MÜSTƏQİLLİK MÜBARİZƏSİ
VƏ ERMƏNİ AMİLİ
SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik qazanması ərəfəsində tarix sanki eynilə təkrar olundu. Belə ki, XX əsrin əvvəllərində Azərbaycanda milli şüurun sürətli dirçəlişi məhz 1905-ci il erməni-müsəlman qırğınlarının baş verməsi ilə bağlı idi. O zaman Azərbaycan türklərində müsəlmanlıq amili milli təfəkkürdən daha güclü olduğundan erməni-türk qırğınları “erməni-müsəlman” davası kimi adlandırılırdı. Bu fakt onu göstərir ki, 1905-ci ildə azərbaycanlıların milli mənlik şüuru onların dini həmrəylik şüuruna nisbətən xeyli zəif idi. O zaman İslam maarifçiliyi cərəyanı Azərbaycanda da qüvvətli idi. Bu cərəyanı ən çox Osmanlı sultanları himayə edir, bu yolla öz imperiyalarını qoruyur, ona yardımçı olan tərəfdarlar tapırdılar.
Təsadüfi deyil ki, hələ 1913-1914-cü illərin türk-italyan və türk-bolqar müharibələrinə Azərbaycandan və Volqaboyu türklərindən çoxlu könüllü döyüşçülər getmişdi. Rus çarları hələ XIX əsrin əvvəllərindən Osmanlı imperiyasına qarşı slavyan xalqlarının həmrəyliyi ideyasından istifadə edirdilər. Slavyanofillik rus çarlarının rəsmi siyasəti idi və Osmanlı dövlətini dağıtmağa yönəlmişdi.
Lakin rus çarlarından fərqli olaraq Osmanlı sultanları türkçülük məfkurəsini yaxına buraxmırdılar. Bunun əsas səbəbi sultanların formal olsa da, Məhəmməd peyğəmbərin yaratdığı dövlətin – xilafətin varisi hesab edilməsi idi. Onlar öz “xəlifə” titullarına xüsusi əhəmiyyət verirdilər və bu, onların xarici siyasətində mühüm yer tuturdu.
Osmanlı sultanlarının türkçülüyə mənfi münasibətinin digər səbəbi ruhaniliyin sultan sarayında çox möhkəm mövqelərə malik olması və ilk növbədə, məhkəmə hakimiyyətini də icra etməsi ilə bağlı idi. Sultanlar özləri belə, bu ruhanilərlə hesablaşırdılar. Bu vəziyyət Osmanlı imperatorluğunun zəmanədən geri qalması və orta əsr dövlətçilik prinsiplərinə üstünlük verməsi ilə nəticələnirdi. Belə bir vaxtda XVIII əsrdən Avropa ölkələrində sənaye inqilabları baş verir və Avropa monarxları öz ordularını sənaye üsulu ilə istehsal olunan müasir silahlarla təmin edirdilər. Xüsusilə hərbi dənizçilik, odlu silahlar, artilleriya xristian ordusunun yaraq mənbəyi idi və bu da onların müsəlmanlara nisbətən daha yaxşı silahlanması demək idi.
Belə tarixi şərtlər nəticəsində Osmanlı Türkiyəsi XVIII-XIX əsrlərdə ağır hərbi məğlubiyyətlərə düçar oldu. Bunun bir səbəbi hərbi gerilik, o birisi isə sultanların eyni vaxtda üç cəbhədə vuruşması idi ki, bu da imperatorluğun dağılması ilə nəticələnməli idi və bu, baş verdi. Osmanlılar Rusiya və Avropa ilə vuruşmaqla yanaşı, qonşu müsəlman İranı ilə də dil tapa bilmir və fasiləsiz müharibələr aparırdı. Nəticədə XIX əsrin son rübündə Osmanlı dövləti tamam zəiflədi.
Fürsəti qaçırmayan Türkiyə erməniləri Osmanlı dövlətinə qarşı məxfi müharibəyə başladılar. Zahirən müti olan ermənilər o zaman Osmanlı sarayında diplomatlar, həkimlər, tərcüməçilər kimi möhkəm mövqe tuturdular. Onlar Osmanlı dövlətinin bütün sirlərini xristian dövlətlərinə satır, həm qərbə, həm də rus çarlarına casusluq edirdilər. Türkiyənin maliyyə və ticarət məsələləriylə də ermənilər məşğul olurdular və demək olar ki, dövlətin hərbi sənayesi və tikintisi onların əlində idi. Bütün bunların davamı olaraq 1895-ci ildə Türkiyə ərazisində Daşnaksütyun Partiyası yarandı və öz qarşısına hərbi, siyasi və terror yolu ilə erməni dövləti yaratmaq vəzifəsini qoydu.
Avropa və Rusiya dövlətləri bu xəbəri sevinclə qarşıladılar. Çünki Osmanlı imperiyasını dağıtmaq üçün bu dövlətin daxilində oyuncaq qurum yaradılmışdı. Avropalılar da, rus diplomatları da müsəlmanların qədim nökəri olan ermənilərə nifrət edirdilər. Xristian dünyası ermənilərə pul qazanmaq üçün hər şeyə hazır olan əxlaqsız və prinsipsiz kölələr kimi baxırdılar. Çünki ermənilər özlərini xristian saysalar da, tarix boyu istənilən dövlətə və dinə xidmət etmiş, özlərini peşəkar xəyanətkar kimi tanıtmışdılar. Onların dövlət yaratmaq işinə heç bir Avropa monarxı ciddi yanaşmırdı.
Lakin diplomatiyanın ermənilərə münasibəti başqa idi. Bu qüvvələrə müxtəlif ölkələrə girmək, burada siyasi təxribat və oyunlarla məşğul olmaq üçün adamlar lazım idi. Bütün Şərqə yayılmış, əksər saraylarda yuva salmış ermənilər bu işə çox yaxşı yarayırdılar. Avropa və Şərqin bütün ordularında erməni tərcüməçilər vardı.
1915-ci ildə Türkiyə erməniləri Osmanlı ordusunun dalbadal məğlubiyyətlərindən ürəklənib elə bilirdilər ki, Türkiyə dövlətinin sonu çatıb. Antanta dövlətlərinin casusları Türkiyə erməniləri içərisində işləyir, onlara maliyyə yardımı edirdilər. Məqsəd Almaniyanın müttəfiqi olan Balkanlarda Antanta ordularının fəaliyyətini məhdudlaşdıran Türkiyə imperatorluğunu daxildən dağıtmaq idi.
Ermənilər belə bir vaxtın yetişdiyinə inanıb təbəəsi olduqları dövlətin daxilində qiyam qaldırdılar, şəhər və kəndlərdə yaşayan silahsız Türkiyə vətəndaşlarını qırmağa başladılar. Ermənilər bu minvalla Türkiyə ərazisində nəzərdə tutduqları dövlət üçün əhalisi xalis ermənilərdən ibarət olan ərazilər yaradırdılar. Türkləri qırmaqda məqsəd məhz bu idi.
Lakin erməni millətçiləri və onların başında duran kilsə yanılmışdı. Belə ki, Türkiyə dövləti öz vətəndaşlarını müdafiə edə bilməyəcək dərəcədə zəifləməmişdi. Osmanlı dövlətinin təhlükəsizlik qüvvələri cəbhələrdən diqqətini yayındırıb ermənilərlə məşğul olmalı oldu. Aydın məsələdir ki, Türkiyə öz ərazisində təzə bir dövlət yaranmasına kənardan baxa bilməzdi. Ermənilərin silahlı və qanlı qiyamı yatırıldı. Lakin Osmanlı dövləti xeyli gecikmişdi. On minlərlə vətəndaş günahsız olaraq qətlə yetirilmişdi. Həmin vaxt qanlı vətəndaş müharibəsində hər iki tərəfdən çoxlu insan həlak oldu. Oyuncaq erməni dövləti qurumu məhv edildi.
Bu hadisələr ermənilərin xəyanətkar və riyakar sifətini açıb bütün dünyaya göstərdi. Onlar ərazisində yaşadıqları dövlətə qarşı tarixdə görünməmiş xəyanət etmişdilər. Bu xəyanətə layiq cəzalarını da aldılar. Lakin Osmanlı dövlətinə qarşı qızışdırılan erməni millətçilərini müdafiə edən Avropa dövlətləri və diplomatiyası, o cümlədən müsəlmanlara düşmən olan Qərb mətbuatı Türkiyə əleyhinə görünməmiş təbliğata və şantaja başladı. Bütün bunlar ermənilərin Türkiyə dövlətini zəiflətmək sahəsindəki xidmətlərinin əvəzi idi.
Digər tərəfdən, Avropa və rus diplomatiyası Türkiyə əleyhinə təbliğatları və diplomatik təzyiq ilə Türkiyə ermənilərinin faciəsindəki günahkar rollarını pərdələyirdilər. Beləliklə, ermənilər doğma dövlətlərinə etdikləri xəyanəti, avropalılar isə erməni xalqını qırğına vermələrini gizlətmək üçün “soyqırımı” adlandırdıqları mifi ildən-ilə şişirdib böyütməyə başladılar.
Osmanlı türkləri ilə sultan təbəəsi olan ermənilər arasındakı ədavət beynəlxalq miqyas aldı və Türkiyə sərhədlərindən kənara çıxdı. Rusiyada, o cümlədən onun müstəmləkələrində yaşayan saysız-hesabsız türk xalqları da ermənilərin düşməni sayılmağa başladı.
1916-1918-ci illərdə Azərbaycanda milli burjuaziyanın rəhbərliyi ilə burjua inqilabı, milli istiqlal hərəkatı yetişmişdi. Çar sarayı, sonra isə Moskva bolşevikləri yaxşı başa düşürdülər ki, Rusiyanın Qafqazdan və neftlə zəngin olan Bakıdan çıxarılması vaxt məsələsidir. Müstəqil Azərbaycan dövləti fəaliyyətə başlamaq üçün artıq hərbi, siyasi və iqtisadi baxımdan yetişmişdi.
Lakin rus millətçiləri, o cümlədən hakimiyyəti ələ keçirmiş millətçi rus bolşevikləri buna heç cür yol vermək istəmirdilər. Rusiya dövlətinin sabit inkişafı üçün onun Bakı neft sənayesi üzərində nəzarəti vacib idi.
Belə halda, bolşeviklər də başda Lenin olmaqla erməni kartından istifadə etmək qərarına gəldilər. Erməni bolşevik Stepan Şaumyan türklərə qarşı erməni qiyamı hazırlamaq üçün Bakıya göndərildi. O, 1918-ci ilin martında Moskvanın mandatı ilə və onun adından Bakıda Azərbaycan türklərinin gözlənilən istiqlal inqilabına qarşı erməni qiyamı təşkil etdi. Bakıda 47 min adam bir neçə gündə qətlə yetirildi.
Lakin bu qədər adamın qanlı qətli və qarəti Azərbaycan xalqının müstəqil dövlət qurmaq əzminin qarşısını ala bilmədi. Sonuncu Rusiya Müəssislər Məclisinin Azərbaycandan olan deputatları 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər. Amma ermənilərlə mübarizə hələ yetmiş il davam etdi. Almaniyanın Birinci Dünya Müharibəsindəki qələbəsi ölkədə marksistlərin qiyamı nəticəsində əldən çıxdı. Rusiyanın Azərbaycana yolu təzədən açıldı. 1920-ci il aprelin 27-də XI Qızıl Ordu qatarla sərhədi keçib qısa bir vaxtda ölkəni işğal etdi. Bolşevik cildinə girmiş ermənilər Azərbaycan Demokratik Cümhuriyyətinin zabitlərini və mülki xadimlərini kütləvi surətdə güllələyən bolşevik zabitlərinin tərcüməçisi və bələdçisi oldular. Partiya xətti ilə isə şəhərdə hakimiyyəti təzədən ələ aldılar. Bolşevik komissarların ermənilərlə şərik ikinci hökuməti 70 il yaşadı.
Bundan sonra Ermənilərə qarşı mübarizənin Nəriman Nərimanov mərhələsi başladı. Lakin bizi burada erməni amilinə qarşı mübarizənin zahiri və xronoloji tərəfi yox, onun sırf ideoloji-siyasi nəticələri maraqlandırır. Ermənilərin 1905-ci ildə Qarabağda azərbaycanlılara qanlı divan tutmasına qədər ölkədə siyasi şüur çox zəif idi. Bunun əsas səbəbi millətin siyasi şüurunu formalaşdıran milli dövlət ənənəsinin yoxluğu idi. Azərbaycan xanlıqlar dövrünü XVIII əsrin ikinci yarısı XIX əsrin əvvəllərində keçmişdi. Çar hökumətinin Qafqazı işğal etməsi xanlıqlar dövrünün milli dövlət qurulması ilə tamamlanmasına imkan vermədi. Azərbaycan xanlarından milli dövlət yaratmağa ən yaxın olan Fətəli xan da 54 yaşında qəflətən öldü. Beləcə, ərazi, dil və iqtisadi baxımdan dövlət yaratmaq üçün hazır olan xalq bir əsrdən artıq müddətdə Rusiyanın müstəmləkə ucqarı kimi qaldı.
Çarizmin müstəmləkə siyasəti də millətlərin siyasi şüurunun inkişafını ləngitməyə yönəlmişdi. Türk xalqlarının ziyalıları məsul dövlət vəzifələrinə qoyulmurdu. Müsəlmanlar heç hərbi xidmətə də çağırılmırdı: çarizm onlara inanmırdı. Digər tərəfdən isə, çarizm müstəmləkə xalqlarının nümayəndələrinin silahdan istifadə etməyi bacarmasını, onların ilkin hərbi hazırlığa malik olmasını istəmirdi.
1905-1906-cı illərin erməni-müsəlman qırğınlarında müsəlmanların özlərini müdafiə etməsi kəskin bir problem kimi ortaya çıxdı. Ermənilər xristian olduqlarından çar tərəfindən hərbi qulluğa çağırılır, zabit məktəblərinə də qəbul olunurdular. Ona görə azərbaycanlıları qırmaq lazım gələndə, ermənilər kütləvi şəkildə silaha sarılırdı. Bunun əksinə olaraq, müsəlmanlar odlu silahı tutmağı belə, bacarmırdılar. Beləcə, müsəlmanların sayca özlərindən qat-qat az olan ermənilər qarşısında acizliyi ortaya çıxırdı. Müsəlmanların hərbi mütəşəkkillik haqqında anlayışları yox idi. Çarizm isə ermənilərin tərəfində idi və bütün hallarda onları qoruyurdu.
Beləliklə, qonşuluqda yaşayan müsəlmanların ermənilərdən qorunması böyük və təzə bir siyasi problem kimi qarşıya çıxdı. Həyat özü müsəlman ziyalılarını, ruhanilərini və hətta varlı təbəqəni də siyasətlə məşğul olmağa dəvət edirdi.
1905-ci ildə bir sıra ziyalıların iştirakı ilə “Dəfai” təşkilatı yarandı. Bu qurum leqal şəkildə yaradılmışdı və müsəlmanları erməni təcavüzündən qorumaq, onlara rəhbərlik etmək, qırğınların qarşısını almaq niyyəti daşıyırdı. Təşkilatın adı da dəf etmək, qorumaq mənası verən feldən götürülmüşdü. Həmin təşkilat müsəlmanların aşağıdan və çar diplomatiyasından asılı olmadan yaratdıqları ilk müsəlman siyasi təşkilatı idi.
1905-ci il erməni-müsəlman qırğınlarından sonra Qafqaz türkləri termini daha geniş bir məna aldı və azərbaycanlıların adlarından biri kimi işlənməyə başladı. Bu isə erməni aqressiyasına cavab idi. Qabaqcıl ziyalılar anladılar ki, ermənilərin təzyiqinə cavab vermək üçün bütün Azərbaycan türkləri birləşməlidir, yollar və vasitələr axtarmalıdır.
Beləcə, milli şüurun bünövrəsi olan milli birlik və həmrəylik ideyası ortaya çıxdı. Qabaqcıl Azərbaycan ziyalıları özlərini xalqlar həbsxanası olan Rusiya dövləti tərkibində ayrıca bir xalq kimi, məxsusi maraqları olan toplum kimi dərk etdi.
Azərbaycan xalqının taleyi məsələsi siyasi publisistikanın və ədəbiyyatın predmeti oldu. Aydın oldu ki, azərbaycanlıları müsəlman olmaqdan başqa, ayrı əlamət də birləşdirir. Bu əlamət İslam ideologiyasında qəbul olunmayan milli əlamət idi. Bu əlamətin ortaya çıxması Azərbaycanda milli şüurun sürətli təşəkkül prosesi demək idi.
O zaman müsəlman icmasının üzvləri etnik mənsubiyyətindən asılı olmayaraq “ümmət” adlanırdı. Bunun nəticəsində müsəlman aləmində etnik mənşə və əlamətlər ikinci dərəcəli sayılırdı. Lakin ermənilər yalnız etnik baxımdan türk olanları qırdıqlarından türkcə danışan müsəlmanlar düşmənin köməyi ilə özlərini müsəlman türklər kimi və ya türklər kimi dərk etməyə başladılar.
Bu dövrdə faktiki olaraq müsəlman həmrəyliyindən türk həmrəyliyinə keçid baş verdi. Azərbaycanlılar özlərini İslam ümmətinin üzvü olmaqdan başqa, həm də türk millətinin nümayəndəsi kimi dərk etməyə başladılar. Ümmətçilikdən millətçiliyə keçid başlandı ki, bu da milli şüurun əsas komponentlərindən idi. Ona görə ki, milli dövlət ancaq milli birlik və həmrəylik ideyaları əsasında qurula bilərdi.
Milli dövlətin yaranması üçün milli siyasi təşkilat və partiyalar yaranmalı idi. Bunlar da milli həmrəylik hisslərinin bir təzahürü olurdu. Erməni-müsəlman davasından sonra 1906-cı ildə çıxmağa başlayan “Molla Nəsrəddin” jurnalı və orada çalışan demokrat Cəlil Məmmədquluzadə və böyük xalq şairi Mirzə Ələkbər Sabir Azərbaycan xalqının milli şüurunun, tərəqqi və azadlıq arzularının ən parlaq ifadəsi oldu.
Sabir poeziyanın əsas motivi Şərq və Qərb mədəniyyətlərini və mentallıqlarını qarşılaşdırmaq idi. Məhz erməni-müsəlman qırğını müsəlman azərbaycanlıların ölçüyəgəlməz dərəcədə zəmanədən geri qaldığını aşkara çıxarmışdı. Sabir poeziyasında azərbaycanlılar özlərini ilk dəfə olaraq güzgüdə olduğu kimi kənardan gördülər və dəhşətə gəldilər. Sabir poeziyası milli düşüncədə dəhşətli bir sıçrayış yaratdı. Onun əsərlərində ümumşərq konteksti də güclüdür, lakin sadə dili və üslubu ilə, səmimi ürək yanğısı ilə o, əsl Azərbaycan şairi və vətəndaşı idi.
Erməni-müsəlman qırğınının təsiri ilə Azərbaycandakı maarifçilik hərəkatı əməlpərvər bir cərəyana və istiqamətə çevrildi. Köməksiz, zavallı vəziyyətdə olan millətə kömək etmək, onu cəhalət qaranlığından maarif və müasirlik işığına çıxarmaq lazım idi. Dövrün ziyalıları bütün qüvvələrini mətbuat və milli məktəb quruculuğuna verdilər. Ölkədə teatr hərəkatı vüsət aldı.
Azərbaycanlılar ya müasir maarif və mədəniyyətə, elm və texnikaya yiyələnəcək, ya da tarixin təpkiləri ilə məhv olub gedəcəklər. Qabaqcıl maarifçilər məsələni belə qoyurdular və bunda haqlı idilər. Onların yaratdığı xeyriyyə cəmiyyətlərinin əsas işi müasir məktəblər açmaq, yoxsul təbəqələrə məxsus uşaqları təhsilə cəlb etmək idi.
1906-cı ilin oktyabr manifesti ilə Rusiyada mətbuata azadlıq verildikdən sonra maarifçilər mətbuatda rəhbər qüvvə oldular. Ölkəyə xidmət etmək, xalq üçün faydalı iş görmək milli və ictimai bir ideala çevrildi.
1911-ci ildə Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının ilk siyasi partiyasını – Müsavatı yaratdı. Onun yaranması milli və siyasi şüurun tərəqqisində xüsusi bir mərhələ təşkil edirdi. Bu partiyanın timsalında elə bir siyasi qüvvə meydana çıxdı ki, o da əslində özünü xalqın gələcək taleyinin sahibi kimi cəmiyyətə tanıdır və təqdim edirdi.
Azərbaycanda milli siyasi şüurun erməni-müsəlman qırğını ilə bağlılığı məsələsi Mirzə Bala Məmmədzadənin “Azərbaycan milli hərəkatı” əsərində də geniş əsaslandırılmışdır. 1936-cı ildə Varşavada işıq üzü görmüş bu əsərin redaktoru M.Ə.Rəsulzadə özü idi. Həmin əsər İ.Stalinin 1932-ci ildə çap olunmuş “Ümumittifaq Kommunist (b) Partiyasının tarixi” kitabına cavab idi. İ.Stalin Zaqafqaziyaya aid 1905-1920-ci illərdəki bütün siyasi mübarizələri bolşevik partiyasının adı və fəaliyyəti ilə bağlayırdı. “Azərbaycan milli hərəkatı” kitabı isə sübut edirdi ki, Azərbaycanda getmiş siyasi mübarizələrin əsas məzmununu milli azadlıq ideyaları təşkil etmişdir. Əsərin ilk fəsillərində 1905-ci il erməni-müsəlman qırğınlarının ölkədə siyasi şüurun təşəkkülünə təsiri konkret faktlar əsasında göstərilmişdir.
1918-ci ildə S.Şaumyanın başçılığı ilə Bakıda müsəlmanların qırğını əsas zərbələrdən birini Müsavat Partiyasına vurmuşdu. Partiyanın qərargahının yerləşdiyi İsmailiyyə binası ermənilər tərəfindən yandırılmışdı. 1918-ci il qırğınından sonra erməni problemi müsavat publisistikasında mühüm yerlərdən birini tutdu.
Demokratik Cümhuriyyət sərhəddə Ermənistan Respublikası ilə üzücü müharibə aparmalı olurdu. Bakıda isə erməni millətçiləri və burjuaziyası Demokratik Cümhuriyyətin hakimiyyətdən uzaqlaşdırılmasının əsas təşkilatçıları idilər. Ermənilər mart qırğınından sonra pis vəziyyətə düşmüşdülər. Onların Bakıda öz mövqelərini möhkəmlətməsi üçün bir yol vardı: Rusiyanın Azərbaycana qayıtması. Tarix elə gətirdi ki, ermənilərin istədiyi oldu.
Müsavat publisistikasında Rusiya ilə yanaşı, daha iki qüvvə Azərbaycan dövlətçiliyinin qəddar düşməni kimi göstərilirdi: ermənilər və İran dövləti. Bu barədə Mirzə Bala Məmmədzadə 1927-ci ildə “Ermənilər və İran” adlı ayrıca kitabça yazıb çap etdirmişdi. Əsərdə ermənilərin İran dövləti ərazisindəki güzəştli mövqeyinin tarixi geniş şərh edilmişdir. Əsərin əsas fikir xətti odur ki, Azərbaycan xalqı nə vaxt öz müstəqil dövlətini qurmağa çalışsa, mütləq ilk növbədə ermənilərin aqressivliyi ilə toqquşacaq. SSRİ-nin dağılması ərəfəsində baş verən hadisələr alimin uzaqgörənliyini təsdiqlədi.
1990-cı ildə Azərbaycan öz müstəqilliyini elan edəndən sonra sərhəddə ermənilərlə xırda toqquşmalar geniş müharibəyə çevrildi. Bu müharibənin arxasında bu dəfə Rusiyadan başqa bütün xristian dövlətləri də dayanırdı. Demokratik Cümhuriyyət kimi Müstəqil Azərbaycan Respublikası da doğulan kimi ermənilərlə üçüncü müharibə aparmalı oldu.
Təkrarlanan təkcə tarixi hadisələr olmadı. 1988-ci ilin fevralından başlanan açıq ərazi iddiaları yenidən Azərbaycan xalqının siyasi şüurunun yüksəlişini şərtləndirdi. 1988-1990-cı illərdə Azərbaycanda görünməmiş kütləvi xalq hərəkatı, mitinq və tətillər dalğası yarandı. Ermənilərə qarşı mübarizə üçün 80 il sonra birpartiyalı Azərbaycan cəmiyyətində yenidən aşağıdan siyasi qurum yarandı: Xalq Cəbhəsi. Həmin təşkilat ölkənin bütün sağlam qüvvələrini birləşdirdi. Məhz Xalq Cəbhəsinin təzyiqi və təkidi ilə Azərbaycanın Müstəqilliyinə dair Konstitusiya Aktı qəbul olundu. Ölkədə bu gün fəaliyyət göstərən bir çox siyasi partiyalar Xalq Cəbhəsinin tərkibindən çıxmışdır.
Erməni problemi müstəqillik ərəfəsində də siyasi publisistikanın fəal sahəsi oldu. Hamı anlayırdı ki, müstəqilliyin əldə edilməsi və qorunması birbaşa erməni amilinin nə dərəcədə bacarıqla neytrallaşdırılmasından asılıdır.
Ermənilər Azərbaycana qarşı öz ərazi iddialarını “elmi” əsaslarla, ilk növbədə “tarixi faktlarla” əsaslandırır və Dağlıq Qarabağın bütün dövrlərdə ermənilərə məxsusluğu fikrini dünyada yaymağa çalışırdılar. Belə uydurmaları dəf etmək üçün Azərbaycanın tarixçiləri başda akademik Ziya Bünyadov olmaqla qiymətli elmi tədqiqatlar apardılar. Qarabağın tarixinə dair çoxlu tarixi mənbələr çap edildi. Onlarla kitablar buraxıldı. Demək olar ki, Azərbaycanın tarixi çoğrafiyası yenidən yaradıldı.
Azərbaycan alimləri sübut etdilər ki, Qafqaz Albaniyası burada tarixən yaşayan türklərin, qafqaz mənşəli, o cümlədən irandilli Mil və Muğan xristianlarının dövləti olub və onun ərazisində türk və fars dillərində danışıblar.
1988-1992-ci illərdə erməni faktoru ilə mübarizə Azərbaycanda milli şüuru siyasiləşdirən, doğma torpaqları müdafiə etməyə çağıran, milli ordu yaratmağa səsləyən əsas ideoloji qıcıqlandırıcılardan biri idi. Erməni xislətinə nifrət, ərazilərin qaytarılması ideyaları xalqı birləşdirən, mübarizliyə dəvət edən, öz haqq işini bütün dünyaya sübut edən amillərdən biri oldu.
Lakin 1920-ci ildən fərqli olaraq ermənilərin Azərbaycan dövlətini dağıtmaq planları baş tutmadı. Düzdür, onlar torpaqlarımızın 20 faizini işğal etdilər. Lakin öz əsas məqsədlərinə nail ola bilmədilər. Bu dəfə tarix Azərbaycanı xilas edəcək, onun müstəqil dövlətini bütün qəsdlərdən qoruyacaq tarixi şəxsiyyəti, böyük milli rəhbəri də yetişdirmişdi. Həmin rəhbər Heydər Əliyev idi.
Uzun müddət Azərbaycana rəhbərlik etmiş bu nadir sima erməni probleminə yaxşı bələd idi. Nə Avropa dövlətləri, nə Rusiya, nə də erməni hiyləgərliyi onu çaşdıra, yanlış, xalqa zidd qərarlar verməyə məcbur edə bilməzdi. Təəssüf ki, AXC hökuməti çoxlu belə səhvlərə yol vermiş və Azərbaycanın bir sıra ərazilərini ermənilərə təslim etmişdi.
Yalnız Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Ermənistanla cəbhədə vəziyyət sabitləşdi. Mətin iradəli rəhbər peşəkar ordu yaradılmasına üstünlük verdi. Orduda vahid komandanlıq və möhkəm intizam tətbiq etdi. 1993-1994-cü illərin əməliyyatlarında Azərbaycan ordusunun gücü qüdrətli siyasi faktor kimi ortaya çıxdı. Yalnız bundan sonra Ermənistan atəşkəsə razı oldu.
Müvəqqəti olsa da, sülh şəraiti Müstəqil Azərbaycan dövlətini sabitləşdirməyə, onun iqtisadi və siyasi həyatını qaydaya salmağa imkan yaratdı. Ordumuz möhkəmləndi. Yeni neft müqavilələri ölkəmizin nüfuzunu gücləndirdi, Azərbaycanın iqtisadiyyatını qaldırmağa imkan verdi.
“Dirçəliş XXI əsr” jurnalı № 108-109, 2007-ci il.
Dostları ilə paylaş: |