(6.132) “Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!” Hər bir cinayətkar öz cinayətlərinə uyğun gələn pilləni tutacaq və buna görə az günah işlədənlər qatı cinayətkarlarla eynu səviyyədə olmayacaqlar, aldadılmış sadəlövh insanlara isə kafirlərin başçılarına verilən cəza, verilməyəcək. Cənnət bağlarına daxil olanların hamısının uğur əldə edəcəyinə baxmayaraq, belə fərqlər Cənnət sakinləri arasında da olacaqdır. Təkcə Allah bilir ki, onların mükafatları bir-birindən nə qədər fərqli olacaq, lakin onların hər biri öz Himayədarının hədiyyələrindən məmnun qalacaqdır.
Biz isə Fövqəluca Allaha dua edirik ki, bizi, Öz yaxın, seçilmiş və sevimli qulları üçün hazırladığı ən yüksək Firdövs cənnətinin sakinləri etsin. O, Öz məxluqlarının əməllərinə laqeyd yanaşmır və onlardan hər birini Ona dəqiqliklə məlum olan əməllərinə və niyyətlərinə uyğun olaraq hökmən mükafatlandıracaqdır.
(6.133) “Rəbbin heç bir şeyə (heç bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizə başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi də məhv edib yerinizə dilədiyini gətirər”.