Hakimiyyətin ələ keçirilməsi[redaktə | mənbəni redaktə et]
Atabəy Şəmsəddin Eldənizin adına zərb olunmuş pul. Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu
1145–1146-cı illərdə Fars hakimi Boz Aba və Rey hakimi Abbas ittifaq bağlayaraq mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdılar. Bu ittifaqa Sultan Məsudun hacibi Əbdürrəhman ibn Toğan Yürək də daxil oldu. Sultan Məsud bu qiyamı yatıra bilmədiyi üçün atabəy Eldənizdən kömək istədi. Atabəy təcili yola çıxıb Məsudla birlikdə Kaşan ətrafında qiyamçıların qarşısına çıxdı. Döyüşdə üsyançılar məğlub oldular və geri çəkildilər. Eldənizin isə İraq Səlcuq sultanlğında nüfuzu daha da artdı.[22] 1160-cı ildə İraq Səlcuq sultanı Süleyman şah əmirlərin çıxışları nəticəsində taxtdan salınıb öldürülən zaman, qəsdin təşkilatçıları, başda nüfuzlu əyyanlardan olan Şərafəddin Müvəffəq Qord-Boz Eldənizə müraciətlə xahiş etdilər ki, öz oğulluğu Arslanşahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin.[23] 1160-cı ilin noyabrında Eldəniz 20 minlik ordunun başında Arslanşahla Həmədana daxil oldu. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslanşaha tac qoydular. Sultan hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu.[24] 1160-cı ildə Şəmsəddin Eldəniz "Böyük Atabəy" titulu aldı və İraq Səlcuq sultanlığının idərisini faktiki olaraq ələ keçirdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı təyin edildi.[25] Atabəy Eldənizin İraq Səlcuq taxtını ələ keçirməsi asan olmadı. Arslanşaha qarşı taxtın 2 iddiaçısı meydana çıxdı. Marağa atabəyi nəzarəti altında olan Mahmud şah və Fars hakiminin nəzarəti altındakı Məlik şah. Bu iki iddiaçı xəlifənin təkidilə Eldənizə qarşı hərəkət keçdilər. Ancaq Eldəniz tez tərpənib onların birləşməsinə imkan vermədi. 2 avqust 1161-ci ildə Rey ətrafında Mahmud şah ibn Məhəmmədin ordusunu darmadağın etdi. Reyi ələ keçirib oranı Cahan Pəhləvanın iqtası elan etdi.[26] Rey hakimi Əmir İnanc da Eldənizin vassalına çevrildi.[27] Daha sonra Eldəniz Marağa hakimi Nüsrətəddin Arslan-Abaya elçi göndərib, şahzadə Mahmud şah ibn Məhəmmədin verilməsini və özünün də sultan xidmətinə gəlməsini tələb etdi. Ancaq Nüsrətəddin bu tələbi yerinə yetirməkdən boyun qaçırdı və bildirdi: "Sultan mənim yanımda yaşayır!" Onda atabəy Eldəniz Cahan Pəhləvanın başçılığı altında ordu toplayıb, Marağa hakimi Nüsrətəddinə qarşı göndərdi. Nüsrətəddin yardım üçün Xilat hakimi şah-ərmən Seyfəddin bəy Teymura müraciət etdi və o da ordusunu köməyə göndərdi. Səfidrud çayındakı döyüşdə Cahan Pəhləvan məğlub oldu və Həmədana qaçdı.[28] Bir müddət sonra Marağa atabəyi Nüsrətəddin vəfat etdi. Eldəniz onun mülklərində çoxuna ələ keçirdi və Ağsunquriləri təsiri altına saldı.[29]