Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə12/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   8   9   10   11   12   13   14   15   ...   68
HAMI ÜÇÜN DOĞMA VƏ ƏZİZ
Ömrünü xalqa həsr edənləri xalq heç zaman unutmur. Üstündən illər, qərinələr, əsrlər keçsə də, bu işıqlı simaların adı hünər dastanlarında xalq üçün abidəyə çevrilir.

Azərbaycan xalqının tarixində də belə şərəfli və parlaq ömür sahibləri olub.

Cavanşir, Şah İsmayıl Xətai və Heydər Əliyev. Onları yüzilliklər ayırsa da, əsrlər fərqini nəzərə alsaq, bu şəxsiyyətləri eyni amal və eyni məslək uğrunda mübarizə birləşdirir. Azərbaycan torpaqlarının müdafiəsi, xalqın və vətənin inkişafı və rifahı.

Zəmanəmizin son yarım əsrə yaxın bir dövrünü ölkəmizin və xalqımızın inkişafında misilsiz xidmətlər göstərmiş, ömrünü qətrə-qətrə əridib bütünlükdə xalqa həsr etmiş, Azərbaycanın əbədiyyət rəmzinə çevrilən Heydər Əliyev nəinki xalqımızın, hətta bəşəriyyətin yaddaşında əbədi abidədir.

Mən heç vaxt cənab Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq istəmirəm. Əmək bioqrafiyam bütünlüklə bu nurlu insanın hakimiyyəti dövrünə təsadüf etmişdir. Onun Azərbaycanda qurduqları, yaratdıqları, görülmüş möhtəşəm və əzəmətli işləri hər birimizin gözü önündə olmuşdur.

İndi dünyanın beynəlxalq mətbuat dərgilərində Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev bizim bildiyimiz və indiyədək bilmədiyimiz tərəflərdən tədqiq ediləndə qəlbimiz qürur hissi ilə döyünür. İftixar duyulası budur ki, dünyanın ən ünlü siyasətçiləri, ən nüfuzlu və tanınmış, şöhrətli sənət adamları Heydər Əliyev haqqında yüksək və dəyərli fikirlər söyləyirlər. Gündəlik dövri mətbuatı izləyən hər bir şəxs ümummilli liderimiz, dünya şöhrətli siyasətçi barədə dərc olunmuş fikirləri oxuyarkən onun əzəməti və ucalığı insanı bir daha heyran edir.

Yeni və Müasir Azərbaycan dövlətinin banisi, memarı və qurucusu, vətəni və xalqı ilə nəfəs alan Heydər Əliyev haqqında yazılmış bu kəlamlar da onun özü kimi ölməzdir.

Dünya şöhrətli rəssam Nikas Safronovun Heydər Əliyevin vəfatı ilə bağlı dediyi sözləri xatırlayıram: “Əgər mən dünyanın böyüyü olsaydım, dahi Heydər Əliyevin vəfatını bütün dünya üçün matəm sayardım və dünyada bir günlük hüzn günü elan edərdim.

Heydər Əliyev bənzərsiz, misilsiz və fövqəlbəşər bir şəxsiyyətdir. Mən həyatımda ondan nəhəng və planetar miqyaslı şəxsiyyətə rast gəlməmişəm. Mənim üçün o, siyasətdə dühanın - kiçik bir ölkədən böyük dövlət yaratmağa qadir dühanın təcəssümü olmuşdur və olaraq da qalır. Heydər Əliyev təfəkkür qabiliyyətinə görə, öz xalqına və bütün bəşəriyyətə xidmətdə fədakarlığına görə bənzəri olmayan siyasətçidir.”

Məşhur Ukrayna yazıçısı, xalq deputatı Boris Oleynik isə deyir: “Azərbaycanın milli lideri, böyük siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev həm də dünya siyasətinin patriarxıdır. Onun doğma xalqı üçün, öz ölkəsi üçün nə qədər böyük işlər gördüyü hamıya məlumdur. O, həqiqətən millətin atasıdır.”

Hətta ayrı-ayrı xalqların dövlət başçıları belə, Heydər Əliyevin fövqəlbəşərliyi, dühası qarşısında həsədlərini, heyrətlərini gizlədə bilmirlər.

Özbəkistanın dövlət başçısı İslam Kərimov Azərbaycana rəsmi səfəri zamanı görüşlərinin birində deyir ki, qədim tarixdən, fəlsəfə, siyasət, ədəbiyyat sahəsindən bu qədər adı, mürəkkəb hadisələri, yeni müasir işlərin adlarını yadda saxlamaq görünməmiş işdir. Təkcə onu deyim ki, yalnız Sizə deyil, Azərbaycan xalqına həsəd aparıram ki, onun belə dəqiq, aydın, ardıcıl siyasi mövqeyi olan lideri var.

Zəmanəmizin siyasət patriarxı haqqında, Azərbaycanını candan artıq sevən alovlu insan haqqında bu sözləri keçmiş zamanda söyləmək mümkün deyil.

Heydər Əliyevin matəmi də bənzərsiz, misilsiz oldu. Ona dərin ehtiramını, hüznünü, kədərini bildirən insanların məhəbbəti də məcraya və məhvərlərə sığmır.

Heydər Əliyev şərəfli ömrü kimi, şərəfli ölümu ilə də Azərbaycana başucalığı gətirdi.

Məzarı üzərindəki gül-çiçək gülüstanı da, insanların dəstə-dəstə gələrək uyuduğu torpağı ziyarətgaha çevirməsi də xalqın müqəddəs məhəbbətindən soraq verir. Şübhəsiz ki, Heydər Əliyevin qəhrəmanlıq salnaməsi hələ bundan sonra da zaman-zaman yazılacaq.

Bəşər xəzinəsinə Nizami, Füzuli, Üzeyir bəy, Səttar Bəhlulzadə kimi nəhənglər bəxş etmiş Azərbaycanın siyasət sahəsindəki boşluğu Heydər Əliyev doldurdu. Heydər Əliyevin siyasətdə titanik fəaliyyəti dünyanın azman siyasi fiqurları tərəfindən də açıq etiraf edilir.

Hansı müdrik filosofsa deyib ki, insanın əməlləri onun ölümündən sonrakı həyatıdır. Heydər Əliyevin də idealları, əməlləri uzun yüzilliklər, minilliklər yaşayacaq. Bu amallar əsrlərin və nəsillərin yaddaşında yaşayacaq və daim xalqımızı inkişafa doğru, tərəqqiyə doğru aparacaqdır.

Yadımdadır, 1998-ci ilin may ayında cənab Heydər Əliyev “Sevil” Qadınlar Məclisinin rayon şöbələrinin rəhbərlərini qəbul etdi. Bizə öz dəyərli tövsiyələrini verdi. Həmin tarixdə həm də bu iti zəka sahibinin 75 yaşı tamam olmuşdu. Bu münasibətlə biz ona qəhrəmanlıq rəmzi olan at belində oturmuş qadın heykəli bağışladıq. O vaxt bu dahi şəxsiyyətlə çəkdirdiyim şəkil bu gün də yazı masamın bəzəyidir.

Fəqət, nə acıdır ki, zamanın təkəri geri fırlanmır. Nə yaxşı ki, özünü dövlətçiliyimizin hifz olunmasına fəda etmiş, sabit inkişaf edən dövlət yaratmış Heydər Əliyevin siyasi-iqtisadi kursu bu gün etibarlı əllərdədir.

Biz inanırıq ki, cənab İlham Əliyev atasının və xalqının arzularını eyni qətiyyətlə həyata keçirəcək və Azərbaycana firavan günlər bəxş edəcəkdir.


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin