«Çənlibel» təşkilatının əsaslı şəkildə parçalanması və Azərbaycanda «Xalq Hərəkatı Cəbhəsi» və «Xalq Cəbhəsi» ideyalarının yaranması
İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində dünyanın məşhur telekanallarından olan «Əl-Cəzirə»yə müsahibəsi bir vaxtlar ölkədə siyasi gündəmin əsasına çevrilmişdi. O, müsahibəsində Azərbaycanda baş vermiş Milli Azadlıq Hərəkatının rolunu heçə endirməyə çalışaraq bildirmişdi: «Bəziləri deyir ki, müstəqillik uğrunda güclü hərəkat olub. Bəzi respublikalarda güclü hərəkat olub, bəzilərində isə yox. Lakin buna baxmayaraq, bütün respublikalar müstəqillik əldə etdilər. Beləliklə, bu, obyektiv proses idi və Sovetlər Birliyinin süqutu nəticəsində biz müstəqilliyə nail olduq» (2).