Амин Бабайев, Вцгар Бабайев


Adi və ekoloji kənd təsərrüfatı sistemlərinin müqayisəvi fərqləri



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə98/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   94   95   96   97   98   99   100   101   ...   431
4.3.5. Adi və ekoloji kənd təsərrüfatı sistemlərinin müqayisəvi fərqləri 
 
1960-cı ildən bəri dünyanın bir çox ölkələrində sintetik gübrələr və pestisid-
lərdən geniş istifadə edən texnologiya yayılmağa başladı. «Yaşıl  İnqilab» adlanan 
yeni dövrdə texnologiya dəsti becərilən sahədən maksimum məhsul götürmək 
məqsədi güdür. Bu texnologiya dəsti  aşağıdakılardan ibarətdir:  
  Yüksək məhsuldar sortların monokulturası;  
  İntensiv torpaq becərmələri (adətən maşınlarla); 
  Alaqları məhv etmək üçün herbisidlərdən istifadə;  
  Zərərverici və  xəstəliklərlə mübarizədə pestisidlərdən (insektisidlər, fungi-
sidlər və s.) istifadə ; 
  İntensiv suvarma ilə birgə mineral gübrələrdən (NPK) intensiv istifadə.    
«Yaşıl  İnqilab»-ın ilkin müvəffəqiyyətindən sonra aydın oldu ki, bu növ kənd 
təsərrüfatının təbii ehtiyatlara (torpaq, su, biomüxtəliflik) və insan sağlamlığına çoxlu 
arzuolunmaz təsirləri vardır: 


 
91
-  Torpaq: geniş ərazidə münbit torpaqların eroziyası, şorlaşma və ümumiy-
yətlə, torpağın münbitliyinin itirilməsi ucbatından torpaqlar deqradasiyaya 
uğramışdır.  
-  Su: şirin su mənbələri aqrokimyəvi vasitələrdən intensiv istifadə və həddən 
artıq suvarma nəticəsində çirklənmiş  və yaxud həddən artıq istismar 
edilmişdir. 
-  Biomüxtəliflik: yabanı və mədəni bitki növlərinin, eləcə də vəhşi heyvan 
növlərinin çoxunun nəsli kəsilmiş və təbiət zənginliyini itirmişdir. 
-   İnsan sağlamlığı:  zərərli pestisidlərin qidada və içməli suda toplanan 
qalıqları  həm fermerin, həm də istehlakçıların sağlamlığını  təhlükəyə 
məruz qoyur. Bundan başqa, digər sağlamlıq riskləri - ətin tərkibində anti-
biotiklər, BSE infeksiyası (inəklərin quduzluğu) və genetik dəyişdirilmiş 
orqanizmlər (GDO).    
Əlavə olaraq, kənd təsərrüfatının bu növü kənardan gətirilən vasitələrdən hədsiz 
istifadə edir və çoxlu bərpa edilməyən enerji sərf edir. 
Etiraf edilməlidir ki, «Yaşıl  İnqilab» texnologiyalarının köməyi ilə bitkilərin 
məhsuldarlığı çox artmışdır. Bu xüsusilə Avropanın mülayim qurşaq hissəsində  və 
Şimali Amerikada daha çox nəzərə çarpır. Bəzi cənub ölkələri məhsul artımında 
şimaldan geri qalsa da, onlar da «Yaşıl  İnqilab»ın müvəffəqiyyətindən istifadə 
etmişlər. Məsələn, Hindistan özünü taxıl məhsulları ilə təmin edə bilmişdir, halbuki, 
əvvəllər o, sərt aclıq ölkəsi kimi tanınırdı.  
Hər halda «Yaşıl  İnqilab»ın müvəffəqiyyəti cənubda hamar olmayan xətt üzrə 
yayılırdı: bu texnologiya münbit çay vadilərində və yaxud suvarılan torpaqlarda çox 
böyük məhsul artımına gətirib çıxarsa da, bir çox ölkələrdə  əksəriyyət təşkil edən 
kiçik torpaqlarda fayda vermədi. Münbit torpaqlar adətən daha varlı fermerlərə məx-
sus olduğundan, kiçik fermerlər yeni texnologiyalardan çox fayda əldə etmirdilər.  
Kiçik sahələrdə iflasa uğramanın bir səbəbi də bu torpaqlarda gübrələrin tətbi-
qinin azfaydalı olmasıdır: Mülayim qurşaq torpaqlarından fərqli olaraq isti ölkələrdə 
torpaqlar verilən gübrələri özündə yaxşı saxlamır. Qida maddələri asanlıqla torpaq-
dan yuyulur və yaxud qaz (N
2
)  şəklində buxarlanır. Tətbiq edilən gübrələrin çox 
hissəsi bu səbəblərdən itkiyə gedir.  
İşçi qüvvəsi nisbətən ucuz, istehsal vasitələri isə baha olan ölkələrdə aqrokim-
yəvi vasitələrə  çəkilən xərclər istehsal xərclərinin böyük hissəsini təşkil edir. Çox 
vaxt bu istehsal vasitələri kreditlə alınır və  məhsul satılandan sonra kreditlər geri 
qaytarılır.  Əgər məhsuldarlıq gözlənildiyindən aşağı olarsa (torpaq münbitliyinin 
azalmasına görə) və yaxud məhsul tamamilə itirilərsə (nəzarət edilə bilinməyən 
xəstəlik və  zərərvericilərə görə), fermerlər yenə  də istifadə etdikləri aqrokimyəvi 
vasitələrin xərclərini ödəməlidirlər. Beləliklə, borclu olmaq fermerlərin arasında 
geniş yayılmış problemdir. Kənd təsərrüfatı  məhsullarının qiymətləri mütəmadi 
olaraq azaldığı halda, istehsal vasitələrinin qiymətləri isə artır.   
Yerli dillərdə pestisidlərin zəif və xəstə bitkilərə müalicəvi təsirini nəzərə alaraq 
onları «dərman» adlandırırlar. Kimyəvi pestisidlərin çoxunun müxtəlif arzuolunmaz 
əlavə təsirləri vardır:  
  Hədəf olmayan xeyirli həşəratları məhv edir, bəzən yeni zərərvericilərin əmələ 
gəlməsinə əlverişli şərait yaradır.  


 
92
  Bir çox pestisidlər həmçinin bitkilərin sağlamlığını  təmin edən torpaq 
orqanizmləri üçün zərərlidir. Bundan başqa, pestisidlərin tətbiqi gələcəkdə də 
eyni qaydada tələfata səbəb olacaqdır.    
  Pestisidləri tətbiq etdikdə fermerlər zəhərlənmək təhlükəsi qarşısında qalır. 
Müəyyən edilmişdir ki, hər il aqrokimyəvi vasitələrlə zəhərlənmə nəticəsində 
dünyada 200000 ölüm   hadisəsi  baş verir.   
  Pestisidlərin bir hissəsi yığımdan sonra məhsulda qalır və istehlakçılar 
tərəfindən istifadə edilir. Onlar həmçinin qrunt sularına qarışır və içməli su 
mənbələrini çirkləndirir.    
  Bəzi pestisidlər çox davamlıdır və insan və heyvan orqanizmlərində toplanır. 
Onların çoxu öz təsirini uzun müddətdən sonra göstərir: onlar xroniki 
xəstəliklər, təzə doğulan körpələrdə anomaliyalar, xərçəng və s. törədə bilir.  
Bir çox pestisidlər həddən artıq təhlükəli olduğuna görə  sənaye ölkələrində 
qadağan olunmuşdur. Həmin pestisidlərin bəziləri onların potensial təhlükələri nəzərə 
alınmadan hələ  də  cənub ölkələrinə satılır. Bəzi inkişaf etməkdə olan ölkələr  şimal 
ölkələrindən alınmış külli miqdarda qadağan olunmuş pestisidlərin hara sərf edilməsi 
problemi ilə üzləşir.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin