12-ABDULLAH İBNİ ZÜBEYR
Atası Cəməl müharibəsində öldürülmüş Zübeyr ibni Əvamdır. Cəməl müharibəsi Peyğəmbər sünnəsində “nakəsin” müharibəsi ilə məşhurdur.
Anası Əbu Bəkr ibni Əbu Qühafənin qızı, xalası isə Əbu Bəkrin qızı Aişə – Peyğəmbərin zövcəsidir. O, imam Əli (ə)-ın böyük düşmənlərindən idi.
Ola bilər babası Əbu Bəkrin xilafəti və xalası Aişə ilə iftixar edirdi. O iki nəfərdən kin-küdurəti irs aparmış və onunla da böyümüşdü. İmam Əli (ə) Zübeyrə buyururdu: “Biz səni həmişə Əbdülmüttəlibin uşaqlarından sayırdıq, amma fərsiz oğlun böyüdükdən sonra bizim aramıza ayrılıq saldı.”
Cəməl müharibəsinin fəal ünsürlərindən olub, birbaşa o müharibəyə başçılıq etməsi məşhurdur. Aişə onu camaat namazında imam durmağa göndərmişdi. Əlbəttə bu iş Təlhə və Zübeyri kənara qoyandan sonra olmuşdu. Çünki onların hər ikisinin bu işə tamahı olduğuna görə bir-biri ilə mübahisəyə başlamışdılar.
Həmçinin deyirlər ki, o, xalası Aişə üçün əlli nəfər gətirərək bu yerin “Həvəb suyu” olmamasına şəhadət vermişdi. O da müharibə üçün öz yoluna davam etmişdi.
Abdullah o kəsdir ki, atasını qorxaqlıqda ittiham etmişdi. Əli (ə) Zübeyrin yadına Peyğəmbər (s)-in hədisini salandan sonra, oğlu müharibədən çəkinməsinə görə onu danlamışdı. Onun danlağı həddini aşanda atası dedi: Sənə nə olubdur? Sən nə qədər də pis və nəhsövladsan.1
Deyirlər ki, o, atasını durmadan danlayaraq döyüşə vadar edirdi. Axırı o da çarəsiz qalıb Əli (ə)-ın qoşununa hücum etdi və öldürüldü. Beləliklə, onun haqqında deyilən “sən nə pis və nəhs övladsan” sözü düz çıxdı.
Bu rəvayəti seçməkdən hədəfimiz budur ki, həm Zübeyrin və həm də fərsiz oğlu Abdullahın kinli ruhiyyəsi ilə düz gəlir. Zübeyrin asanlıqla döyüş meydanından çəkilib Təlhə və Bəsrədən gəlmiş nökər və xidmətçilərinə arxa çevirməsi mümkün deyil. Zövcəsinin bacısı Ümmül-möminini ölümün çənginə tək buraxması ağılasığmazdır. Əgər o da bu işi görmüş olsaydı, onlar, məxsusən oğlu Abdullah onu tək qoymazdı.
Tarixçilər Abdullah ibni Zübeyrin Əli (ə)-ı söyüb lənət deməsini qeyd etmişlər! O deyirdi: “O alçaq kişi – hədəfi Əli idi– sizin yanınıza gəldi.” Bəsrə camaatının arasında nitq söyləyib onları döyüşə həvəsləndirərək dedi: “Ey camaat! Əli haqq üzərinə xəlifə olan məzlum Osmanı öldürdü. Sonra sizə qalib gəlmək üçün qoşun hazırladı. Bəs siz də kişi olun, xəlifənizin qanını almağa qalxın. Öz ailə və nəsəbinizi müdafiə edin. Bilin ki, Əli (ə) sizə qalib gəlsə din, və dünyamızı aradan aparacaqdır.
Onun Bəni Haşim, məxsusən Əli (ə)-la düşmənçiliyi elə bir həddə çatmışdı ki, qırx cümə Həzrət Mühəmməd (s)-ə salavat göndərməkdən çəkinib deyirdi: Məni bu işdən çəkindirən təkcə bir şeydir, o da bəzi kişilərin bu işlə lovğalanmasıdır.1
Bir kəsin düşmənçiliyi elə bir həddə çatır ki, Peyğəmbər (s)-ə salavat göndərməyi boşlayır. Belə olduqda, daha onu danlamağa ehtiyac yoxdur. Xalqa yalan deyib, bütün pislikləri imam Əli (ə)-a nisbət verməsi də adi bir haldır. Bəsrədə camaat üçün oxuduğu xütbədə eşitdiniz ki, deyir: Allaha and olsun, əgər Əli sizə qalib gəlsə, din və dünyanızı aradan aparacaqdır.
Bu, Abdullah ibni Zübeyr tərəfindən deyilmiş yalan və böyük bir töhmətdir. Haqqa onun qəlbində yer yoxdur. Dediyimizə şahid Əli (ə)-ın onlara qalib gələrək çoxlarını, o cümlədən Abdullah ibni Zübeyrin özünü əsir tutmasıdır. Həzrət Əmirəl-möminin onların hamısını bağışlayıb azad etdi. Aişəyə də hörmət edib əziz saxladı. Onu evinə – Mədinəyə yola saldı. Ətrafında olanlara icazə vermədi ki, onlardan qənimət alıb, onları kəniz və nökər kimi tutsunlar. Yaralıları öldürməyə icazə vermədi. İş o yerə çatdı ki, qoşunda ona qarşı şəkk yarandı, az qaldı ki, ona qarşı qiyam etsinlər.
Əli (ə) Peyğəmbərin sünnəsi və Allahın kitabına hamıdan agah idi. Ondan savayı heç kəs bu ikisini onun kimi bilmirdi. Elə buna görə də onun dəstəsində olan bəzi münafiqlər qəzəblənib camaatı ona qarşı təhrik edərək dedilər: “Bu necə olan işdir? Onlarla müharibə etmək olur, amma qadınları bizə haramdır?” Belə ki, döyüşçülərdən bir çoxu təsir altına düşdülər. Amma Həzrət Quranla onlar üçün dəlil gətirib buyurdu: “Püşk atın, görün hansınız – ananız Aişəni almağa hazırsınız!?” Bu vaxt Həzrətin düz deməsini başa düşdülər. Dedilər: “Allah bizi bağışlasın, biz səhv etdik, sən düz dedin. Abdullah ibni Zübeyrin sözü yalan və aşkar töhmətdir.” Əli (ə)-la düşmənçiliyi onun gözünü və ürəyini kor etmişdi. İmandan uzaq düşmüşdü. İbni Zübeyr bundan sonra da tövbə etmədi. Bu müharibədən lazımi ibrət almadı!
Bəli! Yaxşılığa pisliklə cavab verdi. Bəni Haşim, məxsusən pak itrətin rəhbərliyi ilə düşmənçiliyi daha da çoxaldı. Onları susdurub aradan aparmaq üçün əlindən gələni əsirgəmədi.
Tarixçilər yazırlar ki, imam Əli (ə) şəhid olandan sonra o ayağa qalxaraq xalqı özünə tərəf dəvət etdi. Özünü Əmirəl-möminin adlandırdı. Xalq onun ətrafına yığıldı. Bu vaxt imam Əli (ə)-ın oğlu Mühəmməd ibni Hənəfiyyəni, imam Həsən ibni Əlini və daha on yeddi nəfər Bəni Haşim cavanlarını zindana saldı. Onların hamısını yandırmaq istədi. Zindanın qapısına çoxlu odun yığdırdı və onları yandırdı. Əgər Muxtarın qoşunu vaxtında yetişib odu söndürməsəydi, İbni Zübeyr öz arzusuna çatardı.1 Mərvan ibni Həkəm Həccacın başçılığı ilə qoşun göndərdi. Onu mühasirə edib öldürdülər və hərəmdə (Məkkədə) dardan asdılar.
İbni Zübeyrin həyatı bu cür başa çatdı. Necə ki, atasının həyatı da elə bu cür sonra çatmışdı. Hər ikisi dünya və rəislik arzusunda idilər, özlərinə beyət almış, onun üçün döyüşmüşdülər. Öldürüb-öldülər, amma arzularına çata bilmədilər.
Abdullah ibni Zübeyrin fiqhi də tamamilə Əhli-beyt (ə) fiqhinin əksinədir. Məsələn, müvəqqəti ailə qurmanın haram olması məsələsini götürək. Bir gün Abdullah ibni Abbasa dedi: Ey kor! Əgər bu işi görsən, səni daş-qalaq edərəm.
İbni Abbas ona cavab verib dedi: Mənim gözüm kordur, amma sənin isə qəlbin. Əgər müvəqqəti ailə qurmanın halal olmasını bilmək istəyirsənsə, anandan soruş.2
Bu barədə sözü uzatmaq istəmirəm. Təkcə hədəf İbni Zübeyrin inadını, hər şeydə, hətta fiqhi məsələlərdə (ki, elə də xəbərdar deyildi,) müxalifətçiliyini aşkar edib açıqlamaq idi.
Bunlar hamısı getmiş, ümməti isə qan dəryasında və çaşqınlıq okeanında başlı-başına buraxmışlar. Onların çoxu haqq və batili bir-birindən ayıra bilmirlər. Təlhə, Zübeyr və Səd ibni Vəqqas özləri buna etiraf etmişlər.
Yalnız Əli ibni Əbi Talib (Allahın salamı ona olsun!) Yeganə şəxsdir ki, Allah nişanələri ilə yolu tapmış, haqqda bir an belə olsun, şəkk etməmişdir. Həmişə haqla qədəm-qədəm hərəkət etmişdir. Daha doğrusunu desək, haqq həmişə onunla olmuşdur.
Xoş olsun o kəsin halına ki, ona itaət edir, onu özünə rəhbər bilir. Allah Peyğəmbəri buyurmuşdur: Sən ey Əli ıə sənin şiələrin qiyamət günündə nicat tapanlardır.1
أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّيَ إِلاَّ أَن يُهْدَى فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
“Haqqa tərəf hidayət edən itaət olunmağa daha layiqdir, ya özü yolu tapa bilməyən, hidayətə ehtiyacı olan şəxs? Sizə nə olmuşdur, nə cür hakimlik edirsiniz? ”
Dostları ilə paylaş: |