İdarəetmə və inzibati bölgü[redaktə | mənbəni redaktə et]
Azərbaycan Atabəylərində inzibati idarə eynilə İraq Səlcuq sultanlığında olduğu kimi idi. Sülalənin banisi Şəmsəddin Eldəniz öz dövlətinin nə inzibati, nə də hərbi quruluşunda demək olar ki, heç bir dəyişiklik etmədi. İnzibati və idarəetmə cəhətdən Eldənizlər İraq Səlcuqlarının sistemlərindən istifadə edirdilər.[119] Qızıl Arslana qədər Eldənizlərdə "böyük atabəy" yəni "atabəy əl-əzəm" deyilən vəzifə mövcud idi. Bu vəzifədə sultanın atabəyi dururdu. Divana rəhbərlik vəzirin əlində idi. O, "əshab əd-divan" adlanırdı. Vəzir, məmurları vəzifəyə təyin etmək və vəzifədən kənarlaşdırmaq, təqaüdləri və məvacibləri müəyyənləşdirmək, vergi idarəsinə və xəzinəyə nəzarət etmək hüquqlarına malik idi. Vəzir daim hökmdarın yanında olur, onu səfər və yürüşlərdə müşayiət edir, özü qoşun göndərə və ona başçılıq edə bilirdi. Dövlətdə böyük hörmətə malik olan vəzirlər, əshab əd-divan, vəzir, sadr, dəstur, xocayi-bozorq titullarını daşıyırdılar. Mürəkkəbqabı və müəyyən mahuddan hazırlanmış çalma onların vəzifə əlamətləri idi.[120]
Eldənizlər dövrünə aid dəbilqə. Azərbaycan Milli İncəsənət Muzeyi
Dövlətdə üçüncü vəzifə böyük və ya "ulu hacib" vəzifəsi idi. Bu vəzifəni icra edən şəxs əmir əl-hacib əl-kəbir və ya hacib əl-xass əl-həzrət rütbəsini daşıyırdı. O, dövlət başçısına aid mühüm işlər haqqında məlumat verir, onun tələbatı qayğısına qalır və saray mərasimlərini təyin edirdi.[121] Cahan Pəhləvan dövründən başlayaraq, vəzir olmaqla ali idarə yəni "divan əl-alə" yaradılmışdı. Bu idarənin nəzdində dövlət dəftərxanası yəni divan əl-inşa və yaxud divan ət-tuğra, maliyyə idarəsi və ya xəzinədarlıq yəni "divan əl-istifa" var idi. Dövlət dəftərxanası həm daxili, həm də xarici yazışmaları aparırdı. Bu dəftərxananın başçısı "münşi" və ya "tuğrayi" adlanırdı. Bu vəzifə irsi olmuş, onu icra edən şəxslər və onların sonrakı nəsilləri "ət-tuğrayi" ləqəbini daşımışdılar. Maliyyə idarəsinə və ya xəzinəyə rəhbərlik edən ali maliyyə məmuru yəni "müstövfi əl-məmalik" dövlətin maliyyə idarələri sisteminin başında dururdu. Hərbi idarəyə yəni "divan əl-ceyş və ya divan əl-ərz" sahib "divan əl-ərz" başçılıq edirdi. O, hərbi iqtalara nəzarət edir, bütün rütbələrdən olan hərbi qulluqçuların maaş və xərclərinin ödənilməsi işlərinə baxırdı. Hərbi vəzifələr, eləcə də ordu ilə bağlı hər şey xidmətdə olan türk əyanlarının əlində idi.[122] Hər bir vilayətin başına "vali" yəni canişin təyin edilirdi. Valilər bu vəzifəni tutmazdan əvvəl çox vaxt qoşun əmirləri kimi fəaliyyət göstərmişlər. Vali öz vilayətinin hakimi idi. Dini hakimlər – qazılar valinin tabeliyində idilər. Vilayətin bütün məmurlarının rəisi, onun ali baş komandanı olan valiyə, maliyyə idarəsi də tabe edilmişdi. Validən sonra vilayətdə vəzifə cəhətdən ikinci şəxs onun vəziri idi. Valinin adından şəhərləri rəislər idarə edirdilər. Bir qayda olaraq, tanınmış yerli nəsildən olan şəhər rəislərinin vəzifəsi irsi idi. Rəisin özünün vəzifəyə qoyduğu və vəzifədən götürdüyü xəfiyyə rəisləri də ona tabe idilər.[123]