(6.118) “Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, ancaq üstündə Onun adı çəkilmiş (bismillah deyilərək kəsilmiş) heyvanları yeyin!” Fövqəluca Allah Öz mömin qullarına buyurur ki, haqq dinin tələblərini yerinə yetirsinlər, çünki insan doğrudan da iman gətirmişsə, o, qida məhsulu kimi təkcə elə ev heyvanı və təkcə elə halal heyvanların ətini yeməlidir ki, onlar kəsildikləri zaman Allahın adı çəkilmiş olsun. Allahın ona halal etdiyini, müşriklərin cahiliyyə dövründə öz qanunlarını uyduraraq və şeytanların yanlış istəklərinə güzəştə gedərək etdikləri kimi, özünə haram etməməlidir.
(6.119) “Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqlarını artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı Tanıyandır!” Allah xüsusilə vurğulayır ki, möminlər cahil insanlardan fərqlənirlər və Rəbbin şəriətinə zidd olan bu yanlış adətə tərəfdar deyillər. Niyə də möminlər, kəsilərkən Onun adı çəkilmiş əti yeməsinlər, əgər O, qullarına nəyin yeməyə qadağan olunduğunu təfərrüatı ilə ifadə və izah etmişdir? Bu məsələdə heç bir bəlli olmayan və şübhəli qalan məqamlar yoxdur ki, halal məhsulları yedikləri halda dindarlar günah işlədəcəklərini düşünüb ehtiyat etməli olsunlar.
Bu kərim ayədən aydın olur ki, bütün şeylər və məhsullar, əksi sübuta yetirilməyincə, halal sayılır. Əgər müqəddəs mətnlər hər hansı bir şeyi istifadə etməyi haram elan etmirsə, onda o halaldır. Əgər əşya şəriət mətnlərində ümumiyyətlə xatırlanmırsa, onda onun istifadə edilməsi də halaldır. Allah haram olan şeyləri müfəssəl surətdə təsvir edib göstərmişdir və buna görə də Onun qeyd etmədiyi şeylər haram deyildir.
Bundan başqa, kəskin zəruriyyət və şiddətli aclıq zamanı insanlara hətta Allahın haram etdiyi məhsullardan yeməyə icazə verilir. Fövqəluca Allah buyurur: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş – canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır – dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah Bağışlayandır, Rəhmedəndir!” (Maidə, 5/3)
Sonra Allah möminləri xəbərdar edir ki, insanların çoxu heç bir dəlil və sübuta istinad etmədən əsassız iddiaları ilə başqalarını azdırmaq qabiliyyətinə malikdirlər. Qoy qullar, inandırıcı dəlillərə və müqəddəs mətnlərə əsaslanmayan təbliğat aparmaqla fərqlənən insanlardan çəkinsinlər. Onlar özlərinin uydurduqları yanlış iiftiralarına və dayaz baxışlarına söykənərək şübhə yayırlar – Allah onları məhz bu cür təqdim edir. Onlar Allahın şəriətini pozur və Allahın qullarına qarşı günah işlədirlər, amma unudurlar ki, O, cinayətkarları sevmir. Onlar qətiyyən doğru yolun adamlarına, başqalarını da bu yolla aparan – haqqa və hidayət yoluna çağıran, öz dəvətini məntiqi dəlillərlə və inandırıcı naslarla təsdiq edən, öz baxışlarını Rəbbin rizası və Ona yaxınlaşmaq üçün təbliğ edənlərə bənzəmirlər.
(6.120) “Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!” Burada günah dedikdə, Allah qarşısında və Onun qulları qarşısında öz vəzifələrini pozan qulların bütün xətaları nəzərdə tutulur. Allah qullarına aşkar və gizli günahlar törətməyi, bədənləri və ya qəlbləri ilə Ona açıq və gizlicə itaətsizlik göstərməyi qadağan etmişdir.
Günahların çoxu, xüsusilə, hisslərlə və qəlblə bağlı olanlar əksər adamlar tərəfindən nəzərdən qaçırılır. Bu, təkəbbürə, özünü bəyənməyə, şöhrət düşkünlüyünə və digər belə günahlara aiddir. Bəzən insan bir çox günahlar etsə də, etdiyinin günah olması hətta ağlına belə gəlmir. Bunun səbəbi – onun bilik əldə etməyə laqeyd yanaşması və fərasətsizliyidir.
Fövqəluca Allah xəbər verir ki, insanlar qazandıqları günahlara görə hökmən həm açıq və həm də gizli əvəz alacaqlar. Onlardan hər biri qazandıqlarının ağırlığından və törətdikləri cinayətlərin sayından asılı olaraq cəzalandırılacaq. Bu əvəz Axirətdə veriləcək, hərçənd qullar cəzanın bir hissəsini elə bu dünyada da ala bilərlər və bu onların ölümdən sonra aqibətini bir qədər yüngülləşdirəcək.
(6.121) “Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız”. Allah üstündə Onun adı çəkilmədən kəsilən heyvanların ətini yeməyi haram etmişdir. Bu haram, Allah xatirinə deyil, bütlər və müşriklərin “tanrılarının” adı ilə kəsilən heyvanlara da aiddir. Belə heyvanları Allah üçün qurban kəsmədiklərinə görə, onların ətini yemək qəti qadağandır və bunu dəqiq Quran mətni təsdiq edir.
Bu qadağa, Qurban bayramında Allah üçün, həcc ziyarətində qurban kimi və yaxud sadəcə yeyilməsi üçün kəsilən zaman üstündə bilərəkədən Allahın adı çəkilməyən heyvanlara da aiddir. Alimlərin əksəriyyəti bu rəyin tərəfdarıdır. Lakin bu ayənin ümumi mənasından belə çıxır ki, heyvan kəsilən zaman Allahın adının çəkilməməsinin unutqanlıqdan irəli gəlməsi istisna təşkil edən haldır, çünki digər mətnlər belə diqqətsizliyin bağışlandığını təsdiq edir.
Bu ayə kəsilmədən gəbərmiş heyvanlara da aiddir, çünki onların üstündə də Allahın adı çəkilməmişdir. Bu barədə qəti qadağa leşin yeyilməsinin haram edilməsi haqqında nazil olunmuş ayədə öz əksini tapmışdır.
Bu ayənin nazil edilməsinin səbəbi müsəlmanlarla müşriklər arasında yaranmış mübahisə olmuşdu. Sonuncular möhkəm biliklərə əsaslanmırdılar və şeytanları tərəfindən idarə edilirdilər – onlar leşin40 yeyilməsini halal sayırdılar. Onlar Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) leş yeməyi haram etdiklərini və ancaq kəsilən heyvanları yeməyə icazə verdiklərini eşitdikdə, dedilər: “Doğrudanmı siz öz öldürdüklərinizi yeyirsiniz, Allahın öldürdüyünü isə yemək istəmirsiniz?”
Onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) etiraz etməyə cəhd göstərdilər və inandırıcı dəlillərə və sübutlara əsaslanmadan mübahisəyə girişdilər. Onların imansız və əsaslandırılmamış mülahizəsi onların ancaq yanlış mühakiməsinə söykənirdi. Əgər haqq onlardan asılı olsaydı onlar bu mühakimələri ilə bütün göyləri və yeri öz sakinləri ilə birlikdə məhv edərdilər41.
Vay o kəsin halına ki, o, insana və cəmiyyətə fayda verən Allahın şəriəti və hökmləri müqabilində belə yanlış mühakimə yürüdənləri üstün tutur. Müşriklərin belə davranmalarında qəribə sayılacaq bir şey yoxdur, çünki onların bu və ya digər fikirləri əlbir olduqları şeytanlarının təhrikinin nəticələri idi. Şeytanlar mümkün olduqca insanları dinlərindən uzaqlaşdırmaq istəyir və onları Cəhənnəm odunun sakinləri olmağa çağırırlar.
Əgər insanlar Allaha şərik qoşaraq, harama icazə verməklə, halalı haram etməklə şeytanlara itaət etsələr, onda onlar hökmən müşriklərin arasına düşərlər, çünki özlərinə Allahdan başqa himayəçilər götürmüş olarlar, onlarla müsəlmanların əqidəsinə zidd olan məsələlərdə razılaşarlar və onların yollarını öz yolları sayarlar.
Bu kərim ayədən aydın olur ki, “nurlanma” və “ilhamlanma” kimi, əsasən, sufilərə və onlara bənzəyənlərə xas olan hallar asanlıqla uydurula bilər. Buna görə onların doğru-düzgünlüyünü dəyərləndirmək üçün onları Allahın Kitabı və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsi ilə müqayisə etmək lazımdır. Əgər onlar bu iki ilk mənbəyə uyğun gəlirsə, onda onları qəbul etmək olar. Əgər onlar Kitab və Sünnəylə ziddiyyət təşkil edirsə, onda onları rədd etmək lazımdır. Əgər onların mənşəyi aydın deyilsə, onda onları müzakirə etməkdən çəkinmək zəruridir. Belə halda onları qətiyyətlə nə yalan, nə də kerçək adlandırmaq olmaz. Bütün bunlar onunla izah olunur ki, “nurlanmalar” və “ilhamlanmalar” sadəcə şeytanın təlqini ola bilər ki, bunu Fövqəluca Allahın ruhlandırmasından fərqləndirmək vacibdir. Əgər insanlar bu iki anlayış arasında fərqliliyi görə bilməsələr, onda onlar ancaq Allaha məlum olan sayda səhvlərə yol verərlər.
(6.122) “Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (İslam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi”. Adamlar arasında elələri də var ki, onlar düz yola gətirələnə qədər ölü kimi idilər və imansızlıq, nadanlıq və itaətsizlik cəhaləti içindəydilər. Allah elmin, imanın və itaətkarlığın nuru ilə onları həyata qaytardı və onlar insanlar arasında parlaq işıqda, ətrafda baş verənləri dərk edərək və doğru yolla gedərək yaşamağa başladılar. Onlar yaxşılığı anlamağı öyrənir, ona üstünlük verir, var qüvvə ilə xeyirxahlığa can atır və ətraflarındakılara yardım göstərirlər. Bundan başqa, onlar şər qüvvəni tanımağı öyrənir, ona nifrət edir və böyük səylə onu özlərindən və başqalarından uzaqlaşdırmağa cəhd göstərirlər. Məgər onlar cahillik, azğınlıq, kafirlik və itaətsizlik qaranlıqlarına bürünmüş, aydın yolu görməyən və hər hansı vəziyyətdən çıxa bilməyən və zillətə, dərdə-qəmə və bədbəxliyə məhkum edilmiş insanlara bənzəyirlərmi?
Fövqəluca Allah bu insanlar arasındakı fərqi elə vurğulayır ki, qullar onu başa düşə və ayırd edə bilsinlər. Şübhəsiz ki, gecə gündüzə, işıq qaranlığa, canlılar ölülərə oxşamadığı kimi, bu adamlar da bir-birilərinə oxşamırlar. Əgər insanın azca da olsa ağlı varsa, onda necə ola bilər ki, o, kafirliyə üstünlük versin və cəhalət qaranlığında şaşqın halda qalsın? Bir sözlə, bu sualı cavablandıraraq Allah xəbər verir ki, kafirlər elə bilir ki, onların etdiklərinin hamısı gözəldir. Şeytan onların törətdiyi cinayətlərin düzgün və ləyaqətli əməllər olduğuna onları inandırana qədər bu əməlləri onlara əla şəkildə təqdim etməkdən yorulmur. Bu yanlış baxışlar tədricən onların qəlbində kök salır və onların ayrılmaz sifətinə çevrilir və onlar öz şər və yaramaz hərəkətlərindən məmnun olmağa başlayırlar. Bu – o insanlardır ki, uydurulmuş şübhələrdən iztirab çəkərək qaranlıqda kor-koranə dolaşır və düz yolu tapa bilmirlər. Onların arasında başçılar da, ağsaqqallar da var və qalan insanlar və həmçinin başçıların idarə etdiyi sadə adamlar onların ardınca gedirlər. Bu başçılardan bəziləri – insanların arasında ən bədbəxt olanlarıdır və buna görə Fövqəluca Allah sonra belə buyurur:
(6.123) “Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar (günahlarını, bunun nəticəsində də Axirətdə əzablarını daha da artırmaq üçün) orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar”. Hər şəhərdə ən ağır günahlar törədən və bütün halal hədləri aşan ağsaqqallar və rəislər mövcuddur. Onlar xalqı aldadır və həm də söz və əməllərilə onu şeytanın yoluna və elçilərlə və onların tərəfdarları ilə döyüşə çağırırlar. Lakin onların fitnə-fəsadları və hiylələri ancaq özlərinə zərər vurur, çünki Allah onlara qarşı tələ hazırlayır. Qoy bilsinlər ki, O, fəndgirlərin Ən Məharətlisidir.
Allah təqlid edilməyə nümunə olan, cinayətkarlara qarşı mübarizə aparan, onların iddialarını rədd edən və Onun yolunda onlarla döyüşən şərəfli insanları düz yola yönəldir. Belə insanlar bu məqsədə yetişmək üçün istənilən imkanlardan istifadə edirlər və Allah da onlara kömək göstərir, baxışlarını islah edir və addımlarını möhkəmlədir. Onların düşmənləri ilə aralarında gedən mübarizəsi dəyişən uğurla davam edir, amma axırda qələbə və zəfər möminlərə məxsus olur, çünki yaxşı sonluq ancaq Allahdan qorxanların qismətidir.
(6.124) “Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin (nübüvvətin, möcüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!” İslahedilməz cinayətkarlar öz yalançı nəzəriyyələrini müdafiə edir və elçilərin gətirdiyi haqqı öz paxıllıqları və zalımlıqları üzündən inkar etməyə cəhd göstərirlər. Onlar Allahın elçilərinə bəxş edilən peyğəmbərlik vəhyi onların özlərinə verilməyənə qədər iman gətirməkdən boyun qaçırırlar. Onlar Allahın Özünə qarşı etiraz edir, özləri özlərini azdırır, elçilərə nazil edilən haqqı təkəbbürlə rədd edir və Onun nemətinə müqavimət göstərirlər.
Allah onların yanlış etirazlarını rədd edir və xəbər verir ki, onlar xeyirxah təşəbbüslər üçün yaramırlar və Onun mömin qullarına, xüsusilə də, peyğəmbərlərinə və elçilərinə zəruri olan keyfiyyətlərə malik deyillər. Allah vəhyini kimə etibar edəcəyini, bu şərəfə kimin layiq olduğunu və kimin bu ağır yükü aparmağı bacaracağını daha yaxşı bilir. Allah onu, bütüm gözəl keyfiyyətlərə sahib və yaramaz əxlaqdan xali olan insanların arasından seçir və ilahi hikmətinin tələblərinə uyğun olaraq onlara əta edir. İnsan belə keyfiyyətlərə malik olmadıqda, onda Allah ona peyğəmbərlik haqqı vermir. Axı O, layiq olmayan şəxsə heç vaxt belə böyük bir şərəfli vəzifə42 nəsib etməz.
Bu ayə Fövqəluca Allahın kamil müdrikliyinin sübutudur. O, Rəhmlidir, Mərhəmətlidir, etdiyi yaxşılıqlar isə saysız-hesabsızdır, lakin O, Öz hikməti əsasında ancaq layiq olanlara mərhəmət göstərir. Cinayətkarlara gəldikdə isə onların nəsibi alçaldılma və nifrət olacaqdır. Allah onları, özlərini haqdan üstün tutduqlarına görə alçaldacaq və fitnə-fəsad törətdikləri üçün şiddətli cəzaya məruz qoyacaq. Onların qəddar hiylələri öz əziyyətlərinə səbəb olacaq və Fövqəluca Allah onlarla ədalətsizcəsinə davranmayacaq.
(6.125) “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!” Fövqəluca Allah bu ayədə qullarına nəyin xoşbəxtliyin və doğru təlimin əlamətləri olduğunu, nəyin isə bədbəxtliyin və yol azmanın əlamətləri olduğunu izah edir. İnsanın sinəsi İslam üçün genişləndikdə, onun qəlbi iman nuru ilə işıqlanır, etiqadının ziyalanması sayəsində canlanır, rahatlıq tapır və sakitləşir. Belə insan xeyirxahlığa məhəbbət hissi ilə yanaşır, saleh işləri həvəslə yerinə yetirir, onları etməkdən məmnunluq duyur və onları özünə əlavə yük saymır. Bütün bunlar ona dəlalət edir ki, Allah onu artıq doğru yola yönəltmiş, ona yardım göstərmiş və onu ən düzgün yolla aparır.
Allah insanı azdırmaq istəyərsə, onda onun sinəsi sıxılmış və daralmış olur. Onu başqasından fərqləndirən əlamət – qəlbinin imanı, bilikləri və etiqadı özündə yerləşdirməyə qabil olmayacaq dərəcədə daralmasıdır. Onun ürəyi şübhələr və ehtiraslar burulğanına o qədər qapılır ki, yaxşılıq ona daxil ola bilmir. O, artıq xeyirxah addımlar atmağa yaramır. O, sıxılmış və narahatdır, sanki bu adama göyə qalxmaq tapşırılıb və o, bu tapşırığı yerinə yetirməkdə acizdir. Bunun səbəbi isə düzgün imanının olmamasıdır. Məhz imansızlıq insanları Allahın cəzasına düçar edir, çünki kafirlər mərhəmət və xeyirxahlıq qapılarını öz qarşılarında özləri bağlayırlar.
Bu meyar tamamilə qərəzsizdir və bu müddəa qətiyyən dəyişməzdir. Sədəqə verənlərin və təqvalı olanların, ən yaxşı sözü qəbul edənlərin ən asan yolunu Allah həmişə daha da asanlaşdırır. Allah xəsis olanın və Ona ehtiyacı olmadığını güman edən adamın, ən yaxşı sözü yalan sayan adamın ən ağır yola düçar olmasını isə asanlaşdırır.
(6.126) “Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb anlayan bir camaat üçün artıq müfəssəl izah etmişik”. Bu yol birbaşa Allaha doğru aparır və Onun şəfqətli yurdu ilə sonuclanır. O Öz şəriətini və hökmlərini izah edir, xeyirlə şər arasına sədd çəkir, lakin heç də hamı bu açıqlamaları başa düşməyə nail ola bilmir. Bunu, təkcə bilik əldə edib ondan faydalanaraq zikr edən insanlar anlamağa nail olurlar. Allah onlar üçün çox qiymətli əvəz və gözəl mükafat hazırlamışdır və buna görə sonra belə deyilir:
(6.127) “Onları Rəbbinin yanında əmin-amanlıq Yurdu gözləyir. Allah onların gördüyü işləri himayə edəndir (və ya gördükləri yaxşı işlərə görə Allah onların dostudur)”. Cənnət Əmin-amanlıq Yurdu adlandırılmışdır, çünki orada nöqsanlardan, yanlışlıqlardan, xətalardan, qəm, kədər və həyatı zəhərləyən şeylərdən əsər-əlamət belə yoxdur. Cənnətdə alınan zövq mükəmməl və pakdır. Onları sözlə təsvir etmək mümkün deyil və heç kim qəlb, ürək və bədən üçün oradakından daha gözəl səadət arzulaya bilməz. Möminlər orada ürəklərinin istədiyi və gözlərinin dikildiyi hər şeyi ala biləcəklər və orada əbədi qalacaqlar. Onlara, işlərini sahmana salan, barələrində qayğı çəkən və bütün işlərdə onlara üstünlük verən, Ona tabe olmaqda onlara kömək göstərən, Onun məhəbbətinə layiq olmağa imkan yaradan Allah himayədarlıq edəcəkdir. Onlar öz Himayədarının mərhəmətini qazanmaq ümidi ilə həyata keçirdikləri saleh əməlləri sayəsində bu himayədarlığa layiq görülürlər. Onlar, öz Himayədarından üz çevirənlərə və öz nəfslərinə tabe olanlara qətiyyən oxşamırlar, çünki Allah şeytana imkan vermişdir ki, onlara qələbə çalıb, dinlərini və dünya həyatını məhv etsin.
(6.128) “(Allah insanları və cinləri) toplayacağı gün (Qiyamət günü) belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. Onların (cinlərin) insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını zənn edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə tabe edə bildikləri üçün onlardan öz qərəzli məqsədləri naminə istifadə edərlər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” (Allah) buyuracaq: “Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan İslamı qəbul edib nicat tapan kimsələr) istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin Hikmət, Elm Sahibidir!” Fövqəluca Allah, yolundan azmış və başqalarını da azdırmış bütün insanları və cinləri bir yerə toplayacağı Həmin gün insanları azdıran, şəri onlara gözəl qiyafədə göstərən və onları günah işlətməyə məcbur edən şeytanları qınayacaqdır. Onlara belə deyiləcək: “Ey cin yığnağı! Siz insanların çoxunu azdırıb yoldan çıxartdınız. Necə oldu ki, siz Mənim qadağalarımı pozmağa və Mənim elçilərimə kobudcasına itaətsizlik göstərməyə cəsarət etdiniz? Siz qullarımı Rəbbin yolundan çəkindirərək və onları Cəhənnəm yolu ilə apararaq Mənə qarşı döyüşməyə cürət etdiniz? Bu gün siz Mənim lənətimə layiq görüldünüz və qəzəbimə nail oldunuz və sizin hər biriniz kafirliyinin və ətradakılara vurduğunuz zərərin ağırlığından asılı olaraq cəzalandırılacaqsınız. Siz törətdiyiniz əməllərinizi doğrulda bilməyəcəksiniz və özünüzə sığınacaq tapa bilməyəcəksiniz. Heç kim sizə havadar çıxmayacaq və heç kim yalvarışlarınıza cavab verməyəcək”.
Bu dəhşətli gündə şeytanların nəsibinə necə dəhşətli cəza, böyük rüsvayçılıq və məşəqqətli əzab düşəcəyini anlamaq çətin deyil. Onların insanlardan olan əlaltılarına gəldikdə isə onlar özlərini doğrultmağa cəhd edəcəklər, lakin onlara bəraət verilməyəcəkdir. Onlar deyəcəklər: “Biz və cinlər bir-birimizdən istifadə edirdik. Cinlər bizim onlara tabe olmağımıza və ibadət etməyimizə, onları ucaltmağımıza və onlardan himayə edilməyimizi istəməyimizə razıydılar. Biz isə cinlərin sayəsində bəzi nöqsanlı arzularımızın həyata keçməsindən razı idik. Biz cinlərə ibadət edir, onlar da bizə ximət edir və bəzi maddi nemətləri əldə etməkdə bizə kömək göstərirdilər. Biz inkar edə bilməyəcəyimiz günahlar edirdik. İndi isə törətdiyimiz əməllərə görə cavab verməli olacağıq. Bizimlə istədiyin kimi rəftar et, Öz hökmünü ver. Biz öz xeyrimizə heç bir dəlilə malik deyilik və bəraət qazana da bilmərik və bizə təkcə Sənin qərarını və hökmünü gözləmək qalır”.
Bu sözlərdə mütilik və özünə rəhm hissi doğurmaq arzusu nəzərə çarpır. Lakin artıq olduqca gec olacaqdır və buna görə Allah ədalətli və qərəzsiz hökm qəbul edərək, onları Cəhənnəmdə əbədi cəzaya məhkum edəcəkdir. Bu hökm Onun ilahi müdrikliyinin və elminin nəticəsi olduğu üçün bu ayənin sonunda Allah Özünü Müdrik və Bilən adlandırır. Onun biliyi bütün varlığı əhatə edirsə, Onun ən ali müdrikliyi də hər şeyi özündə təcəssüm etdirir.