Telman Orucov
Hökumətlə dəllallıq edən qüvvələrin iç üzü hamıya məlum olmasa da, prosesdə yaxından iştirak edən hər kəsə artıq yaxşı məlum idi. Odur ki, mənə inanan insanlar bu tip satqın ziyalılardan əl çəkməyimi tələb edirdilər. Deyirdilər ki, bir də mitinqi təxirə salsam, mənə olan inamlarını tam itirəcək, bir də ardımca getməyəcək, öz bildikləri kimi hərəkət edəcəklər. Odur ki, onlarla şərt kəsdim, dedim ki, əgər hamınız məni dinləyəcəksinizsə, məsuliyyəti öz üzərimə götürməyə hazıram. Yox, məni eşitməyəcək və hər hansı bir düşünülməmiş addım atacaqsınızsa, mən bu məsuliyyətin altına girə bilmərəm. Şərtləşdik ki, oktyabrın 2-də mitinqin baş tutması üçün var gücümüzlə çalışacağıq. Ancaq görsək ki, təhlükəli vəziyyət yaranır, qırğın düşə bilər, dərhal dağılarıq.
Hər şey bütün incəliklərinə qədər nəzərə alınmışdı. Hansı qüvvənin saat neçədə, haradan hərəkət edəcəyi, harada toplaşacağı, hansı qüvvə ilə birləşərək hansı istiqamətə hərəkət edəcəyi düşünülmüşdü. Təxmini ssenari belə idi: ayrı-ayrı müəssisələrdən gələn qüvvələr saat 11-ə 5 dəqiqə qalmış Nərimanov metrosunun içində toplaşır. Bəzi qruplar Nərimanov parkında, bəziləri Nərimanov kinoteatrının arxasında mövqe tutur. Səttərxan zavodunun fəhlələri yataqxanada toplanır və oradan çıxan kimi qüvvələr yol boyu bir-bir onlara qoşulur» (3, s. 145-146).
Yeri gəlmişkən qeyd edim ki, nə qədər dilə tutmuşdumsa, Hatəmini Nemətə tam dəstək verməyə razı sala bilməmişdim. Nemətin oyun oynadığını, ona artıq inanmadığını söyləyib imtina etmişdi. Bununla belə ətrafımızda olan qüvvələrin mənimlə getməsinə etiraz da etməmişdi. Odur ki, həmin gün radikal ruhlu «Çənlibel»çilərin koordinasiyasını öz üzərimə götürmüşdüm. Nərinanov kinoteatrının sağ tərəfində yerləşən çayxanada oturub dostlar vasitəsi ilə qruplarımızla əlaqə saxlayırdım. Fuad Ağayev də mənimlə idi. İrandan SSRİ-yə yenicə pənah gətirmiş fədailərdən olan Güneyli dostumuz Siyamək (Nasir Rəhbəri) də Milli Hərəkata yaxından dəstək vermək üçün bizə qoşulmuşdu.
Dostları ilə paylaş: |