AZƏRBAYCAN XALQINA BİLDİRİŞ Qayaüstü rəsm-yazılar, arxeoloji-kurqan materialları, Qərb-Şərq qaynaqlı əski yazılı mənbələr açıq-aşkar nişan verir ki, eradan əvvəl ən azı 10 mininci illərdən "Azərbaycan" deyilən bu doğma torpağın doğma övladlarıyıq. Ara-sıra əcnəbi yürüşlərinə, ağalığına məruz qalsaq da, şərəfli bir tarixi həyatla yaşadıq bu torpaqda. Sonda vətənimizin şimal hissəsi 1813-1828 tarixlərində çar Rusiyası tərəfindən istila edilir.
Birinci dünya müharibəsi və 1917-ci ildə baş vermiş Oktyabr inqilabı nəticəsində Rusiya imperiyası keçici olaraq dağılır. Bundan faydalanan Azərbaycan xalqı müsavat partiyasının başçılığı ilə 1918-ci il may ayının 28-də özünün azad, suveren dövlətini yaradır. 17.03. 1920-ci il tarixində V. İ. Lenin Qafqaz Cəbhəsinin Hərbi İnqilab Şurasına, Orcenikidzenin üstünə belə bir teleqram göndərir: "Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin...". Bu teleqramdan sonra 1920-ci il aprelin 27-də Azərbaycan bu dəfə XI Qızıl Ordu tərəfindən tutulur. Xalqın 76% səs çoxluğu ilə yara-dılmış milli dövləti məhv edilir. Bu tarixdən başlayaraq 1953-cü ilə qədər, milli mənliyini itirmiş bir yığın yaramaz xaricində, siyasi, elmi, ədəbi, dini görkəmli bütün şəxsiyyətlərimiz kütləvi şəkildə tutulub, öldürülüb, qətliam edilib, xaricə qaçaq salınıb, "sosializm, kommunizm quruculuğu" adına sovet Rusiyası üçün köləlik edən Azərbaycanda ancaq qara işçi qüvvəsi saxlanmışdır. Milli adamlara müxtəlif formalarda divan tutmaq siyasəti sonrakı durğunluq dövründə davam etdirilmişdir.
SSRİ ərazisində yaşayan və soyğunçu, şovinist rus hakimiyyətindən əzab çəkən xalqlarda hazırkı yenidən-qurma, aşkarlıq, demokratiya dövründə milli ruh yüksəlməyə başlamışdır. Qafqazda ermənilər xüsusilə fəallıq göstərirlər. Onlar bir tərəfdən SSRİ-dən ayrılmaq istəyir, digər tərəfdən Moskvanın yardımı ilə Dağlıq Qarabağı Azərbaycandan qopartmağa çalışırlar. Ermənistanı SSRİ-dən ayrılmaq fikrindən uzaqlaşdırmaq üçün, Moskva vətənimizin bu gözəl guşəsini Ermənistana güzəştə hazır olmuşdur. Heç şübhəsiz Azərbaycanın müthi dövlət başçıları da buna razı olacaqdı. Lakin Azərbaycan xalqının hesaba alınmamış gözlənilməz birlik və müqaviməti bu planı alt-üst etdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul 1988-ci il tarixli qərarına rəğmən, Dağlıq Qarabağ məsələsi əvvəlki şiddətilə sürüb gedir. Azərbaycan oğulları Moskvada qanunsuz olaraq mühakimə edilir, azərbaycanlıları Ermənistandan, Dağlıq Qarabağdan faciəli bir şəkildə sıxışdırırlar. Azərbaycan xalqı rus və erməni təzyiqi, zülmü, zorakılığı qarşısında qalmışdır.
Belə bir ictimai-siyasi şəraitdə "Çənlibel Elmi-Ədəbi Birliyi"nin təsirilə yenidənqurma dövründə Bakıda yaranmış bəzi xalqpərəst birliklərin başçıları və ayrı-ayrı müəssisələrin nümayəndələri bir araya toplaşıb Xalq Hərəkatı Cəbhəsini təsis etmiş və onun Keçici Mərkəzini yaratmışlar. Xalq Hərəkatı Cəbhəsi milli, leqal, demokratik, ictimai təşkilat olub, Konstitusiya və Sov. İKP-nin yenidənqurma, aşkarlıq, demokratiya siyasəti çərçivəsində Azərbaycan xalqının iradəsini təmsil edəcək, onun istəklərinə cavab verəcəkdir.
Xalq Hərəkatı Cəbhəsi SSRİ-dən ayrılmağı hələlik gözdə tutmur. Lakin aşağıda haqqında danışacağımız milli istismar, zülm davam edərsə, Konstitusiyaya əsasən SSRİ-dən ayrılıb müstəqil dövlət təşkil etməyi qarşısına məqsəd qoyacaqdır.
Bu təşkilat marksizmin obyektiv sosializm nəzəriyyəsini, obyektiv sosializm iqtisadi sistemini, sovet quruluşunu qəbul edir, lakin onun, rus xalqının özü də daxil olmaqla, SSRİ xalqlarına hərtərəfli fəlakət gətirmiş mövcud variantını qəti şəkildə rədd edir. Dövlət həqiqətən xalq dövləti, dövlət mülkiyyəti həqiqətən xalq mülkiyyəti olmalıdır.
Bu təşkilat marksizmi, həmçinin beynəlmiləlçilik ideyasını qəbul edir və onu alqışlayır. Lakin sözdə bu ideyadan bol-bol danışıb, əməldə qatı şovinist mövqe tutanlara, başqa xalqlara yuxarıdan aşağı baxanlara, onlara maddi və mənəvi hər cür milli zülmü rəva görənlərə qarşı barışmaz mübarizə aparacaqdır. SSRİ daxilində bütün xalqlar eyni imtiyazlara, hüquqlara sahib olmalı, Moskvada mərkəzi dövlətdə bərabər şəkildə təmsil olunmalıdırlar.
Sov.İKP insanın insan tərəfindən istismarını ortadan qaldırmış, əvəzində bəşər tarixinin üzünü görmədiyi, insanın dövlət tərəfindən istismarı kimi rəhimsiz, qansız bir istismarı cəmiyyətə tətbiq etmişdir. Xalq Hərəkatı Cəbhəsi bu yeni istismar formasına qarşı çıxacaqdır.
Azərbaycanın illik milli gəliri 327 milyard manatdır. Bu gəliri vətənimizin əhalisinin 7 950 000 sayına bölsək, bələkdəki körpəsindən tutmuş 90-100 yaşlı qocasına qədər adambaşına gündə 161, ayda 4830, ildə isə 41312 manat gəlir düşür. Lakin bu milli gəlir Azərbaycanın əlindən alınır, ildə ona, yuvarlaq şəkildə götürsək, 3 milyard manat büdcə müəyyənləşdirilir. Üç milyard manat büdcə hesabı ilə, yenə bələkdəki körpəsindən tutmuş 90-100 yaşlı qocasına qədər, Azərbaycanda adambaşına gündə 1 manat 10 qəp., ayda 32 manat 50 qəp., il-də 390 manat gəlir düşür. Adambaşına gündə 161, ayda 4830, ildə 41312 manat gəlir hara, gündə 1 manat 10 qəp., ayda 32 manat 50 qəp., ildə 390 manat gəlir hara ! Yaxud bir xalqın illik 327 milyard manat milli gəlirini əlindən alıb, ildə ona 3 milyard manat büdcə müəyyənləşdirmək nə deməkdir? Sosializm cəmiyyətində insanın istismar olunmaması bumudur? Sosializmin "hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə" prinsipinə beləmi əməl edərlər? Bəs deyirlər SSRİ-də milli istismar, haqsızlıq ortadan qaldırılmışdır, bu ki, lap soyğunçuluqdur, talançılıqdır, dünyada tayı-bərabəri görünməyən milli zülmdür. Yeməyə çörək, geyməyə paltar, yaşamağa ev, insan kimi istirahət etməyə yer tapa bilməməyimizin, respublikanı bürokratizm, rüşvətxorluq, süründürməçilik, qohumbazlıq, dostbazlıq, yerlibazlıq, oğurluq, cinayətkarlıq bürüməsinin, cəmiyyət əxlaqının pozulmasının, insanların biri-birinə qarşı bədxaha, mərdimazara çevrilməsinin, Azərbaycanın bərbad halda olmasının və s. hamısının kökü buradan gəlir. Bəyənmədiyimiz çar Rusiyasında belə milli istismar, soyğunçuluq, vəziyyət görünməmişdir.
Sov.İKP-nin rəhbərliyi altında Azərbaycan KP bu qədər milli gəlirlə vəd etdiyi kommunizmi 68 ilə Azərbaycanda nəinki gerçəkləşdirə bilməmiş, əksinə respublikanı maddi və mənəvi hər cür çirkabın xilasolunmaz bataqlığına soxmuşdur. Kommunizm deyilən şey Küveyt və Yaponiyadakı, Qərbi Almaniya, Amerika, Fransa və İngiltərədəki yaşayışdan da gözəl, firəvan yaşayış deməkdirsə, Xalq Hərəkatı Cəbhəsi onu uzaqbaşı 3-4 il müddətinə Azərbaycanda gerçəkləşdirməyi xalqımıza namusla söz verir. Xalq Hərəkatı Cəbhəsi bunun üçün SSRİ daxilində müstəqil iqtisadi siyasət yeridəcəkdir.
Azərbaycanda fəhlələrin, sənətkarların, dövlət qulluqçularının, tələbələrin, təqaüdçülərin aylıq gəliri 500-lə 2000 manat arasından az olmamalıdır. Adamlardan alınan məcburi və könüllü bütün vergilər ləğv ediləcəkdir. Adamların gəlirinin belə ədalətli şəkildə qaydaya salınması, onların maddi-rifah halının yaxşılaşdırılması, elə sanırıq ki, rüşvətxorluq, oğurluq, cinayətkarlıq, əxlaq pozğunluğu və s. kimi bir çox ictimai xəstəliklərdən yaxa qurtarılmasına yol açacaqdır. Cəmiyyəti aclığa, yoxsulluğa məhkum edib, bu şeylərlə mübarizə aparmaq və onun kötüyünü kəsmək olası iş deyildir.
Sovet cəmiyyəti qadınları azadlığa çıxartmış, kişilərlə eyni hüquqlu etmiş, lakin onların vəziyyətini ağlagəlməz dərəcədə ağırlaşdırmışdır. Qadınlar əvvəlki formasiyalarda iş bölgüsünə görə əsasən ailə işlərilə uğraşmışlar. Lakin indi həm evdə ailə yükünü çiyinlərində daşıyır, həm də istehsalatda, ictimai işlərdə kişilərlə bərabər çalışırlar. Bu səbəbdən bu nəcib, incə varlıq qadınlıqdan çıxaraq, əsəbi, kobud və kişi cinsindən çox-çox fəal olmuşdur. Bununla yanaşı, onun öz körpələrini böyütməyə, tərbiyə etməyə, onlara, ərinə lazımi qayğı göstərməyə, bir qadın kimi özünə fikir verməyə nə gücü, nə vaxtı vardır. Xalq Hərəkatı Cəbhəsi qadını, qadınlığı bu durumdan qurtarmaq üçün bütün tədbirləri görəcəkdir.
Azərbaycanda sovet hakimiyyəti qurulana qədər Bakı neft sənayesinin və bəzi başqa sənaye sahələrinin inkişafına görə dünyanın öndə gedən şəhərlərindən biri olmuşdur. Sənayenin inkişafı ilə əlaqədar olaraq Bakı hərəsi bir şedevr olan gözəl binalarla dolur və möcüzəli bir sürətlə böyüyürdü. Vəziyyət belə getsəydi, hərbi və mülki sənayesinə, texniki inkişafına, tikinti sahəsindəki nailiyyətlərinə görə Bakı və ümumiyyətlə Azərbaycan Amerika, Yaponiya, İngiltərə, Fransa, Qərbi Almaniya, Kanada, İtaliya kimi yüksək inkişaf etmiş ölkələrlə indi bir sırada dururdu. Bir vaxtlar ABŞ-ın məşhur Çikaqo şəhəri ilə rəqabət aparan Bakı, bugünkü durumunda onun yanında misgin haldadır. Azərbaycanın sənayesi Rusiya üçün xammal hazırlayan müstəmləkə sənayesindən irəli gedə bilməmişdir. Xalq Hərəkatı Cəbhəsi milli gəlirə istinad edib bu faciəli geriliyi ortadan qaldıracaqdır. Azərbaycan başdan-başa yüksək inkişaf etmiş sənaye, texnika, memari tikinti ölkəsinə çevrilməlidir. Burada "evim yoxdur" deyən bir insan tapılmamalıdır.
Sovet dövründə pambıqçılıq, üzümçülük, bağçılıq, tütünçülük, tərəvəzçilik və s. Azərbaycanda kaloniya təsərrüfatına çevrilmişdir. Bu təsərrüfat otlaqların, meşələrin, dənli və paxlalı əkin sahələrinin demək olar ki, axırına çıxmış, maldarlığa zərbə vurmuş və Azərbaycanda min illərdən sürüb gələn gələnəksəl kənd təsərrüfatı həyatını kökündən məzara gömmüşdür. Torpaqlarımız şoranlaşmış, erroziyaya uğramış, ekologiya pozulmuşdur. Xüsusi mülkiyyət deyilən çox şeydən məhrum olub quru yerdə qalmış Azərbaycan kəndlisi, ailəsi ilə birlikdə, bu təsərrüfatda miskin gəlirli muzdura, köləyə çevrilmişdir. Bir vaxtlar firavanlıq içərisində yaşayan, günlərlə, həftələrlə sürən toy-yasında onlarla mal-heyvan kəsən, nehrə yağını su yerinə işlədən, ayranı itə tökən bu kəndli gör nə kökə qalmışdır ki, indi bazarda yumurta-şor axtarır. Kənd təsərrüfatımıza, kəndlimizə üz vermiş bu tarixi bədbəxtçiliyin bir tək çarəsi vardır: texniki bitkilərin əkin sahəsini ən azı 60% azaltmaq, otlaq sahələri genişləndirmək, taxılçılığı, maldarlığı inkişaf etdirmək, kəndliyə yetəri qədər xüsusi torpaq sahəsi və istehsal etdiyi məhsulların gəlirinə müvafiq olaraq ləyaqətli əmək haqqı vermək. Xalq Hərəkatı Cəbhəsi bu işi görməyə qəti qərarlıdır.
Azərbaycan Sovet İttifaqının öndə gələn ərzaq və kənd təsərrüfatı məhsulları bazalarından biridir. Ancaq Azərbaycan şəhərləri bu məhsulların qıtlıq və yoxluğundan əzab çəkir. Səbəb odur ki, bu məhsullar SSRİ-nin başqa şəhərlərinə və xaricə axıdılır. Xalq Hərəkatı Cəbhəsi bu axıntının qarşısını alacaqdır. Əvvəl evin içi, sonra çölü. Azərbaycanın ərzaq və kənd təsərrüfatı məhsul-ları ilə birinci növbədə respublikanın əhalisi təmin edilməlidir.
Dünyanın hər yerində böyük, basdırıqlı, səs-küylü şəhərlərin əhalisində təbiətin qoynuna sığınıb orada yaşamaq yanğısı baş qaldırmışdır. Bizdə əksinə, gənclərimiz cənnət təbiətin qoynunda yerləşən kəndlərini tərk edib şəhərlərə sığınır və burada acınacaqlı hala düşürlər. Bunun bir səbəbi olmalıdır. Səbəb odur ki, kənddə yaşayış, həyat pozulmuşdur. Gənclərin şəhərlərə axmasının qarşısı alınarsa, bundan həm həmin gənclərin özləri, həm kəndlərdə ərsiz qalıb çürüyən qızlarımız, həm əhali artımımız, həm də kənd təsərrüfatımız qazanar. Bu vəziyyətə çarə qılmaq üçün, Xalq Hərəkatı Cəbhəsi gənclərə kəndlərdə iş şəraiti yaratmağa, torpaq sahəsi verməyə, ev tikib evlənmələrinə yardımçı olmağa hazırdır.
Arizm nəzəriyyəsinə görə farslar, əfqanlar, hindlilər, avropalılar, ruslar eyni mənşəli xalqlardır. Bu nəzəriyyədən çıxış edərək, güneydə fars, qüzeydə hakim rus elmi bizim bu torpaqlardakı çox qədim tarix və mədəniyyətimizi danır, özləri gəlmə olduqları halda, bizə gəlmə adı qoyurlar. Gəlmə adı qoyurlar ki, bizi əridib sıradan çıxartmağa, vətənimiz Azərbaycana sahib çıxmağa özlərinə elmi-ideoloyi hüquqi əsas hazırlasınlar (Təsadüfi deyildir ki, Avropa və SSRİ-nin hakim dairələri farslarla əl-ələ verib Güney Azərbaycanda gedən milli hərəkatları qanlar içərisində basdırmış və 1925-ci ildə bir türk sülaləsi olan Qacarları İranda hakimiyyətdən salmışlar). Azərbaycanın ictimai elmləri, kütləvi təbliğat vasitələri, ali və orta məktəb dərslikləri uzun illər bu saxtakarlığın məhvərində fırlanmışlar. Ona görə tariximiz, mədəniyyətimiz haqqında kimsədə aydın təsəvvür tapılmaz. Qədim və orta yüzil dünya miqyaslı iftixarlı tarixi keçmişimizlə, Türkiyə və Güney Azərbaycan türklərilə mənəvi bağlılığımızı kəsə bilmək üçün, xalqımızın "türk" adını zorla dəyişdirib, bizə millət adı yox, yerlilik bildirən "azərbaycanlı" adı qoymuşlar. Orta yüzillər və Güney Azərbaycan mədəniyyətilə əlaqəmiz birkülli qırılsın, mənən yoxsullaşaq, miskinləşək deyə, ərəb əlifbasını əlimizdən alıb, bizə əvvəlcə latın, sonra kiril əlifbasını sırımışlar. Bir tərəfdən bizi dinimizdən, novruz və dini bayramlarımızdan, başqa adət-ənənələrimizdən ayırmağa çalışmış, digər tərəfdən İsanın anadan olduğu 1 yanvarı əziz yeni il bayramı kimi təntənə ilə bizə tutdurmuşlar ki, bir millət kimi özümüzdən uzaqlaşıb yadlaşaq.
Konstitusiyanı pozaraq, dilimizin dövlət dili olmasına mane olmuşlar. Radio-televiziya, dövrü mətbuat rus dilini öyrənməyi gecə-gündüz xalqımıza təbliğ edir. Bağçayaslıdan başlamış qəbir evinə qədər müxtəlif vasitələrlə azərbaycanlılara hər yerdə xüsusi bir səylə rus dilini öyrətməyə çalışırlar. Azərbaycanda rus təmayüllü məktəblərin sayı, Azərbaycan təmayüllü məktəblərin sayını üstələməyə başlamışdır. Rus-Azərbaycan təmayüllü qarışıq məktəblərdən hələ danışmırıq. Radio-televiziyada azərbaycanca verilişlərin saatı getdikcə sıxışdırılır. Burada azərbaycanlılardan müsahibələri də indi rusca götürürlər. Bir vaxtlar Azərbaycan dilində çıxan qəzet-jurnallarımız indi qarışıq dildə çıxır, heç şübhəsiz bir azdan tam rusca çap olunacaqlar. Dəqiq elmlər sahəsində çalışan bilginlərimiz öz əsərlərini çoxdan rusca yazırlar. Bu hal humanitar elmlər sahəsinə də siraət etmiş və getdikcə güclənir. Bütün bunların mənası odur ki, Azərbaycan xalqı assimilyasiya uçurumuna sürüklənmişdir.
Xalq Hərəkatı Cəbhəsi xalqımızı əritmək siysətinin qarşısına tikiləcək, Azərbaycan dilinin dövlət dili olması uğrunda mübarizə aparacaq, tariximizin, mədəniyyətimizin saxtalaşdırılmasının qarşısını alacaq, xalqımızın "türk" adının, ərəb əlifbasının bərpasına çaba göstərəcəkdir. İslam dininin fəaliyyətinə sərbəstlik veriləcək, Novruz və dini bayramlarımız dövlət səviyyəsində qeyd ediləcəkdir.
Azərbaycan sovet ədəbiyyatı xalqdan uzaq düşmüş, onun ağır dərdlərinə, fəlakətli problemlərinə biganəliklə dal çevirmiş, kölə əməyini tərənnüm və kütlələri bu əməyə təşviq edən, milli-mənəvi təxribatçılıqla məş-ğul olan zərərli bir ədəbiyyat olmuşdur. Elə buna görə xalqdan rəğbət görməyərək yaşarkən ölmüşdür. Cəllad Stalin və onun əlaltısı tat Mircəfər Bağırov dövründə adları vətənsevər sənətkarlarımızın qanına qarışmış bu ədəbiyyatın nümayəndələri, ümumiyyətlə onun özü ədəbiyyat tariximizə qara ləkədən başqa bir şey deyildir. Sovet dövründə ədəbiyyatın partiya boyunduruğu altına girməsi buna səbəb olmuşdur. Xalq Hərəkatı Cəbhəsi xalqımıza, dünyaca məşhur klassik ədəbiyyatımıza layiq bir ədəbiyyatın yarana bilməsi üçün ədəbiyyat üzərindən partiya nəzarətini qaldıracaqdır. Ədəbi şəxsiyyətlərə yaradıcılıq azadlığı təmin ediləcəkdir. Bu sözlər, ədəbiyyatla eyni vəziyyətdə olan, musiqiyə, rəssamlığa, başqa sənət sahələrinə, dövrü mətbuata, radio-televiziyaya da aiddir.
Xalq Hərəkatı Cəbhəsi respublikada maarifi, təhsil sistemini milliləşdirəcəkdir. Orta və ali məktəblərdə, texnikumlarda şagirdlərin, tələbələrin milli ruhda böyüdülməsi, tərbiyə edilməsi üçün vətən dərslikləri çap edilməsinə sərəncam verəcəkdir. Respublikamızda Rusiyaya sadiq çinovniklər yox, milli kadrlar hazırlanmalıdır. Azərbaycan xalqını bu kadrlar da idarə etməlidirlər.
Azərbaycan xalqı istər hakim, istər məhkum vəziyyətdə olsun, etniklərə vətənində yer vermiş, onlarla həmişə sülh şəraitində yaşamış, özü ilə birlikdə bu torpaqda onları da yaşatmışdır. Xalq Hərəkatı Cəbhəsi yerli və gəlmə bütün etniklərə xalqımızın bu nəcib, insani, humanist münasibətini davam etdirməyi özünə borc bilir. Hamının bu gözəl, nazənin, sərvətli ölkədə siyasi və mülki hüquq bərabərliyi şəraitində azad, qayğısız, xoşbəxt yaşamağa haqqı vardır. Bizim dilimizə, dinimizə, adət-ənənələrimizə edilmiş təcavüz onlara rəva görülməyəcəkdir.
Bu milli, xəlqi arzuları həyata keçirə bilmək üçün Xalq Hərəkatı Cəbhəsinə daxil olan milli, mübariz, təmiz, yüksək siyasi təfəkkürə malik şəxsiyyətlərin partiya, dövlət orqanlarında iş başına gəlməsi lazımdır. Xalq Hərəkatı Cəbhəsi xalq kütlələrinə söykənib bu uğurda mübarizə aparacaqdır.
Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Naxçıvan şəhərlərində, rayon mərkəzlərində, qəsəbələrdə, sovxoz-kolxozlarda, zavod-fabriklərdə, ali və orta məktəblərdə, texnikumlarda, texniki peşə məktəblərində, ayrı-ayrı idarə, təşkilat və komitələrdə, Akademiya sistemində, nazirliklərdə, Azərbaycan KP MK-nın özündə Xalq Hərəkatı Cəbhəsinin özəklərini yaradın və kütlələri bu özəklər ətrafında birləşdirməyə çalışın. Azərbaycan xalqının bir nəfər kimi birləşib mübarizə aparmaqdan başqa çarəsi qalmamışdır.
Cinsindən, milliyyətindən, dinindən, sənətindən, partiyalı-partiyasız olmasından, hansı idarədə nə vəzifəsində işləməsindən asılı olmayaraq, Xalq Hərəkatı Cəbhəsinin ideyalarını qəbul edən, bu ideyalar uğrunda mübarizə aparmağa hazır olan 15 yaşından yuxarı hər bir kəs bu təşkilata daxil ola bilər. Bu təşkilata daxil olanlar onun iclaslarında müntəzəm iştirak etməli, ayda bir manat üzvlük haqqı verməli, imkanı olarsa ona əlavə maddi yardım göstərməlidir.