Mənsur Əlisoy
Bəli, həmin dövrdə mitinqləri bərpa edə bilmək üçün əlimizdən gələn hər şeyi edir, fəqət heç nəyə nail ola bilmirdik. Səbəb isə Hatəmi ilə arası dəyən Nemət Pənahlının onun təşkil etdiyi aksiyalara dəstək verməməsi idi. Nəticədə dövlətin yardımına arxalanan və onun təlimatı ilə hərəkət edən «komissiya» aksiyaları asanlıqla poza bilirdi. Nemətin aksiyalara dəstək verməməsi Hatəmi tərəfindən pozğunçuluq kimi qiymətləndirilirdi. Bir sözlə, «Çənlibel» artıq əvvəlki «Çənlibel» deyildi.
İşin ən acınaqlı tərəfi isə budur ki, sonradan Nemət Pənahlı da müstəqil surətdə yeni mitinq təşkil etmək istədi və bunu Hatəmisiz etməyə çalışdığı üçün o da bir şeyə nail ola bilmədi. Mənim Hatəmi ilə Neməti barışdırmaq cəhdlərim isə heç bir nəticə vermirdi. Deyilənlərə ən gözəl misal kimi Nemətin oktyabrın 2-də keçirməyi planlaşdırdığı və mənim də dəstəklədiyim mitinq cəhdinin puça çıxmasını göstərmək olar.
Hatəmi bu barədə yazır: «Nümayişlərin əleyhinə gedən Nemət oktyabrın 2-də nümayiş etmək fikrinə düşdü. Dostları məndən xahiş etdilər ki, nümayişi təşkil etməyə ona kömək edim. Kömək etməyə çalışdım, ancaq nümayiş baş tutmadı, məni bir neçə saatlığa tutdular. Nemət yataqxanalarında aclıq elan etdi. Bəxtiyar Tuncay yanıma gəlib xahiş etdi ki, Neməti müdafiə etmək üçün ora-bura teleqram vurum. Vurmaq istəmirdim. Tuncayın təkidlərindən keçməyərək, onu müdafiə etdim» (1).
Bu Məhəmməd bəyin sözügedən hadisə barədə bir-iki cümlə şəklində ifadə etdiyi fikridir. Hadisə haqqında, eləcə də ondan daha öncə baş verənlər barədə geniş məlumatı isə Nemət Pənahlının «Əbədiyyət yolçusu» kitabından əldə etmək mümkündür. O yazır: «Hatəmi yenə iyulun 18-nə mitinq elan elədi. Ancaq mən bütün müəssisə və təşkilatlara xəbər göndərdim ki, biz Hatəmi ilə ayrılmışıq və bu mitinqdə iştirak etməyəcəyik və beləliklə, Hatəminin iyulun 18-nə təyin etdiyi mitinqə mən seyirçi kimi kimi gəldim. Mitinqə gəlmiş 50-60 adamı milislər heç meydana girməyə də qoymadılar. Hamısını döyüb qovaladılar. 25-30 adamı isə, biz də içində olmaqla,əvvəlcə Səbayıl rayon milis şöbəsinə, oradan da Nərimanov rayonuna gətirdilər.
Bu hadisədən sonra Hatəmi və Bəxtiyar Tuncay məni xain elan elədilər. Və sonra da mənim əleyhimə hər cür təbliğat kampaniyasına başladılar…» (3, s. 135-136).
Nemət Pənahlı daha sonra yazır: «…Bu hadisədən sonra mənim Hatəmi ilə siyasi əməkdaşlığım birdəflik bitdi, adım «təşkilat komitəsi» deyilən qurumda qaldı. Bu təşkilat komitəsi isə mitinqlərin keçilməsində bir məna görmürdü. Moskvada siyasi ab-havanın gündən günə mürəkkəbləşməsi müəyyən nəticəyə gəlməyə imkan verə bilmədi. Bizim zavodun özündə də həmçinin. Sosial vədlər elə vəd olaraq qalırdı. Bütün bu məsələlərin həlli üşün mən Vəzirovun qəbuluna düşməyə bir də nail oldum və qəbuldan sonra Vəzirov bizim zavodun işçilərinə 250 mənzil ayırdı. Eyni zamanda yataqxanada qeydiyyatda olanların ailələrini də qeydiyyata saldılar. Bu, zavodumuzun tarixində görünməmiş bir şey idi. Bu hadisədən sonra fəhlələr arasında olan hörmətim birə on artdı. Vəzirovun şəxsən mənə təklif etdiyi mənzildən imtina edəndə isə hamı çaşıb qaldı.
Həmin görüşdə Vəzirov bizə daha bir təklif eləmişdi. Demişdi ki, Bakının ətrafında harada istəsəniz sizə torpaq sahəsi verməyə hazırıq. Özünüzə mənzil tikmək üçün. Düzü həmin təklif, eləcə də gələcəkdə salınacaq yeni qəsəbəyə Şəhriyarın adının verilməsi perspektivi ürəyimcə olsa da, zavodun kollektivi buna xüsusi maraq göstərmədi…
Respublikada hər keçən gün gərginləşən ab-hava məndə yeganə çıxış yolunun mitinq olduğu fikrini doğurmaqdaydı. Respublikanın üzdən iraq rəhbərliyinə yalnız bu yolla təsir etmək olardı…» (3, s. 136-137).
Nemət bəyin yazdığına görə, «Hatəminin təşkil etdiyi komissiyanın üzvlərinin siyahısına iki nəfər də artırılmışdı. Biri Sabir Rüstəmxanlı idi ki, onu Xəlil Rzanın xahişi ilə Hatəmi özü siyahıya salmışdı. İkincisi İsa Qəmbərov idi ki, onun bizim siyahıya kim tərəfindən salınması bügünə qədər müəmma olaraq qalır…
İsa Qəmbərovun kimlər tərəfindən siyahıya salınması açıqlanmasa da, əksəriyyət onun siyahıda qalmasını dəstəkləmişdi. Səbəb də onun Zori Balayanın «Ocaq» kitabına yazdığı cavab idi…
Hatəmi özü təşkil etdiyi komissiyanın üzvlərini xain elan edəndən sonra dəfələlə məndən xahiş etdi ki, daşı ətəyimdən töküm, əməkdaşlıq edək. Amma mən ona artıq son sözümü demişdim. Bu qərara gəlməyimin bir səbəbi də onun, yerli-yersiz, əsaslı-əsassız, hamını xain elan etməsi idi. Ən mənfi xüsusiyyətlərindən biri isə o idi ki, illərlə dostluq etdiyi, haqqında ən yüksək fikirlər söyləmiş olduğu adamı, zərrə qədərdə əzab çəkmədən bircə anın içində silib atması idi…
Hatəmi ilə mənim aramda yaranmış bu münaqişədən həm dövlət, həm də Əbülfəz Əliyev məharətlə istifadə etdilər.
18 iyundan aylar keçməsinə baxmayaraq, yenə də mitinqdən söhbət düşəndə, hiss edirdim ki, silahdaşlarımın əksəriyyəti onu «tormozlayır». Gah mitinqin xalqa heç nə verməyəcəyini, gah da mitinqi idarə edə bilməyəcəklərini əsas gətirirdilər. Hətta iş o yerə çatdı ki, günlərin birində qərara gəldilər ki, mitinqin əvəzinə bir zalda iclas keçirsinlər. Orada birgə məsləhətləşək, respublikadakı vəziyyətdən çıxış yolu axtaraq. Mənim uzunmüddətli təkidlərimdən sonra, axır ki, bu qərara gəldik ki, mitinqi qanuni yolla keçirək. Beləcə, mitinq keçirmək barədə rəsmi ərizə yazdıq. O ərizəyə mən də imza atdım…» (3, s. 137-138).
Nemət Pənahlı yazı ki, 1988-ci ilin sentyabrında uzun çəkişmələrdən sonra qərara gəlirlər ki, oktyabrın 2-də mitinq keçirsinlər. «Baksovetə yazdığımız bu rəsmi məktubda xahiş edirdik ki, mitinqin keçirilməsinə razılıq versinlər. Sentyabrın 27-də bu bu məktubu imzalayanları, o cümlədən də məni Fuad Musayevin qəbuluna çağırdılar. Məktuba məndən başqa imza atanlar Əbülfəz Əliyev, İsa Qəmbərov, Tağı Xalisbəyli, Vurğun Əyyubov, Xəlil Rza Ulutürk idilər.
Fuad Musayev uzun-uzadı danışdıqdan sonra «mitinqin məsuliyyətini kim öz üzərinə götürür?» - deyə sual verdi. Heç kəsdən səs çıxmadı. Hamının susduğunu görüb dedim:
-Mən.
Fuad Musayev, sanki, bunu gözləyirmiş kimi, mənə hücuma keçdi. Dedi:
-Elə sən və sənin kimilərdir respublikanı bu günə qoyanlar.
Onun bu sərt rəftarına reaksiya olaraq, dərhal ayağa qalxdım, dedim:
-Mən sizin kimi adamla heç danışmaq belə istəmirəm. Çünki sizin kimiləri yalnız vəzifə, mövqe maraqlandırır.
Dostları ilə paylaş: |