Müəllifin “Müstəqilliyimiz, mənəviyyatımız”
kitabından, noyabr 2002-ci il.
HƏR ZAMAN YÜKSƏLİŞDƏ
VƏ ZİRVƏDƏ OLAN LİDER
Hər zaman yüksəlişdə, həmişə zirvədə olmaq qisməti və məharəti bütün siyasətçilərdə olmur. Zamanın verdiyi fürsətdən istifadə edib irəliləyən, maneələrə rast gələndə isə nəinki irəliləyişini dayandıran, hətta birdəfəlik sınan şəxsiyyətlər tarix boyu çox olub. Ancaq müasir dünyada bütün Azərbaycanın rəmzinə çevrilmiş Azərbaycan Prezidenti Heydər Əliyevin çoxşaxəli xarakterinin cizgilərindən biri, məhz hər an yüksəlişdə olmağı bacarması, həmişə zirvədə olmaq məharətidir. O, adi bir işdə olanda da, Sovet Azərbaycanına rəhbərlik edəndə də, SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olanda da və nəhayət, antitürk, antiazərbaycan qüvvələrin əlində oyuncağa çevrilmiş Mixail Qorbaçovun qurduğu fitnə-fəsad nəticəsində öz vəzifəsindən uzaqlaşdırılanda da hər an yüksəlişdə idi, zirvədə idi.
Tanrı onun süqutuna çalışanları həmişə xar edib. SSRİ rəhbərlərindən biri kimi, tutduğu vəzifədən istefa verib Moskvada evində oturan Heydər Əliyev Azərbaycanla, Azərbaycan xalqı ilə əlaqəsini bir an belə kəsmədiyinə görə, xalqın gözündə yüksəlirdi. Heydər Əliyev ən yüksək səviyyədə haqsızlıqlarla üzləşir və həmin haqsızlıqlara baş əymirdi.
Etiraz səsini ucaldaraq ayağa qalxmış Azərbaycan xalqını SSRİ qoşunlarının qanına qəltan etdiyi vaxt - 1990-cı ilin Qanlı Yanvar faciələri zamanı susmadığına görə Heydər Əliyev Azərbaycan xalqının gözündə saatbasaat ucalırdı. Faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərinin bu fitnəkar əməlinə açıq-aşkar etiraz edən Heydər Əliyev ona görə zirvədə qalırdı ki, o, eynilə Siyasi Büroda olduğu kimi haqsızlığa qarşı qətiyyətlə, mərdliklə çıxış edirdi.
1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev geridə qalmış bir respublikanı inkişaf etmiş sənaye, elm, mədəniyyət ölkəsinə çevirməklə həm ölkəsini ucaltmış, həm də özü idarəçilik təcrübəsinin zirvəsinə yüksəlmişdi. Hələ müstəqil Azərbaycan barədə heç bir söz-söhbətin yada düşmədiyi 1970-ci illərdə Azərbaycanı inkişaf etdirmək üçün öz şəxsi əlaqələrindən istifadə edən Heydər Əliyev SSRİ büdcəsi hesabına Bakıda və ölkənin müxtəlif guşələrində yüzlərlə sənaye müəssisəsinin tikilib istifadəyə verilməsinə nail olmuşdu. Buraya maşınqayırma, dəzgahqayırma, elektrotexnika, kimya, neft-kimya, radiotexnika zavodları, əvvəllər Həştərxanda tikilməsi nəzərdə tutulan Bakı Dərin Özüllər zavodu, şoxsaylı aqrar-istehsalat müəssisələri daxildir.
Heydər Əliyevin Azərbaycan təhsilinin, mədəniyyətinin və səhiyyəsinin inkişafı üçün 1969-1982-ci illərdəki xidmətləri sübut edir ki, o, öz xalqının inkişafı yolunda misilsiz fədakarlıqlar göstərib. Təkcə “Heydər Əliyevin kadrı” kimi SSRİ-nin və dünyanın aparıcı ali təhsil müəssisələrinə göndərilən minlərlə gəncə göstərilən qayğını yada salmaq kifayətdir. Gənclərin bir qismi mükəmməl bilik və təcrübə qazanandan sonra Moskva, Leninqrad, Kiyev kimi nəhəng elm, texnika mərkəzlərində qalsalar da, əksəriyyəti xalq təsərrüfatının inkişafına mühüm təkan verəcək kadr kimi Azərbaycana qayıtmışdı. Ali təhsilindən sonra Azərbaycana qayıtmayan soydaşlarımız isə indi Rusiyada, Ukraynada, Belarusda və digər MDB ölkələrində müstəqil Azərbaycanın diasporunu formalaşdırır, ölkəmizin sabahı naminə fəaliyyət göstərirlər.
Daim yüksəlişdə olmağı sevən Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanı nəhəng bir tikinti meydançasına çevirmişdi. Həmin illərdə tikilib istifadəyə verilən sənaye və yaşayış obyektlərini, yolları, körpüləri, sarayları, mədəniyyət ocaqlarını saymaqla qurtaran deyil. Məşhur alim Maykl Debeykinin söylədiyi kimi, hərəkətlərində azad olan Heydər Əliyev Moskvada çalışdığı beş ildə də Azərbaycanın inkişafını daim diqqətdə saxlamış, onun ümumittifaq miqyasında daim irəliləməsinə zəmin yaratmışdır. Məhz elə Azərbaycan naminə fəaliyyət göstərməsi də xalqımızın bədxahlarının xoşuna gəlməmiş, ona qarşı müxtəlif fitnə-fəsadlar törədilmişdi.
Heydər Əliyevin xalqın gözü qabağında misilsiz bir yüksəliş yolu keçməsinin növbəti mərhələsi onun Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrə təsadüf edir. O, faktiki olaraq mühasirə şəraitində yaşayan muxtar respublikanı, sözün həqiqi mənasında xilas etdi. Enerji təchizatından və ərzaq təminatından demək olar ki, tamamilə məhrum edilmiş muxtar respublika Heydər Əliyevin şəxsi əlaqələri hesabına dirçəldi, özünə gəldi. İran İslam Respublikası və Türkiyə ilə əlaqə qurub Naxçıvanı böhrandan çıxaran Heydər Əliyev AXC-Müsavat iqtidarının qəzəbinə tuş gəlsə də, xalqın gözündə daha da ucaldı. Məhz həmin nüfuz yüksəlişinin nəticəsi idi ki, xalq onu böhranlar girdabına salınmış Azərbaycanın rəhbəri kimi görmək istəyirdi. Hər gün bir partiya, hər ay bir blok yaradan yalançı siyasətçilərdən fərqli olaraq Heydər Əliyev öz işi ilə məşğul olurdu. O, nəinki siyasi partiya yaratmaq fikrinə düşmürdü, hətta bu məqsədlə ona müraciət edən Azərbaycan ziyalılarına da xeyli müddət müsbət cavab verməmişdi. Ancaq xalq öz təkidindən əl çəkmədi.
Heydər Əliyev 1993-cü ilin iyununda ölkədə tökülən qardaş qanının qarşısını almaq üçün yalın əllə Gəncəyə - qiyamçıların yanına getməklə xalqın ölçüyəgəlməz rəğbətini qazandı. O, ölkədə hərc-mərcliyin hökm sürdüyü bir vaxtda düşmənlə müharibə aparmağın daha ağır nəticələrə gətirib çıxaracağını görərək cəbhədə atəşkəsə nail olduğu üçün xalqın etimadını qazandı. Hər gün onlarla şəhid gələn yollardan anaların göz yaşını yığışdırdığına görə insanların inamını qazandı. Gecə-gündüz çörək növbəsində dayanıb çörək əvəzinə yeyilməsi mümkün olmayan yarıbişmiş xəmir alan milyonlarla insanı bu ağır günlərdən xilas etdiyinə görə xalqın xilaskarı adını qazandı. AXC-Müsavat iqtidarının Azərbaycana düşmən etdiyi ölkələri ölkəmizin dostuna çevirmək üçün xarici siyasəti və diplomatiyanı nizama salmaq yolunda görünməmiş uğurlar qazandığına görə adını Azərbaycan tarixinin qızıl səhifələrinə yazdı.
Heydər Əliyevin yüksəlişinin mühüm mərhələsini onun müstəqil Azərbaycan üçün işləyib hazırladığı yeni neft strategiyası və həyata keçirdiyi neft diplomatiyası təşkil edir. “Əsrin müqaviləsi” adlandırılan neft sazişi müstəqil Azərbaycanın inkişafı istiqamətində çox önəmli addım olaraq tarixə Heydər Əliyevin xidməti kimi yazılıb. Dünyanın aparıcı neft şrkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanan həmin saziş sonradan Azərbaycana milyardlarla dollar sərmayə gətirilməsinə zəmin yaratdı.
Dünya siyasət tarixinin korifeylərindən olan Heydər Əliyev Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakını təmin etməklə, ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə nail olmaqla sübut etdi ki, o, müstəqil Azərbaycanın tərəqqisini yüksələn xəttlə inkişaf etdirməkdədir. Yeri gəlmişkən, son günlər dünya mətbuatı Heydər Əliyevin Azərbaycan naminə həyata keçirdiyi tədbirləri böyük səxavətlə işıqlandırır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində böyük əhəmiyyət kəsb edən həmin yazılarda Heydər Əliyevin titanik fəaliyyətindən, təkcə region üçün deyil, bütün dünya üçün maraqlı olan problemlərin həlli istiqamətində atdığı addımlardan söz açılır. “İzvestiya” qəzetinin 24 aprel tarixli sayında verilmiş “Azərbaycan” tematik əlavəsində Heydər Əliyevin böyüklüyünü xarakterizə edən ən qabarıq cizgilərdən söz açılır. “Niyə o? Niyə məhz o?” - sualını verən redaksiya bu sullara məhz Azərbaycanda yaşayan insanların, bu ölkədə fəaliyyət göstərən müxtəlif qrupların və qurumların mövqeyi əsasında cavab verir. Qəzetin fikrincə, xalq Heydər Əliyevi ona görə sevir ki, o, torpağı kəndlilərə verib. Bu gün hər bir Azərbaycan kəndlisi mülkiyyət sahibidir. Əkini-biçini, mal-qarası var. Məhz həmin insanların - torpaq sahibi olan kəndlilərin yetişdirdiyi taxıl ölkənin tələbatını ödəyir.
Xalq Heydər Əliyevi ona görə sevir ki, o, biznesə sərbəstlik, sahibkarlara geniş imkanlar verib. Azad sahibkarlığın inkişaf etdirilməsi məqsədiylə bir neçə sərəncam imzalayan dövlət başçısı həm xarici iş adamları ilə, həm də ölkə daxilindəki sahibkarlarla görüşərək onların problemləri ilə tanış olmuş, müvafiq qərarlar qəbul etmişdir. Sayı günbəgün artan Azərbaycan sahibkarlarının öz Prezidentlərinə olan inam və etimadının əsasında məhz həmin qayğı durur.
“İzvestiya”nin fikrincə, Azərbaycan gəncliyi Heydər Əliyevi ona görə sevir və etimad göstərir ki, o, hakimiyyətdə olduğu 30 il müddətində həmişə gəncliyin misilsiz qayğıkeşi olub. Eyni zamanda, bu yazıda sənət adamlarının, elm və texnika xadimlərinin, təhsil, səhiyyə işçilərinin, idmançıların və digər zümrələrin Heydər Əliyevə misilsiz məhəbbətinin, hörmət və ehtiramının, inamının sirləri açılır və bu yazı oxucuya sübut edir ki, Heydər Əliyev həmişə yüksəlişdə, həmişə zirvədə olan bir dövlət rəhbəridir.
Sözümüzün sonunda ABŞ alimindən bir sitat gətirmək istəyirəm: “Sizi Tanrının özü hifz edir...” Bəli, onu Tanrı hifz edir və həmişə də hifz edəcək. Vətən və xalq naminə.
“Xalq” qəzeti, 6 may 2003-cü il.
Dostları ilə paylaş: |