Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə10/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   6   7   8   9   10   11   12   13   ...   68
HEYDƏR ƏLİYEV VƏ QADIN HƏRƏKATI

Qədim yunan filosofu Aristotelin belə bir kəlamı var: “İnsan öz səadətini arzularında yox, potensialında axtarmalıdır”. Bu dahiyanə tövsiyə sanki birbaşa Azərbaycan xalqı üçün deyilmişdir. Biz, doğrudan da, geniş potensial imkanlara malik xalqıq. Mən bu fikri söylərkən, təkcə zəngin yeraltı və yerüstü sərvətlərimizi, münbit torpaqlarımızı, bol günəşli iqlimimizi deyil, həm də bütün bu nemətlərimizi xalqın ixtiyarına verən dəyərli insanlarımızı nəzərdə tuturam.

Düzdür, biz müasir dünyanın ölçülərinə görə sayca çox da böyük deyilik, cəmisi 8 milyon əhalimiz var. Onun yarıdan bir qədər çoxu qadınlardır. Amma mənə elə gəlir ki, mənəvi-zehni və fiziki enerjisinə və potensial çəkisinə görə Azərbaycan qadını sayından daha sanballı, göründüyündən daha böyükdür. Yəni, Azərbaycan xalqının potensial imkanları onun qadın qütbündə daha çox toplanıb. Bu qütbə məxsus zəngin “ehtiyat mənbələrinin” kəşf olunub üzə çıxarılmasında, Azərbaycan qadınının mütəşəkkil bir qüvvə kimi səfərbər edilib ümumxalq mübarizəsinə qoşulmasında, biz hər şeydən əvvəl müstəsna keyfiyyət və məziyyətlərinə görə müasirlərindən qat-qat yüksəkdə duran, siyasi uzaqgörənliyinə görə heç kimə bənzəməyən möhtərəm Prezidentimiz Heydər Əliyevə borcluyuq. Ona görə ki, o, öz taleyini heç vaxt doğma xalqının, o cümlədən bu xalqın yarıdan çoxunu təşkil edən Azərbaycan qadınının taleyindən ayırmayıb. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!” deyən bu nadir şəxsiyyət bütün ömrü boyu eyni amal və əqidə ilə yaşamışdır - Azərbaycan üçün və Azərbaycan naminə. Azərbaycanın dövlətçilik tarixi indiyədək Heydər Əliyev qədər Azərbaycan qadınını fikrən və ruhən pərvazlandıran, onu böyük, cahanşümul işlərə ruhlandıran, ona cəmiyyətdə və dövlətdə layiq olduğu yeri təmin edən ikinci bir dövlət rəhbəri tanımır.

Yadımdadır, Prezident Heydər Əliyev 1998-ci il iyunun 1-də Prezident Sarayında “Sevil” Azərbaycan Qadınlar Məclisi rayon şöbələrinin sədrlərini qəbul edərkən bütün iştirakçıları səbrlə dinlədikdən sonra özü çıxış etdi. Ulu öndər dedi: “Mən bütün fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağım hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir, mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın çox ağır və çətin anları olubdur. Bütün bu mərhələlərdə qadınlar özlərini həmişə çox etibarlı göstəriblər və bu sınaqlardan şərəflə çıxıblar.”

Qadınlarla görüş zamanı möhtərəm Prezidentimiz Heydər Əliyev həmişə qadınların cəmiyyətdə fəal mövqe tutmasına çalış­dığını xüsusi vurğulayaraq, qətiyyətlə bildirdi ki, “Azərbaycan Prezidenti kimi indi mən, birinci növbədə qadınların cəmiyyətdə rolunun artmasına çalışıram. İkincisi, sizə çox ümid edirəm… Mən əminəm ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda, iqtisadi islahatlarda və digər proseslərdə siz həmişə fəal olacaqsınız və ön sıralarda gedəcəksiniz.”

Əlbəttə, müasir Azərbaycanın dövlət müstəqilliyinin təminatçısı və baş memarı olan cənab Heydər Əliyevin bu sözləri heç də gəlişi gözəl sözlər deyildi. Sonrakı hadisələr göstərdi ki, bu fikirlər müdrik xalq rəhbərinin dövlət qadın siyasəti üzrə strateji seçimidir. Bu kurs 1993-cü ildən başlamış və indiyədək səylə davam etdirilməkdədir. Təxminən 10 ilə yaxındır ki, xalqımız müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi dühasından güc-qüvvət alır. Onun milli-mənəvi, sosial-iqtisadi yüksəlişimizə xidmət edən elmi-nəzəri və siyasi irsi, çağdaş tariximizdə müstəsna rol oynayan göstəriş, sərəncam, fərman və tövsiyələri hələ uzun illər xalqımızın ən etibarlı idrak və zəka məşəli kimi həyatımıza işıq saçacaqdır. Bəlkə də müasirlərimizdən hələ bir çoxları Heydər Əliyev siyasi kursunun məna və mahiyyətini, siyasi, elmi və hüquqi dəyərini, taktiki və strateji gücünü lazımınca dərk etmir. Lakin görünür, bunun üçün müəyyən vaxt və möhlət lazımdır.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni mərhələ, nəzərə çarpacaq yüksəliş, fəallıq və təşkilatlanma mərhələsi başlanmışdır. 1993-cü ilin ortalarından üzü bəri Azərbaycan qadını müdrik xalq rəhbərinin ardıcıl və məqsədyönlü səyi, prinsipial diqqət və qayğısı nəticəsində cəmiyyətdə durmadan yüksəlir, ictimai-siyasi həyatda öz layiqli yerini tapır və liderləşir. İndi artıq reallığa çevrilmiş fəal qadın hərəkatı əsl dirçəliş yoluna 1994-cü ildən qədəm qoymuşdur. Bu dirçəliş bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, həmin ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Pekində keçiriləcək IV Dünya Qadın Konfransına hazırlıqla əlaqədar milli komitə yaradılması haqqında fərman imzaladı. Bu fərman respublika qadın cəmiyyətlərinin formalaşmasına və yaradıcı axtarışlar aparmasına güclü təkan verdi. Milli Komitə müxtəlif tədbirlər həyata keçirərək IV Dünya Qadın Konfransına olduqca məzmunlu və ümummilli dəyər daşıyan məruzə hazırlandı. Respublika qadınlarının bir qrupu bu konfransda Azərbaycan qadınlarını ləyaqətlə təmsil etdi.

Müasir qadın hərəkatının Azərbaycanda canlanmasında mühüm əhəmiyyətə malik olan növbəti mütərəqqi addım 1995-ci ilin iyun ayında ölkəmizin BMT-nin “Qadınlara münasibətdə hər cür ayrı-seçkiliyin ləğv edilməsi haqqında” Konvensiyasına qoşulması oldu. Bu Konvensiyaya qoşulmaqla respublikamız öz üzərinə müvafiq öhdəliklər götürdü.

1998-ci il Azərbaycanın müasir qadın hərəkatı tarixinə qızıl hərflərlə yazılmalıdır. Mən 1998-ci ili məmnuniyyətlə Azərbaycan qadınları üçün “Qızıl il” adlandırardım. Bəlkə də qadınların bugünkü nailiyyətlərinin əsası məhz 1998-ci ildə qoyulmuşdur. Belə ki, möhtərəm Prezidentimiz Heydər Əliyev cəmiyyətdə qadınların durumunu, mövqeyini gücləndirmək üçün ölkə tarixində ilk dəfə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam verdi. Cənab Heydər Əliyevin şəxsində dövlətimiz öz qadın vətəndaşlarının problemlərinə biganə olmadığını əməli olaraq sübut etdi. Prezidentin “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncamı qadın əməyinə, qadınların istedad və potensialına dövlətimizin böyük diqqət və qayğısının ifadəsi idi.

1998-ci il may ayının 21-də Heydər Əliyev Prezident sarayında YAP Qadınlar Şurası üzvlərinin bir qrupunu qəbul etdi. Həmin ilin yayında hörmətli Prezidentimiz işinin çox və gərgin olmasına baxmayaraq, “Sevil” Qadınlar Məclisinin rayon şöbələrinin sədrlərini qəbul etdi.

1998-ci il sentyabrın 14-15-də 26 illik fasilədən sonra Azərbaycan qadınlarının növbəti qurultayı keçirildi. İki gün davam edən qurultayda respublika qadınlarını 2 mindən çox nümayəndə təmsil edirdi. Onların əksəriyyəti bölmə iclaslarında çıxış edib öz ürək sözlərini cəmiyyətə çatdırmaq imkanı qazandı. Qurultayda Prezident Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin olduqca məzmunlu, əhatəli və emosional məruzəsi dinlənildi, respublika və dünya qadınlarına müraciət qəbul edildi. Bütün bunlar hamısı olduqca səviyyəli, zəriri, ürəklərə və beyinlərə qida verən nurlu mərasimin ayrı-ayrı unudulmaz məqamları idi. Ancaq qurultay nümayəndəsi kimi deyə bilərəm ki, Azərbaycan qadın hərəkatının müstəqil və mütərəqqi bir yolla inkişafının mahir və müdrik təşkilatçısı, dövlətçiliyimizin qüdrətli memarı cənab Heydər Əliyevin qurultayda açıq, səmimi, ümumiləşdirici çıxışı fikir vüsətinə və təhlil keyfiyyətinə görə bu mötəbər məclisin kulminasiya nöqtəsi idi.

Məhz bu qurultay Müstəqil Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı oldu. Ölkə Prezidenti Heydər Əliyev öz çıxışında dedi: “Hesab edirəm ki, bu qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrdən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm.”(“Azərbaycan” qəzeti, 17 sentyabr, 1998-ci il)

Müstəqil Azərbaycanın ilk qadınlar qurultayı bir çox cəhətləri ilə həmişəlik yaddaşlara həkk olundu, onun təsiri sonralar gündəlik həyatımızda özünü təkrar-təkrar aydın biruzə verdi, milli qadın dünyamıza işıq saçdı.

Aradan iki il keçdikdən sonra Prezident Heydər Əliyev Azərbaycan qadınlarını daha bir möhtəşəm, nəhəng Fərmanı ilə sevindirdi. Mən bu Fərmanı ona görə möhtəşəm və nəhəng adlandırıram ki, bu sənəd qadınların həyatının demək olar ki, bütün sahələrini əhatə edirdi. 2000-ci il martın 6-da imzalanmış “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” bu Fərmanda bir çox məsələlər öz parlaq əksini tapdı. Bu tarixi sənəddə qadınlarla kişilərin hüquq bərabərliyi, xüsusilə onların dövlət idarəçiliyi sistemində layiqli səviyyədə təmsil olunmaları, habelə qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması, iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərinin rəhbər tutulması, qadınlarla kişilər arasında bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğu problemlərinin həlli yolları və digər məsələlər mühüm yer tuturdu.

Bundan əlavə, Azərbaycan qadınının keşməkeşli həyat yolunu və inkişaf tarixini işıqlandırmaq, tarixi yaddaşımızı oyatmaq və məhəbbətlə yad etmək baxımından bu sənədin əhəmiyyəti olduqca böyükdür. Əsrlərin dərinliyinə uzanıb gedən tariximizin qaranlıq və unudulmuş guşələrinə işıq salan bu Fərmanın hər sətri ana və bacılarımıza böyük ehtiram və məhəbbətlə süslənmişdir. Fərmanı oxuduqca aydın dərk edirsən ki, Prezident Heydər Əliyevin bütün fəaliyyəti kimi, onun imzaladığı rəsmi sənədlər də milli kolorit kəsb edir. Çox böyük istək və sevgi ilə hazırlanmış sənəddə deyilir ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və səadəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəvi sifətlərlə səciyyələndirilən, mənəviyyatımızın təməl kitabı olan “Kitabi Dədə Qorqud”un qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir.

Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları hə­yat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərində Məh­inbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaratmışdır. Görkəmli memar Əcəmi Nax­çıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzə­mətli memarlıq abidəsi olmaqla yanaşı, xalqımızın qadına göstər­diyi ehtiramın parlaq təcəssümüdür.

Azərbaycan mədəniyyətinin və elminin inkişafında mühüm mərhələ olan orta əsrlər dövründə Azərbaycan qadınının fəaliyyəti xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanması və zənginləşdirilməsinə xidmət etmişdir. XII əsr poeziyasının görkəmli nümayəndələrindən olan Məhsəti Gəncəvinin şeir məclisləri Azərbaycan qadınının adını uzaq ellərdə tanıtdı.

Orta əsrlər tariximizdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanın arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Şirvanşah Xəlilullahın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimlərinin adları hörmətlə yad edilir.

XIX əsr Azərbaycanın həyatında qadınların fəallığı və bö­yük yaradıcılıq uğurları ilə səciyyələnir. Bu mənada Xurşid­banu Natəvanın, Ağa Bəyim Ağa Ağabacının, Qönçəbəyimin, Fatma xanım Kəminənin, Şahnigar xanımın, Qəmərbəyim Şeyda Qarabaginin və başqalarının yaradıcılığı diqqəti cəlb edir. Həmin əsrdən Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni proseslər qadınların maariflənməsinə və ictimai həyatda daha fəal iştirak etməsinə güclü təkan verdi.

Dünyəvi teatrın, demokratik mətbuatın, anadilli məktəbin, qız məktəblərinin və qadın gimnaziyalarının yaradılması Azərbaycan qadınlarının hərtərəfli inkişafı üçün yeni üfüqlər açdı. Bu dövrdə cəmiyyətdə maarifçiliklə yanaşı, xeyriyyəçilik də mühüm yer tuturdu. Gövhər xanım Qacar, Həmidə xanım Ca­vanşir, Nigar xanım Şıxlinskaya, Məsmə xanım Talışinska­ya, Səltənət xanım Əhmədova və digərlərinin yaratdıqları qa­dın xeyriyyə cəmiyyətləri böyük iş aparırdı. O dövrün möh­təşəm abidəsi olan Təzə Pir məscidi də həmin xeyriyyə təd­bir­lərindən biri kimi Nabat xanım Aşurbəyli - Rzayeva tərəfindən tikdirilmişdir. Bütün bu işlərin məntiqi nəticəsi olaraq tariximizdə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verildi.

1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı. Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir. Qadın emansipasiyası, qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir.

1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil etdi. Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi. 1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi. Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında mühüm rol oynadı. 1923-cü ildə “Şərq qadını” jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu.

İkinci Dünya Müharibəsi qadınların əməyə daha geniş surətdə cəlb edilməsinə təkan verdi. Bir çox sahələrdə cəbhəyə gedən kişiləri qadınlar əvəz etdi. Həmin dövrdə Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva kimi təyyarəçi, Şövkət Səlimova kimi qadın gəmi kapitanı yetişmişdi. Müharibə dövründə qadınlarımız ön cəbhədə mərdliklə döyüşmüş, arxa cəbhədə əmək rəşadəti, fədakarlıq nümayiş etdirmişlər. Bütün bunlar Azərbaycanda qadın hərəkatı tarixinin unudulmaz səhifələridir.

Azərbaycan qadınlarının sovet hakimiyyəti illərində elm və mədəniyyət sahələrində əldə etdikləri nailiyyətlər onların böyük istedad və əməksevərliyinə dəlalət edən tutarlı sübutdur. Teatr səhnəsinin mahir ustaları Mərziyyə Davudova, Fatma Qədri, Hökumə Qurbanova, Münəvvər Kələntərli, Barat Şəkinskaya, Amalya Pənahova, Azərbaycan baletinin ulduzları Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, sevimli müğənnilərimiz Şövkət Məmmədova, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Sara Qədimova , Rübabə Muradova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Zeynəb Xanlarova, görkəmli bəstəkarlarımız Ağabacı Rzayeva, Şəfiqə Axundova, Firəngiz Əlizadə, böyük qadın rəssamlarımız Vәcihә Səmədova, Reyhan Topçubaşova, Güllü Mustafayeva, Elmira Şahtaxtinskaya, Maral Rəhmanzadə milli mədəniyyətimizin inkişafına öz layiqli töhfələrini vermişlər. Azərbaycanın qadın şair və yazıçıları - Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün, Hökumə Billuri, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli də Azərbaycan ədəbiyyatının inkişafı tarixində silinməz izlər qoymuşlar.

Sovet hakimiyyəti dövründə Azərbaycan qadınlarının 1957, 1967 və 1972-ci illərdə keçirilmiş qurultayları da Azər­bay­can­da qadın hərəkatının inkişafında, onun daha mütəşəkkil forma almasında mühüm rol oynadı.

Respublika Prezidentinin adı çəkilən məşhur Fərmanından irəli gələn vəzifələr tezliklə ölkə daxilində geniş əks-səda doğurdu. Qadın Problemləri üzrə Dövlət Komitəsi tezliklə “2000-2005-ci illər üzrə Azərbaycan Respublikasında qadın prob­lemləri üzrə milli fəaliyyət planı”nı tərtib edərək Nazirlər Ka­bi­netinin təsdiqinə verdi. Azərbaycanın qoşulduğu bey­nəlxalq konvensiyaların və IV Dünya Qadın Konfransında qəbul edilmiş Pekin fəaliyyət platforması əsasında müvafiq nazirlik, komitə və təşkilatların iştirakı ilə hazırlanmış bu plan artıq fəaliyyət göstərməkdədir. Onu da qeyd edim ki, 2000-ci ildən sonra qadınların rəhbər vəzifələrə irəli çəkilməsi halları xeyli artmışdır. Bunu son iki ildə Prezident Fərmanı ilə icra olunan kadr təyinatları bir daha təsdiq edir.

Milli müstəqillik yolu ilə inkişaf edən Azərbaycanda son illər qadınların ölkə daxilində fəaliyyəti ilə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələri də forma və məzmunca təkmilləşdirilmiş və onların dünya birliyinə inteqrasiyası üçün yeni imkanlar yarat­mışdır. Son illər respublikamızın bəzi qadın təş­kilatlarının beynəlxalq səviyyədə fəaliyyəti və əməkdaşlığı xey­li genişlənmişdir. “Qadın və İnkişaf” Mərkəzinin(AQİM) tim­salında bunu daha aydın görmək olar. Azərbaycan qadın­la­rının BMT-nin qurumları və digər beynəlxalq təşkilatlarla işgü­zar əlaqələri və əməkdaşlığı sayəsində ölkəmiz “Qadınlara mü­nasibətdə ayrıseçkiliyin bütün formalarının aradan qaldırıl­ması haqqında” Konvensiyaya qoşulmuşdur. Ümumdünya Qadınlarının Beynəlxalq Pekin Konfransında respublikamızın 5 qeyri-hökumət qadın təşkilatının müxtəlif mövzular üzrə 26 məruzəsi forumun qərarlarına daxil edilmiş və 189 ölkədən olan iştirakçının diqqətinə çatdırılmışdır. Son illər təkcə AQİM-in əməkdaşları BMT-nin qadın problemləri üzrə 40-dan çox qlobal və regional konfranslarının iştirakçısı olmuşlar. Azərbaycan qadını 1994-cü ildən Cakarta, Qahirə, Vyana, Almaniya, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, İran, Tailand, Filippin və başqa ölkə və şəhərlərdə keçirilmiş ən nü­fuzlu beynəlxalq tədbirlərin fəal iştirakçısı kimi qadınların dün­ya birliyinə qoşulmuşdur. Azərbaycan qadın təşkilatları, o cümlədən AQİM qısa müddətdə 12 nüfuzlu beynəlxalq təşkilatın və şəbəkənin üzvü seçilmişdir. Onların sırasında “Qa­dınlar inkişafda” Assosiasiyası, Asiya-Sakit Okean höv­zə­si üzrə müşahidə qrupu, Beynəlxalq Sülh Bürosu, Qaçqın Qa­dınlar üzrə Beynəlxalq işçi qrupu, “Bacılıq” Ümumdünya Şə­bə­kəsi, Qadınların Beynəlxalq Ekoloji Alyansı, Əlil Qa­dın­lar Assosiasiyası və başqa bu kimi tanınmış qadın birlikləri var.

Respublikamızda ilk dəfə qadınların təşəbbüsü ilə Sülh və İnkişaf Alyansı yaradılmış və o, Beynəlxalq Sülh Bürosuna üzv seçilmişdir. Dünya Birliyinə inteqrasiya üçün böyük imkanlar əldə etmiş Azərbaycan qadını 1999-cu ildə Haaqada Ümumdünya Sülh Konfransında fəal iştirak etmişdir. İlk dəfə olaraq ABŞ-ın İqtisadi və Sosial Şurası Azərbaycanın qadın hərəkatına məsləhətçi statusu verməklə ona BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qərargahlarında öz təmsilçilərini təyin etmək hüququ vermişdir. Ümumiyyətlə, son illər ölkə başçısının, möhtərəm Prezidentimiz Heydər Əliyevin xüsusi diqqət və səyi nəticəsində Azərbaycan qadınlarının sülhsevər səsi dünyanın ən mötəbər tədbir və tribunalarından gəlir, qadın təşkilatlarımıza BMT-nin yüksək statusu verilir.

Azərbaycan qadınlarının fəaliyyətini yüksək qiy­mət­lən­dirən ölkə prezidenti Heydər Əliyev demişdir: “Təkcə XX əsr­də Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər həqiqətən dünya miqyasında bizim üçün böyük iftixar mənbəyinə çevrilmişdir”. Doğrudan da, belədir. Xüsusilə, XX əsrin sonlarında müstəqillik əldə etmiş Azərbaycan dövləti qadınların ictimai fəallığının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində dövlət səviyyəsində mühüm işlər görmüşdür. Son 10 ildə Azzərbaycan qadınının ideoloji, dini, siyasi, iqtisadi görüşlərinə görə müxtəlif ictimai təşkilat, birlik və partiyalarda təmsil olunması ölkədə qərarlaşan demokratik mühitlə izah olunmalıdır. Tam əminliklə deyirəm ki, 1995-ci ildə Pekində keçirilmiş IV Ümumdünya Qadınlar Konfransına hazırlıqla əlaqədar Prezident Heydər Əliyevin Fərmanı ilə yaradılmış Azərbaycan Qadınlarının Milli Komitəsinin fəaliyyətə başlaması Azərbaycanın qadın hərəkatına, yəni qadınların müxtəlif təşkilat və birliklərdə təmsil olunması və təşkilatlanması prosesinə yeni təkan vermişdir. Ölkəmiz 1993-1995-ci illərdən qadınların dünya birliyinə inteqrasiya olunması istiqamətində də mühüm addımlar atmışdır. Azərbaycanın BMT-nin “Qadınların siyasi hüquqları haqqında” , “Uşaq hüquqları haqqında”, “Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Konvensiyalarına qoşulması qadınlarımızın beynəlxalq nüfuzunun artmasına real zəmin və şərait yaratmışdir.

Möhtərəm Prezidentimiz cənab Heydər Əliyev tərəfindən qadınlar üçün yaradılmış maksimum demokratik və humanist fəaliyyət şəraiti nəticəsində indi ölkəmizdə müxtəlif təyinatlı qeyri-hökumət qadın təşkilatları fəaliyyət göstərir. Onların arasında “Sevil” Azərbaycan Qadınlar Məclisi, Azərbaycan Qadınlar Cəmiyyəti, Neftçi Qadınlar Cəmiyyəti, Qadın və İnkişaf Mərkəzi, Azərbaycan Qadınlarının Bakı Assosiasiyası, Qadın Ümid Cəmiyyəti xüsusilə fərqlənirlər. Bu təşkilatlar MDB üzvü olan ölkələrin qadın təşkilatları ilə, habelə dünyanın digər milli qadın birlikləri ilə - ABŞ, İngiltərə, Türkiyə, Pakistan, Çin, İsrail, İran, İraq və digər ölkələrin qadın təşkilatları ilə sıx əlaqə saxlayırlar.

Deyilənə görə, materialist yunan filosofu, atom nəzəriyyəsinin banisi Demokrit belə qənaətə gəlmişdir ki, əgər alma təkrar-təkrar bərabər hissələrə bölünərsə, elə bir an gəlib çatacaq ki, növbəti bölünmə zamanı alınan hissə artıq almaya məxsus xassələrə malik olmayacaq. Bu kəşfi millətə və xalqa da aid etmək olar. Dəfələrlə dini, siyasi, hüquqi, sinfi, ərazi, ənənə, əxlaqi və digər əlamətlərə görə bölünən Azərbaycan xalqı, nəhayət elə bir həddə çatdırılmışdı ki, müəyyən mülahizələrə görə ondan qəsdən qoparılan sosial qruplar artıq Azərbaycana məxsus xüsusiyyətləri itirməyə doğru gedirdi. Milləti siyasət dəyirmanında üyüdüb toz halına salmaq istəyənlər, onun xanlıqlara parçalanma dövründən istifadə edib bu qədim və qüdrətli milləti iki yerə böldü: bir neçə ildən sonra Azərbaycanın Rusiya və İran arasında iki yerə bölünməsi faciəsinin 200 ili tamam olur. 200 il Çar Rusiyası və onun varisi olan Sovet İmperiyası Azərbaycan xalqını tikə-tikə doğrayıb. Gah dilini kəsib, milli mənəviyyatını, adət-ənənəsini əlindən alıb, tarixini, əsil-kökünü, yaddaşını unutdurub, gah da ona istədiyi damğanı vurub...

Çadra və cəhalət təxminən on iki əsr Azərbaycan qadınını doğma xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatından demək olar ki, təcrid etmişdi. Xalqın iki yerə bölünməsinin başlanğıcı da qadınların hüquqsuzluğunun qanuniləşdiyi gündən başlayır. Azərbaycan xalqının “başbilənləri” təxminən min üç yüz il onu doğan ananın hüququnu qəbul etməmişlər. Qara çadra ana və bacılarımızı cəmiyyətdən təcrid edən, milləti iki yerə bölən ən amansız silah olmuşdur. Bu mənada, çadra Azərbaycanı ərazi cəhətdən iki yerə bölmüş Rus silahından da dəhşətli fəsadlar törətmiş və xalqımızın inkişafını bir neçə əsr ləngitmişdir.

Ötən 200 ildə Rus İmperiyası xalqımızı yalnız ərazi baxımından iki yerə bölməmiş, həm də aramızda sünni-şiə, yerli-gəlmə, dağlı-aranlı, kəndli-şəhərli davaları salmışdır.

Belə fitnəkar oyunlara və fəsadlara baxmayaraq, xalqımız öz milli simasını, mənəvi bütövlüyünü qoruyub saxlaya bilmiş və bütövə xas xüsusiyyətlərini, yəni Azərbaycan xalqına məxsus xassələrini hifz edib indiki nəslə çatdıra bilmişdir. Bu, kimin və nəyin sayəsində mümkün olmuşdur? Mən böyük cəsarət və qətiyyətlə deyərdim ki, bu, yəni özümüzə, milli genimizə və xalqımıza məxsus keyfiyyətləri məhz ana və bacılarımız, ismətli və istəkli xanımlarımız hifz edib saxlamış, yaşatmış, qorumuş və gələcək nəslə çatdırmışlar. Gəlin açıq etiraf edək ki, qara çadranın altında kənar təsirlərdən mühafizə olunan qadınlarımız daxili bir istək və rabitə ilə millətə məxsus keyfiyyətləri ana südü, ana laylası, ana dili, bayatı, oxşama, nağıl və dastanlarla nəsildən nəslə çatdırmış, ruhumuzu milli musiqi və rəqslərlə yaşatmış, adət-ənənələrimizi göz bəbəyi kimi qorumuş və nəsildən nəslə ötürmüşlər. Etiraf edək ki, Azərbaycan qadını milli xüsusiyyətlərimizi ən çox yaşadan, daha az deformasiyaya məruz qalan zümrədir. Mən çəkinmədən deyərdim ki, Azərbaycan qadını ana dilimizin, ana laylalarımızın, folklor və etnoqrafiyamızın, Azərbaycan həyat tərzi və məişətinin mübariz müdafiəçisi və yaşadanıdır. Kişilər müxtəlif vaxtlarda müxtəlif şirnikləndirici yad təsirlərə düşüb millətə yadlaşanda, “Tacirlərimiz Anyalara, Sonyalara uyanda”, qadınlarımız hər vaxt ailənin, nəslin şərəfini, qeyrətini uca tutub, onu heç nəyə qurban verməyib. Obrazlı şəkildə desək, Azərbaycan qadınını Demokritin məşhur almasına bənzətsək, o, heç vaxt tamdan, kökdən, əslindən ayrılmayıb və öz milli simasını, həmçinin millətin təbii sifətini hifz edib saxlayıb.

Hazırda qadın azadlığının ölçüsü kimi çox geniş miqyasda və tez-tez işlədilən bir söz var - bərabərlik. Mən bu haqda yeri düşmüşkən, öz fikrimi bildirmək istəyirəm. Bu sözün qiymətli cəhəti onun mənəvi gücündə ifadə olunub: hamının insanlıq hüququ, yaşamaq hüququ bərabərdir. Konstitusiyamız bu sahədə heç kimə üstünlük vermir, güzəştə getmir. Bütün qanunlarımız da onun keşiyində durub. Lakin bu sözün müəmmalı və ziddiyyətli cəhətləri də var. Ədalət naminə bunu mütləq nəzərə almaq lazımdır. Bu, nədir?

Bu, ondan ibarətdir ki, heç bir insan əqli, fiziki, sağlamlıq, qabiliyyət, kamillik, istedad və digər cəhətlərdən bərabər doğulmur. Təbiət rəngarəngliyi və bənzərsizliyi çox sevir. Bərabərsizlik də təbiətin özündən gəlir. Təbiət özü bərabərsizliyin anasıdır. Məncə, qadın və kişi kimi dünyaya gələn adamlar arasında bərabərlik tələb etmək və bunu aradan qaldırmağa çalışmağın özü bərabərsizlikdir. Müdrik təbiətin özündə bərabərlik yoxdursa, bunu insanlar arasında necə yaratmaq olar? Dünyada zehni qabiliyyəti, bacarığı, fiziki gücü, mənəvi dözümü və başqa cəhətləri ilə bir-birinə bərabər olan iki insan varmı? Yoxdur, deməli, biz də kişilərlə qadınların hüquq bərabərliyi dedikdə, heç də hər yerdə kişiləri əvəz etmək iddiası ilə çıxış edə bilmərik. Ailədə, cəmiyyətdə və insani münasibətdə tarixən qadının öz yeri, öz funksiyası olub, kişilərin də öz yeri, öz funksiyası. Bu mövqelər olduqca təbii əsaslar üzərində qurulmuş reallıqlardır. Bu mövzuda çıxış edərkən mütləq milli mentalitetimizi nəzərə almaq lazımdır. Unutmaq olmaz ki, hər xalq qadına öz gözü ilə baxır. Məsələn, Azəri oğlu sevdiyi qadının yolunda ölümə gedərsə, bu, qəhrəmanlıq sayılır. İngilis buna axmaqlıq kimi baxır, fransız nəcib hərəkət kimi qiymətləndirir, rus isə “yəqin sərxoş imiş” deyir.

Qadınlara münasibətdə, məncə, sosial ədalətin qələbəsini təmin etməyin ən doğru yolu, qadına özünü həmişə qadın kimi hiss etmək imkanı verməkdir. Çünki, bərabərlik həqiqi mənada insanın öz-özünü dərk etməsidir. Özünüdərk xalis təfəkkür dairəsində insanın özünün özünə bərabərliyidir. Qadın öz me­yarlarına bərabər və uyğun mühitdə xoşbəxtdir. Pifaqor de­yir ki, dünyanı ölçü idarə edir. Qadın da təbiətin qanunlarına tabe­dir. Onun üçün də hər şey qədərində qəşəngdir, əndazəsində əntiqə!

Qadınların kişilərlə bərabərliyi dedikdə, məncə, ilk növ­bədə qadınların müstəqilliyi yada düşür. Sözün həqiqi məna­sın­da müstəqil olmaq üçün demokratik şərait lazımdır. İndi bizim cəmiyyət belə bir səadətə qovuşmuşdur. Demokratiya in­san qəlbini, insan ağlını əsarət və zorakılıq, ətalət və itaət bu­xovlarından azad edib. Bu azadlıq əbədi və dönməzdir. Ondan bol-bol və qədərincə istifadə etmək üçün qadınlar getdikcə kişilərlə bərabər imkanlara yiyələnir, demokratik və dialektik təfəkkür tərzinə sahib olurlar. Müasir demokratik və dialektik təfəkkür tərzi qadınlarımızın həyatına genişlik gətirib, onların fəaliyyət dairəsinə və qabiliyyətinə isə bir yenilik, aydınlıq əlavə edib. Özümdən götürürəm. Mən indi özümü də, özgələrini də həmişəkindən aydın görüb dərk edirəm, öz fikir və düşüncələrimə demokratiyanın azadlıq pəncərəsindən nəzər salıram. Mən bu pəncərədən yeni bir mənzərə - fikir azadlığını, münasibət və ünsiyyət sərbəstliyini görürəm. Bu, məncə, bizim indiki dövrdə qazandığımız ən böyük sərvət və səadətdir.

Çox təəssüf ki, müasirlərim arasında elə şəxslər var ki, bu səadəti hələ də duymur, böyük dünyamıza - ürəyimizə açılan pəncərələri görə bilmir, azadlıq mehrini duymurlar. Duymur və ya dərk edə bilmirlər ki, Azərbaycan qadını artıq təkcə kənar dünyaya deyil, öz içimizə, daxili dünyamıza da nəzər salmaqda, özünü bacardığı kimi görüb-göstərməkdə azaddır. Bu gün biz əqidəmizin, ağlımızın, milli ləyaqət və varlığımızın sahibiyik. Öz darısqal dünyasında, məhdud fikirlər girdabında fırlana-firlana qalanlar başa düşmək istəmirlər ki, ağlın, elmin şəfəqi ilə birləşməyən demokratiyanın heç bir faydası yoxdur. Bu gün biz böyük dünyanın xarakterlər sərgisində özümüzü daha dolğun və bütöv görürük. Görürük ki, Azərbaycan qadınının milli ləyaqət və nəcabəti yalnız bizə məxsus olan əvəzsiz milli-mənəvi sərvətimizdir.

Son 15 ilin mürəkkəb ictimai-siyasi, sosial-iqtisadi və mənəvi problemlərinin doğurduğu sıxıntılara baxmayaraq, mərd və mübariz Azərbaycan qadını bu gün, yəni üçüncü minilliyin ilk günlərində dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır. O, kişilərlə çiyin-çiyinə çalışır, qurub yaradır, dəhşətli müharibənin xalqımıza vurduğu yaralara, zərbələrə dəyanətlə, ləyaqətlə dözür, vətən, el-oba, doğma ocaq həsrəti çəkir, işsizlik və mövcud iqtisadi çətinliklərdən sarsılır, lakin yeni əsr, yeni zamanla üz-üzə durduğu indiki dövrün məna və məsuliyyətini, mahiyyət və məqsədini unutmur. Üçüncü minilliyin ilk illərində Azərbaycan qadını tale yüklü həyat yaşayır. Mən inanıram ki, ləyaqət və dəyanətdə misli-bərabəri olmayan bizim Azəri-türk qadınları yüz il, min il bundan əvvəl olduqları kimi yenə də tarixi sınaqlardan üzüağ, başıuca çıxacaqlar. Çünki bu gün onun yaşadığı ölkəyə və mənsub olduğu xalqa dünyanın ən müdrik şəxsiyyətlərindən biri, görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev rəhbərlik edir. Məhz onun fasiləsiz qayğı, diqqət və sevgisi sayəsində Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurmaq, yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranmışdır. Hazırda ölkəmizdə qadın hərəkatının yüksəlişinə dövlətimizin bu qədər geniş vüsət verməsi Azərbaycanın Prezidenti, xalqımızın böyük oğlu Heydər Əliyevin yüzlərlə xidmətlərindən yalnız biridir.

Özünüz təsəvvür edin, bu gün ölkə iqtisadiyyatında çalışanların təxminən yarısı, iki milyona qədəri qadınlardir. Elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışanların üstün mövqeyinə cəmiyyət artıq çoxdan alışıb. Səhiyyə, mədəniyyət, təhsil, elm sahəsində çalışan 200-ə qədər qadın son illər Prezident tərəfindən verilmiş yüksək fəxri adlara, ordenlərə, təqaüdlərə layiq görülmüşdür. Heydər Əliyevin şəxsi qayğı və etimadı sayəsində Azərbaycan qadını özünü öz ölkəsinin uşaqlarından sonra ikinci ən istəkli vətəndaşı kimi dərk edir və fəaliyyət göstərir. Azərbaycan qadını dövlət başçısının dövlətçilik, sabitlik, sülh, birlik siyasətini dəstəkləyir və o, bu müstəqil dövlətçilik siyasətinə daim sadiqdir. Onun arzusu, niyyəti, sülhdür, dinclikdir. Lakin o, vətən torpağının tamlığına, bütövlüyünə inamını itirməmişdir. Çünki Azərbaycan qadını öz rəhbərinin siyasətinə inanır. İnanir ki, ən yaxın zamanlarda müdrik xalq rəhbəri Heydər Əliyevin sülhsevər xarici siyasəti sayəsində Azərbaycanın erməni işğalı altında qalan torpaqları və Qarabağ haqqı özünə qaytarılacaqdır. Azərbaycan xalqı yurdumuzun xoş gələcəyinə inanır. İnanır ki, ən yaxın zamanlarda hər kəs öz yurduna dönəcəkdir. İnanır ki, birlik, sülh, vətəndaş həmrəyliyi xalqımızın əbədi yol yoldaşına çevriləcəkdir. Hörmətli Prezidentimiz Heydər Əliyevin rəhbərliyi altında xalqımızın getdiyi bu yol azadlıq, müstəqillik yoludur. Azərbaycan qadını bu müqəddəs və xoşbəxt yolla gedəcəkdir.


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin