Əl-maiDƏ (SÜFRƏ)


(6.49) “Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!”



Yüklə 2,51 Mb.
səhifə84/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   80   81   82   83   84   85   86   87   ...   317
(6.49) “Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!”
Fövqəluca Allah xəbər verir ki, bütün peyğəmbərlər (insanlara) müjdə ilə və xəbərdarlıq etmələri üçün göndərilmişlər. Elçilərin hamısına izah edilmişdi ki, kimə müjdə verməli və kimi nə ilə sevindirməlidirlər və müjdəyə layiq olmaq üçün qullar hansı əməlləri yerinə yetirməlidirlər. Onlara həmçinin izah edilmişdi ki, kimi xəbərdar edib çəkindir­məli, nədən çəkindirməli idilər və qullar hansı əməlləri törədəndə qorxunc xəbərdarlığa layiq görülürlər.

Lakin insanların heç də hamısı elçilərin (onlara Allahın salamı olsun!) çağırışına cavab vermirdilər və buna görə onlar iki qismə ayrılırdılar. Onlardan bəziləri Allaha, Onun mələklərinə, Onun Kitablarına, Onun elçilərinə və Qiyamət gününə iman gətirir, öz baxışlarını, əməllərini və niyyətlərini islah edib düzəldirlər. Belə insanlar onları qarşıda nə gözlədiyindən qorxmayacaq və əvvəllər etdiklərinə görə kədərlənməyəcəklər. Digərləri isə Allahın ayələrini yalan saydılar və özlərini, Ona itaət etməkdən boyun qaçırdıqlarına görə, dadmalı olacaqları cəzaya məhkum etdilər.
                            

(6.50) “De: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demi­rəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?”
Kafirlər Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) tələb edirdilər ki, onlara müəyyən möcüzələr göstərsin və belə hesab edirdilər ki, o (ona Allahın salavatı və salamı olsun!) onlara özünə (ona Allahın salavatı və salamı olsun!) ibadət etməyi təklif edir. Belə olduqda, ona (ona Allahın salavatı və salamı olsun!) əmr edildi ki, onlara desin: “o (ona Allahın salavatı və salamı olsun!), Allahın mülkünün və səxavətinin sərəncam çəkəni deyil və qeybi də bilmir, çünki bu keyfiyyətlərə malik olan yalnız Allahdır.

Fövqəluca Allah buyurur: “Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Fatir, 35/2);

Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açar­ları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar...” (Cinn, 72/26-27).



Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) həmçinin aşağıdakıları demək buyurulmuşdu: “Mən özümü qüdrət sahibi olan və hər cür tapşırığı yerinə yetirən mələk adlandırmıram. Mən, Allahın məni qoyduğu yerdən daha yüksək bir mövqeyə iddia etmirəm. Mənim vəzifəm mənə nazil edilən Vəhyə əməl etməkdir. Mən ona uyğun olaraq hərəkət edirəm və bütün insanları da buna dəvət edirəm. Əgər siz mənim əsil vəziyyətimi bilirsinizsə, onda bəs siz məndən niyə məndən mənim heç vaxt etməyəcəyim əməli tələb edirsiniz? Məgər insandan aidiyyəti olmayan bir şeyi tələb etmək olarmı? Niyə mən sizi Vəhylə aldığıma dəvət edəndə, niyə siz mənə, mənə xas olmayan vəzifəni öhdəmə götürməyi təklif edirsiniz? Məgər sizin bu hərəkətiniz zalımlığın, inadkarlığın və kobudluğun təzahürü deyilmi? Siz mənim xütbələrimi qəbul edib, mənə Vəhylə nazil olana tabe ola bilərsiniz və ya ondan boyun qaçıra bilərsiniz, lakin bu iki əməl arasında fərq tamamilə aydındır. Məgər korla görəni müqayisə etmək olarmı?! Məgər siz düşünmür və hər şeyi öz yerinə qoya bilmirsiniz? Doğrudanmı siz həqiqətən üstünlük verilməli olan şeyə üstünlük verməyəcəksiniz?”
                 

(6.51) “Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Quran­la) xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar (bununla) pis əməllərdən çəkinsinlər!”
Bu Quran – bütün insanlar üçün öyüd-nəsihətdir, lakin təkcə Rəbbinin qarşısında toplaşacaqları gündən qorxanlar ondan faydalanarlar. Bu insanlar qəti əmindirlər ki, onlar bu maddi dünyanı tərk edib əbədi məskənə köçəcəklər və buna görə onlar özləri ilə yol üçün onlara fayda verən şeylər götürməlidirlər. Bununla yanaşı, onlar, yolçuya zərər verə biləcək hər şeydən uzaq qaçırlar. Onlar başa düşürlər ki, heç bir məxluq onlara istədiklərini əldə etməyə və təhlükələrdən qorunmağa kömək edə bilməz. Heç kim onlara havadar çıxa bilməz, çünki yaradılmışlar Kainatda baş verən proseslər üzərində hakimiyyətə malik deyillər. Öyüd-nəsihət insanda Allah qarşısında qorxu hissi oyatdığı üçün, Quranın öyüd-nəsihətləri sayəsində onlar Allahın hökmlərini yerinə yetirməyə başlayır və Onun haramlarından uzaq gəzirlər.

                         
(6.52) “(Ey Elçim!)Rəbbinin Camalını diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma. Onların əməllərinin sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də onları qovsan zalımlardan olarsan”.
Allaha səmimiyyətlə ibadət edənləri öz yığıncaqlarından qovma və başqa adamlarla müsahibələrinə üstünlük vermə, sübh çağı və günəş qürub etməzdən əvvəl Ona ibadət edənləri, namazları zamanı və başqa şəraitdə Onu zikr edənləri və Ona dua edənləri özündən uzaqlaşdırma! Onlar ancaq Onun xatirinə, heç bir tamah məqsədi güdmədən belə səmimi səy göstərirlər. Buna görə onlar sənin onları qovmağına və onlardan üz çevirməyinə layiq deyillər. Əksinə, onlar sənin dostluğuna, məhəbbətinə və sənin onlara mehribanlıq göstərməyinə layiqdirlər, axı onlar bəşəriyyətin ən yaxşı nümayəndələridir. Hərçənd onlar yoxsuldur, ətrafdakılar onlara həqarətlə baxırlar, amma onlar şərəfli və ləyaqətli insanlardır. Sən onlar üçün məsuliyyət daşımırsan, onlar da sənə görə məsuliyyət daşımırlar. Hər bir insan öz hesabını alacaq və özünün yaxşı və pis əməllərinə görə özü cavab verəcək. Lakin əgər sən onları qovsan, onda ədalətsiz zalımlardan olarsan.

Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ən kamil surətdə Allahın iradəsinə tabe oldu, ehtiyac içində olan möminlərlə birgə çox oturar və onlara mehribanlıqla yanaşardı. O, onlara xoş rəftar göstərər, ehtiramlarını saxlayar və özündən kənara qoymazdı. Onlar hətta başqalarından daha tez-tez onun yığıncaqlarında iştirak edərdilər.

Bu ayənin nazil edilməsi bir neçə qureyşlinin və ya başqa qəbilələrdən olan tərbiyə görməmiş ərəbin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) müraciəti ilə əlaqədar idi. Onlar demişdilər: “Əgər sən istəyirsən ki, biz sənə iman gətirək və ardınca gedək, onda öz dilənçi səhabələrini yanından qov, çünki biz utanırıq ki, ərəblər bizi onlarla birlikdə əyləşən görsünlər”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) istəyirdi ki, onlar İslamı qəbul etsinlər və onun ardınca getsinlər və buna görə onun (ona Allahın salavatı və salamı olsun!) başından bir fikir keçdi ki, onların təklifi ilə razılaşsın, lakin Fövqəluca Allah onu (ona Allahın salavatı və salamı olsun!) bu fikrinə görə məzəmmət edir. Məhz bu barədə şərh olunan ayədə və bir sıra digər vəhylərdə bəhs olunur.
               
(6.53) “Beləliklə, onları (insanları) bir-birilə imtahana çəkdik ki, onlar de­sin­lər: “Əcəba, Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlardır­mı? Məgər Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?”
Allah bəzi qullarını varlı və bəzilərini kasıb, bəzilərini tanınmış, digərlərini isə aşağı təbəqədən etməklə onları azdırmağa çalışır. O, kasıblara və aşağı təbəqədən olan insanlara iman bəxş edəndə, bu, varlılar və məşhur adamlar üçün azdırma rolunu oynayır. Əgər onlar doğrudan da həqiqəti bilmək və ona itaət etmək istəyirlərsə, onda onlar haqq dinə müraciət edir, İslamı qəbul edir və yanlarında oturanların özlərindən daha aşağı mövqe tutmalarına və ya daha az var-dövlətə malik olmalarına diqqət yetirmirlər. Əgər onlar haqqa doğru can atmırlarsa, onda belə bir maneə onları doğru yolla getməkdən saxlayır. Belə insanlar ləyaqətsiz hesab etdikləri kəslər haqqında ikrah hissi ilə söylənir və təsəvvür edə bilmirlər ki, Allah niyə məhz o kasıblara lütfkarlığını göstərmişdir. Bu, onlara düz yola gəlməyə mane olur və bunun səbəbi onların alicənablıqdan və mənəvi paklıqdan məhrum olmalarındadır.

Onlar Allahın qərarına etiraz edirlər ki, O, onları yönəltməkdənsə, kasıbları doğru yola yönəltmişdir. Lakin Allah onların etirazlarını rədd edərək bildirir ki, O Özü daha yaxşı bilir ki, Onun qullarından kim ona bəxş edilən nemətə görə minnətdardır və xeyirxah işlər görmək üzrə öz vəzifələrini yerinə yetirməyə hazırdır. Bu cür saleh insan­lara O, mərhəmət göstərir, naşükür olan və minnətdarlıq etməyən hər kəsi isə mərhə­mə­tindən məhrum edir. O, müdrikdir və layiq olmayanlara iltifatını göstərmir. Onun qərarlarına qarşı etiraz edən insanlar, Onun haqq iman bəxş etdiyi və həqiqətən şükür edən qullar olan kasıb və varlılara qətiyyən bənzəmirlər.

Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətkar möminləri qovmağı qadağan edərək, Fövqəluca Allah onlara ehtiram göstərməsini, nəzakət və hörmətlə yanaşmasını əmr edir:
                           
(6.54) “Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən O Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”
Möminlər yanına gələndə onlarla görüşərək, salam ver və onları xoş sözlərlə qarşıla, onlara əmin-amanlıq dilə. Onlara elə sözlər de ki, onların qətiyyətini artırsın, Allahın hədsiz lütfkarlığına və bol nemətlərinə layiq olmalarını arzulasınlar. Bu gözəl məqsədə nail olmaq üçün onları hər cür imkanlardan istifadə etməyə dəvət et. Onları günah işlətməkdən çəkindir və etdikləri günahlara görə peşmançılıq çəkmələrini əmr et ki, Rəbbin bağışlamasına və mərhəmətinə layiq ola bilsinlər. O, Özünə Rəhmli olmağı buyurmuşdur və əgər siz öz cahilliyiniz üzündən pislik etmiş olsanız, tövbə edib əməllərinizi düzəltməlisiniz. Bu zaman sadəcə günah etməmək kifayət deyil, günahlardan birdəfəlik əl çəkməli, törədilən əməllərə qəlbən təəssüflənməlisiniz və bundan sonra Allahın fərz qıldığı hökmlərini yerinə yetirməli, işlərinizdə olan, qəlbən və hərəkətinizlə yol verdiyiniz çatışmazlıqları islah etməlisiniz. Əgər belə etsəniz, onda Allah hər birinizi Öz mərhəməti ilə himayəsi altına alar və vəzifələrinizi yerinə yetirmə dərəcəsindən asılı olaraq sizə bağışlanma əta edər.
      

(6.55) “Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin”.
Biz ayələrimizi izah edərək, doğru yolla azğınlıq arasındakı, haqq təlimlə aldadılma arasındakı fərqi xüsusilə nəzərə çarpdırırıq ki, düz yolla getmək istəyənlər bu yola yönələ bilsinlər və iman gətirəcəkləri həqiqəti özləri üçün aydınlaşdıra bilsinlər. Biz ayələri açıqlayırıq ki, insanlar Allahın qəzəbinə səbəb olan və onları cəzalandırılmaya məhkum edən cinayətkarların yolunu ayırd edə bilsinlər. Bu yoldan çəkinmək və canilərin yolundan uzaqlaşmaq, onu yaxşıca tanımaq və aydınlaşdırmaqla mümkündür. Əgər o yolu ayırd etmək çətin olarsa, onda insanlar ondan qurtulmağa və uğur əldə etməyə nail ola bilməzlər.
                      
(6.56) “(Ey Elçim) De: “Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət et­mək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə əsla uy­ma­ram. Belə ola biləcəyi təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmiş­lər­dən olmaram!”
Ey Peyğəmbər! Allahla bərabər uydurulmuş tanrıcalara səcdə edən müşriklərə de ki: “Mənə, sizin Allaha şərik qoşaraq ibadət etdiyiniz, nə xeyir gətirməyi, nə də zərər vurmağı bacarmayan, həyata, ölümə və dirilişə aidiyyəti olmayan bütlərə və heykəllərə ibadət etmək qadağan edilmişdir. Sizin əməliniz qüsurlu və faydasızdır. Siz bu davranışınızı nəinki inandırıcı dəlillərlə, hətta şübhəli sübutlarla belə əsaslandıra bilmir­siniz. Siz ancaq öz nəfsinizə uyursunuz, halbiki məhz bu, yoldan azmağın ən böyük təzahürüdür. Mən sizin istəklərinizə yol verə bilmərəm, çünki belə olsa, onda mən hökmən yoldan azaram, doğru yolla yönəldilənlərin sırasında olmaram. Mən tövhidə etiqad edirəm və səmimi qəlbdən bir Allaha qulluq göstərirəm və mənim baxışlarım haqdır, çoxsaylı sübutlar və təkzibolunmaz dəlillərlə təsdiq olunur”.
                      

(6.57) “De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qurana) istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə) deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!”
Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əmr edilmişdi ki, təliminin gerçəkliyinə qəti etiqad etməsi və ona zidd olan hər şeyin yanlış olması barədə bəyan etsin. O (ona Allahın salavatı və salamı olsun!), elə bir inandırıcı sübut gətirdi ki, onun gerçəkliyinə heç bir şübhə yeri qalmadı, çünki o (ona Allahın salavatı və salamı olsun!), bütün şa­hidlərin ən qərəzsizi idi. Möminlər ona (ona Allahın salavatı və salamı olsun!) inanmamış­dılar və onun (ona Allahın salavatı və salamı olsun!) dəlillərinin sübuta yetməsinə, Allahın onlara bəxş etdiyi imanın yol verdiyi qədər müşahidə etmişdilər. Müşriklər isə onu (ona Allahın salavatı və salamı olsun!) yalançı sayırdılar, halbuki o (ona Allahın salavatı və salamı olsun!), qətiyyən belə bir münasibətə layiq deyildi. O (ona Allahın salavatı və salamı olsun!), təkcə onların etibarına və razılığına layiqdi. Buna görə də onlar bilməliydilər ki, bundan sonra da onun (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini inkar etməkdə davam etsələr, onda onlar hökmən Allahın cəzasına gələcəklər, çünki O, kafirləri, istədiyi vaxt və istədiyi kimi, amansız cəzaya məhkum edəcəyini vəd etmişdi.

Kafirlər belə bir cəza verilməsini tələsdirirdilər. Lakin Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onun baş verməsini sürətləndirmək hakimiyyətinə malik deyildi, çünki belə məsə­lələrin həlli təkcə Allaha məxsusdur. O, hökmlər və qadağalar nazil etməklə dini qanun­lar qoyur, əməllərə görə əvəz verilməsi haqqında qərarlar qəbul edir, ilahi müdrikliyinə uyğun olaraq istədiyi kəsi mükafatlandırır, istədiyini də cəzalandırır. Onun hökmlərinə qarşı etiraz etmək – mənasızdır, axı O, Öz qullarına yolu göstərib izah etmiş və həqiqəti onlara xəbər vermişdir və bununla da onları törətdikləri cinayətə görə özlərinə bəraət qazanmaq imkanından məhrum edib ki, hər məhv olan nəyə görə məhv olduğunu aydın başa düşsün və hər sağ qalan da sağ qalmasının səbəbini tamamilə açıq-aşkar anlaya bilsin. O, həm bu dünyada və həm də Axirətdə ən gözəl Hakimdir, çünki Onun bütün qərarları və hökmləri hər cür tərifə və həmdə layiqdir. Onu hətta cəzaya məhkum olunanlar və törətdiklərinə görə məsuliyyətə cəlb edilənlər də tərifləyəcəklər.

              

(6.58) “De: “Əgər təcili istədiyiniz (əzab) mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbəttə, bitmiş olardı (sizi dərhal məhv edərdim), Allah zalımları daha yaxşı tanıyandır!”
Ey Peyğəmbər! Öz cahilliyi, inadkarlığı və zalımlığı üzündən cəzanın tezləş­dirilməsinə tələsənlərə de ki: “Sizin tələsdiyiniz cəzalandırma mənim əlimdə olsaydı, onu sizin üstünüzə göndərərdim, amma bu sizə heç bir xeyir gətirməzdi. Lakin hakimiyyət Təmkinli və Səbirli Rəbbə məxsusdur, o Rəbbə ki, hətta itaətdən çıxan kobud cinayətkarlara belə möhlət verir, onlara ruzi nazil edir, onlara açıq-aydın və gözlə görülməyən nemətlər əta edir. Ona, zalımlar və onların əməlləri haqqında hər şey məlumdur və O, onlara möhlət verir, lakin onların cinayətlərini unutmur”.
                                
(6.59) “Qeybin açarları Onun yanındadır. Onları ancaq O bilir. O, suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, Aydın Kitabda olmasın!”
Bu – Allahın Hərşeyiəhatəedən elmindən müfəssəl bəhs edən ayələrdən biridir. O, bir hissəsini Öz istədiyi qullarına açan, qeyb haqqında hər şeyi bilir. Lakin bu biliklərin böyük hissəsi, bütün yaradılmışlar bir yana qalsın, hətta ən yaxın mələklərdən və elçilərindən də gizli saxlanmışdır.

Allah yer kürəsinin ucsuz-bucaqsız ərazilərində yerləşən bütün canlı varlıqlar, bitkilər, daşlar və qumsallıqlar haqqında biliyə malikdir. O, dənizlərdə və okeanlarda olan və su laylarının altında qalan bütün heyvanlar və xəzinələr haqqında bilir. O, bu dünyada və Axirət aləmində hər bir məskunlaşmış şəhərdə və ya insanların yaşamadığı çöl və səhralarda ağaclardan yer üstünə və ya su üzərinə düşən hər hansı bir yarpaq haqqında da bilir. O, insanların əkdiyi və ya özbaşına münbit torpağa düşərək onlardan müxtəlif bitkilər becəriləcək bütün taxıl və meyvə toxumları haqqında biliyə malikdir. O, yaş və ya quru olan hər şey haqqında da bilir və bunun yada salınması xüsusidən sonra ümuminin xatırlanmasının nümunəsidir.

Bütün bunların hamısı Aydın Kitabda yazılmışdır. Bu ad altında Lövhi-Məhfuz nəzərdə tutulur. O özündə bütün varlıqlar haqqında bilikləri əks etdirir və hətta onun kiçicik bir hissəciyi belə ağıllı və alicənab insanların zəkasını heyran qoyur. Əlbəttə ki, bu, Rəbbin əzəmətinin dəlili və Onun bütün ilahi sifətlərinin əhatəedilməzliyidir. Onlar o dərəcədə təsəvvürolunmaz ölçülüdür ki, əgər bütün məxluqlar onlardan heç olmazsa birini hərtərəfli əhatə etmək üçün bir yerə toplaşsaydılar belə, bunu etməyi bacarmazdılar. O Böyük, Hərşeyiəhatəedən, Alim, Hərtərifəlayiq, Şanı Uca Rəbb Müqəddəsdir! Allah Müqəddəs və Pakdır və Onu Özünə layiq tərifləməyə, Onun Özündən başqa heç kim qadir deyil! O, qullarının Ona etdiyi hər cür tərifdən Yüksəkdir!

Bu ayə, Allahın hədsiz-hüdudsuz elminin və bütün Kainatda baş verənləri əhatə edən yazının dəlillərindəndir.
                      

(6.60) “Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir”.
Bu ayə Allahın ilahlığını təsdiq edir və müşriklərin Ona şərik qoşan baxışlarını təkzib edir. Ayədə izah edilir ki, ancaq Fövqəluca Allah məhəbbətə və ehtirama, əzəmətə və söhrətə layiqdir. O, qulları ayıq və ya yatmış olduqları halda onları Təkbaşına idarə edir. O, onların canını, onlar yatdıqda alır və onların bədəni günün qayğılarından ayrılıb istirahət edir. Qullar yuxudan oyandıqda, O, onların canını onlara qaytarır ki, öz dini və dünyəvi vəzifələrini yerinə yetirsinlər. O, onların etdiyi bütün əməllərdən agahdır və onları bu minvalla təyin olunmuş müddət çatana qədər idarə edir. Bu ifadə altında ayrı-ayrı insanların ölüm vaxtı və bütün bəşəriyyətin ölümündən sonra dirildilməsi nəzərdə tutulur. Bu son müddət çatdıqda, Allah qullarını Öz yanına qaytaracaq və onlara etdikləri və törətdikləri bütün yaxşı və pis işləri xəbər verəcəkdir.
                 

(6.61) “(Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!”
Allahın iradəsi Kainatda baş verən bütün proseslərə aiddir və şərtsiz-sübutsuz icra edilir. Məxluqlar cərəyan edən hadisələrə təsir göstərmək haqqına malik deyillər və bir şeyi yerindən tərpətməyə belə, Onun iradəsi olmadan, qadir deyillər. O, qullarına nəzarət etməyi və onların etdikləri əməlləri olduğu kimi saxlamağı mələklərinə həvalə etmişdir.

Bununla əlaqədar Fövqəluca Allah belə buyurur: “Sizin üstünüzdə gözətçi mələklər - (əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər”. (İnfitar, 82/10-12);



Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf, 50/17-18).

Allah bu qayda ilə Öz qullarına, onlar yerdə yaşadıqları müddətdə, nəzarət edir. Onlara ölüm gəldikdə isə, Allah onları vəzifələri məxluqların canını almaq olan mələklərinə tapşırır. O mələklər öz vəzifələrini, heç bir səhvə yol vermədən, Allahın təyin etdiyi müddətə heç nə artırmadan və azaltmadan yerinə yetirirlər. Onlar Allahın planına və qədərinə tam uyğun olaraq hərəkət edirlər.
            

(6.62) “Sonra insanlar Allahın – özlərinin həqiqi ixtiyar sahibinin, hüzuruna qaytarılar. Bilin ki, hökm Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!”
Ölümdən və Qiyamət gününədək davam edəcək, fərəh və ya cəza ilə müşayiət ediləcək bərzəx həyatından sonra, məxluqlar özlərinin Əsil Himayədarına qaytarılacaqlar. O, onların taleyini istədiyi kimi və həm də Öz şəriət hökmləri ilə qərarlar çıxarmaqla, Öz Qədər qanunları əsasında onları idarə edir, onlar üçün hökmlər verir və qadağanlar qoyur, onlara elçilər göndərir və Müqəddəs Kitablar nazil edir. Onlar Onun yanına qaytarıl­dıq­dan sonra isə O, onlara ədalətli əvəz qanunlarına uyğun olaraq sərəncam çəkəcək, xeyirxah işlərinə görə mükafatlandıracaq və günahlarına, cinayət­lərinə görə isə cəzalan­dıracaq. O, qərarlarını müstəqil qəbul edir və haqq-hesab çəkməyi ləngitmir, çünki mütləq biliyə malikdir, Öz qullarının Mühafizəolunan Lövhədə yazılmış və alicənab mələk- katiblərin əllərindəki dəftərlərə qeyd olunmuş əməllərini nəzərindən qaçırmır.

Əgər Fövqəluca Allah – Vahid Yaradan və qullarına hakim olan Hökmdar hər zaman ən kamil formada onların qayğısına qalırsa və onları Öz Qədər, Din və ədalətli Əvəz qanunları ilə idarə edirsə, onda niyə müşriklər Ona ibadət etməkdən boyun qaçırır və hakimiyyət sahibi olmayan, azca da olsa belə xeyir verməyə qabiliyyəti çatmayan və hətta müstəqil iradəyə malik olmayan məxluqlar qarşısında diz çökürlər?!

Allaha and olsun, əgər müşriklər bilsəydilər ki, onlar çoxallahlığa və kafirliyə etiqad etməklə böyük bir yalan uydurur və Allahın əleyhinə çıxırlarlar, o Allahın ki, onları əmin-amanlıqla və ruzi ilə təmin etməkdə davam edir, əgər onlar Onun dözümlülüyü, güzəştə getməsi və mərhəməti haqqında bilsəydilər, onda onların qəlbi Onu dərk etmək istəyi ilə aşıb-daşar, ağılları isə Ona məhəbbət hissi ilə nurlanardı və o zaman onlar şeytana tabe olaraq özlərini rüsvayçılığa və zərərə məhkum etdiklərinə görə özləri özlərinə nifrət edərdilər. Lakin bu belə deyil, çünki onların sağlam düşüncə qabiliyyəti yoxdur.

                            
(6.63) “(Ey Elçim!)De: “Gizlində (Allaha) dua edib:” Əgər bizi suyun və qu­runun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardı­ğınız zaman sizləri bunlardan xilas edən kimdir?”


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin