“Xalq qəzeti”, 8 may 2004-cü il.
VƏTƏNDAŞ TƏRBİYƏSİNDƏ
AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ ROLU
İdeologiya hər bir cəmiyyətdə şəxsiyyətin formalaşmasının və inkişafının ən vacib şərtlərindən biri kimi çıxış edir. Çünki insan dünyaya gəldiyi andan etibarən həyatda gedən proseslərin, əhatəsində yaşadığı ictimai münasibətlər sisteminin təsirinə məruz qalır. Ona görə də ətraf mühit fərdin şəxsiyyət kimi yetişməsi prosesini istiqamətləndirən başlıca amilə çevirir. Cəmiyyətin inandığı, arxasınca getdiyi ideyalar, uzun illərdən bəri formalaşmış ənənələr isə insan şüurunun strukturunda, hər bir fərdin mənəvi aləmində öz əksini tapır.
Mühit insan şüurunda özünə kök salmış daimi stereotiplərin əsas mənbəyidir. Doğrudur, bu stereotiplər həyatın özünün şərtlərinin təsiri altında deformasiyaya uğraya bilər. Lakin burada da həlledici sözü məhz mühit deyir. Bu mühit isə, əslində cəmiyyətin artıq norma kimi qəbul etdiyi ideyalar sistemində üstqurum kimi çıxış edir. Elə buna görə də müasir dünyamızda şəxsiyyətin formalaşması məsələləri bütün ölkələr üçün prioritet vəzifə olaraq qalır.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızda yeni nəslin yetişdirilməsi kimi çox əhəmiyyətli bir problem gündəmə gəldi. Məsələnin mürəkkəbliyi bunda idi ki, 70 illik Sovet hakimiyyəti Azərbaycan xalqının tarixi şüurunda müsbət meyllərlə yanaşı, bəzi mənfi stereotiplərin formalaşmasına da səbəb olmuşdu. Digər tərəfdən, Azərbaycan yenicə müstəqilliyinə qovuşmuş ölkə olmaqla bərabər, həm də yeni ictimai formasiyaya keçid prosesinin son dərəcə çətin şərtləri altında yaşayırdı.
Bu iki tarixi prosesin eyni vaxta təsadüf etməsi vətəndaş tərbiyəsində yeni ideoloji doktrinanın ortaya çıxmasını zərurətə çevirmişdi. Bu doktrinanın müəllifi isə ümummilli lider, böyük şəxsiyyət, dahi rəhbər Heydər Əliyev oldu.
Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikada milli şüurun inkişafına, xalqımızın tarixi ənənələrinin və milli-mənəvi dəyərlərinin qorunmasına xüsusi diqqət yetirirdi. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda milli-mənəvi intibah prosesinin əsasını qoydu. Ölkəmizin rəhbəri hər bir addımı ilə bütün cəmiyyətə nümunə göstərdi. Bu nümunə əsl vətəndaş, həqiqi azərbaycanlı, böyük şəxsiyyət obrazının ən mükəmməl cizgilərini ifadə edirdi. Heydər Əliyevin ilk addımı bundan ibarət oldu ki, o, rəsmi tədbirlərdə məhz Azərbaycan dilində çıxış etməyə başladı. Bu, xalqın öz tarixi köklərini, qayıdışını və milli-mənəvi dəyərlərinə bağlılığını rəsmi səviyyədə nümayiş etdirən ilk ciddi hadisə idi.
Heydər Əliyevin azərbaycanlı gənclərin ölkənin ictimai-siyasi həyatında və dövlət idarəetmə strukturlarında fəal iştirakının təmin olunması istiqamətlərində də tədbirlər görmüşdü. Böyük rəhbərin şəxsi təşəbbüsü ilə respublikamızda yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən nüfuzlu ali təhsil ocaqlarında təhsil alma imkanı əldə etmişdi. Bu proses 1969-cu ildən başlayaraq 1980-ci illərin sonlarına qədər davam etdi.
Deyirlər ki, böyük xalqı ancaq böyük insanlar, onu sevən, ömrünün mənasını ona xidmət etməkdə görən şəxsiyyətlər qaldıra bilər. Ötən əsrin 70-ci illərində Heydər Əliyev belə insanları axtarır, tapır, irəli çəkirdi. Məhz həmin dövr ərzində müdrik dövlət başçısının uzaqgörən siyasəti nəticəsində bu gün yaşadığımız müstəqil Azərbaycan Respublikasinin iqtisadi və siyasi inkişafının təmin edilməsi üçün müstəsna rol oynayan mükəmməl milli kadr potensialı formalaşdırıldı. Azərbaycanlı gənclərin yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi respublikamızın iqtisadi potensialının artırılmasına, xalqımızın dünya arenasında, o cümlədən ittifaq miqyasında böyük nailiyyətlər əldə etməsinə stimul yaratmaq məqsədi daşıyırdı.
Totalitar bir sistemin ağır şərtləri altında yaşadığımız dövrdə Heydər Əliyev xalqımızın ən görkəmli ziyalılarını repressiyalara məruz qalmaqdan, dissident həyatı sürməkdən xilas etdi, elmi potensialımızın ümummilli inkişafımızda səmərəli şəkildə istifadə edilməsinə nail oldu. 1969-cu ildən etibarən Azərbaycan iqtisadiyyatında müşahidə edilən sürətli inkişaf, sənayenin və kənd təsərrüfatının dirçəlməsi, əhalinin sosial durumunun yaxşılaşması və digər göstəricilər Heydər Əliyevin öz xalqının böyük vətənpərvər oğlu olduğunu təsdiqləyən faktlar kimi qiymətləndirilə bilər. Ümummilli liderin rəhbərliyi altında respublikamız çox qısa vaxt ərzində iqtisadi və sosial inkişafın səviyyəsinə görə sovet respublikaları arasında ön sıralara çıxdı.
Heydər Əliyev 1978-ci ildə Azərbaycan dilinin yeni Konstitusiyamızda dövlət dili kimi təsbit edilməsinə nail olmaqla, əslində mahiyyət etibarilə Moskvanın siyasətinə zidd təhlükəli addım atmışdı. Amma bütün təhlükələrə, təzyiqlərə baxmayaraq, o, öz istəyini həyata keçirməyə müvəffəq oldu. Azərbaycan dilinin dövlət dili statusu alması xalqın mənəvi ruhunu canlandırmaq və milli dəyərlərinə, tarixi köklərinə sədaqətini qoruyub saxlamaq baxımından böyük əhəmiyyət kəsb edirdi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin milli ruhda tərbiyə olunmasına xüsusi diqqət yetirirdi. O, hər çıxışında, gənclərlə görüşlərində bu məsələni önə çəkir, onlara xalqımızın milli-mənəvi dəyərlərinə sadiq qalmağı tövsiyə edirdi. Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə bu sahədəki xidmətləri milli şüurun inkişafına təkan verən mühüm bir mərhələnin əsasını qoydu.
Ötən əsrin 90-cı illərində müstəqilliyə yeni qədəm qoymuş dövlətdə yeni vətəndaş tərbiyəsi kimi mühüm vəzifənin yerinə yetirilməsi bir çox ideoloji, siyasi, sosial-iqtisadi məsələlərin həlli ilə bağlı idi. Milli potensialın konkret dəyərlər sistemi əsasında vahid məqsədə yönəldilməsi dövlətçiliyin qorunmasında və inkişafında əsas zəmin olduğu üçün bu amil vətəndaş tərbiyəsində də, sözün həqiqi mənasında, fövqəladə rol oynadı. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası milli tarixi təkamül prosesinin həqiqi istiqamətlərini müəyyənləşdirən və Azərbaycan xalqının milli-mənlik şüurunun formalaşmasında yeni bir mərhələnin əsasını qoymuş unikal konsepsiyaya çevrildi.
Bu konsepsiya Azərbaycanda milli dövlətçilik ideologiyasının yaranmasına, suveren dövlət təsisatının formalaşdırılmasına və xalqımızın tarixi yaddaşının bərpasına xidmət edən yeni ictimai münasibətlər sisteminin bərqərar edilməsinə gətirib çıxardı. Çünki azərbaycançılıq, ilk növbədə doğma yurdun tarixi ənənələrinə arxalanır və ondan güc, qüvvət alır. “Hər bir milli və dövlət ideologiyasının məqsədi dövlətçilik anlayışı ilə bağlıdır”, - deyən Heydər Əliyev azərbaycançılıq təliminin birinci və aparıcı tərkib prinsipini “Öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli dövlətin sərhədləri daxilində vətəndaşlar üçün siyasi və iqtisadi baxımdan sabit həyat şəraiti yaratmaq” kimi müəyyənləşdirdi. O, “Ümummilli baxımdan dövlətçilik nədir?” sualını belə cavablandırdı: “Xalqı daxili və xarici ədalətsizliklərdən, təzyiqlərdən, istilalardan qorumaq.” Möhkəm dövlət olmayan yerdə nə insan hüquqlarından, nə milli, nə də dini hüquqların qorunmasından söhbət gedə bilməz. Görünür, elə bu səbəbdəndir ki, bu gün Heydər Əliyev bütün Azərbaycan vətəndaşları tərəfindən milli dövlətçiliyin və Azərbaycanın son 34 illik tarixinin ən şərəfli səhifələrinin şəriksiz müəllifi kimi qəbul edilir.
Heydər Əliyev “Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır”, - deyirdi. Bu qiymətli fikir ümummilli liderin müstəqil Azərbaycanın vətəndaşlarını necə görmək arzusunu özündə ifadə edirdi. Heydər Əliyev özü məhz mənsub olduğu cəmiyyəti bu cür düşünərək yaşayırdı və bütün vətəndaşların eyni amala xidmət etməsini arzulayaraq əsl vətənpərvər mövqeyini ortaya qoyurdu.
Müstəqilliyin ilk illərində vətəndaş tərbiyəsi məsələsi, ilk növbədə ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Bu vacib vəzifənin uğurla həyata keçirilməsi üçün Azərbaycan dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. Heydər Əliyev də bu mühüm vəzifənin yerinə yetirilməsinə məhz həmin amilləri nəzərə almaqla başladı.
Azərbaycan dövlətinin tarixi ənənələrinin formalaşması və onun siyasi əsaslarının mükəmməl bir ideoloji sistemin tərkib hissəsi kimi təsbit olunması milli dövlətçilik təfəkkürünün meydana gəlməsində müstəsna rol oynadı.
Bu gün milli dövlətçilik düşüncəsi artıq XX əsrin sonları, XXI əsrin əvvəllərində vahid ideoloji konsepsiya kimi özünü təsdiq etmişdir. Azərbaycanda vətəndaş tərbiyəsi məhz bu ideologiyaya əsaslanırdı. Tarixi proseslərin mürəkkəb ictimai-siyasi xarakterini ardıcıl şəkildə araşdırarkən bunu görməmək, sadəcə mümkün deyildir və etiraf etmək lazımdır ki, əgər Azərbaycan dövlətinin varlığını qoruyub saxlamaq mümkün olmasaydı, onda Azərbaycan xalqının XX əsrin mürəkkəb geosiyasi və iqtisadi reallıqları fonunda özünütəsdiqi mümkün olmazdı.
“Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir”, - deyən Heydər Əliyevin ən böyük xidmətlərindən biri də bundan ibarətdir ki, o, azərbaycanlıların vahid etnik-siyasi toplum kimi tanınmasını təmin edən ideologiya yaratdı, yeni və sağlam nəslin yetişdirilməsi üçün kifayət qədər mükəmməl bir şərait formalaşdırdı. Nə qədər çətin və ağır mərhələlərdən keçsə də, Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası tarixin sınaqlarından uğurla çıxa bildi və onun müəllifinin müdrik şəxsiyyət olduğunu təsdiqləyən əsas faktlardan biri də elə bundan ibarətdir.
Azərbaycançılıq ideologiyasının tarixi-siyasi mahiyyətini araşdırmaq, onun həqiqi fəlsəfi məzmununu müəyyən etmək, olduqca mürəkkəb bir məsələdir. Ancaq hamımızın görə bildiyimiz çox adi bir həqiqət var: Bu ideologiya milliliklə müasirliyi, dinə sonsuz inamla tolerantlığı, demokratik düşüncə ilə dövlətçilik şüurunu elə mükəmməl bir səviyyədə özündə birləşdirir ki, onun söykəndiyi dəyərlər sistemi bütövlükdə Azərbaycan xalqının ümumi xarakterini müəyyənləşdirir. Bu ideologiya adi bir həyat hadisəsi deyildir, müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda öz xalqını milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaratmış böyük bir siyasi xadimin idarə etdiyi tarixi prosesdir.
Heydər Əliyev azərbaycançılıq ideologiyasının həyata keçirilməsini başlıca vəzifələrdən biri kimi qiymətləndirirdi: “Bu Azərbaycançılıq ideologiyasını qurmaq, yaratmaq, təşkil etmək, eyni zamanda əməli surətdə həyata keçirmək lazımdır”.
Heydər Əliyev tarixi proseslərin məntiqi ilə ortaya çıxan mövcud ictimai- siyasi situasiyanın diqtə etdiyi şərtləri dəqiq qiymətləndirməyi bacarırdı və elə buna görə də, milli ideologiyanın yaradılmasının mühüm bir vəzifə kimi qarşıda dayandığını görürdü. Onun həyata keçirdiyi tədbirlərin uğurlu nəticələri bir daha sübut edir ki, Heydər Əliyev adi siyasi xadim deyil və onun hər bir siyasi gedişi rəhbərlik etdiyi xalqın milli mənafelərinin daim reallaşdırılmasına xidmət edir.
Bu sahədə 1993-cü ildən sonra əldə olunmuş nailiyyətlər müdrik şəxsiyyətin azərbaycançılıqla bağlı təlimlərinin xalqımız üçün mühüm əhəmiyyət kəsb etdiyini təsdiqlədi. Heydər Əliyev milli ideologiyanın təbliğinə məktəblərdən başlamağı tövsiyə edirdi: “Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır”. Yeni dövrün yeni vətəndaşı, birinci növbədə Vətənini, torpağını sevməli, Azərbaycan dilini, ədəbiyyatını, tarixini, coğrafiyasını mükəmməl bilməli, milli- mənəvi dəyərlərini qorumalıdır. Bu cəhətlər sağlam vətəndaşın yetişməsi, saf həyat tərzi, gələcək yaşayışı üçün son dərəcə zəruri amillərdir.
Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri də yüksək səviyyəli təhsil sisteminin bərqərar edilməsidir. Buna görə də Heydər Əliyev vətəndaş tərbiyəsində təhsilin rolunu yüksək qiymətləndirir və intellektual gəncliyin yetişdirilməsini ən mühüm məsələlərdən biri hesab edirdi. Təsadüfi deyil ki, onun rəhbərliyi dövründə Azərbaycanda təhsilin və elmin inkişafına dövlət qayğısı nəzərəçarpacaq dərəcədə artmışdı. Ümummilli liderimiz öz çıxışlarının birində demişdir: “Dövlət müstəqilliyimizin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi müstəqil xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq”. Müstəqil Azərbaycanda təhsil və elm sahəsində aparılmış islahatlar dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında fövqəladə dərəcədə mühüm rol oynadı və bütün bunlar, əlbəttə ki, nəticə etibarilə müəyyənləşdirən hadisələr kimi xarakterizə oluna bilər.
Şübhəsiz ki, vətəndaş tərbiyəsi, ilk növbədə gənc nəslə aid olan konseptual məsələ kimi səciyyələndirilir. Buna görə də Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində gəncliyi bir an belə diqqətdən kənarda qoymamışdır. Bu, yalnız gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunması ilə məhdudlaşmırdı. Heydər Əliyevin siyasəti gənclərin ictimai-siyasi fəallığını və onların dövlət quruculuğunda daha geniş miqyasda təmsil olunmasını da əsas məsələlərdən biri kimi qiymətləndirirdi. Ümummilli liderimiz vətənpərvər gəncliyin yetişdirilməsinin vətəndaş tərbiyəsi prosesində başlıca prinsip kimi qəbul edilməsinə üstünlük verirdi. Heydər Əliyev deyirdi: “Vətənpərvərlik böyük məfhumdur. Vətənpərvər gənclərin yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədə başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir. Bütün cəmiyyətin, onun hər bir üzvünün əməllərindən müsbət yeniliklərlə yetkinləşir”.
Səkkiz il öncə, 1996-cı il fevral ayının 2-də Azərbaycan Respublikası Gənclərinin I Forumu keçirildi. Bu forumda gəncləri narahat edən problemlər, onların qayğıları və çətinlikləri, qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparıldı. Ümummilli lider Heydər Əliyevin iştirak etdiyi bu forum Azərbaycan gəncliyinin həyatında dönüş mərhələsi oldu. Böyük rəhbərimiz tədbirdəki çıxışında bütün Azərbaycan gənclərinə öz tövsiyələrini verdi, onları milli dövlət quruculuğu işində daha fəal iştirak etməyə, vətənpərvər şəxsiyyətlər kimi formalaşmağa çağırdı: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında da düşünməlidir”.
Azərbaycançılıq ideologiyasında vətəndaş tərbiyəsinin rolu, ilk növbədə onun milli dəyərlərimizin qorunması məsələsində prioritet məsələ kimi qiymətləndirilməsi ilə bağlıdır. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyllərini, tarixi təkamüldə varislik və tərəqqini ahəngdar şəkildə özündə birləşdirən azərbaycançılıq ideologiyası, məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış bütün azərbaycanlılar üçün cəlbedici və perspektivlidir. Azərbaycançılıq məfkurəsinin belə sistemli xarakteri vətəndaş tərbiyəsi işini daha müvəffəqiyyətlə həyata keçirməyə imkan verir.
Bu gün müstəqil dövlətin vətəndaşlarının müstəqillik və azadlıq duyğusunu formalaşdırmaq məqsədilə müdrik rəhbərimizin dediyi kimi, ilk növbədə Azərbaycan Konstitusiyasını, ölkəmizin qanunlarını, dövlət rəmzlərinin mənasını öyrənmək, dərk etmək lazımdır. Yeni dövrün gəncliyi üçün ən mühüm məktəb isə ümummilli liderin həyat və fəaliyyəti, mübarizə yoludur. Millətin gələcəyinin memarı olan bir liderin azərbaycançılıqla bağlı təlimləri, şəxsi nümunəsi, keçdiyi həyat yolu hər bir gəncin vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rol oynayır.
Azərbaycançılıq ideologiyasının digər bir vacib xüsusiyyəti, onun daxili rəngarəngliklə bərabər, konseptual bütövlüyü, milli özünüidarəyə imkan verən tamlığı ilə müəyyənləşir. Digər ideoloji meyllərdən - islamçılıqdan, avropaçılıqdan, türkçülükdən, avrasiyaçılıqdan fərqli olaraq, azərbaycançılıq hər azərbaycanlının milli özünüdərkinə, milli mənsubiyyətinə görə özünü digər toplumlardan fərqləndirməsinə imkan verir. Şübhəsiz ki, yenicə azadlığa qovuşmuş Azərbaycan cəmiyyəti üçün həm ayrıca fərd olaraq azərbaycanlı kimi milli özünüdərki, həm də onların vahid milli ideya ətrafında birləşməsi baxımından bu, çox mühüm amildir.
Vətəndaş tərbiyəsində azərbaycançılıq ideologiyasının rolundan danışarkən, olduqca əhəmiyyətli bir xüsusiyyəti - mənəvi baxımdan sağlam cəmiyyət anlayışını ayrıca qeyd etməliyik. Heydər Əliyevin “Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Bu gün mənəvi tərbiyə keçmiş illərdən daha çox lazımdır” fikri Azərbaycanda vətəndaşların mənəvi tərbiyəsinin nə qədər əhəmiyyətli məsələ olduğunu bir daha ortaya qoyur. Cəmiyyətin sağlam mənəvi dəyərlər əsasında inkişafı, milli dövlətçiliyin daha etibarlı təməl üzərində inkişafına, insanların şəxsi maraqları yox, ümumi məqsədlər ətrafında səfərbər olunmasına stimul yaradan ən ciddi faktorlardan biridir.
Milli-mənəvi dəyərlər millətin müqəddəs, toxunulmaz xəzinəsidir. Bu xəzinənin daim inkişafı, milli varlığın mövcudluğu, əbədiliyi deməkdir. Prezident Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il, “Azərbaycan əlifbası və Azərbaycanda Bilik gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı 13 avqust 2001-ci il tarixli bəyanatı bu cəhətdən Azərbaycan vətəndaşının, Azərbaycan ziyalısının, xüsusilə müəllimlərin qarşısında mühüm vəzifələr və böyük məsuliyyətlər qoyur. Geniş ictimaiyyətin rəğbətlə qarşıladığı bu tarixi sənədlər gənclərimizin vətənpərvərlik tərbiyəsində müstəsna rol oynayır. Bu fərmanlarda dilimizin keçdiyi tarixi inkişaf yolu, onun dünyanın ən zəngin və ən mükəmməl bir dili olduğu xüsusi qeyd edilir. Bu baxımdan, ümummilli liderimizin mənəviyyat məsələlərinə xüsusi diqqət yetirməsinin vətəndaş tərbiyəsində kifayət qədər böyük rol oynadığını inkar etmək mümkün deyildir. Heydər Əliyevin azərbaycançılıq ideologiyası, vətəndaş tərbiyəsi işinin təşkilinin ən başlıca istiqamətlərini müəyyənləşdirən, hər bir şəxsiyyətin həqiqi vətəndaş obrazını özündə təcəssüm etdirən mükəmməl bir konsepsiya kimi bu gün də aktuallığını saxlayır və öz əhəmiyyətini gələcəkdə də heç vaxt itirməyəcəkdir.
Dostları ilə paylaş: |