ƏHMƏd-cabiR ƏHMƏdov zeytun və zeytun yağI (Monoqrafiya)


BIRINCI FƏSIL. ZEYTUN BITKISI



Yüklə 1,04 Mb.
səhifə8/65
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#38267
1   ...   4   5   6   7   8   9   10   11   ...   65
HM d-cabiR HM dov zeytun v zeytun ya I (Monoqrafiya)

BIRINCI FƏSIL. ZEYTUN BITKISI
1.1. Zeytun bitkisinin tarixi, yayılması və müasir vəziyyəti
Zeytun subtropik bitkilərdən ən çox yayılmış meyvədir. Ondan qida məqsədləri üçün istifadə olunan zeytun yağı və konservləşdirilmiş zeytun məhsulları hazırlanır. Zeytun bitkisi 4000 ildən artıqdır ki, məlumdur.

Qida bitkisi kimi zeytun hələ qədimdən İtaliyada, İspaniyada, Yunanıstanda, Misirdə və Asiyada yüksək qiymətləndirilmişdir.

Zeytunun vətəni Kiçik Asiya və Yunanıstan sayılır. Buradan o bütün Aralıq dənizi sahili ölkələrinə yayılmış və sonralar Afrikaya, Amerikaya, Avstraliyaya aparılmışdır. Bəşəriyyətə hələ bizim eradan 2500 il əvvəl məlum olan ən qədim mədəni bitkilərdən biri kimi zeytunun hazırkı yayıldığı areal da çox genişdir. Dünyanın bütün ölkələrində zeytunun ümumi sahəsi 10 milyon hektardan çox, ağacların sayı isə 900 milyona qədərdir. Qədim mədəniyyətə malik olan əsas ölkələrdə, zeytunun inkişafına dair tarixi rəqəmlərə nisbətən onun həmin ölkələrdəki əkin sahəsi xeyli azalmışdır.

Hazırda zeytun istehsal edən əsas ölkələrdən biri İspaniyadır. Burada zeytun 9,0 milyondan çox hektar sahə tutur və 300 milyona qədər ağac vardır. Zeytun bağlarının yarıdan çoxu Andaluziyada cəmlənmişdir. Dünya bazarında İspan zeytun yağı çox yüksək qiymətləndirilir. Sortların orta yağlılığı 16- 25% arasında dəyişir.

İtaliyada başqa bitkilər arasında zeytun əsas yeri tutur. Burada zeytun bağlarının sahəsi 2,2 milyon hektara, yağ istehsalı isə 922 min tona çatır. Sortların orta yağlılığı 17%- dir. Ağacların çoxu üzüm, sitrus bitkiləri, əncir, xurma və badamla qarışıq əkilmişdir.

Türkiyədə 1 milyon hektar, Portuqaliyada və Yunanıstanda, hərəsində 800 min hektar, Tunisdə 350 min hektar, Fransa 100 min hektar, Suriyada və Livanda 90 min hektar, Albaniyada 16705 hektar, Yuqoslaviyada 70 min hektar, Əlcəzairdə 45 min hektar, Mərakeşdə 35 min hektar, ABŞ- da 4 min hektar, Cənubi Amerika ölkələrində 11 min hektar, İran və İraqda 3 min hektar, Misirdə min hektar zeytun bağı vardır. Son illər bu rəqəmlər daha da artmışdır. Dünya üzrə istehsal olunan zeytun yağının 80%- i üç ölkənin – İspaniya, İtaliya və Yunanıstanın payına düşür. Avstraliya, Yaponiya və başqa ölkələrdə də kiçik sahələrdə zeytun vardır.

Bir çox ölkələrdə konservləşdirilmiş zeytun və zeytun yağı əhalinin əsas qida məhsulu sayılır və ölkənin iqtisadiyyatında birinci dərəcəli əhəmiyyət kəsb edir.

MDB- yə zeytun cavan, bu yaxınlarda gətirilmiş bitki deyildir. Vxatilə o Gürcüstanda, Krımda, Azərbay-canda geniş yayılmışdır. Gürcüstanda Zuqdidiyə yaxın Urta dağında, 500- dən çox yaşı olan ağac hələ də yaşayır. Nikita botaniki bağında da təqribən eyni yaşı olan ağac saxlanmaqdadır. Krımdakı bağlar sahil boyunca yayılmış 20 ağaclıqda cəmlənmişdir. MDB- də bar verən ən qoca və iri zeytun bağı 1879- cu ildə salınmış Novo Afonekdadır. Burada 60 hektar sahədə 4800- ə qədər ağac vardır. Hər ağacdan 60 kq- a qədər məhsul yığılır. İndi zeytun bağları genişləndirilmiş və 200 hektara çatdırılmışdır. 1896- cı ildə əkilən qoca zeytun ağacları Soçi təcrübə stansiyasında da vardır. Krasnodar ölkəsində zeytun bitkisi əsasən Soçinin ətrafında – Daqomısedə yayılmışdır. Burada 1 hektar zeytun bağı vardır. Adler və Lazorev rayonlarında da zeytun becərilir. Türkmənistanda zeytun bitkisi Qızıl- Atrek təcrübə stansiyasında və zeytun sovxozunda vardır.

Azərbaycanda, VII – X əsrlərin tarixçiləri və səyyahlarının məlumatına görə, zeytun Şirvan, Qarabağın aran rayonlarının ərazisində və Abşeronda geniş miqyasda yetişdirilmişdir. İşğalçıların, xüsusən monqolların həddən artıq basqınları əsrlər boyu qədimdən becərilən yerlərində zeytunun məhv olmasına səbəb olmuşdur. Hazırda yalnız Abşeronun Nardaran kəndində yaşı 200 və daha çox olan zeytun ağacları qalmışdır. Bakıda, Gəncədə yaşı 90- dan yuxarı olan bir qrup ağac saxlanmışdır. O dövrdə bütün əkinlər hesaba alınmaqla MDB- də zeytun plantasiyası 1500 hektardan çox idi.

Keçmiş SSRİ Nazirlər Sovetinin 1947- ci il 4 dekabr, 3944 №- li qərarından sonra zeytun bitkisi intensiv inkişaf edir və sənaye əhəmiyyəti alır. Həmin qərarda İttifaqda 12 min hektar, o cümlədən Abşeron yarımadasında 3 min hektar zeytun plantasiyası salınması müəyyən olunmuşdu.

Zeytun bitkisinin inkişaf etdiyi indiki mərhələdə, Azərbaycan əmtəəlik zeytun məhsulları üzrə əsas ölkədir. Burada zeytunun ümumi sahəsi 1100 hektara çatır. Bu bitki Abşeron yarımadasının hər yerində yayılmışdır. 1949- cu ildə Zığda ixtisaslaşdırılmış zeytun sovxozu təşkil olunmuşdu. İndi burada 200 hektar zeytun bağı vardır ki, onun da 90% hektarı bar verir.

Maştağa subtropik bitkilər sovxozunda da istehsal xarakteri daşıyan 87,8 hektar zeytun bağı vardı. 1964- cü ildə Maştağa zəfəran sovxozunda daha iri, 100 hektar sahədə başdan- başa zeytun plantasiyası salınmışdı.

Zirə, Hövsan, Türkan və Əzizbəyov adına sovxozlarda da 30 – 60 hektardan ibarət müxtəlif dərəcədə seyrək zeytun sahələri vardı.

Zeytun bağ bitkisi olmaqla yanaşı, Bakı və bütünlüklə Abşeronun yaşıllaşdırma təsərrüfatlarında da böyük yer tutur. Parklarda, bağlarda və şəhərətrafı yolların kənarlarında əkilən 80 minə qədər zeytun ağacı dekorativ- yaşıllıq (bəzək) bitkisi deyil, həm də meyvə ağacı kimi əhəmiyyətlidir.

Zeytun tək- tək və qrup ilə Tərtər, Ağdam, Bərdə, Ağdaş, Göyçay, Göygöl, Yevlax rayonlarında, Mingəçevir, Lənkəran, Zaqatala şəhərlərində və respublikanın bir sıra başqa rayonlarında da yetişdirilir.

Bütün təsərrüfatlarda və yaşıllaşdırma sahələrində hasil olan məhsul əvvəllər 1962- ci ildə yaradılan Maştağa konserv zavoduna verilirdi. Burada zeytun meyvələrindən göy konserv düzəldilir, qara meyvələr quru halda duzlanılır, habelə zeytun yağı istehsal olunurdu. Zeytun bağları bar verməyə başladıqca tədarük olunan və emal edilən meyvələrin də miqdarı artırdı. Maştağa konserv zavodu 1964- cü ildə 153 t meyvə tədarük etmiş və bundan 491,1 min şərti banka göy konserv, 30 t qara zeytun və 10,1 t yüksək keyfiyyətli zeytun yağı istehsal etmişdi.

O dövrdə Azərbaycanda hazırlanan zeytun məh-sulu Sovet İttifaqının hər yerinə, habelə Çexoslovakiyaya, İrana, Polşaya və Almaniyaya göndərilirdi.

Azərbaycanda zeytunçuluğun inkişafı üçün Abşeron zonası ideal ərazi hesab olunur. Vaxtilə məhz Abşeronda 3000 hektar ərazini əhatə edən zeytun bağlarının salınması təsadüfi deyildir.

Amma zeytun ağacı gilli torpağı sevmir, ona görə də nəzərdə tutulan bölgələrdə zeytun kollarını əkmək üçün xüsusi yerlər seçilir.

İndiyə kimi Azərbaycanda zeytunçuluq demək olar ki, Abşeronda inkişaf etmişdir. 1962- ci ildə Bakı Zeytun Emalı Konserv Zavodu yaradılmışdı. Həmin zavod sonralar Maştağa Konserv Zavodu adlanırdı. Həmin zavodun məhsulları dünyanın bir çox ölkələrinə göndə-rilmişdir. 1984- cü ildə Almaniya Demokratik Respub-likasında keçirilə Leypsiq yarmarkasında zavodun məhsul-ları Böyük qızıl medala, 1986- cı ildə Çexoslovakiyanın Nitra şəhərində keçirilən yarmarkada isə zeytun yağı və kokteylləri Qızıl medala layiq görülüb.

Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər zeytun yetişdirməklə az məşğul olurdular. Bəzi araşdırmalara görə zeytun məhsulu xarici ölkələrdən gətirilirdi. Sonralar isə bu bitkinin yetişdirilməsi üçün elmi- tədqiqat müəssisələri təşkil edildi və zeytunçuluğun inkişafı, yetişdirilməsi üsulları genişləndirildi.

Respublikamızda zeytun yetişdirən sovxozlar yaradıldı. Bunlardan biri 1945- 50- ci illərdə yaradılmış 2 Zığ Zeytunçuluq Sovxozudur. Zığ Zeytunçuluq Sovxozunda 98 hektar plantasiyalar salınmışdı və zeytunun çoxaldılması, yayılması sahəsində böyük işlər görülmüşdü. Bu sovxoz həmin illərdə yaşıl çubuqlar əkməklə isti şitilliyin faydalı səmərəsindən istifadə etmişdi.

Zığ sovxozu zeytun bitkisinin əkin materialının yetişdirilməsinə görə iki dəfə Ümumittifaq Kənd Təsər-rüfatı sərgisinin iştirakçısı olmuşdu.

1№- li Hövsan Zeytunçuluq sovxozu 1968- ci ildə ilkin olaraq yaradılmışdı. Bu sovxozda zeytun ağacları 1984- cü ilə qədər hər il yetişdirilib. Hövsan qəsəbəsində də bu təsərrüfat xeyli genişlənmişdi və 708 hektar sahəni əhatə edən plantasiyalar yaradılmışdı. Hövsan zeytunçuluq təsərrüfatında müxtəlif növ ağaclar yetişdirilib, yüksək məhsul istehsalı əldə edilmişdi. Buranın torpağı əkin üçün çox əlverişli, münbit, iqlimi isə çox əhəmiyyətlidir. Zeytun ağacları bu şəraitə daha tez uyğunlaşıb keyfiyyətli və yüksə bar verir. Həmçinin Maştağa zonasında zeytun yetişdirən subtropik bitkilər sovxozu yaradılmış və ərazidə bol məhsul verən plantasiyalar salınmışdı.

1974- cü ildə Maştağada Subtropik Kənd Təsərrüfatı Müəssisəsi yaradılmışdı. 1983- 88- ci illərədək Maştağa sovxozunda geniş miqyasda zeytun bitkisi yetişdirilib və bu sahədə böyük uğurlar qazanmışlar. Maştağa sovxozunda həmçinin meyvələri emal etmək üçün xüsusi sexlər də fəaliyyət göstərib. Bundan əlavə, orada əla növlü zeytun bitkiləri kolleksiyası yaradılmışdır ki, bunlardan başlanğıc materialı kimi istifadə ediblər.

Maştağada yetişdirilən zeytun bitkilərinin plantasiyası 38 hektar olmuşdu. Bilgəh bağlarında da yetiş-dirilən zeytun ağacları, kifayət qədər üzvi gübrə verildikdə qumlu torpaqlarda da məhsuldar inkişaf edir, meyvə verir və çoxalırlar. Bilgəh zonasında zeytun yetişdirilən plantasiyalar 196 hektar sahəni əhatə edirdi. 1964- 65- ci illərdə Kəndli fermer Təsərrüfatı da yaradılmışdı.

Xüsusilə qeyd etmək lazımdır ki, bir çox müşahidələr göstərmişdir ki, Bilgəh zonasında yerli növlər dəfələrlə sınaqdan keçirilmiş və bu növlər seçilərək artırılmışdır. Digər tərəfdən isə başqa yerlərdən gətirilmiş növlər şəraitə uyğun tədqiq olunmuşdur.

Ümumiyyətlə, respublikanın subtropik zonalarında 100- dən artıq zeytun növü toplanmışdır. Aparılan tədqiqat işləri göstərmişdir ki, yerli növlərin şəraitə, iqlimə davamlılığı, məhsuldarlığı və meyvələrinin keyfiyyəti etibarı ilə xarici növlərindən üstündürlər.

Sovet dönəmində Abşeronun zeytun bağlarında 20-30 il ərzində zeytun sahələri 3 min hektara çatdırıl-mışdı. Lakin keçən əsrin 90- cı illərindəki qarışıqlıq, anar-xiya və xaos nəticəsində zeytun bağlarına xeyli ziyan dəyir.

Keçən əsrin 70- ci illərindən 90- cı illərin əvvəllərinə kimi, Abşeronda zeytun bağlarının ümumi sahəsi 2600 hektara çatdırılmışdı ki, bunun da 1000 hektardan çoxu məhsul verirdi. Hazırda 1868 hektar zeytun sahəsinin 1556 hektarı bar verir. Son on ildə zeytun məhsulunun yığılması və ondan yağ istehsalı ilə “Azersun Holdinq” şirkətlər qrupu məşğul olur. Şirkət zeytun meyvəsini tədarük edib Dübəndidəki zavodunda yağı mexaniki presləmə üsulu ilə alır və “Bakı Yağ və Qida Fabriki MMC”-də həmin yağı fiziki üsullarla saflaşdırıb “Final” zeytun yağı və “Zeytun bağları” ticarət markası ilə satışa verir. Gələcəkdə şirkət yeni zeytun bağlarının salınmasını və zeytun yağı istehsalının artırılmasını nəzərdə tutur.



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin