BİR YAZ GÜNÜ...
Bir yaz günü
Bağımızda dostlarımla oturmuşduq sacayağı.
Çardaq altda sac quruldu,
Anam çəkdi saca yağı...
Sacda lavaş bişirirdi o.
Oxlov ilə lavaşları bircə-bircə
Süfrə üstdə düşürürdü o.
Təhnəmizdə qalaqlandı lavaş dəsti.
Anam yenə demədi ki, “daha bəsdi!”,
O, bolluğa öyrətmişdi əllərini,
Kündələri qədərindən çox kəsərdi.
Deyərdi ki, “evimizə gəlib-gedən çox olacaq,
Yolçunun da qisməti var, ona da pay çıxılacaq...”
Xeyirxahlıq etmək üçün o, həmişə tələsərdi!..
Nəyimiz də çatmasaydı,
Təhnəmizdən çörək əskik olmazdı heç!..
İş görəndə, anam dincin almazdı heç...
Lavaşın da arxasınca o bişirdi göy qutabı.
Süfrəmizə
Gəldi qutab, gəldi lavaş;
Həm də pendir gəldi bizə.
Ləkimizdən göy dərildi,
Bir badya da ayran gəldi...
Nuş elədik yavaş-yavaş.
Qəlbə yatan sözlər qopdu
Dostlarımın dodağından;
95
“Bu qutabdan yesə hər kəs,
Dadı getməz damağından!..”
“Təzə motal pendiriylə isti lavaş dürməyinin vallah
yerin heç nə verməz!..”
Qızılgülün ətri o gün bürümüşdü hər tərəfi,
Məst olmuşduq...
Qaqqıldaşa-qaqqıldaşa
Başımızın üstdən keçdi durna səfi.
Dostlarımla
Xalça üstə bardaş qurub oturmuşduq sacayağı.
Gözəlliyi qəlbimizə köçürmüşdük...gəzdik bağı.
Gül-çiçəkli ehtişamdan,
Xan çınardan, yaşıl bağdan
İlham alıb şeir dedik.
Günümüzü şeiriyyətə həsr elədik!..
İşlərini səhmanlayıb,
Anam qalxdı öz yerindən,
Gəldi bizim yanımıza.
Öpdük unlu əllərindən...
Anam dedi: Qəşəm, Şahlar, əzizlərim,
Dostluğunuz öz yerində,
Tək Ramiz yox, siz də mənim balamsınız,
Üçünüz də basılmayan qalamsınız!..”
...Qəlbimizə məlhəm oldu
Onun şirin söz-söhbəti.
Qanımıza,
Canımıza
Hopdu ana məhəbbəti.
|