Əl-maiDƏ (SÜFRƏ)


(6.134) “Sizə vəd edilən (qiyamət günü), şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!”



Yüklə 2,51 Mb.
səhifə101/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   97   98   99   100   101   102   103   104   ...   317
(6.134) “Sizə vəd edilən (qiyamət günü), şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!”
Allahın qullarına xeyirxah əməllər etməyi və onlara yaramaz hərəkətlərdən çəkin­məyi əmr etməsi onlara göstərdiyi mərhəmə­tinin təcəssümüdür. O, bunları insanların öz mənafeləri xatirinə etmişdir, çünki O, Özünəbəs və yaratdıqlarına Ehtiyacduymayan­dır. İtaətkarların mütiliyi Ona heç bir fayda vermədiyi kimi, itaətdən çıxanların itaətsizliyi də Ona heç bir zərər vurmur.

Ey insanlar! Əgər Allah istəsə, sizi məhv edər və sizi başqa xalqların nəslindən yaratdığı kimi, sizin yerinizə də istədiklərini xələfləri­niz edər. Sizdən əvvəlkilər kimi, sizə də bu dünyanı hökmən tərk edəcəyiniz və sələflərinizin onu sizə qoyub getdiyi kimi, sizin də onu varislərinizə verəcəyiniz məlumdursa, onda siz niyə bu dünyaya daimi məskəniniz kimi yanaşırsınız? Niyə siz Yeri özünüzün daimi yaşayış məskəni seçir və unudursunuz ki, o, həyatınızın son mərhələsi deyil, aralıq məntəqədir? Niyə unudur­sunuz ki, irəlidə istənilən nemətlərlə zəngin və hər cür qüsur və nöqsanlardan xali olan bir diyar vardır?

Həmin o diyar üçün ilk və sonrakı nəsillər səy göstərmiş və ilk möminlər və onların ardıcılları oraya getmişlər. Orada olduq­dan sonra insan əbədi həyat və daimi yaşayış əldə edir, ən çox arzu etdiyi məqsədinə çatır və ən müqəddəs istəyinin icra edilməsinə nail olur ki, bu istəyin yanında yerdə bütün digər arzu və xəyallar əhəmiyyətsizdir. Allaha and olsun ki, orada ürəyin istəyə, gözlərin görə biləcəyi və yarışanların bir-biri ilə adı ilə yarışdıqları hər şey bir yerdə toplanmışdır. Orada insanlara ləzzət və həzz verən, çoxlu sevinc gətirən, ruhu və bədəni oxşayan nemətlər hazırlan­mışdır. Orada insanlar qeybi Bilən Allahın yaxınlığında olacaqlar. Allaha and içirəm ki, ağıllı insanın səy göstərməsi ancaq belə səxavətli hədiyyələrlə bağlanmaq və onun yeganə arzusu Cənnətin ən yüksək pillələrinə çatmaq olmalıdır. Bundan azı ilə qane olanların qisməti necə də mənhusdur! Faydasız sövdəyə üstünlük verənlərin ciddi-cəhdləri necə də mənfurdur!!

Qoy haqdan laqeydliklə üz döndərənlərə o Aləm çox uzaqda təsəvvür edilməsin! Allahın vəd etdiyi mütləq gələcəkdir və o zaman onlar Ondan qurtula, Onun verəcəyi cəzadan yayına bilməyəcəklər! Onların taleyi – Onun əlindədir və onlar Onun hökm­lərindən asılıdırlar.
                  

(6.135) “(Ey Elçim! Qüreyş kafirlərinə) de: “Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Axirət Yurdunun aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!”
Ey Elçi! Sən möizələrinlə həmqəbilələrinə müraciət edərək onları qarşıda nələrin gözlədiyini onlara bildirmişsən. Sən onlara hansı vəzifələrin həvalə edildiyini də açıqlamışsan, lakin onlar sənə itaət etməkdən imtina ediblər, öz istədiklərinə üstünlük verərək, uydurulmuş “tanrılarına” ibadət etməkdən əl çəkməmişlər. Buna görə də onlara de: “Ey mənim həmqəbilələrim! Necə bilirsiniz, eləcə də edin, razı qaldığınız əməlləri törədin. Mən isə Allahın hökmlərini yerinə yetirəcək və Onun rizasını qazanmağa çalışaca­ğam. Siz çox tezliklə Son məskənin kimə qismət olacağını biləcəksiniz”.

Bu vəhy Allahın misilsiz ədalətinin dəlilidir. O, əməlləri edənlər arasında olan fərqi göstərmiş və onların əvəzini ədalətli dəyərləndirmə ilə əlaqələndirmişdir. O, bir eyhamın bəsliyinin mümkün olduğu halda, fikri birmənalı şəkildə bildirmir, çünki tamamilə aydındır ki, gözəl sonluq həm bu dünyada və həm də ölümdən sonra təkcə təqvalı qullarının aqibəti olacaqdır.

Son məskən təkcə onlara qismət ediləcəkdir, çünki elçilərin dəvətindən üz çevirən hər kəsi çirkin sonluq gözləyir. Hətta əgər zalım insana dünya nemətlərindən həzz almaq mümkün olsa da, o heç vaxt uğur qazana bilməyəcək, çünki o, onsuz da məhv olacaqdır. Allah ona möhlət verir və O, onu bir dəfə elə yaxala­yacaq ki, o artıq həmin vəziyyətdən canını daha qurtara bil­məyəcəkdir.

                               
(6.136) “(Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!”
Fövqəluca Allah Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) inkar edən müşriklərin əməlləri haq­qında xəbər verir və bu əməllər onların axmaqlığını, yüngülmə­cazlığını və hədsiz nadanlığını təsdiq edir. Mərhəmətli və Fövqəluca Allah onlardan ancaq bir neçəsini sadalayır ki, müşrik­lərin azğınlığını nəzərə çapdırsın, insanları onlardan qorunmala­rına yönəltsin və izah etsin ki, belə axmaqların Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) gətirdiyi haqqa qarşı çıxmaları, heç vəchlə bu haqqın əhəmiyyətini azaltmır. Müşriklər, ümumiyyətlə, layiq deyillər ki, onların sözlərinə görə kimsə haqdan dönsün.

Müşriklər əkinlərinin və mal-qaralarının bir hissəsini Allah üçün, başqa bir hissəsini də öz “tanrıları” üçün təyin edərdilər. Halbuki Fövqəluca Allah qulları üçün mal-qara­nı Özü təkbaşına yaratmış və onları ruzi ilə təmin etmişdir. Bu davranışları ilə müşriklər bir dəfəliyə iki, hətta üç təhlükəli günah işlədirdilər. Birincisi, onlar belə hesab edirdilər ki, əkinin və mal-qaranın bir hissəsini Allahın payı kimi təyin etdikdə, Ona lütfkarlıq göstərirlər, çünki belə qurbanlar, onların rəyinə görə, vacib olmayan ianələrdir. İkincisi, onlar müşriklərə rusi verməyənləri, onların əkin və mal-qarasının yaradılmasında iştirak etməyənləri Allaha şərik qoşurdular. Üçüncüsü, onlar ədalətsizcəsinə rəftar edərək, Allah üçün təyin olunmuş paya xüsusi əhəmiyyət vermirdilər. Onlar bu payı hətta öz “tanrıları” arasında bölə də bilərdilər. Eyni zamanda müşriklər öz “tanrılarına” ayırdıqları payın qayğısına qalırdılar. Onlar onu ciddi-cəhdlə qoruyur və heç vaxt o payın bir hissəsini belə Allah üçün ayırmırdılar.

Müşriklər taxıl və meyvə məhsullarını yığarkən və ev heyvanlarından Rəbbin bəxş etdiyi bala artımı alarkən, onlar bu neməti iki yerə bölürdülər. Bir hissəni Allah üçün ayıraraq onlar güman edirdilər ki, O, bu qurbanları onlardan qəbul edir, – amma o da məlumdur ki, Allah təkcə səmimi qəlblə Onun üçün ayrılmış qurbanı qəbul edir və Ona şərik qoşanların əməllərini rədd edir. İkinci hissəni onlar öz bütləri və heykəlləri üçün təyin edərdilər.

Əgər Allah üçün ayırdıqlarının bir hissəsi öz “tanrıları” üçün təyin etdiklərinə qarışardısa, onlar onu Allahın payına qaytarmaz­dılar. Onlar buna əhəmiyyət verməyərək, deyərdilər: “Allahın bunlara ehtiyacı yoxdur!” Əgər, əksinə, “tanrılarına” həsr etdikləri hissədən bir qisim Allahın payına qarışardısa, onda müşriklər onu geriyə qaytarardılar və deyərdilər: “Bizim tanrılarımız kasıbdır və biz onların payını geri qaytarmalıyıq”.

Allaha həsr olunan qurbanlardan daha çox məxluqlara həsr olunmuş qurbanlara böyük səylə, səmimiyyətlə və qayğıkeşliklə yanaşan insanların yürütdüyü mühakiməsi gör nə dərəcədə yaramaz və ədalətsiz idi!!

Belə bir rəy var ki, bu kərim ayə Fövqəluca Allahın dediyi: “Mən bütün şəriklər arasında Mənə şərik qoşulmasına qətiyyən ehtiyac duymayanam və kim ki, Mənə bir şeyi şərik qoşarsa, Mən də onu o şərikiylə təklikdə qoyaram” kəlamının əks olunduğu səhih hədislə44 şərh edilmişdir.

Bu ayənin mənası ondadır ki, müşriklər bütlərinə ayırdıqları qurbanları vasitəsi ilə bütün ciddiyyətləri ilə onlara yaxınlaşmaq istəyirdilər və buna görə də onlar Allaha çatmırdı. Müşriklərin Allah üçün ayırdıqları qurbanlar da Ona çatmır, müşriklərin “tanrı­larına” qismət olurdu, çünki O, belə qurbanlara ehtiyac duymurdu və Ona şərik qoşan­la­rın əməllərini qəbul etmirdi.
                    
(6.137) “Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarma-qarışıqlıq salmaq məqsədilə övladlarını öldür­məyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ey Elçim!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!”
Müşriklər o dərəcədə düşüncəsiz və azğınlaşmış insanlar­dılar ki, onların şərikləri – kafir başçıları və şeytanlar – onları uşaqlarını öldürməyin məqsədəuyğunluğuna əmin etmişdilər. Onlar dilənçiliyə düşməkdən qorxaraq öz uşaqlarını və rüsvayçı­lıqdan ehtiyat edərək doğulmuş körpə qızlarını diri-diri basdırır­dılar. Müşriklər onları məhvə sürüklə­yən, dinlərini qarışıqlığa salan və onları ən yaramaz cinayətlər törətməyə yönəldən şeytan­lar tərəfindən aldadılırdılar.

Bu şəriklər, müşriklər üçün onların günahlarını, onlar o günahları ləyaqətli əməl sayana qədər, bəzəməkdə davam edirdi­lər. Əgər Allah istəsəydi onlara belə davranmağa mane olardı və valideynlərə uşaqlarını öldürməyə imkan verməzdi. Lakin Allah Özünün ilahi müdrikliyinə əsasən, onlara öz istədik­ləri kimi hərəkət etməyə imkan və möhlət verir ki, onlar daha da dərin azğınlığa düşsünlər və öz işlərinə xüsusi əhəmiyyət verməsinlər. Məhz buna görə Allah onları öz yalançı düşüncələri ilə tənha buraxmağı və buna görə kədərlənməməyi əmr edir. Həqiqətən, onlar Ona qətiyyən zərər vura bilmədilər.
                          
(6.138) “(Müşriklər) öz (batil) iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən (bütlərə xidmət edən kişilərdən) başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”- dedilər. Elə heyvanlar da vardır ki, (onları kəsərkən) Allahın adını çəkməz­lər. (Müşriklər) bütün bunları (Allahın əmri deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzala­rını verəcəkdir”.
Müşriklərin cəfəngiyat baxışlarına bir bidət də onların ev heyvanları haqqında uydurduqları idi. Allah insanlara istənilən ev heyvanından istifadə etməyə, onlardan yeməyə və müxtəlif məqsədlər üçün tətbiq etməyə yol vermişdi. Lakin müşriklər öz arzularına əsaslanaraq, yeni qanunlar və hətta heyvanlara və əkinəcəklərə dair yeni istilahlar icad etmişdilər. Onlar bəzi ev heyvanlarını və bəzi əkinləri, özlərinin yeməyə icazə verdiklərindən başqa qalan bütün insanlar üçün haram elan etmişdilər. Bu zaman onlar inandırıcı sübutlara deyil, ancaq öz istəkləri və qüsurlu mülahizələrinə istinad edirdilər.

Bəzi heyvanlara təkcə minməyi və yük vurub daşımağı haram edir və onları “hami” adlandırırdılar. Bir başqa heyvanı, üstündə Allahın adları çəkilmədən, ancaq Allahdan başqa ibadət etdikləri bütlərin adını xatırlayaraq qurban kəsirdilər. Bu zaman onlar iddia edirdilər ki, onlara bu cür etmək Allah tərəfindən əmr olunmuşdur, lakin onların sözləri utanmazcasına söylədikləri yalan idi. Allah Onun adından yalan uydur­duqlarına, uydurma “tanrılara” ibadətə yol verdiklərinə və halal şeyləri yeməyi və istifadə etməyi haram etdiklərinə görə əvəzini onlara mütləq verəcəkdir.
                      
(6.139) “(Müşriklər) həmçinin: “Bu heyvanların qarınların­dakı balalar yalnız kişilərə məxsusdur (halaldır), onlar qadınla­rımıza haram edilmişdir”- dedilər. Əgər (bala) ölü doğularsa, (kişilər və qadınlar) ona (onu yeməyə) ortaqdırlar. (Allah) onlara (bu yalan) vəsflərinin (dəyərləndirmələrinin) cəzasını verəcək­dir. Şübhəsiz ki, O, Hikmət, Elm Sahibidir!”
Onların cəfəng baxışlarına aid etdikləri şeylərdən biri də kişilər üçün halal saydıqları halda, öz qadınlarına bəzi heyvanların balalarını yeməyi haram etmələridir. Onlar deyirdilər ki, əgər heyvanın balası diri doğulubsa, kişilərin yeməsi üçün halal, qadınların yeməsi üçün isə haramdır. Bala ölü doğulduqda isə, onun ətini yemək həm kişilər və həm də qadınlar üçün halal sayılırdı.

Allah onlara halalı haram saydıqlarına, haramı da halal elan etdiklərinə, Onun qanununu pozduqlarına, yeni qanunlar uydur­duq­­larına və bu qanunları Ona aid etdiklərinə görə mütləq əvəzini verəcəkdir. O, Öz müdrikliyi əsasında onlara möhlət və imkan vermişdir ki, belə azğın baxışlara etiqad etsinlər. Bunlar Ona çox yaxşı məlumdur, çünki heç bir şey Ondan gizlədilə bilməz. Ona müşriklərin törətdikləri və yalandan Onun adına çıxartdıqları hər şey Ona bəlliydi. Lakin buna baxmayaraq, O, onlara sağlamlıq və ruzi bəxş etməyinə fasilə vermirdi.
                    
(6.140) “Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini (müqəddəs saydıqları heyvanları) Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər”.
Allah müşriklərin düşdüyü ziyan haqqında xəbər verərək onların düşüncəsizliyini ifşa edir. Onlar dinlərindən, uşaqlarından və ağıllarından məhrum oldular. Sağlam təfək­kür əvəzində şərəfsiz axmaqlıq və azğınlıq onların ayrılmaz keyfiyyətinə çevrildi. Allah Öz mərhəməti sayəsində onlar üçün ruzi kimi hazırladığı nemət­lərdən onlar həzz almağı özlərinə haram etdilər. Onlar Onun nemətini rədd etdilər və bununla da qane olmadılar. Onlar Allahın halal elan etdiyi neməti haram adlandırdılar. Bu zaman onlar Allaha müdhiş böhtan atdılar və elə yalan danışmağa cəsarət etdilər ki, bunu ancaq inadkar kafirlərdən gözləmək olardı. Müşriklər dərin azğınlığa qərq oldular və öz çoxsaylı təşəbbüs­lərində doğru yol ilə yönəldilmədilər.
                                
(6.141) “Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!”
Allahın halal etdiyi ev heyvanlarına və əkinlərə müşriklərin bəslədiyi münasibəti xatırlatdıqdan sonra, O, bildirir ki, əkinlər və ev heyvanları qullara verilən nemətdir və buna görə insanlar onunla əlaqədar olan maddi vəzifələrini yerinə yetirməlidirlər.

Allah cürbəcür ağaclar və müxtəlif bitkilərlə dolu bağlar yaratmışdır. Onların bəziləri qəfəsəlidir və bunların sayəsində ağacların budaqları onlara sarmaşaraq yerin üstünə ucalır, digərləri qəfəsələrə ehtiyac duymur, çünki o ağacların möhkəm gövdələri bunu gərəksizləşdirir, digərləri isə sürünən bitkilərdir. Bütün bunlar onu göstərir ki, bağlar olduqca böyük faydalar verir və məhz Fövqəluca Allah qullarına qəfəsələrdə45 ağac əkməyi öyrətmişdir.

O, bir yerdə bitən və eyni sudan qidalanan xurma ağacları və dənli bitkilər xəlq etmişdir, lakin onlar dad-tamına görə bir-birindən üstün və ləzzətlidir. Bütün bitkilərin arasından Allah xurma ağaclarını və dənli bitkiləri xüsusilə ayırıb fərqləndirmişdir, çünki onlar daha çox xeyir verir və əksər insanlar üçün əsas qida məhsuludur. O, həmçinin zeytun və nar yaratmışdır ki, ağacları bir-birinə çox oxşayırsa da, meyvələri həm formaca və həm də dadına görə fərqlənir.

Allah bu meyvəli bağları nə üçün yaratmışdır? Sanki bu suala cavab olaraq, O, bəyan edir ki, onları qullarının istifadəsi üçün yaratmışdır. İnsanlar xurmanı və taxılı yemək üçün istifadə edə bilər və məhsulu yığdıqları gün verməli olduqları borclarını ödəməlidirlər.

Burada söhbət becərilən bitkilərdən götürülən məhsulun ən az həddinə uyğun olaraq ödənilən zəkatdan gedir. Allah taxıl məhsulunun zəkatını yığım günü ödəmək hökmü vermişdir, çünki bu müddətin gəlib çatması bütöv bir ilin keçməsinə bərabərdir. Bundan başqa, kasıblar və ehtiyac içində olanlar məhz bu günü səbirsizliklə gözləyirlər və həm də bu gündə kəndlilər vacib zəkatı asanlıqla ödəyə bilirlər, çünki onlar məhsuldan verməli olduqları bir hissəni özlərinə qalacaq hissədən çətinlik çəkmədən ayıra bilirlər.

Sonra Allah yeməkdə ifrata varmağı, yediyindən artıq ye­məyi, kəndlinin zəkat verəcəyi məhsulun da bir hissəsini yeyəcə­yinə qatmasını qadağan edir. Allah zəkat verəndə də ifrata var­mağı və onu vacib olduğundan artıq verməyi və bununla özünə, ailəsinə və borc götürdüyü insanların haqqına zərər vurmağı qadağan edir. Sadalanan bu əməllər Allahın qadağan etdiyi israfçılıqdır. O istəmir ki, qulları belə hərəkət etsinlər. Əksinə, belə əməllər Allahın nifrətinə səbəb olur.

Bu ayədən həmçinin aydın olur ki, müsəlmanlar meyvə­lərdən və taxıl bitkilə­rindən zəkat verməlidirlər. O zəkatı bir il keçdikdən sonra deyil, məhsulun yığımı günü verilməlidir. Bu növ mülkiyyətin məhsulundan zəkat bir dəfə verilir və hətta bundan sonra həmin məhsul anbarda bir neçə il qalsa da, həmin yığıma görə təkrar zəkat verilmir, çünki Allah hər məhsuldan ancaq yığım günü ödəməyi əmr etmişdir. Bu qaydadan istisna ticarət üçün təyin olunmuş meyvə və taxıla aiddir.

Bu ayədən həmçinin aydın olur ki, əgər təbii fəlakət nəticəsində meyvə və taxıl məhsulları yığım vaxtınadək tələf olduqda məhsulun sahibi (məhsul onun səhlən­karlığı üzündən itirilməmişsə) zəkatın ödənilməməsinə görə məsuliyyət daşımır. Ayədən həm də belə bir nəticə çıxır ki, zəkatın ödənilməsi vaxtı çatanadək xurma və taxıldan yeməyə icazə verilir və özü də, məhsulun yeyilən hissəsi zəkatın ölçüsünün müəyyənləşdirilmə­sində nəzərə alınmır, çünki o, yığım dövrünə qalan məhsuldan ödənilir. Məhz buna görə, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) məhsul yığımı vaxtı onu dəyərləndirmək, ödəniləcək zəkatın ölçüsünü müəyyənləşdirmək və məhsul sahibinin yığımadək yeyə biləcəyi və ya başqalarına paylaya biləcəyi zəkatın üçdə bir və ya dörddə bir hissəsini özlərinə saxlamağa icazə vermək üçün zəkatı müəyyənləşdirən səlahiyyətli şəxslər göndərərdi.
                
(6.142) “Yük daşıyan və (yunlarından) döşək düzəldilən heyvanları da (yaradan Odur). Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir”.
Allah ev heyvanlarını yük daşımaq və minik kimi istifadə etmək və həmçinin bu məqsədlər üçün kiçikliyinə görə yaramayanları yaratmışdır. Sonunculara aid olanlar köşəklər46 və digər heyvanlardır. Bu iki qrup ev heyvanları öz yararlığına görə yük daşıyanlara və minik üçün istifadə olunanlara ayrılırlar. Bu heyvanların ətinin yeyilmə­si­nə və başqa məqsədlər üçün istifadə edilməsinə gəldikdə isə bunlardan ötrü istənilən ev heyvanı istifadə edilə bilər. Əlbəttə, bu zaman insanlar şeytanın yolları ilə getmə­mə­li­dirlər. Bu yollardan biri də Allahın yeməyə halal etdiyinin bir hissəsini haram saymaqdır. Şeytan bəşəriyyətin açıq düşmənidir; o, insanlara özlərinə zərər vuran işləri görməyə əmr edir və onları əbədi bədbəxtliyə məruz qoyur.
                                                                
(6.143) “(Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt qoyun və bir cüt keçi. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı (müxtəlif cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğunu bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!”

(6.144) “(Həmçinin erkək və dişi olmaqla) bir cüt dəvə və bir cüt inək. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz!”
Allah bu ayələrdə insanlara bəxş etdiyi, təmiz və halal ev heyvanlarını xatırladır. Onlara aid olanlar: qoçlar və qoyunlar və həmçinin keçilər və dişi keçilərdir. Ev heyvanlarının bu qəbildən olan bütün növlərini istisnasız olaraq yeməyə icazə verilmişdir və onların arasında heç bir fərq yoxdur. Lakin müşriklər onlardan bəzilərini haram elan etmiş və bəzilərini də təkcə kişilərin yeməsinə icazə vermişdilər.

Belə olduqda Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, müşrikləri, onların halal saydıqları heyvanlarla haram saydıqları heyvanlar arasında heç bir fərqin olmadığına əmin etsin. Ona (ona Allahın salavatı və salamı olsun!) belə demək hökmü verilmişdi: “Məgər Allah sizə bütün erkək qoyunları və ya erkək keçiləri yeməyi qadağan etmişdi? Yox, siz bunu iddia etmirsiniz. Məgər Allah sizə bütün dişi qoyunları və ya dişi keçiləri yeməyi qadağan etmişdi? Yox, siz bunu da iddia etmirsiniz. Siz bu heyvanların bütün erkəklərinin və ya bütün dişilərinin haram olduğunu hesab etmirsiniz. Onda dişilərin bətnində dişi və ya erkək cinsdən olan balalardan başqa daha nə ola bilər? Doğrudanmı Allah sizə erkək qoyunların və erkək keçilərin qarışıq cinsini haram etmişdir? Yox, siz bunu da demirsiniz. Beləliklə, əgər Allah sadalanan üç haramdan heç birini sizə nazil etməmişsə, bəs onda siz, ümumiyyətlə, nəyə istinad edirsiniz? Əgər sizin iddia və bəyanatlarınız doğrudursa, möhkəm biliklərə əsaslanaraq bu barədə mənə məlumat verin”.

Tamamilə aydındır ki, müşriklər, sadalanan üç iddianın birindən başqa, öz əməllərinə ağlabatan bir izahat verə bilmədilər, lakin o bir iddianı da cavablandırmadılar. Onlar bəzi heyvanlar üçün xüsusi adlar uydurmuş, qadınlara onlardan bəzilərini yeməyi haram etmiş, heyvanlardan bəzilərini müəyyən vaxtlar üçün toxunulmaz elan etmiş və daha bir sıra belə baxışlara tərəfdar çıxmışlar ki, onlardan hər biri, heç şübhəsiz ki, onların tamamilə cahil olmasının nəticəsi və tutqunlaşmış idrakının və yaramaz təxəyyüllərinin məhsulu idi. Allah onların xeyrinə dəlillər nazil etməmişdi və onlar özləri də iddialarını inandırıcı sübutlarla əsaslandıra bilmədilər.

Sonra isə Allah bu qayda ilə erkək və dişi dəvələr arasında, həmçinin, kəllərlə inəklər arasında fərqlərin olmadığını açıqlayır. Müşriklərin baxışlarının yanlışlığı və qüsurluluğu aşkar olduqdan sonra, Allah onları inandırdı ki, vəziyyətdən yeganə çıxış yolu Allahın şəriətinin yerinə yetirilməsidir: “Allah sizə belə etməyi tapşıranda siz iştirak edirdiniz? Sizin öz nəzəriyyələrinizin doğruluğunu əsaslandırmağa bir imkanınız qalmışdır. Siz bəyan etməlisiniz ki, Allah bunu sizə tapşırmışdır və Öz elçilərinə vəhy nazil etdiyi kimi, sizə də vəhy nazil etmişdir. Bundan başqa, siz bəyan etməlisiniz ki, sizə nazil edilən vəhy əvvəlki elçilərin təbliğ etdiklərindən və əvvəlki Kitablardan nazil edilənlərdən fərqlidir”.

Əgər onlar belə bir şey bəyan etsəydilər, onlar dəhşətli bir böhtan atmış olardılar ki, bu da hamıya aydındır. Heç bir biliyi olmadan insanları yoldan çıxartmaq üçün Allaha böhtan atandan da zalım kim ola bilər? Belə bir insan Onu nəinki sadəcə aldadır. O, bunu ona görə edir ki, dəlillərə və sübutlara əsaslanmadan, sağlam mühakiməni və müqəddəs mətnləri əldə rəhbər tutmadan Allahın qullarını Onun yolundan sapdırsın. Həqiqətən, Allah heç vaxt yer üzündə özbaşınalıq etmək niyyətində olan və Ona yalan satan zalımları doğru yola yönəltmir.
                                       
(6.145) “(Ey Elçim!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!”
Onlar halalı haram bəyan etdiklərinə və bunu yalandan Allahın adına çıxdıqlarına görə müşrikləri qınadıqdan sonra, onların müdhiş yalanını ifşa etdikdən sonra, O, Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, Onun doğrudan da haram etdiyini onların bilməsi üçün onlara izah etsin ki, insanlar bundan başqa qalanlarının halal olduğunu və hər kim ki, halal olanı haram elan edərsə, onun yalançı olduğunu bilsinlər, çünki gerçək olan, təkcə Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) dili ilə deyilmiş Allahın haramlarıdır.

Bu ayədə Allah Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, təkcə yeyilməsi haram olan şeylərin yeyilməsinin qadağan olunduğunu xəbər versin və bu haram şeylərin başqa məqsədlər üçün istifadə edilə bilməsi məsələsi ilə işi olmasın.

Ölü (heyvanın) ətinin yeyilməsi qadağan edilmişdir. Ölü heyvan əti deyildikdə, şəriətə uyğun olmayaraq kəsilən istənilən heyvanlar nəzərdə tutulur. Uca Alla buyurur: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş – canı çıxmamış kəsdiyiniz hey­van­lar müstəsnadır...” (Maidə, 5/3).

Həmçinin axıdılmış qanı içmək də qadağan edilmişdir. Axıdılmış qan dedikdə, kəsildiyi zaman heyvanların cəmdəyindən çıxan qan nəzərdə tutulur. Bu qan kəsilən heyvanda qalarsa, o, insanlar tərifindən yeyildikdə onlara zərər verə bilər, cəmdəyindən axıb yerə töküldükdə isə, belə ətin istifadə edilməsi zərərli nəticələr təhlükəsi yaratmır. Bu ifadədən belə bir nəticəyə gəlmək olar ki, kəsildikdən sonra heyvanın ətində və damarlarında qalan qan təmiz və halaldır.

Donuz ətinin istifadə edilməsi də haramdır. Donuz əti, bundan əvvəl xatırlanan haram şeylər kimi murdardır, natəmizdir və zərərli məhsuldur. Allah insanlara rəhm edərək, onları yeməyi qadağan etmişdir ki, insanları hər cür murdar və natəmiz şeylər­dən uzaqlaşdırsın.

Bundan başqa, Allahın xatiri üçün kəsilməmiş, bütlərə və müşriklərin sair tanrıçalarına qurban edilmiş heyvanların ətindən istifadə etmək də qadağan edilmişdir, çünki belə hərəkətlər günaha batma və Allaha itaətdən boyun qaçırma əməlidir.

Lakin əgər şərait insanı haram məhsulu yeməyə məcbur etdikdə, əgər o, yeməyə başqa bir şey tapmadıqda və həyatı üçün təhlükə olduğunu gördükdə47, onda Allah ona o ərzaqdan yeməyə bir şərtlə icazə verir ki, həmin şəxs Allaha itaətsizlik göstərməsin və zəruri həddi aşmasın, yəni əgər o, bunu zəruriyyət olmadan etmək istəməsin və ehtiyacı olduğundan çox yeməsin.

Bu ayədə sadalanan məhsulların yemək üçün nəyə görə yeganə haram edilənlər adlandırılması barədə İslam alimləri müxtəlif rəylər söyləmişlər. Axı məlumdur ki, vəhşi heyvanların və vəhşi quşların ətinin yeyilməsi də haram edilmişdir, halbuki bu ayədə onların barəsində bir söz deyilmir.

Bəziləri hesab edirdilər ki, bu ayə Allahın qalan bütün məhsulları haram etdiyindən əvvəl nazil edilmişdir və buna görə, onun məhdud mənası daha sonrakı haramlarla ziddiyyət təşkil etmir, axı onlar, bu ayə nazil edilənə qədər, Vəhylərdə48 öz əksini tapmamışdı. Digər alimlər isə hesab edirdilər ki, bu ayə özündə, bəzilərinin adı açıq verilmiş, bəziləri isə ayənin mənasına və nazil olunan harama görə müəy­yən­ləş­dirilən bütün qadağan olunmuş məhsullara aiddir.

Fövqəluca Allah bildirir ki, donuz ətinin yemək üçün istifadə edilməsi ona görə haramdır ki, o – murdardır. Ola bilsin ki, ölü ətinin yeyilməsi və qanın içilməsi də buna görə haram edilmişdir. Murdarlıq – bütün haram edilmiş məhsullara şamil edilir. Allah Öz qullarına bütün pis və iyrənc məhsulları yeməyi haram etmişdir ki, onları belə çirkin şeylərə toxunmaqdan çəkindirsin. Yemək üçün istifadə edilən murdar şeylərin daha təfərrüatlı izahı Quran ayələrini şərh edən və onların mənasını açıqlayan Sünnədə göstərilir.

Əgər Fövqəluca Allah təkcə bu ayədə sadalanan məhsulları yeməyi haram etmişdirsə və qadağan hökmü vermək təkcə Onun haqqıdırsa, onda Onun halal etdiyini qadağan edən müşriklər böhtançı imişlər və onlar öz Rəbbinə qarşı iftira atırmışlar və Ona Onun söyləmədiyini şamil edirmişlər.

Əgər bu ayədə donuz əti xatırlanmasaydı, böyük inamla demək olardı ki, deyilənlər yeyilməsi haram edilmiş ev heyvan­larına aiddir. Bu parçanın mətnindən görünür ki, Allah, Onun halal etdiyini haram sayan və öz hisslərinə qapılaraq boşboğazlıq edən müşriklərin baxışlarını təkzib etməyi qərara almışdır. Deməli, ev heyvanı ancaq gəbər­dikdə və ya Allahın adı çəkilmədən kəsildikdə, onun ətini yemək haram edilmişdir. Qalan bütün hallarda isə onun yeyilməsi halaldır. Belə bir şərhi nəzərə alsaq, onda donuz ətinin bu ayədə xatırlanmasını, bəzi cahillərin donuzları ev heyvanlarına aid etməsi ilə izah etmək olar. Məhz cahil xristianlar və onların tayları bunu belə hesab edirlər. Onlar donuzları ev heyvanları kimi bəsləyir, yeməyə icazə verir və donuzla ev heyvanları arasında heç bir fərq qoymurlar.
                            
(6.146) “Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qo­yu­nun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıq­larına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanıq!”
Allah müsəlmanlara ancaq murdar olan şeyləri yeməyi haram etmişdir ki, onları hər cür zərərli və napak şeylərdən qorusun. Kitab əhlinə gəldikdə isə, Allah hətta bir sıra təmiz məhsulları da onlara itaətsizliklərinə görə cəza kimi qadağan etmişdir. Yəhudilərə isə dəvə əti və bütün digər ikidırnaqlı olmayan heyvanları və həmçinin inək və qoyun­ların bəzi hissələrini (bağırsaq piylərini və qoyun quyruqlarını) yemək qadağan edilmişdi. Onlara digər piyləri yemək halal olunmuşdu, çünki Allah təkcə o heyvanların belinə və bağırsaqlarına yapışan piyi və yaxud sümüklərə qarışmış piyi istisna etmişdi.

Allah yəhudilərə bu qadağaları onlar zalımlıq etdiklərinə, Onun və Onun qulla­rının qarşısında öz vəzifələrini yerinə yetirmədiklərinə görə bir cəza kimi nazil etmişdi. O, həmişə doğru danışır və haqlı olur və ancaq doğru qərarlar qəbul edir. Kimin nitqi Onun sözlərindən doğru ola bilər? Qəti iman sahibi olan insanlar üçün kimin qanunları Onun hökmlərindən daha yaxşı ola bilər?
             
(6.147) “Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz böyük mərhəmət sahibidir. Onun günahkar bir tayfaya (verəcəyi) əzabın da qarşısı alına bilməz!”
Ey Muhəmməd! Əgər müşriklər səni yalançı saysalar da onları cəlb etməklə və qorxutmaqla aralarında dəvətini davam etdir. Onlara xəbər ver ki, Allah, bütün məxluq­larına aid etdiyi çox geniş mərhəmət sahibidir. Qoy onlar bu nemətə yaxınlaşmağa tələssinlər və müvafiq əməllər yerinə yetirsinlər. Belə əməllərin ən başlıcası sənin peyğəmbərliyini və Təlimini qəbul etmələridir, axı çoxsaylı günahlar və cinayətlər törədən insanlardan Rəbbin verəcəyi cəzanın qarşısını almaq mümkün olmayacaqdır. Qoy onlar Allahın cəzasını insanlara yönəldən günahlardan çəkinsinlər. Bu günahlardan ən böyüyü sənə iman gətirməməkləridir.
                                             

(6.148) “Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: “Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!”


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin