideallaşdıran “Alhambra trilogiyası” (“Tales of Alhambra”), F.Kuperin “Casus” (The Spy), dəniz romanları sosial-siyasi ideyaların əks olunduğu əsərlərdəndir.
İslam peyğəmbəri haqqında yazılan ən maraqlı kitablardan biri məhz İrvinq Vaşinqtona məxsusdur. Romantik ədəbiyyatın önündə gedən Amerika yazıçısı İrvinq Vaşinqton islam dini ilə bağlı 1849-cu ildə “Məhəmməd peyğəmbərin həyatı” kitabını yazır. Yazıçı İspaniyada 1842-ci ildən Amerikanın səfiri kimi çalışmış, orada yaşadığı müddətdə o, ərəb alimlərinin əsərləri ilə maraqlanmışdı. Məşhur Alqambra sarayında olarkən bu mövzuya müraciət edir. İ.Vaşinqton Məhəmməd peyğəmbərin doğulduğu gündən ölən gününə qədər maraqlı, yadda qalan səhnələri sonda onların əsl mahiyyətini, tarixi müqəddəs vəzifəsini uydurulmuş hadisə kimi qəbul edir: “Müsəlman yazıçılarının Məhəmmədin doğulması, uşaqlığı haqqında belə fantastik hekayələri var...”
Dostları ilə paylaş: |