Dünya əDƏBİyyati 42 MÜƏLLİM: f.ü. f d. M. R. Yaqubova VII mühaziRƏ Mövzu: XIX əsr amerika əDƏBİyyati


Abolisionist ədəbiyyatının yaranması



Yüklə 48,89 Kb.
səhifə7/11
tarix02.01.2022
ölçüsü48,89 Kb.
#42611
1   2   3   4   5   6   7   8   9   10   11
muhazire 7

Abolisionist ədəbiyyatının yaranması və inkişafı Amerika ədəbiyyatında romantizm estetikasının hökmranlığı dövrünə təsadüf edir. Birinci nəsil abolisionist ədiblər daha çox publisistik janrlara müraciət edirdilər. Onların qarşısında əsasən praktik məsələlər durduğundan, onlar öz ideyalarını publisistika vasitəsi ilə həyata keçirirdilər. 40-cı illərdə abolisionist mövzular bədii ədəbiyyata get-gedə daha çox yol tapırdı. 50-ci illərdə isə abolisionist ədəbiyyatı özünün ən yüksək inkişaf nöqtəsinə çatdı. İlk və ən ardıcıl abolisionist şairlərdən biri Con Qrinlif Uityerdir. Amerika yazıçılarının əksəri üçün köləlik mövzusu xarakterik mövzulardan biridir. Məsələn, G.R.Louell, R.U.Emerson, H.Lonqfello və başqaları bu mövzuya qismən də olsa müraciət edirdilər. Onlar nəinki qatı, heç ardıcıl abolisionist də deyildilər. Onlar hər şeydən əvvəl sözün həqiqi mənasında demokrat, namuslu adam, humanist idilər. 40-cı illərin əvvəllərində Henri Lonqfello “Köləlik nəğmələri” silsilə şeirlərini yazmışdır. “Köləlik nəğmələri” silsiləsinə cəmi səkkiz şeir daxil idi. Həmin şeirlər 1842-ci ildə şair Avropadan qayıdan kimi ayrıca kitabça şəklində çap olunmuşdu. U.Uitmenin ilk poetik təcrübələri 30-cu illərin sonuna təsadüf etsə də, sonralar ona dünya şöhrəti gətirmiş U.Uitmen poeziyasının cizgiləri yalnız həmin 1850-ci ildə çap olunmuş dörd şeirdə bariz şəkildə təzahür edir. Abolisionist ədəbiyyatının zirvə nöqtəsi isə Harriyet Biçer-Stounun 50-ci illər yaradıcılığıdır. Onun “Tom dayının daxması” (“Uncle Tom’s Cabin”) romanı köləliyə vurulan ən güclü zərbəsi oldu. Yazıçının bu romanı XIX əsrin ortaları dünya ədəbiyyatı üçün görünməmiş bir hadisə oldu. Cənubluların həyat tərzini və quldarlığın məziyyətlərini vəsf edən ədəbiyyat Harriet Biçer-Stounun romanından və ona cavab olaraq yazılmış əsərlərdən xeyli əvvəl yaranmışdı. Şimaldan fərqli olaraq Cənubda müəyyən ədəbi mühitdən və ya məktəbdən danışmaq olduqca çətindir. Bunun əsas səbəbi bölgədə qapalı 36 plantator təsərrüfatının üstünlük təşkil etməsi, iri şəhərlərin azlığı, hətta ağlar arasında savad səviyyəsinin çox aşağı olması və s. idi. Cənub romantizminin ilk nümayəndələri Edvard Kut Pink, Riçard Henri Uayld, Tomas Holli Çiversdir. Edqar Allan Po mənşəcə Cənublu olsa da, onun yaradıcılığı bu ədəbiyyat çərçivəsinə sığmır, bu səpkidən nəzərdən keçirilə bilməz. Özünəməxsus romantik şair kimi Çivers peyzaj lirikası yaratmış, Cənubun təbiətini konkret poetik lövhələrdə əks etdirmişdi. 50-ci illərin əvvəllərində abolisionist hərəkatının güclənməsi və bunun ən böyük nailiyyəti kimi Harriyet Biçer-Stounun “Tom dayının daxması” romanının çapdan çıxmasına cavab olaraq cənublu yazarlar də öz sözlərini dedilər. Qısa müddətdə onlarla iri və kiçik həcmli əsərlər yaradıldı. Bunlardan biri də Uilyam Qreysonun “Muzdlu fəhlə və kölə” poemasıdır. Cənub poeziyası bütövlükdə həvəskar səviyyədən yuxarı qalxmamış, böyük nailiyyətlər əldə etməmiş. Hərdən şeirlərin melodikliyi və axarlığı ilə fərqlənsə də, məzmun dərinliyi forma kamilliyinə müvafiq olmamış. Cənub poeziyasının bütün dünyada tanınan nümayəndəsi E.A.Podur ki, o da sağlığında Amerikanın özündə kifayət qədər tanınmamış, Amerika ədəbiyyatından çox Avropa ədəbiyyatına təsir etmişdir. Amerika romantizminin əsas nailiyyətlərindən biri tarixilikdir.

Cənubda bu tarixiliyə münasibət romantiklərin ölkənin keçmişini necə və hansı mövqedən əks etdirmələrində özünü bariz şəkildə göstərir. Bu xüsusda Cənub ştatları ədəbiyyatı və birinci növbədə romanı iki istiqamətdə inkişaf edir. 1816-cı ildə Baltimorda çıxan “Portik” jurnalında Con Kennedinin “İsveçrəli səyyah” ümumi başlıqlı beş essesi çap olunmuşdu. Kennedi romantikanı və romantik qəhrəmanını uzaq ölkələrdə deyil, “öz evinin içində”, Amerikada axtarır. Amerikanın Cənubunda xarakterlər, hər yerdə olduğu kimi, yaşayış tərzinin təsiri altında formalaşır. Böyük şəhərlərin olmaması, plantasiyaların nisbətən təcrid olunmuş şəkildə mövcudluğu buradakı insanların xarakterlərində fərdi xüsusiyyətlərin bariz şəkildə inkişafına rəvac verir.

Cənub romantizminin ən görkəmli nümayəndəsi Uilyam Gilmor Simmsdir. Onu ədəbi aləmə tanıdan ilk böyük əsərləri 1832-ci ildə yazdığı mifoloji süjetli “Atlantida” (“Atlantis”) poeması və “Martin Feyber” (1833) romanı olmuşdur. Simmsin romanları bütövlükdə İstiqlaliyyət müharibəsinin Cənubda gedişi barədə kifayət qədər dolğun təsəvvür yaradır və bu təsəvvür əksər hallarda tarixçilərin qənaətlərindən fərqlənmir. Bu mövzuda yazdığı ilk əsərində - “Partizan”da - Simms Vətəndaş müharibəsinin Cənubda olduqca qəddar getdiyini göstərir. Simms tarixi romantik kimi olsa da, obyektiv əks etdirməyə çalışır. İstedad səviyyəsinə və sənətkarlıq xüsusiyyətlərinə görə Simms XIX əsrin birinci yarısı Amerika ədəbiyyatında müstəsna yer tutur. Onu hətta o dövrün ən məşhur nasiri, Amerika nəsrini dünyaya tanıdan Fenimor Kuperlə müqayisə etmək çətindir, çünki bu müqayisə sonuncunun xeyrinə olmur. Əgər F.Kuper romanları təqib etmə sxemi üzərində qurulmaqla oxucunun diqqətini daim gərginlikdə saxlayır, lakin qəhrəmanları bir qayda olaraq xarakterlərinin mürəkkəbliyi ilə seçilmirlərsə, Simmsin romanlarının süjeti dövrünü xeyli qabaqlayaraq realizmin çiçəklənmə dövründəki kimi süjetin çoxşaxəliliyi, çoxsaylı qəhrəmanları isə xarakterlərinin müxtəlifliyi ilə fərqlənirlər. Simmsin yaradıcılığının əsasən romantizm xarakterli olmasına baxmayaraq poetikasında, kiçicik detalların təsvirində belə həyat həqiqətlərinə sadiqliyi onun realizmə meylli olmasından xəbər verir və yazıçının nə üçün dövrün ədəbi həyatında layiq olduğu yeri tuta bilməməsinin səbəblərini qismən də olsa anlamağa imkan verir.

Simmsdən fərqli olaraq Con İsten Kuk (1830-1886) yaradıcılığa Amerika romantizminin yetkinlik dövründə başlamış və hər hansı bir zümrənin maraqlarını güdmək, onları müdafiə etmək fikrindən uzaq olmuşdur. Onun çoxsaylı romanları doğma ştatının keçmişinə həsr olunub.

Qeyd olunur ki, romantik etiraz XIX əsrin iyirminci-əllinci illərinə aid Amerika ədəbiyyatının ən müxtəlif təsvirlərində, surətlərində və süjetlərində: İrvinqin xəzinə axtaranlarında, Kuperin dəri Corabının faciəli taleyində, Edqar Poda dəhşətə bürünmüş insan şüurunun tədqiqatında, ruhları puritan vicdanının zalım hakimiyyəti altına düşən Hotornun qəhrəmanlarında, zavallı Tom dayının qəmli hekayəsində, Uitterin quldarlığa qarşı ehtiraslı və əsəbi nitqlərində, Uoldenin Utopiyasında və s. təcəssüm olunmuşdur. Amerika romantiklərinin bədii xarakterlərində gerçəkliyə fəal münasibət göstərən, azad, fəlsəfi təfəkkürə malik, mənəvi cəhətdən zəngin ideal qəhrəman obrazları diqqəti cəlb edir. Romantiklərə görə, cəmiyyətdə maddi tələbatların mənəvi dəyərləri üstələməsi, sözün böyük mənasında insanlığın itirilməsi qorxusu dini etiqadı zəruri tələbata çevirir. Qeyd etmək lazımdır ki, romantizm cərəyanında Allah və dini etiqad anlayışına münasibət birmənalı olmamışdır. Bir çox hallarda romantik ədəbiyyatda teizm və ateizm arasındakı həddi müəyyən etmək qeyri-müəyyən olur.

Transsendalistlər” məktəbi.

1830-1860-cı illərdə ABŞ-da ədəbi-fəlsəfi hərəkat. 1836-cı ildə ABŞ-da Transsendental klubun əsasını qoymuş idealist filosof və yazıçılar qrupuna Ralf Uold Emerson (1803-1882), C.Ripli (1802-1880), T.Parker (1810-1860), M.Fuller (1810-1850), Henri Devid Toro (1817-1862) və başqaları daxil idi. Transsendentalistlər sensualizmə mənfi münasibətini bildirir, Kant və Fixtenin, Yakobinin və Şleyermaxerin fəlsəfəsi ilə öz əlaqəsini qeyd edirdilər. Onların dünyagörüşünə Amerikan puritanizminin etik-sosial ideyaları, Platonun, ingilis romantik şairlərinin – C.Kolric, U.Vordsvortun "Göl məktəbi", Karleylin və Jan Jak Russonun baxışları dərin təsir göstərmişdir.

Romantizm və xırda burjua demokratizmi mövqelərindən kapitalizmin amansızlığını tənqid etmiş, sosial münaqişələrin həllində mənəvi özünütəkmilləşdirməyə diqqət yetirmiş, təbiətlə yaxınlaşmağa çağırmışlar. Ralf Uold Emersonun "Təbiət" əsərində tam şəkildə ifadə olunmuş transsendentalistlər Amerika ədəbiyyatı və fəlsəfəsinin inkişafında müəyyən iz qoymuşlar.




Yüklə 48,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin