Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Özünün müsəlman dinini qəbul etdiyini də Aniko hər yerdə atəşin bir ehtirasla ucadan bəyan eləyirdi



Yüklə 192,11 Kb.
səhifə39/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   35   36   37   38   39   40   41   42   ...   71
Özünün müsəlman dinini qəbul etdiyini də Aniko hər yerdə atəşin bir ehtirasla ucadan bəyan eləyirdi.

həmin atəşin ehtirasla da o, Əylisin bir vaxt yenə ermənilərin olacağını və bir də cənnətə dönəcəyini, heç kəsdən qorxub-çəkinmədən, küçədə, toyda-yasda – hər yerdə ucadan və inamla deyirdi.

Müsəlman olduğunu deyən və hətta imamların təziyəsində axşamlar kiminsə evinə yığışıb ağlaşma quran çadralı arvadlarla bir yerdə oturmağı da özü üçün həqarət saymayan Aniko ya hər gün, ya bir gün ara hər səhər sübh tezdən öz evindən Vang kilsəsinə yol döyürdü. Gedib orda kilsənin həyətini süpürürdü, o həyətdə əkdiyi cürbəcür, rəngbərəng gülə, çiçəyə qulluq eləyirdi və kilsənin içərisinə ot yığıb, odun yığıb, qapısına qıfıl vuran Mirəli kişinin dədə-babasının goruna bol-bol lənət və söyüş yağdırmaqdan da heç vaxt qorxub-çəkinmirdi.

Anikonun öz ev-eşiyinin də dörd bir yanı - Əylisdə heç kəsdə olmayan -növbənöv, təzətər gül-çiçəyin sanki heç vaxt solmayan bayram sərgisiydi. O ev-eşiyə Mirzə Vahab 1918-ci ilin Əylisdəki erməni qırğınından sonra yiyələnmişdi. Hətta, deyilənə görə, Əylisdə barmaqla sayılan 4-5 ən yaxşı evin biri olan o evi İstanbulda təhsil almış Mİrzə Vahaba o vaxt Əylisi tutan türk ordusunun başçısı Ədif bəyin şəxsən özü bağışlamışdı. İndi sən Anikonun bütün əməllərinin xalis möcüzə olduğuna necə inanmayasan ki, onun dörd yanına gül əkib əsil gülüstana döndərdiyi və hələ eyvanının da küçəyə sarı divarlarının üstünə (küçədən keçənlər görsün deyə) boyaboy dibçək çiçəyi düzdüyü o evin həyəti Ədif bəyin Əylisdə yaratdığı neçə-neçə qan gölünün ən böyüyü və ən dəhşətlisiydi və bundan Anikonun da, söz yox ki, xəbəri olmaya bilməzdi. O gülü-çiçəyi o miqdarda əkib-becərməklə bəlkə onun düşünülmüş, ölçülüb-biçilmiş məqsədi vardı, yəni bu yolla Aniko o həyətdə qanı tökülən soydaşlarının hər birinin xatirəsini əbədiləşdirmək istəyirdi. Bəlkə o gül-çiçəyin dililə Aniko hər ölən ermənidən bu dünyada bir gül, bir çiçək qaldığını dolayısı ilə Əylisin müsəlman camaatının nəzərinə çatdırmaq istəyirdi. Bir vaxt o həyətdə axıdılan insan qanı bəlkə Anikonun yaddaşında hələ də axmaqdaydı və bu “yaddaş qanaxmasının” qarşısını almağın yeganə yolunu Aniko öz evini-eyvanını və o Vang kilsəsinin hər yerini gül-çiçəyə qərq etməkdə görürdü.

Aniko Sadayın xatirində təkcə insan və qadın kimi yox, həm də bir - şən və ötkəm - səs kimi qalmışdı. Elə bir səs kimi qalmışdı ki, bu səsdə evi-eşiyi, dağı-daşı, yolu-yolağıyla birgə bütöv bir Əylis vardı. Hələ uşaq ikən Saday səhərin açıldığını çox vaxt Anikonun səsindən bilmişdi. Çünki Aniko həmişə yuxudan sübh tezdən dururdu və öz evinin uca eyvanından uca səslə danışmaqla elə bil Əylisdən hələ də erməni səsi gəldiyini - hələ səhər ikən - müsəlman camaatının yadına salmaq istəyirdi. Haykanuşdan fərqli olaraq, səhərlər öz evindən o Vang kilsəsinə də Aniko hay-küylə, haray-həşirlə gedirdi. Xışkeşin dağının döşündəki qədim fayton yolu ilə üzüyuxarı kilsəyə tərəf gedə-gedə yolboyu ucadan danışırdı. Özünü qayadan atan Esxini yada salıb, Ədif bəyi qarğıyırdı, lənətləyirdi. Erməninin ən gözəl kilsəsini ambara, samanlığa döndərən Mirəli kişini uzaqdan-uzağa söyüb-yamanlayırdı. Müsəlman dinini qəbul elədiyini və Mirzə Vahab kimi alicənab və alim adamın arvadı olduğunu da hər yerdə car çəkməyi heç vaxt unutmayan Anikonun səsi, hər halda, Osmanlı əsgərinin gülləsindən, süngüsündən təsadüfən can qurtaran bir yetim və kimsəsiz erməni qızının səsi deyildi. Bu səs, heç şübhəsiz, Əylisin həqiqi sahibinin - uzaq illərin, əsrlərin o tayından gələn -səsiydi. İrsi, üzvi, gentik bir səs!... Bir sözlə, Əylisin səhər səsi!..

Bakıda yaşadığı uzun illər boyunca özünün saysız-hesabsız Əylis yuxularında o səsi Saday Sadıqlı çox eşitmişdi və Bakının neçə-neçə səhəri artistin gözləri önündə Anikonun səsiylə açılmışdı.



Ermənilə müsəlmanın növbəti tarixi toqquşmasının lap ilkin əlamətləri bu fahişə dünyanın sifətində hələ təzə-təzə peyda olmağa başlayanda yuxuda Saday Sadıqlı bir qəribə kilsə gördü.

Qəribəlik burasındaydı ki, o kilsə Əylisdəki kilsələrin heç birinin tam eyni deyildi. Ancaq o kilsənin vahiməli, mistik görkəmində Əylisin kilsələrinin hər birindən nəsə vardı.

Saday Sadıqlının Bakıda qışda gördüyü o yuxuda Əylisdə ilin fəsli-vədəsi bilinmirdi. Səhər idi, sübhün gözü təzəcə açılırdı. Kənd gecənin zülmətindən sanki lap indicə, güc-bəla sivrilib çıxırdı. Dağlarda - parça-parça bəyaz quzey qarı. Göyüzündə - eynən o qarın rəngində əlçim-əlçim seyrək buludlar. Bir də kosmik, mistik bir işıq: həm yad, həm son dərəcə doğma və tanış!..

Sadayın yuxuda gördüyü o kilsənin uca, ağ divarları içəridən çat verib cadar-cadar olmuşdu və o qəribə mistik işıq o çatın-cadarın arasından qorxulu-vahiməli bir səslə arı pöhrəsi kimi durmadan kilsənin içərisinə dolurdu. O qəribə səsli işıq həm də, arı pöhrəsi kimi, çevik və canlı idi. Elə bil hansısa tamam başqa bir dünyadan o kilsəyə birbaşa yol salmışdı və oradan özüylə gətirdiyi bəd xəbəri o çat vermiş divarların arasından - bir qəribə, şeytani ehtirasla - bu dünyaya ötürməyə tələsirdi.

O yuxunu görəndən bəri o səs Sadayın qulaqlarında elə bil özünə həmişəlik yer tapmışdı, yuva salmışdı. Radiodan, televizordan, orda-burda divarlara, dirəklərə yapışdırılan inqilabi, dini, patriotik məzmunlu vərəqələrdən, qəzetlərin, jurnalların ilk səhifələrində iri hərflərlə çap olunan məqalə başlıqlarından – hər yerdən və hər şeydən artistn qulağına hansısa bəd xəbəri dünyaya yaymağa tələsən o yuxu işığının vahiməli səsi gəlirdi. Küçələrə axışan, meydanlara tökülüşən minlərlə, onminlərlə insanın qulaqbatıran bağırtısında da, bir evin qabağında, bir yolun qırağında dayanıb, xəlvəti, xısın-xısın söhbət eləyən iki adamın adi pıçıltısında da artist dünyaya durmadan qorxu səpən o müdhiş səs pöhrəsinin uğultulu-vahiməli əksi-sədasını eşidirdi.

Hərdən artist özünüb bu halı ilə barışıb, bu təhər qorxu və sarsıntılar içində də yaşamağın mümkün olduğuna inanırdı. Hətta bunu özünün daimi və davamlı həyat tərzi kimi qəbul eləyib, bir müddət sakitləşirdi. Ancaq artistin istəyindən və iradəsindən asılı olmayaraq, həyat onun qarşısına cürbəcür suallar çıxarırdı ki, onlara cavab axtarmağa sanki atist kiminsə amansız hökmü ilə qəddarcasına məhkum edilmişdi.

Məsələn, məhz indiki - heç kəsin heç nədən qorxmadığı bir zamanda - özünün nəyə görə belə bir qorxu içində yaşamağının səbəbini anlamaq onun üçün çox çətin idi. Axı niyə, görəsən, qəzetdə oxuduğu, radiodan, televizordan, meydan natiqlərinin və küçə arvadlarının dilindən eşitdiyi hər söz indi Saday Sadıqlıya hansısa böyük bir fəlakətin başlanğıcından xəbər verirdi? Küçədə, parkda, bulvarda hamilə qadınlara və hələ təzəcə qol-qola gəzməyə başlayan sütül qız və oğlanlara rast gələndə niyə onun ürəyindən həmişə qara qanlar axırdı: insanların gələcək aqibətinə görə indidən qorxuya düşmək elə təkcə Saday Sadıqlıyamı qalmışdı? Görəsən, artist bir vaxt o Heydər Əliyev hakimiyyətinin nəyindən o dərəcədə qorxmuşdu ki, indi bütün bu küçə və meydan hay-harayının bir gün Heydər Əliyevi yenidən hakimiyyətə gətirəcəyini düşünəndə artisti durduğu yerdə qara basırdı... Və əgər erməniylə müsəlmanın bu dəfəki davasında da yenə qan dizə çıxacaqdısa, o davada qanı töküləcək insanların ağrı və əzabını çəkmək indidən Saday Sadıqlının alnınamı yazılmışdı?

Artist bu sualların heç birinə cavab tapa bilmirdi. Bu suallara cavab tapmağın mümkünsüzlüyü onu sıxırdı, sarsıdırdı.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin