"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə36/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   32   33   34   35   36   37   38   39   ...   47
Andrey Voznesenski 
    
 
    Qoyya 
 
    Mən - Qoyyayam! 
    
   Quzğun tək 
   çılpaq çölə enərək 
   mərmilərlə düşmənim 
   gözlərimi yenidən didib çıxarmış mənim. 
    
   Mən - dərdəm, müsibətəm. 
    
   Mən - davanın, qırğının, 
   qırx birin qarı üstdə 
   kösövü tüstüləyən şəhərlərin səsiyəm. 
    
   Mən - aclığam, qıtlığam. 
    
   Mən - kimsəsiz meydanda 
   kilsə zəngindən betər 
   cəsədi yırğalanan 
   o dardakı arvadın dartılan boğazıyam… 
    
   Mən - Qoyyayam! 
    
   Qisas dağarcıqları! 
   Mən - qərbə sarı 
   nalə-şivən kimi 
   qəfil püskürən 
   bir vaxtsız qonağın külüyəm, külü! 
   Xatirə səmasına 
   ən sərt ulduzları çaldım mıx kimi… 
   Mən - Qoyyayam! 


 
183
Şandor Petefi 
 
YANMAQ ÜCÜN DOĞULAN 
 
Yerlə Göy arasında ruhları ağrı çəkən, güllə yarasından, qılınc zərbəsindən şəhidliyin 
zirvəsində bağrıqan olanların səsi, harayı bəşəriyyətin, xüsusilə mənəvi aləmin sarsıntıları 
içərisində yaşayanların qəlbində hər gün əks-səda verir, ürəklərdəki min-min ocağın 
külünü, odunu yenidən közərdir, yenidən alovlandırır. 
Ürəyini əbədi məşələ döndərənlərin, əfsanəvi səməndər quşu kimi özünü oda vuranların, 
yanıb kül olanların od qığılcımları həmişəlik sönmüş olsaydı, Qiyamət lap çoxdan qopar, 
Tanrının ümid qapıları yaratdıqlarının üzünə birdəfəlik bağlanardı.  
İnsanlığı bəlalardan qurtarmağa, zülmətləri idrak işığı ilə boğmağa çalışanlara qəsd 
olunanda Yer də, Göy də təngnəfəs olur, qara buludlar qatılaşır, sıxlaşır, seçilmişlərini 
xilas etməyə Tanrının da əli çatmır, bütün yaratdıqlarının başı üstündə dayanır, gözündən 
gildir-gildir yaş gilələnir... 
On illər, yüz illər axıb əbədiyyətə qovuşur. Xeyir Şərə qalib gələndə külə dönmüş ocaqlar 
ruhların qayıdış yerinə çevrilir, şəhidlərin ruhu işığa çıxır, alınlardakı çarpaz qırışlar 
nurlu zolaqlara çevrilir.  
Dar ağacına aparılarkən daşqalaq olunan Həllac Mənsurun, sərpa soyulanda Günəş kimi 
qürub edən İmadəddin Nəsiminin işığı düşür üstümüzə bu gün... 
 
Bənzəyir kündə ayağımda dəyirman daşına,  
Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim! -  
 
deyən Əfzələddin Xaqaninin fəryadı eşidilir zindan dünyanın göylərindən... 
Dahilər heç vaxt bir ölkənin, bir xalqın sərhədlərinə, hüdudlarına sığmır... 
Belə hüdud-sərhəd sığnağı olmayan dahilərdən biri də macar xalqının cəngavər şairi 
Şandor Petefidir. 
Cəmi iyirmi altı il ömür sürmüş Şandor Petefi (1823-1849) dünyada bir işıq zolağı qoyub 
getmişdir.  
Yaradıcılığı ilə ilk tanışlığımdan həmişə Şandor Petefini qəlbimdə Mikayıl Müşfiqlə 
müqayisə etmişəm, əbədiyyət üfüqlərində onların ulduzlarını yanaşı yanan görmüşəm. 
Mərhum ustad Əkrəm Cəfərdən eşitmişəm, Hüseyn Cavid əfəndi deyirmiş: "Müşfiq elə 
bir oddur ki, özü özünü yandıracaq..." 
Şandor Petefidə də belə bir misra var:  
 
Məni yandıracaq içimdəki od! 
İçindən yanıb-odlananların taleyi nə qədər oxşar olurmuş... 
 
Şandor Petefi də həyatın dibindən qalxıb ayaq tutmuş, yoxsulluq, maddi ehtiyac ucundan 
təhsilini alayarımçıq qoyub, taleyin hökmü ilə həyatın burulğanlarına atılmış və son 
nəfəsinə, son anına qədər mübarizələrdə olmuş, rahatlıq, dinclik nə olduğunu 
bilməmişdir. Ağlı kəsən kimi könüllü olaraq əsgər paltarı geymiş, gəzərgi aktyor dəstələri 
ilə ölkəni gəzib-dolaşmış, əlacı kəsiləndə, bəd ayaqda bir müddət canını dişinə tutub 
dəftərxana məmuru işləmiş, fəqət təbiətinə uyğun gəlməyən işdə davam gətirməmişdir.  
O, ruhən, təbiətən üsyançı idi. Onun bütün əsərlərində barışmazlıq, başəyməzlik, insani, 
bəşəri mənəmlik var. Bu mənəmlik lovğalıqdan, təkəbbürdən, insana kölə kimi 


 
184
baxmaqdan yox, insana insan kimi yanaşmaqdan doğur. İnsanın insana qul kimi baş 
əyməyini günah sayır.  
Məsləki, məramı vətəni, xalqı, ümumən bəşəriyyəti buxovlardan, zəncirlərdən, qan-
qadadan, əsirlikdən-yesirlikdən uzaqda görməkdir. Başıaşağı, müti şairləri qınağa çəkir, 
qanına çəkilmişləri xalqa həyan olmağa çağırır, bir əlində qələm, bir əlində silah, özünü 
oda vurur. Döyüşdə məğlub olub geri çəkiləndə belə ruhdan düşmür, mərdlik 
göstərənləri, Vətən şəhidlərini sözün sehri ilə sanki ayağa qaldırır, haqqın dərgahına 
üzüağ aparır. 
Ş.Petefi Vətənin müdafiəsinə qalxan "Gənc Macarıstan" təşkilatına başçılıq edirdi. 1848-
ci il martın 15-də Peşt və Budada gənclərin üsyanında başçı kimi öndə addımlamış, əldə 
silah, ölüm-dirim savaşına girmişdi.  
P.Petefinin ömür yolu Macarıstanın taleyi uğrunda rus ordusu ilə qanlı savaşda başa 
çatmışdır. Son damla qanı qalana qədər, son nəfəsə qədər vuruşub... Yüzlərlə əsgərin 
sırasında şəhid olub. Məzarı olmayanlardandır.  
Neçə illər bundan öncə "Literaturnaya qazeta"da bir yazıya da rast gəldim. Bir fərziyyə 
də vardı o yazıda. Güman edilirdi ki, Petefi ruslara əsir düşüb, sürgündə vəfat edib. 
İnanmadım, çünki o qəlbin, o ürəyin yiyəsi zəncirə, qandala bir gün də davam gətirməzdi.  
Onun mübarizəsi bəşəriyyətə ərməğan olan şeirlərində, poemalarında davam edir... 
 
                                                                                                                          AĞASƏFA 
 
  Şandor Petefi 
 
 
 
DÖYÜŞƏ 
 
Torpaq qəzəb püskürür,  
Göy kinlidir döyüşdə,  
Qan axır su yerinə,  
Od ələyir Günəş də.  
Qızarıb qürub çağı,  
Üfüq qalıb sərili... 
İrəli, macarlar, döyüşə! 
İrəli, ordumuz, irəli! 
Qürub çağı buludlar  
Görünür qan içində,  
Nizələr parıldayır 
Tüstü-duman içində. 
Qara bir pərdə çəkir,  
Göyə yerin bir əli... 
İrəli, macarlar, döyüşə! 
İrəli, ordumuz, irəli! 
Tüfənglər şaqqıldayır,  
Aləmi götürüb səs,  
Silah gurultusundan 
Titrəyir ərz, əsir ərz. 
Torpaq uçur, dağılır,  


 
185
Göyün gözü bərəli... 
İrəli, macarlar, döyüşə! 
İrəli, ordumuz, irəli! 
Döyüşdəki hünərlə,  
Qəzəblənib coşmusan,  
Tüstüsündən sərxoşsan,  
Al qanından çaşmısan.  
Salamat çıxarammı,  
Ya qalaram sərili?.. 
İrəli, macarlar, döyüşə! 
İrəli, ordumuz, irəli! 
 
Meddeş, 1849 
 
 
 
MART GÜNLƏRİNİN GƏNCLƏRİ 
 
Qul olanda azadlıqdan,  
Kim xoşlamaz danışmağı?  
İlkin-əvvəl xalqa çoxdan,  
Biz demişik bunu, axı.  
Qaldırıb haqq bayrağını,  
Yurda bahar gətirmişik.  
Azadlığın sorağını,  
Bu xalqa biz yetirmişik. 
Bu torpağa əl vur görək,  
Ölmüş xalqın dalğalanar.  
Düz on iki milyon ürək,  
Silkələnər, yırğalanar.  
Bizi - bütün macarları,  
Ağrı, arzu birləşdirir.  
Hamı, hamı bu diyarı,  
Ürəyində yerləşdirir.  
Yarım əsr ötüşəndə,  
Qocalanda bu yer üzü. 
Bu günlərdən söz düşəndə,  
Xatırlasın ellər bizi.  
Ölüb, məğlub olmayıbdır,  
Macar-əsgər sinə gərib.  
Şöhrətimiz solmayıbdır,  
Bir az dava ara verib.  
Döyüş vaxtı mürgüləyən,  
Yarpaq kimi tir-tir əsən.  
İndi igid çıxıb deyən,  
Çələngi var, işə bax sən.  
Kim gəlmirdi heç yaxına,  
Unutmuşdu hər vədəni. 


 
186
Macarların sağlığına,  
O qaldırır ilk badəni.  
Çənə vurun indi yay-qış,  
Diliniz də uzun olsun.  
Qanımızla qızardılmış,  
Çələnglər də sizin olsun.  
Çələnglərin bircəsini,  
Qoparmarıq boynumuzdan. 
Döyüşlərdə təzəsini,  
Qazanarıq biz bir azdan.  
Çələng sizin olsun artıq,  
Başınızı bəzəyin siz.  
Şöhrət üçün çarpışmadıq,  
Vətən üçün döyüşdük biz! 
 
Peşt, 1848 
 
 
 
YENƏ BAŞIM ÜSTƏ UÇUR TORAĞAY... 
 
Yenə başım üstə uçur torağay
Bu quş az qalmışdı çıxsın yadımdan.  
Bahar müjdəçisi, oxu, sal haray,  
Şənlən ki, açıqdı, genişdi meydan.  
İlahi, dünyada belə səs hanı?  
Döyüş səslərindən aldı, qopardı.  
Mənim əllərimin qızıl qanını,  
Təmiz nəfəsiylə yudu, apardı.  
Oxu, ey əzizim, eşitsin aləm,  
Yadıma saldın ki, burda mən varam.  
Anladım, yox, təkcə əsgər deyiləm, 
Mən də sənin kimi bir nəğməkaram.  
Cingiltin, cəh-cəhin bürüyüb göyü,  
Məhəbbət naminə, sənət eşqinə.  
Dilləndir qəlbində sızlayan neyi,  
Bu iki ilahi qüvvət eşqinə.  
Şirin xatirəli, gözəl arzulu,  
Günlər cana gəlir xoş nəfəsinlə.  
İki al-qırmızı qızılgül kolu,  
Açılır sinəndə sənin səsinlə.  
Burdan sevdiyimin yanına uçun -  
Budur ilk istəyim, əzəl niyyətim.  
Bu xoşbəxtlik üçün qol-qanad açın,  
Sevinci hamıyla bölüşün dedim.  
Açım həqiqəti, deyim nədir sirr,  
Bu sirri Allah da etiraf edir:  
Cənnət yuxarıda - göydə deyildir, 


 
187
Burda, aşağıda - yer üstündədir. 
Oxu, ey torağay... harayla, çağır,  
Qaldırsın gülləri yerin qatları.  
Oxu, xoşxəbər quş, oyansın axır,  
Qəlbimin uyumuş, yatmış qatları.  
 
Betlen, 1849 
 
 
 
15 mart, 1848 
 
Bu macar xalqının sənət pərisi,  
Şövqə gəl, əlinə götür tişəni.  
Qeydə al, həkk elə bu böyük günü: 
Axır biz nə gördük böyük nəşəni! 
Yüz il cəhd elədi ata-babalar,  
Çalışdı, canını atəşə yaxdı.  
Onu bircə gündə həll elədik biz,  
Bu böyük bayramın heç misli yoxdu! 
Oyna, pərvaz elə, qanadlan indi,  
Daha qul deyilsən, ey ağıl, kamal! 
Haranı istəsən, ora sənindi, 
Azadsan, dayanma, ucal... hey ucal... 
Qanadlan üstündə doğma Vətənin... 
Çəkdin əsrlərlə acı qəmi sən.  
Qolunu qırdıqca ağır zəncirlər,  
Gözdən yaş tökmüsən, ağı demisən.  
Mətbuat azaddır! Bu millət üçün,  
Daha könlüm dinib fəqanə gəlməz.  
Daha oyanıbdır... vurur ürəyi... 
Daha inanıram: Vətənim ölməz! 
Bu cəsur, bu məğrur, dönməz, əyilməz,  
Peştin gənclərinə alqış deyirəm! 
Vətənin dərdinə əlac etdilər,  
Onlara mən yenə alqış deyirəm! 
Seymdə, o ali dairələrdə,  
Boş-boş uzandıqca söhbət, məşvərət.  
Cavanlar hökm etdi burda - şəhərdə,  
Həqiqət yerini tapdı, nəhayət! 
İndi bərk yapışın, cavanlar, işdən! 
Günahkar əliylə allahsızların, 
Haqqın qapısına haqsız vurulan,  
Paslı qıfılları qırın, qoparın! 
Birdən nökər-düşmən şığısa əgər?  
Şığısın! Bilirik neylərik onda! 
Təzə zəncirdənsə, köksümüz üstə,  
Qoy xəncər saplansın haqqın uğrunda! 


 
188
Azadlıq əzizdir hamımız üçün! 
Döyüşə, ey Peştin igid gəncləri! 
Biz haqq döyüşündə məğlub olmarıq,  
Bizim gücümüzə çatmaz gücləri! 
Biz yıxdıq, dağıtdıq bütün sədləri,  
Bu ağır döyüşdə min-min idik biz.  
Bizim üzümüzdə alov yanırdı,  
Gözümüz qığılcım saçırdı köz-köz! 
Dedik, haray saldıq: "Sözə azadlıq!" 
Kim bizi susdurar? Daşdı səbrimiz! 
Qırdıq aşkarlığın qandallarını,  
Tamam azad etdik mətbuatı biz! 
Sonra Buda tərəf getdik axınla:  
Orda zindandadır sənətkar, heyif.  
Nə var ki... Vətənin dərdi-sərindən,  
Cəsarət eyləyib, bir yol söz deyib.  
Budur, qədim Budun yüksəkliyinə, 
Cavanlar qalxırlar qartallar kimi.  
Bizim həmləmizdən qayalar əsir,  
Titrəyir, canında qorxu var kimi.  
Məhbusu götürdük, aldıq qol üstə,  
Geniş azadlığa çıxardıq onu.  
Yəqin, Matyuşanın dövründən bəri,  
Belə şən görməyib bu xalq yurdunu! 
Macar sənətinin bu tarixini 
Gərəkdir daşlara həkk edək, yazaq.  
Bizim nəvələrin nəvələri də,  
Gərək bu şənlikdən düşməsin uzaq.  
Bir qədər öyünə bilsəydim əgər,  
Qürurla anırdım o anları da. 
Axı, mən başçılıq etdim bu işə, 
Çağırdım, apardım cavanları da.  
Bütün həyatımın ziynəti olan,  
Bu gündən heç zaman gen düşmərəm mən.  
Napoleon, bugünkü şöhrətimi, bil,  
Sənin şöhrətinə dəyişmərəm mən! 
 
Peşt, 1848 
 
 
MƏN DEYİRƏM: QALİB GƏLƏCƏK MACAR 
 
Mən deyirəm: qalib gələcək macar,  
Verməz yerə, göyə zərbəmiz macal.  
Bizdən uzaq idi qələbə, uğur,  
Çünki ayrılmışdı qəlb ilə ağıl.  
İndi hər şey birdir, ey macar, inan! 
Qalib gələcəyik, söylə, bəs haçan?  


 
189
Birik - döyüşlərdə vermək üçün can! 
Ey xalq, ona görə yaşayacaqsan! 
Nura qərq edəndə öz ömrümüzü,  
Həsəd çəkəcəkdir bizə yer üzü.  
Girmişəm alova cəsarətlə mən,  
Qorxub-çəkinmirəm qəfil güllədən.  
Tale qoruyacaq, qıymaz ki, öləm, 
Bilir ki, lazımam, gərəyəm hələm. 
Düşmənlər məhv olub, ölən gündə mən,  
Şeir deməliyəm el önündə mən. 
Azadlıq uğrunda gərərək sinə,  
Ər tək ölənlərin xatirəsinə.  
Gərək nəğmə deyəm... Çünki, ey Vətən,  
Onların qanına boyanmısan sən! 
Yaşayıb, o günü görməliyəm mən,  
Azadlığa könül verməliyəm mən.  
O murdar illərin məkrini siləm,  
Gərək şadlığımdan ağlayam, güləm.  
Zəncirlər qırılsın, qatım səsimi,  
Onlara Vətənin duası kimi.  
Yox, gərək yaşayım o günəcən mən,  
Qılıncım, qələmim düşməsin əldən! 
 
Maroş-Vaşarhey, 1849 
 
 
TOPLAR GUR-GUR GURLADI 
 
Toplar gur-gur gurladı,  
Dörd gün dindi dalbadal.  
Vizakno-Devo boyu,  
Torpaq qıpqırmızı - al. 
Təmiz, ağappaq idi  
Dünya, qar sovuranda.  
Qalaqlanmış qalın qar,  
İsindi isti qanda.  
 
Keçdik həyatımızdan,  
Can qoyduq bu döyüşdə.  
Belə dörd günlük savaş,  
Görməmişdi Günəş də! 
Verdik var qüvvəmizi,  
Vicdanımızla bir də.  
Tən deyildi qüvvələr,  
Biz uduzduq bu yerdə.  
Allah da, səadət də,  
Atdı bizi dəmbədəm.  
Sən qaldın bizə rəhbər,  


 
190
Sən qaldın, ey şanlı Ben! 
Bizi heyrətdə qoydun,  
Böyüklüyünlə dərhal.  
Ey Ben, cəsur sərkərdə,  
Bizim qorxmaz general! 
Səni vəsf eləməkçin,  
Söz tapmıram, yox sözüm.  
Lal olmuşam, heyrətlə  
Sənə dikilib gözüm. 
İnsanı Allah saymaq,  
Mümkün olsaydı... hökmən 
Qatlayıb dizlərimi, 
Baş əyərdim sənə mən.  
Fəxr edirəm, öyürəm,  
Ucaldıram şanını,  
Səninlə bir gəzirəm,  
Bu döyüş meydanını.  
At belində yanaşı,  
Ağır döyüş çağında.  
Qarşıladıq ölümü,  
Çöllərin qucağında. 
Çoxu tərk etdi səni,  
Ey igid, məğrur qoca.  
Mən səni tək qoymadım,  
Səninləyəm burdaca! 
Bilsinlər: axıracan,  
Vuruşmuşuq bir yerdə.  
Ey qorxmaz generalım! 
Ey Ben, cəsur sərkərdə! 
 
Debretsen, 1849 
 
 
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin