"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi


Müsahibə        Uilyam Folkner: “Yaxşı romançı amoral birisidir”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/27
tarix24.04.2017
ölçüsü5,01 Kb.
#15624
1   ...   19   20   21   22   23   24   25   26   27

Müsahibə 
 
 
 
Uilyam Folkner: “Yaxşı romançı amoral birisidir” 
 
 
Uilyam Folkner yazarlığı, romanları, tənqidi, ədəbiyyat-kino münasibətləri ilə bir-
birindən maraqlı işlərlə məşğuldur. O, yazarın özünə və həyata hansı zirvələrdən  
baxmasının vacib olduğunu göstərir. 1956-cı il, Nyu-York.  
 
 - Mister Folkner, bir müddən əvvəl müsahibə verməyi sevmədiyinizi demişdiniz. 
 
- Adətən mən şəxsi suallara qarşı kəskin etiraz edirəm, buna görə də müsahibələri 
sevmirəm. Əgər suallar kitablarım haqqında olarsa, onlara cavab verməyə çalışıram. 
Amma suallar şəxsən mənə aid olarsa, ola bilər ki, cavab verməyim, cavab versəm də, 
eyni suala sonralar fərqli cavab verə bilərəm. 
 
- Yazar şəxsiyyətinizə aid suallara necə, cavab verirsinizmi? 
 
- Mən olmasaydım, başqa birisinin mənim ya da Heminqueyin, Dostoyevskinin 
yazdıqlarını yazacağına inaniram. Deyirlər ki, Şekspirin dramları üç ayrı-ayrı adamlar 
tərəfindən yazılıb, lakin “Hamlet” və ya “Yay gecəsi röyası” əsərləri ilə bağlı vacib olan 
şey bu əsərlərin kimlərin yazdığı deyil, yalnız bir nəfərin yazmış olduğudur. Sənətkarın 
fərqi yox. Sadəcə onun yaratdığı əsər vacibdir, çünki sənətdə deyiləcək yeni bir şey 
yoxdur. Şekspir, Balzak, ya Homer eyni şeylər haqqında yazmışlar, əgər onlar min il 
boyunca yaşasaydılar, naşirlərin başqa yazarlara heç ehtiyacı olmazdı. 
 
- Əgər deyiləcək yeni bir şey olmasa da, yazarın şəxsiyyəti, Sizcə, önəmli deyilmi? 
 
- Yazarın özü üçün çox önəmlidir. Yazardan kənar olanların isə onun özü ilə deyil, 
yazdıqları ilə məsğul olmaları gərəkdir. 
 
 - Müasirlərinizin də? 
 
- Şəxsi ideala aid xəyallarımızı gerçəkləşdirməkdə oxumuz daşa dəydi. Bu səbəbdən mən 
sənətkarları mümkün olmayanı gerçəkləşdirmək sahəsində fövqəladə uğursuzluğa görə 
qiymətləndirməyin tərəfdariyam. Məncə, kitablarımın hamısını əvvəldən yaza bilsəydim, 
onları daha yaxşı yazardım. Bir sənətkar üçün bu, normal haldır. Yaxşı kitab yazmaq 
naminə sənətkar çalışmağa, sınamağa davam edər, hər dəfə “bu dəfə bacaracam, bu işi bu 
dəfə bitirəcəm” deyər özü özünə. Əlbəttə, bacarmayacaq, amma bu vəziyyətin normal 
olması da bu səbəbdəndir. Bir dəfə bacarsa, bir dəfə təxəyyülündəki təsəvvürlə kitabını 
yaratsa, artıq geriyə dönə bilməz, boğazını kəsməkdən, idealın o biri tərəfinə keçməkdən, 
intihar etməkdən başqa yolu qalmaz. Mən uğursuzluğa uğramış şairəm. Bəlkə də hər 
romançı əvvəl şeir yazmaq istər, yaza bilmədiyini görüb hekayə yazmağa başlayar. 
Hekayə şeirdən sonra ən cox əziyyət tələb edən ədəbiyyat formasıdır. Sənətkarın hekayə 
yazmaq işində də oxu daşa dəyəndə, yəni şeir və hekayədə fiaskoya uğrayanda, romanını 
yazmağa başlayır. 

 
307
 
- Yaxşı roman yazmağın əlverişli düsturu varmı? 
 
- Bunun 99 faizi qabiliyyət... 99 faizi intizam... 99 faizi əməkdir. Yaxşı romançı gördüyü 
işdən əsla razı qalmamalıdır. Yazdığın kitab ola biləcəyi qədər heç yaxsı deyil. Hər 
zaman xəyal qurmalı, yaza biləcəyindən daha yaxşısını yazmağa çalışmalıdır. Sadəcə 
müasirlərindən və əvvəlki nəsildən yaxşı olmaqla kifayətlənməməlidir. Özündən də yaxşı 
olmağa çalışmalıdır. Sənətkar ruhların yönəltdiyi bir varlıqdır. Ruhların nədən məhz onu 
seçdiyini sənətkar bilmir və bunu araşdırmağa onun vaxtı yoxdur. Sənətkar əxlaqdan 
kənardır, o hər kəsi qarət edəcək, hər kəsdən borc alacaq, dilənəcək, oğurluq edəcək 
qədər amoral birisidir, təki yazdığı kitab gözəl olsun. 
 
Demək istəyirsiz ki, yazar əvvəldən sona qədər qəddar olmalıdır? 
 
- Yazar yalnız sənəti qarşısında məsuliyyət daşıyır. Yaxsı sənətkar isə tamam qəddar, 
mərhəmətsiz olmalıdır. Romançının bir arzusu var. Bu arzu ona o qədər əzab verir ki, 
ondan xilas olması tələb olunur. Xilas olana qədər sənətkar rahatlıq tapmaz. Hər şey 
mənasız olar onun üçün: şərəf, qürur, yaxşı insan olmaq, təhlükəsizlik, xoşbəxtlik – hər 
şeyi kitabının gözəl olmasına qurban verər. Əgər anasını qarət etmək lazım gələrsə, 
romançı bir saniyə belə tərəddüd etməz. 
 
- Bəs təhlükəsizlik, xoşbəxtlik və qürurun yoxluğu bir sənətkarın yaradıcılığında rol 
oynayırmı? 
 
- Xeyr. Bunlar sadəcə yazarın rahatlığı və razılığı üçün önəmlidir, halbuki sənətin özü 
rahatlıq və razılıq verməz. 
 
- O zaman bir yazar üçün ən yaxşı şərait hansıdır? 
 
- Sənət şəraitə də baxmır, harda olduğunuzun bir fərqi yox. Məni nəzərdə tutursunuzsa, 
bu günə qədər mənə təklif edilmiş ən yaxşı iş – fahişəxanada idarəçi işidir. Məncə, bir 
sənətkarın içində çalışa biləcəyi ən ideal şərait budur. Ona maddi bir azadlıq verər, 
sənətkarı qorxudan və aclıqdan uzaq edər, başının üstündə bir dam olar. Bir az haqq-
hesab kitabları ilə məşgül olmaqdan və ayda bir dəfə polis şöbəsinə gedib pul verməkdən 
başqa bir işi də yoxdur. Səhər saatlarında oralar sakit olar, yazmağın ən uyğun saatlarıdır 
bu vaxtlar. Axşamlar əyləncələrə qatılmaq istəsə, sıxıntılardan qurtular, ətrafında kifayər 
qədər insanları tanıma imkanı var, cəmiyyətdə müəyyən təbəqəyə aid olur, əsil haqq-
hesab işlərini ev sahibəsi öz öhdəsinə götürdüyündən yazara bir iş də qalmaz. Evin bütün 
sakinləri qadınlardır və sənətkara “cənab” deyə müraciət edərlər. Məhəllədəki bütün içki 
qaçaqmalçıları da ona “cənab” deyirlər. Bundan başqa, o polisləri adıyla çağırmaq 
hüququna malikdir. Yəni, bir sənətkarın istədiyi nə varsa – rahatlıq, tənhalıq, nəşə - 
sənətkar çox yüksək olmayan bir məbləğ ilə əldə edə bilər. Pis şəraitin edə biləcəyi tək 
şey - yazarın qan təzyiqinin artmasıdır. Belə vəziyyətlərdə sənətkarın vaxtı daha çox 
hirslənməyə və darıxmağa xərclənəcəkdir. Təcrübələrim mənə sənətim üçün tələb olunan 
vasitələrin kağız, tütün, yemək və bir az da viski olduğunu göstərdi. 
 
- Yəni burbon içirsiz? 
 

 
308
- Xeyr, o qədər də seçən deyiləm. Amma hec nə yoxdursa, şotland viskisini seçərəm. 
 
- İqtisadi azadliqdan bəhs etdiniz. Bir yazarın buna ehtiyacı varmı? 
 
- Xeyr. Yazarın iqtisadi azadlığa ehtiyacı yoxdur. Onun ehtiyacı olan tək şey bir qələm və 
təmiz kağızdır. Bildiyimə görə, havayı pulun yazarlığa müsbət təsiri yoxdur. Yaxşı yazar 
əsla heç bir quruma daxil ola bilməz, çünki o, yazmaqla məşğuldur. Yüksək dərəcəli 
yazar deyilsə, o, daim özünü vaxtım yoxdur, iqtisadi azadlığım yoxdur, deyə aldadar. 
Yaxşı sənət oğrular, alkohol qaçaqmalçıları, ya da at oğruları arasından da cıxa bilər. 
İnsanlar dözə biləcəyi zor və fəqirliyin miqdarını kəşf edə bilməyəcək dərəcədə 
qorxaqdırlar. Onlar nə qədər dözümlü olduqlarını anlamaqdan qorxurlar. Yaxşı yazarı 
heç nə yox edə bilməz. Yaxşı yazara yalnız ölüm qalib gələr. Yaxşı yazarın uğura və ya 
zəngin olmağa ayıracaq vaxtı da yoxdur. Uğur qadın kimi bir şeydir, qarşınızda olarkən 
siz küncə çəkilərsiz, o da üstünüzdən keçib gedər. Ən yaxşısı uğura dirsəyinizi 
göstərməkdir. Bəlkə o zaman o sizin yerinizə qarşınızda diz çökər. 
 
- Kino sahəsində çalışmaq yazarlığa pis təsir edə bilərmi? 
 
- Yüksək səviyyəli yazarın yazarlığına heç nə pis təsir edə bilməz, əgər yazar belə 
deyilsə, kimsə ona kömək edə bilməz. Yüksək seviyyəli yazar deyilsə, demək, bir 
problem də yoxdur, çünki yazar ruhunu bir üzmə hovuzu naminə coxdan satmışdır. 
 
- Bir romançı film ssenarisi yazarkən, güzəştə gedirmi? 
 
- Hər zaman güzət edir, çünki filmin təbiəti işbirliyi tələb edir və bunun özü də bir 
güzəştdir, çünki sözün mənası da budur – bir işi birlikdə etmək. 
 
- Birlikdə çalışdığınız sevimli aktyorlar kimlərdir? 
 
- Bu günə qədər ən yaxşı anladığım aktyor Hamfrey Boqartdir. Onunla birlikdə “To have 
and have not” (“Vardır, yoxdur”) və “The big sleep” (“Böyük yuxu”) filmlərində 
çalışmışıq. 
 
- Yeni film ssenarisi yazmaq istəyirsinizmi? 
 
- Bəli, Corc Oruelin “1984” əsərinin ssenarisini yazmaq istərdim. Hər zaman inandığım, 
romanlarımda işarə etdiyim fikrimi, yəni insanın əsas azadlıq şüarı sayəsində yox 
edilməyəcəyini başa salan bir final var ağlımda. 
 
 
- Bu filmlər üçün çalışarkən, ən yaxşı sonluqları necə tapırsız? 
 
- İşlədiyim filmlər arasında ən uğurlu filmlərim - aktyorlarla ssenarini bir kənara qoyub 
kameraya çəkilməzdən əvvəl səhnələri redaktə etdiklərimdir. Əgər mən ssenari yazmaq 
işinə ciddi yanaşmasaydım, filmlərə və özümə olan hörmətimə görə bu işə heç baş 
qoşmazdım. Amma artıq bilirəm ki, mən yaxşı bir ssenari yazarı ola bilməyəcəm, odur ki, 
ssenari yazmağın mənim üçün romançılıq qədər böyük prioriteti olmayacaq 
Əfsanəvi Hollivud təcrübəniz haqqında nə demək istərdiniz? 

 
309
 
- MGM (Metro Golden Mayer kinostudiyası – tərc.) ilə bir razılığa gəlib evə qayıtmağa 
hazırlaşırdım. Birlikdə işlədiyim idarəçi mənə “Burda yene işləmək istəsən, xəbər ver, 
mən də yeni saziş üçün studiyadakıları axtarım”, - dedi. Mən təşəkkür edib evimə getdim. 
Təxminən altı ay sonra idarəçi dostuma teleqraf edib həmin studiya ilə işləmək istədiyimi 
bildirdim. Bir müddət sonra bir Hollivud agentliyindən ilk həftəlik maaşımın çekini 
aldım. Çaşmışdım, çünki əvvəlcə studiyadan bir rəsmi yazı, ya müqavilə gözləyirdim. 
Öz-özümə dedim ki, yəqin poçtla göndərərlər. Halbuki bir həftədən sonra agentlikdən bir 
zərf gəldi, içində də ikinci həftənin maaş çeki. Bu hadisələr 1932-ci ilin noyabr ayından 
başladı və 1933-cü ilin may ayına qədər davam etdi. Sonra studiyadan bir teleqram gəldi: 
“Vilyam Folkner, Oksford, Miss. Hardasız? MGM Studiyaları”. Belə cavab yazdım: 
“MGM Studiyaları, Culver Siti, Kaliforniya. Vilyam Folkner”. 
 
- Teleqrafçı qadın məndən soruşdu ki, hansı məlumatı göndərirsiz? Dedim, budur. Qadın 
dedi: “Qaydalara görə, məlumatsız teleqraf gondərə bilmərəm, bir söz yazmalısınız”. 
Mənə göstərilən nümunələrə baxıb birini seçdim, nəsə evlilik ildönümü təbrikini 
xatırladan bir yazı idi. Onu göndərdim. Sonra studiyadan zəng etdilər, mənə ilk təyyarəyə 
minib Nyu-Orleana gəlməyi və studiyanın rəhbəri Brauninqə vəziyyətim haqqında 
məlumat verməyi tapşırdılar. Mən Oksfordda bir qatara minib səkkiz saata Nyu-Orleana 
cata bilərdim, amma studiyanın əmrinə tabe olub Memfisə getdim, ordan təyyarə ilə Nyu-
Orleana uçuşlar olurdu, amma gec-gec. İlk təyyarə üç gündən sonra uçdu. Saat altıda 
Brauninqin otelinə gəldim və ona məlumar verdim. İçəridə bir qonaqlıq vardı, Mənə 
dedilər ki, yatıb dincəlim və sabah tezdən işə başlayım. Mən əsərin necə bir əsər 
olduğunu soruşdum, Brauninq də mənə: “Bunun üçün o biri otağa get, sənə başa 
salarlar”- dedi. 
Mən həmin otağa getdim. Orda ssenarinin gedişatına nəzarət edən birisi tək oturmuşdu. 
Mən kim olduğumu dedim və əsəri soruşdum. Adam mənə dedi ki, dialoqları yazdığınız 
zaman əsərə baxa bilərsiz. Bunu Brauninqə dedikdə, az qaldı adamı söysün, amma sonra 
təklif etdi ki, gedib yatım və sabahdan işə başlayım. 
Ertəsi gün Brauninqlə cox gözəl bir gəmiyə minib Grand İsleyə getdik. Film studiyadan 
yüz mil uzaqda cəkiləcəkdi, ora nahar vaxtı catdıq və axşamçağı Nyu-Orleana qayıtdıq. 
 
Beləcə üç həftə davam etdi. Arada əsərdən xəbərim olmadığımdan həyəcanlanırdım, 
amma Brauninq hər dəfə “Təşvişi burax, get yaxşı yat ki, saban tezdən işə başlayaq”- 
deyərdi. 
Bir axşam Grand İsledən qayıtdıqdan sonra otagıma təzə girmişdim ki, telefon zəng çaldı. 
Brauninq məni axtarırdı. Dedi ki, tez onun otağına gəlim. Getdim. Onun əlində bir 
teleqram vardı: “Folkner qovuldu. MGM studiyaları”. Brauninq dedi ki, üzülmə, indi 
kimisə axtarıb sənə təzə bir iş taparam, üstəlik üzr məktubu da yazdıracam. Bu zaman 
qapı döyüldü, yeni teleqram gətirdilər: “Brauninq qovuldu. MGM studiyaları”. Beləcə 
mən evə qayıtdım. Yəqin Brauninq də harasa getdi. Sssenari gedişatını yazan adamın isə 
hələ də əli çənəsində, otağında oturub işlədiyini güman edirəm. 
 
- Dediniz ki, yazar kino üçün işləyərkən güzəştə getməlidir. Bəs onun öz yazarlığında 
güzəşt edilirmi? Oxucuya qarşı yazarın hər hansı bir məsuliyyəti varmı? 
 
 

 
310
- Yazarın məsuliyyəti gördüyü işi yaxşı bitirməkdir. Bundan başqa, əgər hər hansı 
məsuliyyəti qalarsa, yazar onu istədiyi kimi yerinə yetirməkdə azaddır. Mən özüm xarici 
dünyanı düşünməyəcək qədər məşğulam. Kimin oxumasi ilə maraqlanmağa mənim 
vaxtım yoxdur. Filankəsin mənim ya başqalarının kitabları haqqındakı fikirləri ilə də 
maraqlanmıram. Mən özüm təyin etdiyim meyarlara uygun olmalıyam – yəni Müqəddəs 
Antonionu, ya Əhdi Ətiqi oxuyarkən, hiss etdiyimi hiss etidiyim kimi yazmaq. Bu 
kitablar mənə yaxşı təsir edir, sanki bir quşun uşuçunu izləmək xöşbəxtliyidir bu. Əgər 
yenidən həyata qayıda bilsəydim, kərkəs olmaq istərdim. Heç kim kərkəsi narahat etməz, 
onun həyatında təhlükə yoxdur, həm də kərkəs yemək seçməz, hər şeyi yeyər. 
 
- Meyarlara uyğun olmaq üçün hansi texnikadan istifadə edirsiniz? 
 
 
- Romançı texnika ilə maraqlanırsa, qoy onda yazar cərrahi əməliyyatın incəliklərini, ya 
da kərpickəsmə işini təkbaşına öyrənsin. Yaxşı yazmaq üçün mexaniki bir üsul, düstur 
yoxdur. Bir ədəbiyyat nəzəriyyəsini təqib edən gənc bir yazar kimi axmaqlıq edir. Öz 
səhvlərinizi özünüz öyrənin, insanlar səhv edə-edə öyrənirlər. Yaxşı sənətkar heç kimin 
ona ağıl öyrədəcək qədər yaxşı olduğuna inanmır. Dəhşətli bir özünəinama sahibdir. 
Özündən əvvəl gələn yaşlı yazara nə qədər hörmət etsə də, onu arxada qoymaq istər. 
 
- Yəni deyirsiniz ki, yazı texnikası vacib deyil? 
 
- Qətiyyən ele demirəm. Bəzən yazı texnikası iplərini əlinə alb yazarın xəyalı ilə məşgul 
olmaq istərkən, işin əvvəlindən ona nəzarət etməyə başlayar. Bu, gücün göstərilməsidir, 
belə halda işini tamamlamaq kərpicləri gözəl şəkildə yan-yana düzmək kimidir, çünki 
yazar ehtimal ki, ilk kəlmədən sonuncuya qədər romanının bütün sözlərini yaxşı bilir. 
“Yataqda ölərkən” əsərini yazarkən belə olmuşdu. Asan deyildi. İçdən yazılmış heç bir 
roman asan yazılmaz. İstifadə edəcəyim bütün vasitələrin əlimdə olması işi sadələşdirirdi. 
12 saatlıq iş günündən sonra romanımı yazırdım, altı həftə ərzində belə işlədim. Sadə 
anlatmaq gərəkdirsə, bir qrup insanı xəyal edirdim və onları universal və təbii 
fəlakətlərin, sellərin və yanğınların içinə atırdım. 
Bir yazarın sahib olduğu şəxsiyyət öz əsərini mühakimə edərkən qərəzsiz olmaq, özünü 
aldatmayacaq qədər dürüst və cəsarətli olmaqdır. Kitablarımın heç biri öz standartlarıma 
uyğun olmadığı üçün yazdığım hər romanı əvvəlki romanlardan mənə ən cox acı və kədər 
vermiş əsərə rəğmən mühakimə edərəm, necəki bir ana oğru ya da qatil bir oğlunu rahib 
oğlu ilə müqayisədə daha cox sevər kimi. 
 
- Hansı romandan bəhs edirsiniz? 
 
- Səs və qəzəb. Mənə əzab verən xəyalımdan qurtulmağa çalışaraq, beş dəfə hekayəni 
yazmağa çalışdım. İki itkin qadının faciəsidir bu kitab. Ceddi və onun qızının faciəsi. 
Dilsi - ən cox sevdiyim xarakterlərimdəndir, çünki güclü, cəsur, sakit və dürüstdür. 
Məndən daha dürüst, cəsur, əli açıqdır. 
 
- Sizin müasiriniz olan yazarları oxuyursunuzmu? 
 
- Xeyr, oxuduğum kitablar gənc illərimdə oxuyub sevdiklərim, köhnə dostlarımla 
görüşürmüş kimi tez-tez təkrar oxuduğum romanlardır. Dikkens, Konrad, Servantes, Don 

 
311
Kixot – bəzi adamların İncili oxuduqları kimi, mən də hər il bu kitabları oxuyuram. Sonra 
Flober, Balzak, özünün ideal dünyasını yaratmış Dostoyevski, Tolstoy, Şekspir. Melvilli 
arada oxuyuram, şairlərdən Merlonu, Consonu, Herriki, Donnu, Kitsi, Şellini sevirəm. 
Hələ də Hyusmanın şeirlərini oxumağa davam edirəm. Bu kitabları o qədər təkrar 
oxumuşam ki, artıq onları başdan sona qədər də oxumuram. Sadəcə bir epizodu 
oxuyuram, ya bir xarakterə baxiram, bir dostumla söhbət edirəm sanki. 
 
- Bəs Freyd? 
 
- Mən Nyu-Orleanda yaşayarkən, hər kəs Freyddan danışırdı, amma mən onu heç 
oxumamışam. Şekspir də oxumamışdı. İnanmıram ki, Melvill də onu oxusun – Mobi 
Dikin oxumadığından əminəm. 
 
- Detektiv hekayələrini oxuyursunuzmu? 
 
- Mənə bir az Çexovu xatırlatdığına görə Simenonu oxuyuram. 
 
- Bəs ən cox sevdiyiniz xarakterlər hansıdır? 
 
- Ən sevdiyim xarakterlər vəhşi, qəddar, əyyaş, fürsəti qaçırmayan, güvənilməz 
insanlardır, yəni xarakterinə aid ən pis olduğunu deyə biləcəyimiz, amma yenə də bir 
xarakterə sahib olan Sara Gemp, sonra missis Harris, Falstaf, Prins Xol, Don Kixot və, 
əlbəttə, Sançodur. Ledi Makbeti hər zaman nəzərimdə saxlaram. Bottom, Ofeliya, 
Merkusio da, xanım Gemp də həyatla mübarizə aparmış, imtiyazlar istəməmiş, şikayət 
etməmişlər. Hek Fin və Cim. Tom Soyeri hec vaxt sevmədim – cığalın biridir. Ayrıca 
Corc Harrisin 1840, ya da 1850-ci illərdə Tennessi dağları haqqında yazdığı romanındakı 
Süt Lovinqudu sevirəm. Özü haqqında heç bir illüziyası yox idi, əlindən gələni edərdi
bəzən qorxurdu, bunu bilir və bundan utanmırdı, başına gələnlər üzündən heç kimi 
günahlandırmamış, lənətlər etməmişdi. 
 
- Roman sənətinin gələcəyi haqqında nə deyə bilərsiniz? 
 
- İnsanlar roman oxumağa davam etdikcə, bəzi insanların oturub roman yazmağa davam 
edəcəklərini düşünürəm. Təbii, əgər rəsimli jurnallar və komikslər sonda insanın oxuma 
həvəsini yox etməzlərsə. 
 
- Bəs tənqidçilərin vəzifəsi? 
 
- Sənətkarın tənqidçiləri dinləməyə vaxtı yoxdur. Tənqidçiləri yazar olmaq istəyənlər 
oxuyur, yazmaq istəyənlərin buna vaxtı yoxdur. Tənqidçinin vəzifəsi - sənətkarın özünə 
istiqamət deyil. Bir mezanizm kimi düşünsək, sənətkar tənqidçidən bir pillə üstündür, 
çünki sənətkar tənqidçini hərəkətə gətirəcək şeyləri yazır. Tənqidçi də sənətkardan xaric 
hər kəsi hərəkətə gətirir. 
 
- Yəni, əsərlərinizlə heç kimlə mübahisə etməyə ehtiyacınızın olmadığını deyirsiniz? 
 
- Bəli, vaxtımın coxu onsuz da onları yazmaqla keçir. Gərək kitablarım məni məmnun 
etsin və əgər edirlərsə, danışmağa gərək yox. Məni məmnun etməsələr, onlardan 

 
312
danışmağım kitablarımı yaxşı etməz, kitabların yaxşı olması üçün onların üzərində daha 
da çalışmaq lazımdır. Mən ədəbiyyatçı deyil, yazaram, boş danışmağı da sevmirəm. 
 
- Tənqidçilər kitablarınızda qohumluq münasibətlərinin bol olduğunu deyirlər. 
 
- Bu onların fikri. Söylədiyim kimi, mən tənqidçiləri oxumuram. İnsanlar haqqında yazan 
birisi hekayənin inkişafı üçün vacib deyilsə, xarakterlərin qohumluq münasibətlərinə, 
məsələn, bəlkə burun formalarına diqqət ayırmaz. Əgər yazar həqiqətə və insan ürəyinə 
ünvanlanırsa, o zaman qohumluq əlaqələrinin, ya da burunların şəklinə ayıracaq vaxtı 
qalmaz. Məncə, fikirlərin və real həyata dair məhdud biliklərin həqiqətlə bir əlaqəsi 
yoxdur.  
 
(Müsahibə www.karakutu.com saytından götürülüb) 
 
Cevirdi: Sima Ənnağı 
 
E-mənbə: http://adyazar.az/qezet/index.php?newsid=263 
 
 
 
 
 
 
 
 
 
 
Kamran Nəzirli 
 
 “Uilyam Folkner: intellektual Amerika yazıçısı” 
 
 
Uilyam Katbert Folkner 1897-ci il sentyabrın 25-də ABŞ-ın Missisipi ştatının Nyu 
Albani rayonunda anadan olmuşdur. O, Falkner və Butler ailəsinin böyük oğlu idi və 
sonralar böyük yazıçı öz familyasında bir hərf dəyişərək onu Folkner edəcəkdi.  
Uilyamdan başqa ailədə daha üç qardaşı böyüyürdü. Uilyamın altı yaşı olanda Falknerlər 
yaxınlıqdakı Oksford şəhərinə köçür və elə burada da yazıçı ömrünün bütün qalan 
hissəsini başa vurur. Onun bir çox əsərlərində Oksford şəhəri “Çefferson” kimi qələmə 
alınmışdır.  
Folknerin böyük babası Şimali Missisipidə tanınmış adam olmuşdur. O, ordu polkovniki 
idi; regionda dəmiryolunun əsasını qoymuşdu. Baba Falkner həm də ədəbiyyat 
xadimiydi, gözəl nəzm və nəsr əsərləri qoyub getmişdi. Beləliklə, nəvə Falknerə nəslin 
tarixi böyük təsir etdi və o, sonrakı əsərlərində də bu barədə yazmışdır.  
Folkneri boyuna görə ABŞ ordusuna götürmürlər. Buna görə də o, əvvəlcə Kanada 
ordusunda, sonra isə Britaniya Kral Hava Qüvvələrində xidmət edir. Uilyamın aktyorluq 
istedadı da olub; hələ uşaq yaşlarında gözəl şəkillər çəkib, şerlər yazıb. İlk şerlərini 
ingilis romantik şairləri Robert Berns, Tomson və Hausmənin təsiri altında yazıb. 
Bununla belə, onun həyatında və formalaşmasında iki nəfərin daha böyük rolu olmuşdur: 

 
313
uşaqlıq sevgilisi Estella Oldham və ədəbiyyat müəllimi Fill Stounun. Estella Oksford 
şəhərinin sosial həyatında fəal iştirak edir, rəqs və gecələrin təşkil edilməsində xüsusi 
fəallıq göstərirdi. O, Uilyamla romantik görüşləriylə yanaşı, digərləri ilə də gəzir. 
Onlardan biri Kornell Franklin qıza evlənməyi təklif edir. Estella sadəlövhcəsinə onun 
təklifini qəbul edir və beləliklə, onlar 1918-ci il aprelin 18-də Oksfordda evlənirlər. 
Uilyamın digər sevimli adamı onun ədəbiyyat müəllimi Stoun idi; məhz bu adam 
Uilyama poeziyanı sevdirir, ona qorxmamağı öyrədir. Onun dəyərli məsləhəti ilə Folkner 
Nyu Hevində özünə iş tapır. Elə burada da Folknerin ilk kitabı çıxır və kitabın üstündəki 
familyasında makinada buraxılmış bir hərf səhfi gedir. Winchester Repeating Arms 
Company şirkəti ilk dəfə olaraq onun familyasını Falkner əvəzinə Folkner kimi yazır. 
Yazıçıdan bu barədə soruşduqda o, deyir: “Elə bu cür də mənə sərfdir”. 
Oksforda qayıtdıqdan sonra onu müharibə veteranı kimi Missisipi Universitetinə qəbul 
edirlər. Onun ilk şeri də 1919-cu ilin avqustunda The New Republic qəzetində çap 
olunur.  
Sonrakı beş ildə Folkner məqalələr, pyeslər, şerlər yazır və onları The Mississippian 
jurnalında çap etdirir. Oksfordun tanınmış yazıçılarından biri Stark Yanqın məsləhəti ilə 
Folkner 1921-ci ildə Nyu York şəhərində işə düzəlir. O, Elizabet Prall adlı bir qadının 
kitab mağazasında köməkçi vəzifəsində işləyir və sonralar elə həmin qadınla da evlənir. 
Elizabet bundan əvvəl yazıçı Şervud Andersonun arvadı olmuşdu.  
Folknerin tələbəlik həyatı uğursuz olub; belə ki, dərslərə davamiyyəti və intizamsızlığına 
görə, içki və qumar oynadığına görə onu Universitetdən qovurlar.  
Folknerin ən məşhur romanları “Səs və Qəzəb” (The Sound and the Fury, 1929), 
“Avqustda İşıq” (Light in August, 1932), “Mən Öləndə”(As I Lay Dying, 1930) , 
“Rahibə üçün Rekviyem” (Requiem for a Nun, 1950) və s. hesab olunur.  Onun çoxsaylı 
kitabları sırasında “Məğlubedilməzlər”(The Unvanquished, 1938), “Vəhşi Palmalar” 
(The Wild Palms, 1939), “Şəhər” (The Town, 1957),  “Ev” (The Mansion, 1959) və s. 
adlı kitabları mükafatlara layiq görülmüşdür. Folkner ən məhsuldar hekayəçi 
müəlliflərdəndir. Onun “Atla gediş” (Knight's Gambit, 1949), “Ayı” (The Bear), “Böyük 
Meşə” (Big Woods, 1957), “Sabah”(Tomorrow", 1940), “Qar” (Snow, 1949), “Villi 
Dayı” (Uncle Willy,1935), “Qorxulu Adam”( A Dangerous Man, 1950), 
“Missisipi”(Mississippi,1954)  və s. hekayələri bir sıra dillərə tərcümə olunmuşdur. O, 
1949-cu ildə Nobel mükafatına layiq görülmüşdür. Folknerin bir çox əsərləri 
ekranlaşdırılıb, tamaşaya qoyulmuşdur. Folkner 1962-ci il iyulun 6-da Oksfordda 
infarktdan vəfat etmişdir. 
Aşağıda yazıçının “Həyətdə Qatır” (Mule In The Yard, 1934) hekayəsini Kamran 
Nəzirlinin ingiliscədən orijinaldan tərcüməsində təqdim edirik. 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin