“Heydər Əliyev irsi: Azərbaycanın
davamlı inkişaf strategiyası”
kitabındakı məqalə, Bakı-2006
ÖLKƏNİ XİLAS EDƏN BÖYÜK QAYIDIŞ
İnsan üçün öz xalqına xidmət etməkdən, xalqa xeyir verməkdən, onun hörmət və məhəbbətini qazanmaqdan böyük xoşbəxtlik ola bilməz. 1970-80-ci illərdə Azərbaycanı dirçəldən, onu keçmiş ittifaqın ən qüdrətli respublikalarından birinə çevirən Heydər Əliyev 1993-cü ildə Naxçıvanda olarkən də öz ölkəsinin və xalqının başına gələn fəlakətə biganə qala bilmədi.
Üzərinə çox böyük məsuliyyət götürərək Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən qurtaran müdrik rəhbərimizin təbirincə desək, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Doqquz il bundan əvvəl “ölüm, ya olum” seçimi ilə üzləşərkən bir daha bu tarixi gerçəkliyin canlı şahidi olduq. Azərbaycanda gərginliyin səbəbi tək Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar deyildi. Ölkədə hərc-mərclik, hakimiyyət və vəzifə davaları, siyasi didişmələr son həddə gəlib çatmışdı. Həmin müdhiş iyun günlərində səriştəsiz iqtidarın günahı ucbatından teleyin XX əsrdə bizə ikinci dəfə bizə bəxş etdiyi müstəqilliyi həmişəlik itirmək təhlükəsi ilə üzləşmişdik.
Onsuz da istiqlaliyyətimiz yalnız kağız üzərində mövcud idi. Arzudan reallığa çevrilən azadlıq ideyaları bir anda puç ola bilərdi.
1993-cü il iyunun 4-də Gəncədə baş verən qanlı hadisələr AXC-Müsavat iqtidarının yeritdiyi yarıtmaz, avantürist siyasətin məntiqi nəticəsi, onun bətnindən doğulan bir bəla idi. Qarşıdurma qardaş qanının axıdılmasına gətirib çıxarmışdı. Azərbaycan üçün çox dəhşətli olan bu anda xalq nicat yolunu öz müdrik oğlu Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü və ona üz tutdu. Xalqın təkidli çağırışı ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev ölkəni siyasi böhrandan çıxardı, xalq əvəzsiz sərvəti olan müstəqilliyini qoruyub saxlaya bildi.
Parlamentin 1993-cü il iyunun 15-də çağırılan fövqəladə sessiyasında Ali Sovetin sədri seçilən cənab Heydər Əliyev deyirdi: “Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq ümumdünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin”. Doğrudan da möhtərəm Prezidentimizin düşünülmüş daxili və xarici siyasətinin nəticəsində Azərbaycan az bir zaman içərisində öz böyük tarixi və müasir potensialından bəhrələnərək tam müstəqil, demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulmuş dövlət və cəmiyyət formalaşdırmağa nail oldu.
Prezidentin siyasi kursunda demokratiya, insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər xüsusi yer tutur. Məhz onun hakimiyyəti illərində demokratik dəyərlərə əsaslanan ilk milli Konstitusiyamız qəbul edilmiş, ilk Milli Parlament formalaşdırılmış, Azərbaycan tarixində ilk dəfə olaraq azad və ədalətli seçkilər keçirilmişdir.
Ölçülüb biçilmiş, məqsədyönlü siyasət nəticəsində Azərbaycan qısa zaman kəsiyində bəşər tarixində görünməmiş fenomenal sıçrayışlar etmiş, dünya birliyində öz layiqli yerini tutmuşdur. Prezidentin uzaqgörən neft strategiyası artıq öz bəhrələrini verir. Xəzərin Azərbaycan sektorunun zəngin neft və qaz yataqlarının nüfuzlu xarici şirkətlərlə birgə işlənməsi nəticəsində ölkəmiz iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilir. Neftin dünya siyasətinə təsirini və rolunu nəzərə alsaq, demək, ölkəmiz həm də siyasi qüdrətini artırır. “Baki-Tbilisi-Ceyhan” və “Bakı-Tbilisi-Ərzurum” neft və qaz kəmərlərinin çəkilişinə Qərbin və ABŞ-ın xüsusi maraq göstərməsi də deyilənlərə əyani sübutdur.
Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvüdür. Bu, haqq səsimizin daha geniş auditoriya vasitəsilə dünyaya çatdırılmasında mühüm rol oynayır. Heydər Əliyev kimi dahi siyasətçinin fəaliyyəti nəticəsində bütün dünya Azərbaycan gerçəklərini olduğu kimi qəbul etməyə başlayıb. Beynəlxalq müstəvidə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində intensiv iş aparılır. Bu mənada ən güclü dövlətlərin başçıları ilə aparılan danışıqlar xüsusi əhəmiyyət daşıyır.
Bu gün qədirbilən xalqımız Ulu öndər Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıtdığı 15 iyun gününü Milli Qurtuluş günü kimi qeyd edir. Tarix sübut etdi ki, xalq öz seçimində yanılmayıb. Öz vətənini və xalqını sevən, indiki və gələcək nəsillərin qayğısını çəkən hər bir vətəndaş 1993-cü ilin iyunundan əvvəl ölkəmizdə yaranmış vəziyyətin təkrar olunmasını istəməz.
Zaman keçdikcə, müstəqilliyimiz möhkəmlənib dövlətimiz inkişaf etdikcə Milli Qurtuluş gününün mənası və dəyəri də artır. Müstəqilliyimizin ilk illərində cənab Heydər Əliyevin ölkəmizdəki dərin siyasi böhranın, xaos və anarxiyanın aradan qaldırılmasına sərf etdiyi gərgin əməyin nəticəsində bir neçə il sonra Azərbaycanda inkişaf və tərəqqi üçün münbit zəmin yarandı. İndi bu barədə danışmaq, bəlkə də asandır. Amma 1993-cü ilin iyun hadisələrinin, o qanlı-qadalı, qorxulu günlərin canlı şahidləri vəziyyətin necə təhlükəli olduğunu unutmayıblar. Vətəndaş müharibəsi astanasında dayanmış Azərbaycan dağılıb gedirdi. Onun bir dövlət kimi dünya xəritəsindən silinməsi, parçalanması ehtimalı o qədər böyük idi ki, indinin özündə də bu barədə həyəcansız danışmaq mümkün deyil. Ulu öndər Heydər Əliyevin qayıdışı bizə qorxunc fəlakətlərdən qurtardı, xalqın özünə inamını qaytardı.
Tarix dəfələrlə sübut edib ki, şəxsiyyətin, əsl liderin bacarığı ondadır ki, tarixin sərt dönüş mərhələsində, çətin məqamda xalqı səfərbər edərək onun mübarizəsinə mütəşəkkillik gətirə bilsin. Biz 9 il əvvəl bunun şahidi olduq. Cənab Heydər Əliyev öz siyasi səriştəsi və idarəetmə bacarığı, qətiyyət və cəsarəti sayəsində ölkəmizi vətəndaş müharibəsi və separatizm təhlükəsindən xilas etdi. Ən başlıcası isə, ölkədə ictimai-siyasi sabitlik yarada bildi.
Doqquz il əvvəl öz nicatını tapan, müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsindən, digər fəlakətlərdən qurtulan xalq bu gün hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir. Demokratiya inkişaf edir, həyatın bütün sahələrində uğurlarımız ilbəil artır, Azərbaycan Dünya Birliyində özünə layiq olduğu yeri tutur.
Tarixin sınaqları isə hələ də davam edir. Sabitliyi pozmağa can atan qüvvələr yeni təxribatlar törədir, öz hakimiyyət ambisiyalarını reallaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Amma onların bu məkrli niyyətləri baş tutmayacaq. Çünki dövlətçiliyimizin sükanı etibarlı əllərdədir.
Heydər Əliyev elə bir şəxsiyyətdir ki, xalqın belə dühalara tarixin bütün dövrlərində böyük ehtiyacı olur. “Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” - deyən Prezidentimiz xalq və tarix qarşısında öz borcunu həmişə yerinə yetirib və yetirir. Xalqımız bu xidmətləri heç vaxt unutmayacaq.
“Respublika” qəzeti, 8 iyun 2002-ci il.
Dostları ilə paylaş: |