Amerika romantizmi
Amerika romantizminin başlanğıcını XIX əsrin ilk onilliklərindən aldığı artıq qeyd olunsa da, bu ədəbiyyatın ilk addımlarından və ilk uğurlarından çıxış etsək, deməliyik ki, bu ədəbi cərəyanın ilk ünsürləri hələ İstiqlaliyyət müharibəsi ərəfəsində və onun gedişində preromantizm çərçivəsində müşahidə olunur. Amerika ədəbiyyatının müstəqil özəl ədəbiyyat kimi formalaşmasının bilavasitə romantizmlə bağlı olduğunun sübuta yetirilməsinə ehtiyac yoxdur. Lakin nə Amerika romantizmi, nə də Amerika ədəbiyyatı boş yerdə yaranmamışlar. Onlar müəyyən tarixi şəraitdə ilkin formalaşma mərhələsini keçdikdən sonra özlərini təsdiqləyə bilmişdilər.
Amerika ədəbiyyatında preromantizmin olması göstərir ki, bu, ilk kövrək addımlarını atan ədəbiyyatda romantik tendensiya artıq XVIII əsrin 70-80-ci illərində təzahür etməyə başlayır. Bu da təsadüfi deyil. Romantizmin tarixin dönüş dövrlərində ön plana çıxması artıq söylənilmişdi. Və İstiqlal müharibəsi dövründə və ondan dərhal sonra Amerika ərazisində yaranan ən dəyərli bədii əsərlərdə romantik pafosun olması qanunauyğun hal kimi qavranıla bilər. Amma həmin dövrdə Amerika ədəbiyyatı hələ müstəqil ədəbiyyat kimi formalaşmadığından bu ədəbiyyatda romantizmin bir ədəbi cərəyan kimi məhz həmin illərdə yarandığını söyləmək düzgün olmazdı. Həmin dövr ədəbiyyatını bir sıra Avropa ədəbiyyatlarında olduğu kimi, preromantizm ədəbiyyatı kimi fərqləndirmək daha doğru olar. Preromantizm dövrünün əsas xüsusiyyəti bundan ibarət idi ki, Amerika mədəniyyətinin ən mütərəqqi xadimləri dövlət müstəqilliyinin mədəniyyətlə də dəstəklənməli olduğunu dərk etməyə başlayırdılar. Bu mədəniyyətin yaranıb formalaşması prosesi isə xeyli vaxt tələb edir. Buna görə də özəl Amerika ədəbiyyatının və onunla birlikdə Amerika romantizminin nə vaxt yarandığını və onun əsası kim tərəfindən qoyulduğunu dəqiq göstərmək mümkün deyil. ABŞ-da preromantizmin yaranması İstiqlaliyyət müharibəsindən sonraya təsadüf edir və bu preromantizm Avropa preromantizmindən fərqlənir. Bunlar arasında ən böyük fərqli cəhət Avropa preromantizminin maarifçiliyə reaksiya kimi, Amerika preromantizminin isə maarifçilik ənənələrinin başqa vasitələrlə və yeni tarixi şəraitdə davamçısı kimi təzahür etmələrindədir. Preromantizm maarifçilik və sentimentalizmdən romantizmə keçid mərhələsində mövcud olub sonradan romantizmdə aparıcı yer alacaq tendensiyaları özündə əks etdirmiş, romantizm üçün lazımi zəmin yaratmış, lakin özünün estetik nəzəriyyəsi olmayan bir ədəbi cərəyandır. O, Amerika ədəbiyyatında Avropadakına nisbətən fərqli, yəni özəl Amerika ədəbiyyatının hələ tam təşəkkül tapmadığı şəraitdə formalaşdığından onun yerinə yetirdiyi missiya da fərqli olmuşdu.
Dostları ilə paylaş: |