"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/27
tarix24.04.2017
ölçüsü5,01 Kb.
#15624
1   ...   19   20   21   22   23   24   25   26   27

 
 
 
 

 
297
 
 
Epiloq 
    
   Bir ünsiyyət vasitəsi və mühiti olaraq cizgi filmlər, həyatımızın hər sahəsinə daxil olub. 
Universal bir dilə sahib olmaları ilə yanaşı, özlərinə xas dünyalarıyla tamaşaçılara, içində 
iştirak etdikləri dünyanın gerçəklərindən fərqli və əyləncəli bir həyat təqdim edirlər. 
Mesajları ilə yanaşı, keçişləri və fantastikasıyla kino, ədəbiyyat və musiqi başda olmaq 
üzrə incəsənətin bir çox sahəsinə nüfuz edən "Simpsonlar" serialı, cizgi film anlayışının 
yenidən təyin olunmasına vasitəçilik etmiş və haradasa, iyirmi illik keçmişiylə televiziya 
tarixinə damğasını vurmuşdur. Bu mənada Simpsonlar, animasiya dünyasına aid bir uğur 
nümunəsi olmaqdan da daha çox, mədəni bir fenomen kimi qiymətləndirilə bilər. İctimai 
bir komediya olaraq din, ailə, təhsil və siyasət kimi mövzulara aid həcvlərlə diqqət çəkən 
film, animasiya anlayışına gətirdiyi postmodern şərhlə sələflərindən və bənzərlərindən 
fərqliləşərək televiziya tarixindəki yerini möhkəmləndirməkdədir. 
   Dəyişmə və çevrilmə ilə xarakterizə edilən çağcıl dünyanın profilini təqdim edən 
"Simpsonlar" serialını, postmodernizm ilə əlaqəli şəkildə təhlil etmək və araşdırmaq 
mümkündür. Belə bir araşdırmanın, çağcıl dünyanı təsiri altına alan postmodern 
çevrilməylə bağlı anlama və mənalandırma praktikasını təmin etmək kimi spesifik 
faydalarından danışmaq olar. Bir ünsiyyət və qarşılıqlı təsir mühiti olaraq Simpsonlar 
özündə "mətinlərarasılıq", "pastiş","‘əks olunma", ‘təşkilatiçilik əleyhdarlığı' kimi 
postmodern komponentləri ehtiva etdiyi üçün “mikroskop altında” nəzərdən keçirilə 
bilər. Bu mənada Simpsonlar, içində olduğumuz mədəni formalaşmayla bağlı yanaşmalar 
təqdim etməklə yanaşı, mədəniyyət ilə həyat, quruluş ilə qayda, obraz ilə həqiqət 
arasındakı qatı sərhədləri müzakirəyə çıxarmaq kimi funksional bir rolu üzərinə götürür. 
    
   Hazırladı: Rəşad Səfərov 
 
   Beynəlxalq Sosial Araşdırmalar Dərgisi/2010 
   (The Journal of International Social Research) 
 
 
http://almaqezeti.com/index.php?mod=view&id=5106 
 
 
  
  
 
 
 
 
 
 
 
 
 
 
 

 
298
Telman Orucov 
 
 
Saray həyatının dəbdəbəsinin xiffəti və ya hələ uçmamış yeni “hava qəsrləri” 
 
(Fərəh Pəhləvinin kitabı haqqında qeydlər) 
 
 
İstənilən memuarı panegirik ədəbiyyatın bir növü saymaq olar. Məddahlıq edənlər öz 
qəhrəmanını göylərə qaldırdığı kimi, ötən ömrün xatirəsini qələmə alanlar da adamlara 
xas olan zəifliyin nişanəsi kimi özlərinə vurğunluğu açıb ağardaraq, az qala keçmişini 
idealizə etməyə girişir, həqiqətin ən güclü atası sayılan Zamanın etdiyi düzəlişlərə məhəl 
qoymadan yaşadığı xoşbəxtlik dövrünü cazibədar naxışlarla bəzəməklə öz nostalji 
hisslərini başqalarına da təlqin etməyə səy göstərir. Ədalətlə demək lazımdır ki, kənardan 
bir qədər əlçatmaz görünən bu adamlar əslində qarşılarına qoyduğu məqsədə müəyyən 
ölçülərdə çatmağı da bacarırlar. Onların prizmasından öz həyatları, günəşin şüaları 
havadakı yağış damcılarını qövsi-qüzeh rənginə boyayan kimi al-əlvanlıq qazanır, 
ətrafdakı bədbəxtliklər və səfalət dənizi büsbütün unudularaq Yer üzərindəki mövcudluq 
az qala cənnət haləsinə bürünür, qələminin şişirtmə gücü və hadisələri birtərəfli təsvir 
etmək üslubu hesabına bu adamlar özlərini bir qədər “göy sakinləri” kimi təqdim 
etməkdə rahatlıq tapırlar. 
Axırıncı İran şahının axırıncı xanımı Fərəh Pəhləvinin “Xatirələr. Yıxılan rejimin və 
bitməyən eşqin hekayəti” kitabı bir qədər mütaliə təcrübəsi olan oxucuda da məhz belə 
hisslər yaradır. Rejimin mövcudluğu dövründəki tituluna görə “Şahbanu” adlanan bu 
xanım İran şah rejiminin süqutuna qədər olan son iyirmi ili görünməmiş inkişaf, 
firavanlıq dövrü kimi qələmə verməyə cəhd etsə də, bəzən qeyri-iradi olaraq onun 
“anadangəlmə ləkələrini”, qüsurlarını da bütünlüklə danmağı, inkar etməyi bacarmır. 
Gənc qızın saray mühitinə düşməsi, şahın üçüncü arvadı olması səadətinə qovuşması elə 
qeyri-adi cizgilərlə təsvir edilir ki, elə bil ki, “Min bir gecə” nağılının səhnələri ilə 
yenidən tanışlıq başlayır və ya fransız imperessionist rəssamların fırçasından çıxmış 
gözəl təbiət mənzərəsini seyr edirsən. 
Müəllifin bu sahədəki cəhdlərinin həddi aşdığı da diqqətdən yayınmır. Bəlkə adi keçi 
dərisini də “qızıl yun” kimi və ya istənilən iplik kələfini Ariadna sapı kimi təqdim etmək 
olar, lakin bundan azacıq baş çıxardanlar mifik hadisələrin yenidən təkrarlanması 
cəhdlərinə inanmayacaqlar. Mərhum şahın evlənmə tarixçələrini yaxşı bilən adamları 
şahın son xanımının qələmindən çıxan əhvalatlara inandırmaq o qədər də asan məsələ 
deyildir. Şah qvardiyasının rəhbəri və müəllifin, xəyanət edərək dini rejimə xidmətə 
keçməkdə ittiham etdiyi general Hüseyn Fərdostun ötən əsrin sonlarında ingiliscə çapdan 
çıxmış kitabında Fərəh xanımın şaha hansısa varlı adam tərəfindən nikah üçün real 
namizəd kimi irəli sürüldüyü bütün təfərrüatı ilə açılıb göstərilir. Məhz belə təqdimat 
gələcək Şahbanunun əvvəllər mütləq xoşbəxtlik rəngində olan, son iyirmi ildə isə 
bədbəxtlik dumanına bürünmüş həyata ilk dəfə qədəm qoymasından xəbər verir. Ona 
görə də “bitməyən eşq hekayəti” bir o qədər də inandırıcı görünmür, burada gələcək ərə 
vurğunluqdan daha çox uşaqlıqdan qulağında səslənən “Şahın arvadı” olmaq ifadəsinin 
yaratdığı arzuya ürəkdən bağlılıq, sarayda əslində ikinci adam olmaq istəyi daha çox gözə 
çarpır. Axı o, əslində qiyamla meydana gələn yeni sülalənin hələ yüzillər, minillər davam 
edəcəyinə ümid bəsləyirdi, şah kimi o da bu sülalənin ömrünün vur-tut yarım əsrdən bir 
qədər artıq davam edəcəyini ağlına belə gətirə bilməzdi. 

 
299
Kazak ruhunda tərbiyə almış general Rza xan 1921-ci ildə olcuqda zəif və səriştəsiz 
hökmdar olan Əhməd şahın dövründə dövlət çevrilişi etmiş, bu vaxt yeni hökumətə 
jurnalist Seyid Ziyəddin Tabatabai başçılıq etmiş, general Rza xan isə müdafiə naziri 
təyin edilmişdi. İki ildən sonra jurnalist də hökumət başçılığından uzaqlaşdırıldı, bu 
vəzifəni tutduqdan az sonra 1925-ci ildə Persiya parlamenti olan Məclis ölkədə olmayan 
Əhməd şahı devirdikdən sonra şahlıq rejimini qoruyub saxlamaq üçün, Rza şah adı 
altında onu taxt-taca qaldırdı və o, öz sülaləsini Persiya xanədanı dövründə dili və yazını 
ifadə edən simvolik “Pəhləvi” sözünü özünün sülalə adı elan etdi. Rza xan respublika 
elan etməyi nəzərdə tuturdu. Lakin xalqın böyük çoxluğunun bu ideyaya güclü əks 
çıxması onu öz fikrindən dönməyə məcbur etdi. 
İlk şah 1941-ci ilin sentyabrında İran əraziləri cənubdan ingilis orduları, şimaldan isə 
sovet qoşunları tərəfindən işğal edildikdə öz oğlu Məhəmməd Rzanın naminə taxt-tacdan 
uzaqlaşdı, bir müddət qürbətdə yaşadıqdan sonra, vətənindən uzaqlarda da həyatla 
vidalaşdı.  
Şahbanu Fərəh Pəhləvi gənc və təcrübəsiz qız olmasına baxmayaraq saray həyatına 
qədəm qoyduqdan sonra buranın boğucu, intriqalarla dolu olan mühitindən baş çıxarmağı 
bacardı, qısa müddətdə ərinin məhəbbətini qazanmaqla mühüm nüfuz sahibinə çevrildi. 
Onun bir sıra sosial problemlərin həllində fəal iştirakı təqdirə layiqdir. O, cüzam 
xəstəliyindən dəhşətli əzab çəkən xəstələrə yardım əlini uzatmış, onlar üçün ayrıca 
yaşayış məntəqəsi saldırmışdı. Onun təhsil müəssisələrinə qayğısı da xüsusi qeyd 
olunmalıdır. 
 
Fərəh xanım ərinin həyata keçirdiyi “Ağ inqilab” islahatlarının bəzilərinin həyata 
keçirilməsində təşkilatçılıq işi aparır, əsas diqqətini qadınların cəmiyyətdə, xüsusilə 
ailədə fəal rol oynaması problemlərinə yönəldirdi. 
Qadınlar seçmək, seçilmək hüququna yiyələnmişdilər, universitetlə daxil olur və 
qazandıqları ixtisaslara müvafiq işləyə bilirdilər. Kəndlərdə isə cəhalət hökm sürməkdə 
davam edirdi. Onu maraqlandıran məsələlərdən biri yetimlərin üzləşdiyi acınacaqlı 
vəziyyət idi. Bu şəraiti aradan qaldırmaq vacibliyi onu həmin uşaqlarla məşğul olan 
təşkilata başçılıq etməyə həvəsləndirmişdi. Ölkədə olan on minə yaxın yetim və kimsəsiz 
uşağı məskunlaşdırmaq üçün ölkənin ayrı-ayrı yerlərində yetimlər üçün olan evlərdən 
ötəri yeni binalar inşa edildi. Onların tərbiyəsi ilə təhsil almış qadınlar məşğul olurdu. Bu 
qayğı hesabına uşaqların qarnı doyuzduruldu, onlar müvafiq paltarlarla təmin edildilər, 
kimsəsizliyin acı xofundan uzaqlaşa bildilər. Fiziki cəhətdən qüsurlu olan uşaqlar, korlar 
üçün məktəblər açılmışdı, xüsusi istedada sahib olan uşaqların öz qabiliyyətlərini inkişaf 
etdirməsi üçün şərait yaradılmışdı. 
Bu Şahbanunun çoxtərəfli fəaliyyətinin bir sıra sahələridir. İctimai, siyasi fəaliyyəti ilə 
yanaşı o, öz ailə borcunu da uğurla ödəməyi yaddan çıxarmırdı. Şah uzun müddət idi ki, 
vəliəhd arzusunda idi, lakin ikinci arvadı Sürəyya da bu ümidləri doğrultmadığından 
nikaha xitam verilmişdi. Şahbanu Fərəh isə şahı ilk oğlunu doğması ilə sevindirdi, sonra 
onun ardıcıl olaraq qızı, ikinci oğlu və ikinci qızı dünyaya gəldi. Ərinin vəfatından iyirmi 
il sonra o, ailənin sonbeşiyi olan qızı Leylanı itirmək faciəsi ilə də üzləşməli oldu. 
Kitabda şah ailəsinin islam inqilabından sonra sığınacaq tapmaq üçün dünyanın çox 
yerlərinə müraciət etməsi, beynəlxalq münasibətlərdə problemlərin yaranacağını nəzərə 
alaraq vaxtilə dost sayılan bəzi ölkə başçılarının onları öz torpağında qəbul etməkdən 
imtina etməsi, bu vaxt ağır “ağ qan” xərçənginə tutulmuş ərinin nəinki müalicəsinə, hətta 
öz ömrünü sakitcə başa vurmasına imkan verilməməsi dəhşətli səhnələrlə qələmə alınır. 
Müəllif bütün inqilabların qanla qidalandığı həqiqətini yaddan çıxardaraq, şah rejimi 

 
300
iflasa uğradıqdan sonra İranda baş verən edamlara, ailələrinin təqib olunmasına böyük 
yer ayırır. Lakin bu məsələlərdə ölçü hissinə riayət olunmur. Ən eybəcər siyasi polis kimi 
sayılan SAVAK-ın rəisi general Həsən Pakravanın vaxtilə ayətüllah Xomeynini 
mühakimədən azad olunması təklifi ilə çıxış etdiyi halda, inqilabdan sonra onun edam 
edildiyini böyük faciə kimi qələmə verməklə, müəllif əvvəllər SAVAK-ın zindanlarında 
həyatla vidalaşan minlərlə insanların xatirəsini əslində təhqir etmiş olur. SAVAK ölkədə 
əsl inkvizisiya qaydaları yaratmışdı, İranda elə bil ki, ikinci Torkvemada meydana 
gəlmişdi. Qərb jurnalistləri 1970-ci illərdə yazırdılar ki, azacıq narazılıq işartıları 
bildirənlər aradan götürülür, onların diri ya ölü olmasından bir daha xəbər tutmaq 
mümkün olmurdu. Bir jurnalist qeyd edirdi ki, isti, bürkülü havada saatlarla avtobus 
gözləyən fəhlə hətta qızmar istidən şikayətləndikdə, onu sakitcə oradan aparırdılar və 
ittihamı bu olurdu ki, sən havadan yox, şahdan şikayət edirsən. Beləliklə, ehtiyatsızlıq 
edib, iqlimdən gileylənən bir adam zindana atılır və onun gələcəyi qatı naməlumluq 
dumanında itib batırdı. Bəlkə də şahın heç də hər bir qəddarlıq hadisəsindən xəbəri yox 
idi, lakin bu sistemin belə quduzlaşmasına məhz o, rəvac vermişdi. Tehranın özünün daha 
mənfur şöhrət qazanmış Bastiliyası, hər cür vəhşiliklər səhnəsi olan zindanı var idi. Şah 
bunlardan yaxşı agah idi. 
Fərəh xanım isə SAVAK-ın törətdiyi faciələrdən deyil, yalnız onun “agentlərinin 
qanqaraçılığa səbəb olduğunu” qeyd edir, adamların bu agentlərin kobud sərtlikləri ilə 
üz-üzə gəldiklərini vurğulayır. Əgər Şahbanunun diqqətini yalnız xırda xətalar cəlb 
edirdisə, əhalinin başına açılan fəlakətlər onu düşündürmürdümü? Onu yalnız şahın 
mənəvi nüfuzuna, həm də rejimə bu agentlərin ziyan vurmaları həyəcanlandırsa da, bu 
hərəkətlərə əslində haqq qazandıraraq onların bunu istəmədən etdiklərini qeyd edir. Və 
bir qədər qeyri-ciddi nəticəyə gəlir: “Amma SAVAK-çıların çoxu ölkədə təhlükəsizliyin 
təmini üçün əməlli-başlı çalışdılar”. Şahbanunun bu sözləri rejimi qoruyub saxlamaq 
xatirinə hər cür vəhşiliyə əl atan siyasi xəfiyyənin fəaliyyətinə haqq qazandırır və 
müəllifliyi Fransa kralı XVI Luiyə aid edilən “Məndən sonra qoy lap hər şey daşqına 
qərq olsun” sözlərinin, yaxud Kaliqulanın “Qoy nifrət etsinlər, ancaq qorxsunlar” 
prinsipini yada salır. Şah rejiminin zülmü özündən sonra dünyaya mələklər gətirə 
bilməzdi və SAVAK-ın mənfi təcrübəsinin nəhəng bünövrəsi üzərində sonrakı 
haqsızlıqların da heykəli qoyuldu. 
Kitabda kommunistyönlü Tudə partiyasının, ifrat solçuların, dini təməlçilərin adı xüsusi 
ikrahla çəkilir. Ölkədəki başqa cür düşüncələrin hamısı az qala düşmən qismində təsvir 
edilir və qədim Romanın eybəcər imperatorlarından birinin “xalqın bircə boynu 
olmamasına” görə heyfislənməsi fikiri yada düşür. Guya ki, ölkədə doğulan hər bir körpə 
öz ilk qışqırtısı ilə şaha sədaqət andı içməli idi. Rejimə etiraz edənlərlə məşhur yazıçının 
SSRİ-dəki repressiyalara haqq qazandıran “Əgər düşmən təslim olmursa, onu məhv 
edirlər” prinsipinə uyğun qaydada davranmaq lazım imiş. Böyük fransız mütəfəkkiri Şarl 
Montesiyə qədim Çində imperatora məhəbbət bəsləməyənlərin edam edilməsi barədə 
qanunun mövcud olduğunu xəbər verir. Bu edamlar xüsusi qəddarlıqla həyata keçirilirdi. 
İttiham da asan başa gəlirdi, çünki məhəbbət hissinin dəqiq meyarı yoxdur. 
Şahbanu üçün isə insan azadlıqları uğrunda mübarizə aparan hər bir kəs çoxbaşlı gidradır 
və onların başını nəinki kəsmək, hətta kəsilmiş yeri Heraklın təcrübəsindən istifadə 
edərək kösövlə yandırmaq lazımdır. Onlar “idealist gəncləri ya da boşboğazları yanlarına 
çəkən və yalnız rejimi devirməyi düşünən adamlar” kimi təsvir edilir. Ona görə də 
Azərbaycan Demokratik Respublikasının lideri Seyid Cəfər Pişəvəri Stalinin siyasətini 
həyata keçirən şəxs kimi qələmə verilir. Cənubi Azərbaycanda yaradılmış milli dövlətin 
1946-cı ilin dekabrında ordu gücünə, qan axıtmaqla boğulmasını xüsusi pafosla ifadə 

 
301
edir. Şah bu vaxt Təbrizdə çoxlu qan axıtdırmışdı, Kürdüstanın paytaxtı Mehrabadda da 
eyni ssenari həyata keçirilmişdi. Bu hadisələrdən azacıq sonra Mehrabada gələn şahı heç 
kəs, heç öz təyin etdiyi qubernator da qarşılamamışdı. Təbrizdə isə adamlar bir az əvvəl 
qanla sulanmış küçələrdə şahı alqışlarla qarşılamışdılar. Əlbəttə ki, şah belə qəbuldan çox 
razı qalmışdı. 
Şah 1946-cı ilin 12 dekabr gününü “Azərbaycanın xilas günü” kimi elan etməklə özünə 
xilaskar qiyafəsi geyindirməyə cəhd etsə də, bütövlükdə azərbaycanlılar onun törətdiyi bu 
qətliamı heç vaxt yaddan çıxarmayacaqlar. Əslində, şah xarici qüvvəyə arxalanmasa belə 
qan tökülməsinə cəsarət edə bilməzdi. Bu yalnız sovet ordusu hissələri İran ərazisini tərk 
etdikdən sonra mümkün olmuşdu. Hələ 1943-cü ilin noyabr-dekabrında keçirilən Tehran 
konfransında qərara alınmışdı ki, müharibə başa çatdıqdan sonra İranın ərazi bütövlüyü 
təmin edilsin və altı ay ərzində xarici dövlətlərin qoşunları İran torpaqlarından çıxarılsın. 
Stalin heç də Şimali İranı tərk etmək istəmirdi, axı burada mili Azərbaycan Demrokratik 
Respublikası yaranmışdı. Lakin 1946-cı ilin başlanğıcından ABŞ hökuməti öz 
narazılığını bildirməyə başladı və Sovet qoşunlarının dərhal çıxarılmasını tələb etdi. 
Hətta Trumen atom bombası ilə hədələməyə başladıqda, Stalin ölkəsinin ağır vəziyyətdə 
olduğunu nəzərə alaraq, yeni dünya müharibəsinin hansı fəlakətlər gətirəcəyini 
anladığından qoşunları çıxarmaq məcburiyyətində qaldı. Bəziləri o dövrün reallığına 
əhəmiyyət verməyərək, bunu Stalinin Azərbaycanın birləşməsi işinə göstərdiyi xəyanət 
kimi qələmə verirlər. Bu mülahizə hər cür məntiqi və tarixi səbəblərdən və köklərdən 
məhrumdur və Stalin öz imperiyasını genişləndirmək üçün hər cür risqə getməyə hazır 
idi. Lakin Stalin vəziyyəti düzgün qiymətləndirməyi bacarırdı və daim avantüradan uzaq 
qaçmağa çalışırdı. 
 
 
İran inqilabının, kitabda getdiyi kimi təsadüfən baş verməsi fikri də qeyri-ciddi görünür. 
İranda təşəkkül tapmış proletar sinfi yox idi, kəndlilər isə yalnız bunt qaldırmağa 
qadirdir, onu inqilaba çevirməyə qüdrətləri çatmır. İran inqilabı bu ölkənin malik olduğu 
ictimai mərkəzlərdən başlamalı idi və 1979-cu il ərəfəsində bu rolu tarixən İranda böyük 
nüfuzu olan din müəssisələri – məscidlər yerinə yetirdilər. Sovet şairi Aleksey Surkov 
1946-cı ildə İranda səfərdə olduğu barədəki xatirələrində yazır ki, İranda ictimai rəy iki 
mərkəzdə – məsciddə və bazarda formalaşır və yayılır. Həqiqətən də İranda rejim üçün 
təhlükə bu mənbələrin birində yaranmalı idi və yarandı da. Şah rejiminə etiraz edənlərin 
çıxışı zorakılıqla yatırılırdı. İnqilab ərəfəsində, 1978-ci ilin yanvarında Qumda altı nəfər 
ilahiyyat tələbəsi öldürülmüş, səkkiz ay sonra isə Tehranda Jalə meydanında yüzlərlə 
etiraz edən adamın qırğını törədilmişdi. Nəzarəti ələ keçirməyi bacarmayan şah 1979-cu 
ilin yanvarında sürgünə yollanmağa məcbur olmuşdu. Fevralın ilk günündə isə Xomeyni 
inqilaba rəhbərlik etmək üçün İrana döndü və İslam respublikasını qurdu.  
Ayətullah Xomeyni isə mübarizləri din bayrağı altında birləşdirməyi bacardı və onun 
başçılıq etdiyi hərəkat qalib gəldi. Şah rejimi içəridən çürüyürdü, çat verirdi, təəssüf ki, 
bunu nə şah özü, nə onun yaxın adamları, nə də özünü uzaqgörən kimi qələmə verən 
Şahbanu görürdü. 
İnqilabdan sonra İranda teokratik dövlət quruluşu meydana gəldi. Tarixə hələ orta 
əsrlərdən tanış olan bu quruluş cəmiyyəti təkcə öz sərhədləri çərçivəsində idarə etməklə 
kifayətlənməyib, adamların ruhuna da hakim kəsilmək iddiasına düşür. Adamların 
şüuruna ağalıq etmək istəyi belə dövlətə əlavə səlahiyyətlər verir. Dini ehkamları 
qorumaq vəzifəsi bu dövləti izahi idarəetmə imkanlarına yiyələndirir, adamların mənəvi 
dünyasına hakim kəsilmək üçün nəhayətsiz müdaxilə vasitələrindən istifadə etməklə o 

 
302
əslində Yer üzərindəki səltənətə hökmranlıq etmək kimi adəti qaydalardan kənara çıxır. 
Bu isə insan haqları sferasında yeni fəsadların meydana çıxması ilə nəticələnir. 
Kitabda yeni rejimə nifrət hədd tanımır, ona görə də bütün qüsurlar onun ünvanına 
yazılır. Hətta İraqla aparılan müharibənin təqsiri də əsassız olaraq inqilabi quruluşun 
üzərinə atılır. Körfəz müharibəsi adlanan bu münaqişənin kökündə isə başqa səbəblər 
dururdu. İraq İranla öz sərhədlərini yenidən qaydaya qoymaq istəyirdi. İslam 
inqilabından sonra iranlılar da Bağdadı İranın Xuzistan əyalətində yaşayan ərəblərin 
muxtariyyət tələblərini qızışdırmaqda ittiham edirdilər. Üstəlik, İraq, öz əhalisinin 60 
faizini təşkil edən şiələrdən qorxurdu. 1980-ci ildəki bir sıra sərhəd döyüşləri gedən vaxt 
İraq qoşunları İran ərazisinin içərilərinə doğru irəlilədilər. Müharibə yalnız 1988-ci il 
müqaviləsi ilə başa çatdı və hər iki tərəfdən yarım milyon insanın həlak olması ilə 
nəticələndi. 
İran şahı ölkədə yaratdığı avtoritar rejimə, demokratiyanın ayaq aça bilməməsinə görə 
iflasa, yıxılmağa məhkum idi. Əlbəttə, müəllif 70-ci illərdə böyük iqtisadi, mədəni 
dəyişikliklər baş verdiyini yazır və insaflılıqdan uzaq qaçmayaraq, bir ildə neftin 
qiymətinin dörd dəfə artmasını, neft istehsalını 300 milyon tondan çoxa çatdıran İranın 
böyük gəlir götürməsini də qeyd etməyi unutmur. Savadlılığın 70 faizə çatdığını qürurla 
qeyd edir. Lakin ikrahla danışdığı SSRİ-də 30-cu illərin sonunda savadsızlıq kütləvi 
qaydada ləğv edilmişdi. Təəssüf ki, yanız Persiya dövlətinin 2500 illik tarixinə həsr 
olunmuş yubileyə hazırlıq görülərkən israfçılığa yol verildiyini ittiham edənləri qeyri-
obyektivlikdə günahlandırır. Lakin onu da yaddan çıxarır ki, neftdən gələn milyardlarla 
vəsaiti şah bədxərcliklə müasir hərbi texnika və cihazlar alınmasına sərf edirdi və 
bunların çoxlu limandan daşınıb təyinatına çatdırılmırdı, səhrada qumun altında qalıb 
yararlılığını itirirdi. 
Təsərrüfatsızlıq eybəcər hədlərdə mövcud idi. İş o yerə gəlib çatmışdı ki, İran körfəzi 
limanlarına gələn gəmilərdəki idxal malları vaxtında boşaldılmadığında dövlət ağır 
cərimələr ödəməyə məcbur olurdu. Bir dəfə məlum olmuşdu ki, Bəndər Abbas limanında 
800 gəmi xeyli müddətdir ki, ərzaq mallarından ibarət olan yüklərinin boşaldılmasını 
gözləyir, onlardan çoxu altı ay idi ki, boşaldılma növbəsində dayanmışdı. 
Bir qayda olaraq tərif həddi aşdıqda əks effekt verir. Müəllif şahın gördüyü işləri elə 
yağlı boyalarla təsvir edir ki, elə bil, Bisütun dağında Persiya çarı I Daranın 
şücaətlərindən bəhs edən “Nəqşi-Rüstəm” kimi əlavə yeni bir qalereya yaratmaq ehtiyacı 
yaranır. Qaya üstünü yeni yazılarla bəzəmək olar, lakin şahın Daranın nailiyyətlərinə 
azacıq da olsa yaxınlaşan bir əməlini tapmaq qeyri-mümkündür. Kitabda canfəşanlıqla 
təbliğ edilən “Ağ inqilabın” tərkib hissələrindən biri olan torpaq islahatından da şah 
böyük torpaq sahələri ələ keçirməyə müvəffəq olmuşdu. 
Şah sarayı dəbdəbəsiz mümkün deyildir. Şərq saraylarında isə bu, elə bir hədd tanımır. 
Dəbdəbə artıq başqa miqyas almışdı. Hətta Makedoniyalı Aleksandrın da mənəviyyatının 
korlanmasında perslərin zinyətə, dəbdəbəyə vurğunluğu az rol oynamamışdı, onun da bu 
mərəzə tutulmasına şərait yaratmışdı. Bu pulların bir hissəsi də dövlət büdcəsindən yan 
keçir, saray üzvlərinin varlanmnsına yol açırdı. 
Fərəh Pəhləvinin özünə gəldikdə o, zinyətə, dəbdəbəyə vurğunluqda öz sələfi olan 
Argentina prezidentinin xanımı Evita Perondan, Filippin prezidentinin xanımı, özündən 
bir qədər sonra belə yüksək mövqeyə çatan və iti iştahı ilə seçilən İmelda Markosdan çox 
şey öyrənmişdi. Onlar sosial müdafiə və abadlıq tədbirləri adı altında xeyli vəsait ələ 
keçirmişdilər. Fərəh xanım da bəzi üsulları onlardan əxz etmişdi. 
Şah, əlbəttə ki, vətənpərvər insan idi və o, atasından bu xüsusiyyəti əxz etmişdi. Türk 
yazıçısı və diplomatı Yaqub Qədri Qaraosmanoğlu Rza şahın Tehranın 

 
303
abadlaşdırılmasına göstərdiyi diqqəti xüsusi qeyd edir və göstərir ki, şah tikilən binaların 
inşaatçılarına həftəlik tapşırıqlar verib, onun icrasını yoxladıqda, fərqlənənləri qızıl 
sikkələrlə mükafatlandırırdı və bu tikinti-abadlıq işlərinə böyük vüsət vermişdi. 
Məhəmməd Rza Pəhləvi uşaq olarkən İsveçrədə təhsil almışdı. Qonşu kənddən bir qadın 
satmaq üçün ona inək südü gətirirdi. Bir dəfə onun xoşuna gələn bu uşaqdan haralı 
olduğunu soruşduqda o, iranlı olduğunu demişdi. Qadın belə bir ölkəni tanımadığını 
etiraf etmişdi. Yeniyetmə öz dostları qarşısında and içirmiş kimi söz vermişdi ki, mən elə 
edəcəyəm ki, İranı dünyada hamı tanısın. Buna görə də o, bəzən hətta bu xeyirxah 
məqsəd naminə ağılsız layihələrə də əl atırdı, Tehranı on iki milyon əhalisi olan şəhər 
kimi görmək istəyirdi. İndi onun bu arzusu deyəsən reallaşmağa yaxınlaşır və şəhər çox 
sayda yeni problemlərlə üzləşmişdir. 
Şahı devirmək, rejimi süquta uğratmaq tərəqqiyə yol açmaq məqsədini güdür, qəbahətli 
bir iş deyildir. Lakin şahın və ailəsinin təqib edilməsi, ölümlə hədələnməsi bir növ 
yakobinçiliyi yada salır. Yəqin ki, İran inqilabının da, kitabda qeyd olunduğu kimi, 
Xalxali adında öz Robespyeri var imiş. Ona görə də ağır xəstəliyin mənfur caynaqları ilə 
boğduğu şahın sakitcə ölməsinə də dözümsüzlük göstərilməsi heç də yaxşı hisslər 
yaratmır. Şah hələ İranda olarkən təhlükənin kiçik olmaması qənaətinə gəlmişdi, 
vəziyyətin ağır olduğunu anlamışdı, ona görə də çaşqınlıq keçirirdi, baş nazirləri 
dəyişməkdən başqa bir səmərəli yol və ya vasitə görmürdü. Bir italyan qadın jurnalisti 
belə bir vaxtda şahla görüşdükdə onun halına acıyan adam kimi kədərli bir sual vermişdi. 
– Şah deyəsən karvan yorulub. 
Şah ah çəkərək, cavabında demişdi ki, karvan yorulsaydı, nə vardı ki, bir qədər dincələr, 
yenə yoluna davam edərdi. Karvan azmışdır, səhrada azmaq isə ölümdən betərdir. 
Şah adlanan sarvan karvanı azdırdığını özü etiraf etməyə məcbur olmuşdu. Ağır xəstəlik 
isə onun iradə gücünü də əlindən almışdı. Az qalırdı o, özünü zəhər içib öldürən 
Hannibal kimi bütün dünyaya haray çəksin ki, artıq o, həyatdan gedir, qoy onu sakit 
buraxsınlar. Deyilənlərə görə, ölümündən qabaq Hannibal bu sözləri söyləmişdi: 
“Romalıları onların köhnə qayğısından azad edək, bir halda ki, onların qocanın ölümünü 
gözləməyə belə səbrləri qalmayıbsa”. Şahın ölümü bunu arzulayanlar üçün töhfə hesab 
edilsə də, bu arzunun özünün mahiyyəti humanizmdən tam kənar olan bir istək təsiri 
bağışlayır. 
Şahbanu Fərəh Pəhləvi taxt-tacın əldən getməsilə razılaşmır, otuz il keçəndən sonra belə 
şah rejiminin reinkarnasiyasına ümidini itirmir. Axı “hava qəsrlərini” tikmək asandır, 
uçurub, dağıtmaq çox çətindir. Şahın xanımı da keçmişi qaytarmaq barədə düşünür, hətta 
tam virtual olan kölgə kabinetinin formalaşmasına müdaxilə etməməsinə görə özünü 
qınayır. O, oğlu şahzadə Rzanın reallıqdan çox uzaq olan İran xalqına müraciət adlı, elə 
bir dəyəri olmayan sənədinin işıq üzü görməsində xüsusi canfəşanlıq göstərir. Oğul Rza 
Pəhləvi İran şahı kimi məsuliyyətləri və səlahiyyətləri öz üzərinə götürməyə hazır 
olduğunu bəyan edir, öz tərəfdarlarını səflərini sıxlaşdırmağa çağırır. İran xalqı 
vidalaşdığı rejimi bir də geri qaytarmaq istəyəcəkdirmi, bu sual bir qədər qeyri-ciddi 
səslənir, irəli sürülən vəzifənin həlli yolları isə heç uzaq üfüqdə də görünmür. 
Kitabda şəxsi məsələlərə, ailəyə, ərinə, uşaqlarına, özünün və ərinin qohumlarına daha 
çox yer verilmişdir. Ona görə də müəllifin görmə bucağı o qədər də geniş deyildir. Tarixi 
hadisələr çox vaxt mövcud reallıqdan, kontekstdən qoparılaraq verildiyindən, elə bir təsir 
gücünə malik olmur. İran İkinci Dünya müharibəsindən əvvəl İngiltərənin, müharibədən 
sonrakı üç onillik ərzində isə ABŞ-ın güclü təsiri altında öz siyasətini yürütmüşdü. 
Amerikanlar qanuni Müsəddiq hökumətini devirdiklərini özləri etiraf etdikləri halda, 
Fərəh xanım bunu xalqın adına çıxır. Şahın da xatirəsini əsas götürür ki, 1953-cü il 

 
304
avqustun 19-da fəhlələr, sənətkarlar, tələbələr, müstəqil vəzifə adamları, əsgərlər, 
jandarmalar, qadınlar, hətta uşaqlar vəziyyəti tərsinə çevirdilər. Şah tərəfdarı olan 
tankdan atılan atəş sabiq baş nazir Müsəddiqin villasını dağıtdı. Bu vaxt ölkədən qaçmış 
şah Tehrana qayıtdı və vəziyyətə nəzarəti əlinə keçirdi. 
Müsəddiq neft sənayesinin milliləşdirilməsinə başçılıq etmişdi və bu şah və onun 
havadarları üçün böyük zərbə idi. O, hətta sarayın büdcəsinə müdaxilə etməyə də cəsarət 
etmişdi. Saray adamlarının xaricə lüzumsuz bədxərc səfərlərinə qadağa qoymuşdu. 
Fərəh xanım özünün Diba nəslinin Azərbaycana mənsub olduğunu yazsa da, bu ölkəyə 
elə də bir məhəbbət hissləri ifadə etmir. Şimali azərbaycanlıları, hörmət hissindən kənar 
bir şəkildə, azərbaycanlı ruslar adlandırır. Cəfər tərəfdarlarına, Demokratik Respublika 
yaradanlara isə nifrin yağdırmaqdan çəkinmir. 
Müəllif tarixi hadisələrdən danışarkən bəzi həqiqətlərə bilərəkdən, ya bilməyərəkdən göz 
yumur. Məsələn, Parisdə İranın yeddi min illik tarixinə həsr olunmuş sənət sərgisindən 
söhbət açır. Axı bəşər sivilizasiyası tarixinin beş min il yaşı vardır və bunu bütün 
tarixçilər etiraf edirlər. “Tarix Şumerdən başlayır” ifadəsi dillərə düşmüşdür. Şumerin 
tarixi isə miladdan əvvəl üç min ildən uzağa getmir. Axı Persiyanın iki min beş yüz illik 
tarixi vardır, ondan əvvəl isə bu ərazidə Midiya dövləti mövcud olmuşdu. Digər tərəfdən 
Fərəh xanım öz düşüncələrini tarixin gedişinə zidd şəkildə qoymaq istəyir, rus çarlarının 
saray mirasına böyük təşvişlə tamaşa etdikdə, bir vaxtlar öz şah saraylarının da belə 
ekskursiya obyektləri olacağını göz önünə gətirdikdə onu dəhşət bürüyür. 
Bütün bunlarla yanaşı cənub qonşumuza maraq göstərən azərbaycanlı oxucular üçün 
keçmiş Şahbanunun kitabının nəşr olunması təqdirəlayiq təşəbbüs hesab olunmalıdır. 
Tərcüməçi və redaktor bu nəcib işi öz üzərlərinə götürməklə yaxşı əməldə bulunmuşlar. 
Uzun illərdən bəri oxucuları böyük dəyəri olan elmi, dini və bədii əsərləri çap edib 
yaymaq kimi nəcib işlə məşğul olan “Adiloğlu” nəşriyyatı bu dəfə də bəslənilən ümidləri 
doğruldaraq, bu kitabı yüksək poliqrafik səviyyədə üzə çıxarmışdır. 
Lakin kitabda tərcümədə yol verilən qüsurlar da nəzərə çarpır, onun hansı dildən tərcümə 
edildiyi də sirr kimi qalır. Digər tərəfdən coğrafi adlarda və şəxsiyyətlərin adlarında 
səhvlərə yol verilmişdir. Dilimizdə “Yelisey çölü” ifadəsi olduğu halda, bu yer 
orijinaldakı adında, fransızca “Place de L`Etoile” – “Ulduz meydanı” isə səhv qaydada 
Atol kimi verilmişdir. Həmin Etual meydanı indi General de Qoll meydanı adlanır. 
Əlillər evi fransızsa “Hotel National des Invalides” adlandığı halda halda “Invalide” kimi 
verilmişdir, “Notre-Dame de Paris” isə qısaldılaraq sadəcə “Notr-Dam” kimi getmişdir. 
Tarixi şəxsiyyətlərə gəldikdə Persiya çarı Kserksin adı “Kserkes” kimi, Çin rəhbərləri 
olan Çjou En-layın və Xua Qo-fenin adları başqa transkripsiyada verilmişdir. Bəzi 
sözlərin tərcüməsi təhrif edilmişdir; musiqi aləti olan truba “boru” kimi, “islahat” sözü 
isə “reforma” kimi deyil, anlaşılmayan “reffum” kəlməsi şəklində verilmişdir. Torpaq 
kadastrının izahı da yanlışdır. Mərakeşin Sakit okean sahilində olması isə yəqin 
diqqətsizliyin nəticəsi hesab olunmalıdır. Bütün bunlar tərcüməçinin və redaktorun böyük 
zəhmətinin dəyərini və qiymətini azaltmamalıdır. 
Şahbanu Fərəh Pəhləvi kitabında bir neçə yerdə bağa, yaşıllığa vurğunluğunu qeyd edir. 
Belə bağlarda gəzintilər etməkdən o, xüsusi həzz alırmış. Bu da yəqin onun nəslindən, 
azərbaycanlılardan gəlir. Yeni Babilistan çarı Nabuhodonosor (onu “Nabukko” da 
adlandırırlar) Midiyadan olan arvadının düzənlik ərazidə qəmgin olduğunu, vətəninin 
bağları üçün həsrət çəkdiyini görüb, Dəclə sahilində məşhur “asma bağları” saldırmışdı. 
Bəzi tarixçilərin günahı ucbatından bu bağlar daha çox “Semiramidanın asma bağları” 
kimi məşhurdur. Midiyalı qadından və onun çar ərindən tarixə belə bir möcüzəli töhfə 
verilmişdi. Fərəh xanım da belə “asma bağları”nın olmasını istərdi və bir müddət yəqin 

 
305
ki, bu arzusuna çatmışdı. Lakin taleyin dalambacları mürəkkəb, hökmü bəzən qəddar 
olur. Güclü, iradəli adamlara öz taleləri ilə barışmaq fürsəti qalır, öz kitabı ilə bu qadın da 
qarşısına çıxan sınaqlardan sınmadığını bir daha yada salmaq istəməklə, əslində ömrünün 
kamillik dövründə faydalı bir iş görmüşdür. 
Lakin kitab şah sarayının, tac qoyma mərasiminin və ya Şahbanunun regentşa elan 
edilməsi hadisəsinin detallarına, parıltısına daha çox yer ayırdığından dövrün bəzi 
mühüm məsələləri kölgədə qalır və ya istənilən səviyyədə öz əksini tapmır. Əslində şah 
sarayını “Yerin göbəyi” hesab edən müəllifdən başqa şey ummaq da düzgün deyildir. 
ABŞ-ın dörd dəfə prezidenti seçilmiş Franklin Delan Ruzveltin xanımı Eleanor Ruzvelt 
1958-ci ildə vətənində çap edilmiş öz memuarlarında dövrünə tam başqa prizmadan 
yanaşır. O, tanınmış jurnalist idi, radioda icmal verilişi aparırdı, qəzetdəki “mənim 
günüm” adlı köşə yazısı ona böyük auditoriya toplamağa imkan vermişdi. 
Bu qadın mədənçilərlə görüşmək üçün yerin dərin qatındakı şaxtaya enir, döyüşən orduya 
mənəvi güc təlqin etmək üçün Sakit okeanın cənubunda, müharibə teatrında vuruşan 
amerikan əsgərlərinə baş çəkir, onların döyüş ruhunu yüksəltməyə kömək edir və burada 
cəbhələrdə vuruşan oğlu ilə görüşməyə də müvəffəq olur. Prezidentin dörd oğlundan üçü 
və kürəkəni müharibə başlayan kimi cəbhəyə yollanmış və mərd döyüşçü kimi 
vuruşmuşdular. 
Ərinin vəfatından sonra Eleanor Ruzvelt 1946-1951-ci illərdə Birləşmiş Millətlər 
Təşkilatının İnsan Haqları Komissiyasına başçılıq etmiş, BMT tərəfindən 10 dekabr 
1948-ci ildə qəbul olunmuş, şəxsiyyət, vətəndaş və siyasi hüquqların və azadlıqlarının, 
həmçinin sosial-iqtisadi hüquqların xartiyası xarakteri daşıyan məşhur İnsan Haqları 
Ümumi Deklarasiyasının qəbul edilməsində fəal iştirak etmişdi. 
Demokratik ölkə olan Birləşmiş Ştatları şah rejimi altında olan İranla müqayisə etmək də 
düzgün deyildir. Ona görə də Fərəh Pəhləvinin maraq dairəsi ilə xanım Ruzveltin 
dünyagörüşü və dünyabaxışı tam fərqlidir. İncildəki əhvalatlardan birində İisus Xristin 
dediyi kimi “Allaha ona məxsus olanı, Sezara isə Sezarınkını” vermək lazımdır. Ruhun 
saflığı ilə zinyətə sitayiş bir araya sığmır, könlünü dəbdəbəyə qurban verənlər heç vaxt 
onun əsarətindən xilas ola bilmirlər. Fərəh Pəhləvinin kitabı da bu həqiqəti bir daha 
inkaredilməzlik həddinə çatdırır. 
Lakin zinyətə sitayiş öz tədavül xərclərini, acı bəhrəsini də göstərməmiş qalmır. Çünki 
azlığın ifrat xoşbəxtliyindən xəbər verən günləri çoxluğun əzablı, bədbəxt yaşayışın 
əhatəsində keçir. Şah sarayının dəbdəbəsi isə yoxsulların səfalətli həyatı ilə tam kontrast 
təşkil edirdi. Narazı qalan bədbəxtlərin səsini kəsmək üçün onların qanı axıdıldıqda isə, 
bu, gözlənilməyən ağır nəticələrə gətirib çıxardı. 1978-ci ilin sentyabrında şahın icazəsi 
ilə Tehranın Jalə meydanında qırğın törədiləndə, həlak olanların səssiz naləsi təkcə 
inqilabın qələbəsinə yol açmaqla kifayətlənmədi, günahsız insanların məhvinə bais 
olanların həyatına sonralar zəhərli jalə (şeh) damlalarını səpməklə intiqam harayını 
davam etdirdi. Sonradan bədbəxtliklə üzləşməli olan belə adamları yandıran əzab 
tonqalına əlavə çırpı atmaq sadəcə müqəddəs sadəlövhlük deyildir, bir növ qisasa 
qoşulmaq təsiri bağışlayır və buna elə bir lüzum da yoxdur. Onlar da özlərini keçmişin 
şirin xatirələrinin ağuşunda ovundurmaq istəyirlərsə, fırtınalardan qorunmaq üçün quduz 
dalğalardan uzaq olan sakit limana üz tutsalar, daha düzgün hərəkət etmiş olarlar. Axı 
günahsız həlak olanların ruhu hələ sakitlik tapmamışdır. Ona görə də bu cəhəti nəzərə 
almaq vacibdir. 
 
 
 

 
306
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin