Siyamək (Nasir Rəhbəri)
Zavod fəhlələrinin yataqxanadan çıxmasına təqribən 7-8 dəqiqə qalmış Nemətin otaq yoldaşı, zavodun fəal fəhlələrindən və «Çənlibel» təşkilatının üzvlərindən biri olan Kamal Həsənov yanımıza gəlib bildirdi ki, yataqxananın həyətinə zirehli hərbi maşınlar yeridilib və pulemyotlarını yataqxananın qapısına tərəf çeviriblər. Yataqxananın binası silahlı rus əsgərləri tərəfindən mühasirəyə alınıb.
Artıq hər şey məlum idi. Mitinq, deyəsən, baş tutmayacaqdı. Odur ki, metronun içində toplaşmış qüvvələrə xəbər göndərib onları məlumatlandırmaq istədim. Amma macal tapmadım, bir də gördüm ki, hər tərəfdən milislər axışıb bizi milis maşınlarına tərəf sürükləməyə başlayıblar. Hadisə elə sürətlə baş verdi ki, ilk əvvəl nə olduğunu anlamadıq. Siyaməkdən başqa hamını tutuqlayıb maşınlara doldurmağa başladılar. Siyamək özünü itirməyib çayçının məcmeyilərdən birini götürərək stolun üstündəki çaydan və stəkanlara yığışdırmağa başlamış və milislər də onu çayçı zənn edərək toxunmamışdılar.
Bizi bir müddət Nərimanov rayon polis idarəsində saxlayıb buraxdılar.
Beləcə, Nemətin də mitinq cəhdi alınmadı.
Bu hadisədən sonra Nemət Pənahlı aclıq elan etdi. Səhv etmirəmsə, bu hərəkat dövründə həyata keçirilən ilk aclıq aksiyası idi. Ə . Tahirzadə bununla bağlı qeydlərində yazır:
«2 - 6 oktyabrda Şmidt adına maşınqayırma zavodunun fəhləsi Nemət Pənahov aclıq elan edib. 3-ündə həmin zavodun fəhlələri tətil edib. Respublika prokuroru İlyas İsmayılov Nemətə söz verib ki, onun tələblərini ödəyəcək» (4).
Məhəmməd Hatəminin yaratdığı, mitinqdə adlarını bəyan edərək məşhurlaşdırdığı komissiya üzvlərinin mitinqlərin baş tutmaması üçün dövlətin göstərişi ilə törətdikləri təxribatlar sayəsində Azərbaycan xalqı uzun müddət ortaya iradə qoya və Kremlə təzyiq edə bilmədi. Bu adamlar bunula da kifayətlənmədilər. Hatəmini «Çənlibel»dən uzaqlaşdıraraq təşkilatı ələ keçirməyə çalışdılar. Görünən bu idi ki, artıq «Çənlibel» öz tarixi missiyasını başa çatdırıb. Artıq hərəkata rəhbərlik edəcək yeni bir siyasi təşkilata ehtiyac var idi. Odur ki, Hatəmi və tərəfdarları, yəni radikal qüvvələr Xalq Hərəkatı Cəbhəsi adında bir təşkilat qurmağa qərar verirlər. Hatəmi yazır: «Dövlət nə qədər çalışırdı Çənlibeli ortadan qaldıra bilmirdi. Axırda onu əlimdən çıxartmağa getdi. Bunun ən asan yolu ətrafıma yığdığım adamların əli ilə məni Çənlibelin büro üzvülüyündən çıxartmaq idi. 30 oktyabr 1988-ci il tarixində gündüz saat 2-də Tağı Xalisbəyli , Nemət Pənahov, Həsən Merac, Fazil Mustafayev (hamısı podpolkovnik Eldəniz Əliyevin naxçıvanlı yerliləridir), Vurğun Əyyubov iclasda məni səs çoxluğu ilə büro üzvülüyündən çıxardırlar, iclası mənim və Ağası Hunun tərk etməyimizdən sonra. Səsvermədə Xəlil Rza ilə Tofiq Rəsulov bitərəf qalırlar. Başıma bu işin gətiriləcəyini qabaqcadan duyaraq, Çənlibelin həmin gün saat 4-də başlayacaq ümumi yığıncağına öz hazırlığımı görmüşdüm. Beləki, bütün çənlibelçiləri, Çənlibel Təşkilatının ardınca gedən zavod-fabrik cəmiyyətlərinin nümayəndələrini əlaltdan həmin iclasa dəvət etmişdim. Fikrim Çənlibeli Xalq Hərəkatı Cəbhəsinə çevirib əlimdə saxlamaq idi.
Zal adamla ağzına qədər dolu idi. Rayonlardan, Naxçıvan Muxtar Respublikasından da xeyli adam vardı. Məruzə bitincə, yuxarıda adlarını çəkdiyim xəyanətkar çənlibelçilərlə Varlıq qrupundan İsmayıl Təriqpeyma, Əbülfəz Əliyev, Firidun Cəlilov birləşərək, yığıncağı dağıtmaq istədilər…
T. Xalisbəyli çığırırdı ki, Hatəmi milləti qana çəkir. Bütün zal bizim tərəfimizdə idi. Yığıncağı dağıtmağa onlara imkan vermədik. Məruzə başlamamışdan qabaq, rəyasət heyətində yanımda oturmuş Vurğun Əyyubov mənə demişdi: "İndi gör başına nə gətirəcəyik". Öz başlarına iş gəlmişdi. Beş-on nəfər yalnız özləri zaldan çıxası oldular (Xəlil Rza onlardan ayrılıb bizə qoşuldu). Çıxıb da, Vurğun çöldə milislərə deyirmiş: "Biz onları dağıda bilmədik, gedin siz dağıdın". Təriqpeyma isə mənim haqqımda deyirmiş: "O, İran casusudur". Ağlım belə kəsir ki, təmiz adamı beləcə ancaq DTK agenti ləkələyə bilərdi.
Milis zabitləri, milislər də zalı dağıda bilmədilər. Yığıncağı davam etdirdik. Xalq Hərəkatı Cəbhəsi Keçici Mərkəzinin proqram və nizamnamə səciyyəli "Azərbaycan xalqına bildiriş"ini oxudum. Sənəd böyük rəğbətlə, alqışlarla qarşılandı. Məni Xalq Hərəkatı Cəbhəsinə sədr seçdilər.
Mən 5 dekabr 1988-də tutulduqdan sonra T. Xalisbəyli ilə V. Əyyubov bir neçə kərə iclas təşkil edib, Çənlibeli dirçəltmək istəyirlər. Belə təşəbbüs anlamsız bir iş idi. Çünki Çənlibel Təşkilatı milli azadlıq hərəkatındakı öz yerini Xalq Hərəkatı Cəbhəsinə tərk edib artıq tarixə qarışmışdı.
Xalq Hərəkatı Cəbhəsinə daxil olan ayrı-ayrı kollektivlərin, fərdlərin ilk siyahısı Eldar İbrahimdə qalmışdır. Mənim əlimdə aşağıdakı kiçik siyahı vardır.
1. Axundov Elşən Məmməd oğlu - 160 nəfər.
2. Səlimov Firidun - Sərnişin Daşıma İdarəsi – 20 nəfər.
3. Cəfərov İshaq Məsim oğlu – Avtomobi Nəqliyyatı Nazirliyinin Texniki -Təchizat Bazası - 3 nəfər.
4. Şükürov Tofiq - Azıx Cəmiyyəti - 150 nəfər.
5. Nəsirov Vaqif - 30 nəfər.
6. Nəbiyev Qəhrəman - Şah İsmayıl Xətai Birliyi (EVM zavodu) -170 nəfər.
7. Məmmədov Rüstəm - 3 nəfər.
8. Həsənov Mövlud - 50 nəfər.
9. Bağırov Rəfael - Əzimzadə adına Rəssamlıq Məktəbi - 20 nəfər.
10. Mehdi Azəri - 2-ci Zabrat - 300 nəfər.
11. Abbasov Rauf (Rauf Arifoğlu – B. T.) - Azərbaycan Elmi-Tədqiqat Üzümçülük-Şərabçılıq İnstitutu - 20 nəfər.
12. Qasımov Nəriman - Yük-Avtomobil Nəqliyyatı Dəstəsi - 5 nəfər.
13. Əsgərov İmran - 31 nömrəli məktəb - 30 nəfər.
14. Mehdiyev Mehdi - Azərbaycan Neft və Kimya İnstitutu - 27 nəfər.
15. Abbasov Zahid - 25 nəfər.
16. Şükürov Haqverdi İstail oğlu.
17. Quliyev Elxan Həsənağa oğlu.
18. Quliyev Niyazi Hüseyn oğlu.
19. Almuradov Nəriman Musa oğlu.
20. Qulamov Əsgər Ağatac oğlu.
21. Quliyev Mətləb Qafar oğlu.
22. Məmmədov İntiqam Həvəskar oğlu.
23. İsmayılov Osman Hacızadə oğlu.
24. Bayramov Ziyəddin Məhərrəm oğlu.
25. Əhmədov Mahmud Fəraməz oğlu.
26. Eminov Rasim İbrahim oğlu.
27. Eldarov Nazim Eldar oğlu.
28. Qurbanov Şahin Musa oğlu.
29. Səmədov Bəybala.
30. Cavadov Eldar Cavad oğlu.
31. Kərimova Ruhinaz.
Yazıçı Məmməd Murad Azərbaycan Xalq Cəbhəsinin yaranmasından danışaraq yazır: "Azərbaycan Xalq Cəbhəsinin yaranma mənşəi də səciyyəvidir. Dövrü mətbuatın məlumatına görə, o, milli folkloru, mifologiyanı, dili, tarixi tədqiq etmək məqsədi ilə 1987-ci ildə yaradılmış "Çənlibel" cəmiyyətindən çıxmışdır"(6; 1).
Həmin dövrdə başqa bir qrup da «Xalq Cəbhəsi» adı altında başqa bir təşkilat yaratmaqla uğraşırdı. Bu şəxslərin kimliyi və öz məqsədlərini necə həyata keçirdikləri barədə «Əbədiyyət yolçusu kitabında çox müfəssəl və maraqlı bir məlumat bulunmaqdadır. Kitabın müəllifi yazır: «O günlər Rəfail Allahverdiyevlə, demək olar ki, hər həftə görüşürdük. Rəfail məni növbəti görüşə çağıranda dedi ki, Fuad Musayev ondan xahiş edib ki, məni Araz Əlizadə ilə tanış etsin. Xalq Cəbhəsinin yaradılmasında mən onlara kömək edim. O zaman başqa respublikalarda xalq cəbhələri artıq yaradılmışdı. Azərbaycanda da «Xalq Cəbhəsi» adlı qrup yaratmaq barədə söz-söhbət gəzirdi. Araz Əlizadə ilə görüşməkdən imtina etdim. Fuad Musayevə nifrət etdiyimi söylədim. Rəfail Fuad Musayevin, necə də olsa, Bakı şəhər partiya kimitəsinin katibi olduğunu xatırladaraq, bir də təkidlə xahiş etdi, bildirdi ki, Azərbaycanın gənc ziyalılarından ibarət böyük bir qrup yaradıblar ki, «Xalq Cəbhəsi»ni təsis etsinlər. Araz Əlizadə də gənc alimlərimizdən biridir. Mənim onunla tanış olmağımın, hər halda, heç bir zərəri yoxdur.
Dostları ilə paylaş: |