Əl-maiDƏ (SÜFRƏ)


(6.149) “De: “Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”



Yüklə 2,51 Mb.
səhifə102/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   98   99   100   101   102   103   104   105   ...   317
(6.149) “De: “Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”.
Allah xəbər verir ki, müşriklər Onun qədərini dəlil gətirməklə bütlərə ibadət etmələrinə və Onun halal qıldığını haram etmələrinə bəraət qazandırmağa çalışacaq və güman edəcəklər ki, əgər O, bütün xeyri və şəri yaratmışsa, onda ilahi qədəri bəraət almağa çalışmaq onları qınanmaqdan xilas edə biləcəkdir. Hər şey həqiqətən Allahın öncədən dediyi kimi oldu və buna görə digər bir vəhydə xəbər verilir ki, müşriklər belə deyiblər: “...Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız Ondan başqa heç bir şeyə tapınmaz, Onsuz (Allahın razılığı, hökmü olmadan) heç bir şeyi haram etməzdik...” (Nəhl, 16/35).

Fövqəluca Allah buyurmuşdur ki, bütün zamanlarda kafir xalqlar Allahın elçilərinin dəvətini rədd edərək, özlərinə ilahi qədərlə haqq qazandırmağa cəhd göstərmişlər. Bu onlara heç bir fayda verməmiş, lakin Allah onlara əzabverici cəzanı daddırana qədər özlərini eləcə də aparmışlar. Əgər özlərinə belə bəraət qazandırmaq doğru olsaydı, o, onları cəzadan xilas edərdi və Allah da onları amansız cəzaya məruz qoymazdı. Belə cəzanı ancaq ona layiq olanlar çəkirlər. Lakin o bəraət əsassız və şübhəlidir və bunun bir neçə izahları var.

Birincisi, əgər o doğru olsaydı Allah kafirlərdən qisas almazdı.

İkincisi, istənilən bəraət biliklərə və inandırıcı dəlillərə istinad etməlidir. Əgər bəraət həqiqəti əvəz etməyə qadir olmayan zənnə və uydurma yalanlara söykənirsə, onda o əbəs və faydasızdır. Allah qatı mübahisəçi olan müşriklərə təklif edir ki, öz biliklərini və dəlillərini təqdim etsinlər, lakin onlar bunu etmədilər, çünki onların heç bir biliyi, məlumatı yox idi. Əksinə, onlar ancaq zənnə qapılır və yalanlar uydururdular. Öz münasibətlərini yalan və fərziyyələri üzərində quran insan özü də yalançıdırsa və mütləq zərər çəkəcəksə, onda öz münasibətlərini məhz ədalətsizlik, inadcıllıq, şər və nöqsan üzərində bərqərar edən insanlar barəsində nə deyə bilərik?

Üçüncüsü, Allah həqiqəti ən inandırıcı tərzdə insanların nəzərinə çatdırmış və onları öz itaətsizliklərinə bəraət qazandır­maq imkanından məhrum etmişdir. O (Allah), bütün peyğəmbər­lərin və elçilərin yekdilliklə təbliğ etdikləri dəlillər nazil etmişdir. Bu dəlilləri bütün Səmavi Kitablar və peyğəmbərlərin hekayətləri, sağlam ağıl və habelə nöqsansız təhtəlşüur təsdiq edir. Buradan aydın olur ki, bu təkzibolunmaz ayələrlə ziddiyyət təşkil edən nə varsa, hamısı yalandır, çünki təkcə yalan həqiqətin ziddinə ola bilər.

Dördüncüsü, Fövqəluca Allah məxluqlarına iradə və istedad vermişdir ki, onlar bu özəlliklərinin sayəsində öz vəzifələrini yerinə yetirə bilərlər. O, Öz qullarına onların bacara bilməyəcəkləri bir işi görməyi əmr etməmiş və onların qaçına bilməyəcəkləri şeyləri onlara qadağan etməmişdir. Əgər bundan sonra insanlar Onun qədəri və tale ilə özlərinə bəraət qazandırmağa cəhd göstərsələr, onda zalımlıq etmiş və sadəcə inadkarlıq göstərmiş olarlar.

Beşincisi, Fövqəluca Allah insanların törətdikləri əməlləri etmələrinə onları məcbur etmir. Əksinə, qulların əməlləri onların istəkləri ilə müəyyənləşdirilir. Onlar istədikləri zaman bu və ya digər bir işi görə və yaxud onu etməkdən özlərini saxlaya bilərlər. Buna əmin olmaq çox asandır və bunu inkar edənlər ancaq təkəbbürlü adamlardır ki, onlar hətta gördükləri və əllə toxunub hiss etdikləri əşyaları da inkar etməyə hazırdırlar. Hər bir insan könüllü görülən işlərlə, məcburiyyət qarşısında görülən işlərin arasında fərqi görməyə qadirdir, halbuki bütün bunların hamısı Allahın iradəsindən asılıdır və Onun icazəsi ilə baş verir.

Altıncısı, əgər insanlar öz itaətsizliklərinə Allahın qədəri və tale ilə bəraət qazandırırlarsa, onda onların işləri hökmən ziddiyyətli olur. Onlar bu nəticədən qaça bilmirlər. Bir kimsə qədərə və taleyə istinad etməklə özünə bəraət qazandıraraq belə insanları incitdikdə, vurduqda və ya onların malını mənimsədikdə, onlar belə bəraəti qəbul etməz və hətta bundan son dərəcə qəzəblənərlər. Qəribədir ki, onlar Allahın qəzəbinə səbəb olan öz günahları və əməllərinə görə özlərini doğrultmağa cəsarət göstər­dikləri dəlillərə istinad etdikləri halda, insanların onları incidərkən özlərinə bəraət qazandırmağa çalışdıqları eyni dəlillərlə heç vaxt razılaşmırlar.

Yeddincisi, Allahın qədəri və tale ilə özlərini doğruldaraq, kafirlər bəraət axtarmırlar, çünki onlar öz dəlillərinin əsassızlığını çox gözəl başa düşürlər. Onların yeganə məqsədi haqq müdafiə­çilərini təkzib etmək və onları istənilən mümkün üsullarla məğlub etməkdir ki, bunun üçün onlar doğru və ya əyri saydıqları bütün hər şeydən istifadə edirlər.
                           

(6.150) “De: “Bunu (haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Şayəd onlar (yalandan) şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayan­ların nəfslərinin istəklərinə uyma. Onlar (bütləri) öz Rəbbinə tay tutarlar.
Ey Muhəmməd! Allahın halal buyurduğunu qadağan edənlərə və Ona iftira atanlara əmr et ki, onlar belə qadağaların Allah tərəfindən nazil olunduğunu təsdiq edən şahidlərini çağırsınlar. Onlar belə təklifi eşidərək iki şeydən birini etmək məcburiyyə­tində qalacaqlar. Əgər onlar bunu təsdiq edən şahidlər gətirməsələr, onda onların iddiala­rı­nın yalan və təsdiq olunmadığı aşkar olacaqdır. Əgər onlar bu qadağaları təsdiq edən şahidlər tapsalar, onda o şahidlərin ən yalançı və günahkar adamlar olduğu üzə çıxacaq ki, insanlar onların şahidliyini qəbul etməyəcəklər, çünki ədalətli insanlar belə şeyləri heç vaxt təsdiq etməzlər.

Buna görə Fövqəluca Allah Onun ayələrini yalan sayan, Axirət həyatına inanmayan və bütlərini və uydurulmuş tanrıça­larını öz Rəbbi ilə bərabərləşdirənlərə şahidlik etməyi və onların niyyətlərinə göz yummağı Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) və onun ardıcıllarına qadağan etmişdir. Onlar Qiyamət gününü inkar edir və tövhidə etiqad göstərmirlər. Onların niyyətləri ancaq Allaha şərik qoşmaqla və haqqı danmaqla bağlıdır, çünki insanların niyyətləri həmişə onların etiqadı ilə müəyyən olunur. Onlar, Allahın, yaratdığı ən yaxşı məxluquna, onların ardınca getməməyə və onların şahidlik etdiklərinə şəhadət verməməyə əmr etdiyinə layiqdirlər. Bütün bunlar onu göstərir ki, onlar Allahın halal qıldığını, yalnız öz yanlış niyyətlərinə istinadla haram edirdilər.
                                           

(6.151) “(Ey Elçim!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini de­yim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlaya­sınız!”
Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, bütün insanlara aid yeyinti məhsul­larından, içkilərdən, ifadələrdən və əməllərdən ibarət olan əsas haramlar haqqında Onun halal qıldığını haram edənlərə xəbər versin.

Hər şeydən əvvəl, Allah, bir və ya bir neçəsi olmasından asılı olmayaraq, Ona şəriklər qoşulmasını haram edir. Allaha şərik qoşulması adı altında Onunla bərabər məxluqlara ibadət etmək, onları təkcə Onu ucaltmalı olduqları kimi ucaltmaq və ya təkcə Ona həsr olunmalı şeyi, onlara aid etmək nəzərdə tutulur. Əgər qul Allaha şərik qoşmanın bütün formalarından çəkinərsə, onda o, bütün hallarda tövhidə etiqad və təkcə Ona ibadət etmiş olur. Tək Bir Olan Allaha məhz belə səmimi ibadət və müşrikliyi rədd etmək qulların Onun qarşısında vəzifəsidir.

Sonra Allah qulların məxluqlar qarşısında ən mühüm vəzi­fələrini xatırladır və valideynlərə xoş sözlər söyləməklə, onlarla ən gözəl tərzdə davranmaqla onlara yaxşılıq etməyi əmr edir. Valideynlərə fayda verən və ya onları sevindirən hər hansı söz və hər hansı əməl onlara yaxşı münasibət bəsləmənin təzahürüdür və əgər insan onlara layiqincə yaxşılıq etməyə nail olarsa, onda o, heç vaxt onlara itaətsizlik göstərməz.

Daha sonra Fövqəluca Allah, cahiliyyə zamanında rəhmsiz və zalım müşriklərin etdiyi kimi, kasıblaşacaqlarından və təminat­larının azalacağından qorxaraq oğlan və qız uşaq­la­rını öldürməyi qadağan edir. Əgər insanlara kasıbçılıqdan qorxaraq öz uşaqlarını öldürmək insanlara qadağan edilmişdirsə, onların öz uşaqlarını heç bir səbəb olmadan və ya özgə uşaqlarını öldürməyə qətiyyən haqları yoxdur. Allah valideynləri övladları ilə birlikdə ruzi ilə təmin edəcəyini Öz öhdəsinə götürmüşdür və qoy ata-analar düşün­məsinlər ki, uşaqlarını ruzi ilə onların özləri təmin edirlər. Onlar hətta özlərini belə ruzi ilə təmin etməyə qadir deyillər və uşaqlar onlar üçün heç bir çətinlik törətməz.

Allah çirkin əməllərə yaxınlaşmağı belə qadağan etmişdir. Bu ad altında mənfur ağır günahlar nəzərdə tutulur. Bu günahlar açıq-aydın və gizli ola, bədənlə və ya qəlblə törədilə bilər. Allah onlara yaxın düşməyi də qadağan etmişdir. Bu qadağa, o günahları törətməyə qoyulan qadağadan daha qabarıq tərzdə ifadə olunmuş­dur, çünki o, ondan öncə baş verən və ya onlara səbəb ola bilən bütün əməllərə aiddir.

Allah həmçinin müsəlman kişiləri və müsəlman qadınları, uşaqları və yaşlıları, möminləri və günahkarları və habelə sülh müqaviləsi və ya sazişi ilə toxunulmazlığına zəmanət verilən kafirləri öldürməyi qadağan etmişdir. Lakin insan nikah bağladıq­dan sonra zina edərsə və ya başqa müsəlmanı öldürərsə və yaxud İslamdan üz çevirib müsəlman icmasını tərk edərsə, edam edilə bilər.

Allah bu hökmlərini Öz qullarına ona görə göndərmişdir ki, onları yadda saxlayıb ağıllansınlar və onlara riayət etsinlər. Buradan aydın olur ki, qullar onlara həvalə edilmiş vəzifələrini onların düşünmək və anlamaq qabiliyyətindən asılı olaraq yerinə yetirirlər.
                                   

(6.152) “Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxalt­maq) istisna olmaqla, həddi-buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!”
Yetimlərin malını yeməyin, öz xeyriniz üçün istifadə etməyin və onu zəruriyyət olmadan xərcləməyin. Yetimlərin malını, ancaq onlara fayda verdikdə və ya onların var-dövlətini artırmaq istədikdə, istifadə edin. Bu o deməkdir ki, onlara zərər verdiyi və ya fayda və zərər vermədiyi hallarda yetimlərin malına onlar həddi-buluğ yaşına çatana qədər və öz əmlakına öz bildiyi kimi savadlı sərəncam verməyi bacaranadək yaxınlaşmaq qadağan edilir. Buradan belə bir nəticə çıxır ki, yetim həddi-buluğ yaşına çatana qədər öz əmlakına müstəqil sərəncam çəkmək hüququna malik olmur və onun hamisi onun əmlakına ən yaxşı tərzdə sərəncam çəkməlidir və bu məhdudiyyətlər yetimin həddi-buluğa çatmasına qədər davam edir.

Ölçü qabını tam doldurun və ağırlığı düzgün çəkin və əgər bu tələbləri qüsursuz yerinə yetirmək istəsəniz, onda sizlərdən heç kimi onun imkanlarından artıq yükləməzlər. Allah insana onun öhdəsindən gələ bildiyi qədər vəzifə tapşırır və ona gücü çatmadığı öhdəliklər vermir. Əgər siz səhlənkarlığa yol vermədən və bəd niyyəti olmadan ölçüdə və çəkidə düzgünlüyə can atsanız, lakin bu zaman səhv etsəniz, Allah sizi bağışlayar və sizə lütfkarlığını göstərər.

Bu ayəyə istinad edərək İslam hüququ əsaslarının biliciləri təsdiq edirlər ki, Allah insana onun imkanlarını aşan vəzifələr həvalə etmir və əgər insan Ondan qorxursa, Onun hökmlərini nöqsansız yerinə yetirmək üçün mümkün olan hər şeyi edirsə, onda o, qalan başqa şeylərə görə məsuliyyət daşımır.

Əgər siz insanlar arasında baş verən münaqişəni həll edirsinizsə və ya onların ifadələrini və əməllərini dəyərləndirir­sinizsə, onda sevdikləriniz haqqında da və xoşlamadıq­larınız haqqında da ədalətli olun və həqiqəti deyin. Tərəfkeş olmayın və insanlara izah etməli olduğunuzu gizlətməyin, çünki sizin xoşu­nuza gəlməyən adamlara və onların dediklərinə qarşı qərəzli yanaşma ədalətsizlikdir və qadağan olunmuş əməldir. Bundan da başqa, əgər din alimi bidətçi baxış tərəfdarlarını tənqid edirsə, o onların hər nəzər nöqtəsinə layiqincə diqqət yetirməli, onların düzgün və yanlış baxışlarını izah etməli, onların doğru etiqada yaxınlığı və ya uzaqlığını ədalətlə dəyərləndirməlidir. Alimlər onu da qeyd edirlər ki, hakim çəkişən tərəflərdən hər hansı birinə nə baxışı və nə də sözü ilə tərəfgirlik etməməlidir.

Allahın Öz qulları ilə hər şeyi özündə ehtiva edən əqd bağladığı zaman onlara həvalə etdiyi öhdəliklərə və qulların öz aralarında bağladıqları müqavilələrə sadiq olun! İnsanlar bu öhdəliklərdən hər birini qüsursuz yerinə yetirməlidirlər. Onları pozmaq və ya yerinə yetirən zaman səhlənkarlıq göstərmək qəti qadağandır.

Allah belə hökmləri sizə ona görə həvalə etmişdir ki, siz onları yadda saxlayasınız və Onun hökmlərini layiqincə yerinə yetirəsiniz və onlarda olan hikməti və dini qanunları dərk edəsiniz.
                 
(6.153) “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”
Allah bir çox mühüm əmr və qanunlarını izah etdikdən sonra, onlara daha geniş nəzərdən yanaşmağı xatırladır. Allahın Öz Kitabında şərh etdiyi bu və digər hökmləri bilavasitə Allaha və Rəbbin rəhmət məkanına yönəldən doğru, sadə və ən qısa yoldan ibarətdir.

Ey insanlar! Siz bu yolla getməlisiniz ki, xoşbəxtlik əldə edəsiniz və uğur qazana və arzularınızın yerinə yetməsinə nail ola biləsiniz. Siz bu düz cığırla üst-üstə düşməyən yollarla getməməlisiniz, çünki əks halda siz azarsınız və ondan ya sağa və ya da sola meyl edərsiniz. Əgər siz ondan sapsanız, onda mütləq Cəhənnəmə aparan yollardan birinə düşərsiniz. Allah sizə bunu nəsihət edir ki, təqvalı olasınız. Əgər siz Onun təlimini rəhbər tutsanız, onu dərk edib həyata keçirsəniz, onda siz hökmən Allah­dan qorxan qullar olarsınız ki, onlar mütləq uğur qazanacaqlar.

Bu ayədə Allah doğru yolu tək sayla xatırladır49 və onu Öz yolu adlandırır, çünki o, Ona doğru aparan yeganə istiqamətdir və Allah Özü insanlara bu yolla getməyə kömək göstərir.
                 
(6.154) “Sonra Biz yaxşı işlər görən kimsəyə - Musaya (bəxş etdiyimiz neməti) tamamlamaq, hər şeyi ətraflı izah etmək üçün ona bir hidayət və (ilahi) mərhəmət olaraq Kitabı (Tövratı) verdik ki, bəlkə, yəhudilər (bununla) öz Rəbbinə qovuşa­caq­larına (Onun hüzuruna gedəcəklərinə) inansınlar!”
Bu ayədə “sonra” (“summə”) sözü zaman ardıcıllığını bildir­mir, çünki Musa əleyhissalam, Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) bu Kitabı insanlara oxumağa başlamasından qabaq peyğəmbərlik etmişdi. Bu söz burada rəvayət edilən ifadə­nin ardıcıllığını göstərmək üçün istifadə olunmuşdur.

Allah xəbər verir ki, O, Musa peyğəmbərə (ə) Tövratı ona görə bəxş etmişdi ki, Öz lütfkarlığını tamamlasın, onun xalqı arasından xeyirxahlıq edən insanlara göstərdiyi nemətini başa çatdırsın. Allah mömin israillilərə saysız-hesabsız nemətlər əta etmişdi ki, bunlardan biri də nazil edilmiş Tövrat idi. Allah onlara göstərdiyi Öz xeyirxahlığını tamamladı və təkcə bu artıq onları Ona həmd etməyə yönəltməliydi. Allah haram və halalı, dini hökmləri və qadağaları, onların bilməyə ehtiyac duyduqları etiqad və bir çox başqa məsələləri təfərrüatı ilə onlara izah etmişdi. O, onlara hər cür yaxşılığa doğru yol göstərmiş və onlara dinin əsas və fərdi müddəalarına50 zidd olan hər cür pis əməli anlatmışdı. O, onlara xoşbəxtlik, mərhəmət və çoxlu nemətlər əldə etməyi öyrət­mişdi. O, onlara Kitab və aydın ayələr nazil etmişdi ki, Onunla görüşəcəklərinə iman gətirsinlər. Çünki bu Kitabda dirilmənin və törədilmiş əməllərə görə əvəz veriləcəyinin gerçəkliyinə inandırıcı dəlillər vardı ki, onlar hər bir insanın Allahla görüşəcəyinə və buna hazırlaş­mağa iman gətirməli olduğunu zəruriləşdirir.

        

(6.155) “Bu nazil etdiyimiz (Quran) mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!”
Bu Əzəmətli Quran – Allahın müdrik xatırlatması və mübarək bir Kitabdır ki, onda böyük nemət və tükənməz biliklər təmərküzləşdirilmişdir. Quran – bütün digər elmlərin və hər növ nemətlərin mənbəyidir. Dünyada elə bir xeyir iş yoxdur ki, Quran onun hikmətini və faydasını izah edərək, yerinə yetirilməsinə çağırmasın və dünyada elə bir şər əməl də yoxdur ki, onun müdhiş nəticələr verəcəyini bildirərək, insanları ondan çəkindirməsin və ondan xilas olma yolunu öyrətməsin.

Ey insanlar! Bu Kitabın hökmlərini və qadağalarını rəhbər tutun, ona istinad edərək öz imanınızın özülünü qoyun və divarlarını hörün. Fövqəluca Allahdan qorxun və Quran ayələrinə itaətsizlik göstərməyin, çünki əgər siz onlara əməl etsəniz, hökmən əfv olunacaqsınız, axı Kitabın öyrənilməsi və onun nəsihətlərinin yerinə yetirilməsi – Allahın mərhəmətini qazanmağın ən böyük amilidir.
                                                  
(6.156) “Biz onu sizin: “Bizdən əvvəl Kitab ancaq iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz onların oxuduqlarından xəbərsizik”- deməməyiniz

(6.157) və ya: “Əgər bizə də Kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq”, söyləməməyiniz üçün (göndər­dik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlar­dan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimiz­dən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cazalandıra­cağıq!”
Biz sizə bu Mübarək Kitabı nazil etdik ki, sizi küfrə bəraət qazandırmaq imkanından məhrum edək və siz deməyəsiniz ki, Kitab təkcə yəhudilərə və xristianlara – sizə qədərki dindar ümmətlərə nazil edilmişdi və siz əvvəlki Kitablardan xəbərsiz idiniz. Onu sizə Biz göndərmişik və səmadan hələ heç vaxt belə dolğun məzmunlu, aydın və asan ifadə edilmiş Vəhy endirilmə­mişdi.

Buna qədər siz öz kafirliyinizə doğru bir Təlimatın sizə hələ heç gəlib çatmaması və ya natamam şəkildə çatması ilə bəraət qazandıra bilərdiniz. Lakin indi siz doğru yolu göstərən kamil Təlimatı gördünüz, axı sizə Rəbbinizdən açıq-aydın bir möcüzə gəlmişdi. Açıq-aydın möcüzə dedikdə, haqqa nur saçan nə varsa – hamısı nəzərdə tutulur.

O (Kitab), sizi azğınlıqdan düz yola çıxarır və sizə qarşı bəslənən mərhəmətdir, çünki dində və dünyəvi həyatınızda xoşbəxtliyinizi təmin edir. O, sizi onun hökmlərini yerinə yetirməli və onun bütün hekayətlərinə inanmalı olduğunuza yönəldir. Əgər sizlərdən kimsə ona diqqət yetirmir və onu yalan sayırsa, onda o – zalımların ən zorbalarındandır, çünki Allahın ayələrini inkar edənlərdən, onlardan üz döndərənlərdən və uzaqlaşanlardan daha zalım kəslər yoxdur. Allahın ayələrindən üz çevirən hər kəs az­ğınlığa qapıldığı və başqalarını da azğınlığa saldığı üçün hökmən dəhşətli cəzaya məruz qoyulacaqdır. Bu, törədilən cinayət­lərə görə ədalətli əvəz olacaqdır, axı Rəbb Öz qullarına heç vaxt zülm etmir.

Bu ayələr – Quran biliklərinin ən şərəfli və mübarək olma­sının və hər şeyi əhatə etməsinin dəlilləridir. Müqəddəs Quran sayəsində düz yol tamamilə aydın görünür və onun aydınlaşdırıl­ması üçün insanlar mütəfəkkirlərin uydurmalarına, filosofların mühakimə­lərinə və ya ilk və sonuncu nəsillərin digər elmlərinə ehtiyac duymurlar. Bu ayələrdən həm də aydın olur ki, əvvəlki Kitablar təkcə iki ümmətə - yəhudilərə və xristianlara nazil edilmişdi. Ancaq onlar Kitab əhli hesab olunur, zərdüştilər və digər dinlərin nümayən­dələri onlara aid edilmirlər. Onlardan həmçinin belə bir nəticə çıxır ki, Quran nazil edi­lənə qədər ərəblər tam mənada cahillik içində idilər və mühüm biliklərin mühafizə­çiləri olan yəhudilərin və xristianların Kitablarının mahiyyəti haqqında təsəvvürə malik deyildilər.
                                     
(6.158) “(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi Qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? (Ey Elçim!) Rəbbinin bəzi Qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, elə biz də gözləyirik!”
Doğrudanmı zalımcasına davranmaqda davam edən və öz inkarçılığında inadkarlıq göstərən kafirlər Axirət həyatının başlanğıcını və cəza xəbərçilərini gözləyirlər? Bu, baş verdikdə, mələklər onların canlarını almaq üçün qarşılarında zühur edəcəklər və o zaman dinə qayıtmaq və xeyirxah işlər görməyə başlamaq heç bir fayda verməyəcək. Sonra isə Allah görünəcək ki, Öz qullarına hökm çıxarsın və bütün möminlərə və günahkarlara layiq olduqlarının əvəzini versin. Doğrudanmı kafirlər bunu gözləyirlər? Doğrudanmı onlar Qiyamətin qopmasının yaxınlaş­ma­sını sübut edən əlamətlərin təzahür etməsini gözləyirlər?

O əlamətlər təzahür etməyə başladıqda iman, əvvəllər iman gətirməmiş və öz imanı sayəsində xeyir qazanmamış, kəslərə artıq fayda verməyəcək. Bu, baş verəndə kafirlər doğru imanı qəbul etməkdən faydalana bilməyəcək, möminlər isə, əgər onlar əvvəllər xətalara yol verirdilərsə, artıq xeyirxah əməllərini çoxalda bilməyə­cəklər. İman təkcə o şəxslərə fayda verəcək ki, onlar bu əlamətlər zühur edənə qədər iman gətirmiş və xeyirxahlıq etməyi bacarmış olsunlar.

Bu müddəanın hikməti tamamilə aydındır, çünki iman o şəxslərə fayda verir ki, onlar qeybə inanmış və öz istəyi ilə mömin kimi davranmış olsunlar. Rəbbin Qiyamət əlamətləri zühur etdikdə isə qeybə məxsus olanlar aşkarlanacaq və iman tamamilə lüzum­suz olacaqdır. Onda insanlar iman gətirməyə məcbur olacaqlar və onların imanı suda boğulanın və ya alov bürüyüb yanan insanın, ölümlə üz-üzə gəldikdən sonra törətdiyi günahlardan imtina edənin imanına bənzəyəcəkdir. Fövqəluca Allah buyurur: “Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik! Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular)” (Mumin, 40/84-85).



Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) çoxsaylı səhih hədislərində bildirilir ki, Allahın bəzi Qiyamət əlamətləri adı altında Günəşin qərbdən çıxması nəzərdə tutulur. İnsanlar bunu gördükdə, onlar o saat dinə iman gətirəcəklər, lakin bu onlara heç bir fayda verməyəcəkdir, çünki tövbə qapıları artıq bağlanmış olacaqdır.

Bu vəhy Allahın elçilərini yalançı sayan kafirlərə qorxunc bir xəbərdarlıqdır. Onlar gözləyirdilər ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) və onun ardıcıllarına fələyin zalım dönüklüyü düçar olacaqdır. Allah isə onlara səbr edib gözləməyi buyurmuşdu – çox yaxın vaxtda onlar görəcəkdilər ki, insanlardan kimlərin özlərini təhlükəsizlikdə hiss etməyə daha çox əsası vardır.

Bu ayə, Fövqəluca Allahın Öz iradəsi ilə yerinə yetirdiyi əməllərə inanan Sünnə və camaat əhlinin baxışlarının lehinə şəhadət verən bir dəlildir. O, səmaya yüksəlir, enir və gəlir, lakin Onun ilahi əməlləri məxluqların əməllərinə oxşamır. Bu müddəalar Quran və Sünnənin bir sıra mətnləri ilə təsdiq olunur.

Bu ayədən aydın olur ki, günəşin qərbdə çıxması Qiyamət əlamətlərin­dəndir. Buradan belə çıxır ki, Fövqəluca Allah müdrik­dir və Onun müəyyən etdiyinə görə, iman gətirmək məcburiyyət altında deyil, könüllü olduğu zaman fayda verir. Buradan həmçi­nin aydınlaşır ki, insan öz imanı sayəsində nemət əldə edir və itaətkarlıq, xeyirxahlıq və Allahdan qorxmaq hissi, qul düzgün iman sahibi olduqda ona fayda verir və artır. Əgər onun qəlbi imandan məhrumdursa, ona heç bir şey fayda verə bilməz.
ﭹﭺﭻﭼﭽﭾﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ
(6.159) “(Ey Elçim!) Şübhəsiz ki, sənin firqə-firqə olub dini­ni parçala­yan­larla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (Qiyamətdə) onlara nə etdiklərini bil­di­rəcəkdir!”
Fövqəluca Allah müxtəlif məzhəblərə mənsub olan və özlə­rinə müvafiq adlar uyduranları hədələyir. Onlar özlərini yəhudili­yin, xristianlığın və ya zərdüştiliyin ardıcılları adlandı­rırlar, halbuki bu onların dindarlığına fayda vermir. Allah imanı kamil olmayanı da hədələyir, çünki onlar şəriətin bir hissəsini qəbul edir, o biri hissəni özlərinin dininə çevirir, digər hissəsini isə, ola bilsin ki, daha çox vacib olanı, kənara atırlar. Bidət və azğın məsləklərə etiqad edən müxtəlif dini təriqətlərin tərəfdarları məhz belə davra­nır və müsəlmanların sırasına təfriqə - nifaq salırlar.

Bu kəramətli ayə İslam dininin insanların birliyinə hökm verdiyini, təriqətlərə bölünməsini və habelə dinin əsas və fərdi məsələlərində51 onların ziddiyyətə qapılmasını qadağan etdi­yini sübuta yetirir. Elə buna görə də, Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyu­rur ki, müsəlmanların sıra­larına təfriqə salanlardan üz döndərsin. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə insanlarla heç bir əlaqəsi yox idi və onların da ona (ona Allahın salavatı və salamı olsun!) heç bir aidiyyəti yox idi, çünki onlar ona (ona Allahın salavatı və salamı olsun!) itaətsizlik göstərmiş və onun (ona Allahın salavatı və salamı olsun!) əleyhinə çıxmışdılar. Onlar mütləq Allaha qaytarılacaqlar və O, onlara layiq olduqlarının əvəzini və bütün törətdikləri əməllər haqqında xəbər verəcəkdir.


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin