ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ (6.162) “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”
(6.163) “Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” Bundan əvvəlki geniş mənalı vəhydən sonra Fövqəluca Allah ibadətin ən şərəfli ayinlərini – namazı və qurbanı xüsusilə qeyd edir. Bununla da Allah bu ayinlərin üstünlüyünü xüsusilə vurğulayır ki, onların hər biri insanın Fövqəluca Allahı sevdiyinə, səmimiyyətlə təkcə Ona xidmət etməsinə və Ona qəlbən, dili və canı ilə və həmçinin qurban verməklə yaxınlaşmağa can atdığına şəhadət verir. Həqiqətən, mömin insan özü üçün əziz və sevimli olan malını Fövqəluca Allaha qurban edir və bununla o, Onu daha güclü məhəbbətlə sevir.
Əgər insan Allah xatirinə səmimiyyətlə namaz qılır və qurban verirsə, onda onun bütün digər əməlləri və sözləri də həmçinin səmimi olacaqdır və belə olduqda, onun bütün həyatı və ölümünə qədər ona qismət olacaq hər şey bir olan Allaha – aləmlərin Rəbbinə həsr olunacaqdır. Onun Onunla bərabər hakimiyyəti və Kainatı idarə etməyi bölüşdürə bilən bir şəriki yoxdur; Onunla bərabər ibadət olunmaq haqqını bölüşdürə bilən hər hansı şərikləri də yoxdur.
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiyi tək Allaha bu cür xidmət bir yenilik deyildi. O (ona Allahın salavatı və salamı olsun!), bunu öz istəyi ilə fikirləşib tapmamışdı – ona bunu etmək həvalə olunmuşdu və o, təkcə bu hökmü yerinə yetirməklə pis sonluqdan xilas ola bilərdi. Bunu edərək, o (ona Allahın salavatı və salamı olsun!), ümmətimizin ilk müsəlmanı oldu.