Hamını, hamını - Azərbaycan xalqını Xalq Hərəkatı Cəbhəsində birləşməyə səsləyirik!
Xalq Hərəkatı Cəbhəsinin Keçici Mərkəzi, 30 oktyabr 1988-ci il.
Azərbaycan Xalq Hərəkatı Cəbhəsini «Çənlibel»in «liberal»lardan təmizlənmiş, daha da genişlənmiş və gücünə güc qatmış forması və davamı da hesab etmək olar. Və bu təşkilat artıq gücü tükənən və kütləvi aksiyalar təşkil etmək imkanında olmayan sələfindən, yəni «Çənlibel»dən fərqli olaraq milli mübarizəyə yeni nəfəs və ruh gətirdi. Bu yeni nəfəs və ruh 14 və 16 noyabr mitinqləri idi.
1988-ci il noyabr-dekabr meydan olayını milli azadlıq hərəkatımızın şah nöqtəsi hesab edən M. H. Tantəkin özünün «Acı həqiqətlər» kitabının «Meydan epopeyası» başqlıqlı III fəslinin tam əvvəlində Yaşar Türkazərin «Əbdürrəhman Vəzirov cənablarına Açıq Məktub» adlı yazısına (4), eləcə də sovet dövrünün ən məşhur siyasi təhlilçilərindən hesab olunan Vil Dorofeyevə (5) istinadən yazır ki, «1988-ci il noyabr-dekabr meydan mitinqi Hatəminin Sabir bağında təşkil etdiyi 14, 16 noyabr mitinqləri ilə başlamışdır» (2).
Nəzərə alsaq ki, sözügedən mitinqlərin hər üçünün əsas mövzusunu məlum «Topxana meşəsi olayı» təşkil edirdi, bu fikirlə razılaşmaq olar. Hadisələrin xronoloji baxımdan eyni günlərə təsadüf etməsi də belə söyləməyə əsas verir. Fəqət bu mitinqlərdən ilk ikisini M. Hatəmi başda olmaqla, Azərbaycan Xalq Hərəkatı Cəbhəsi, üçüncüsünü isə tamam başqa bir qüvvə təşkil etmişdi.
Qeyd etmək lazımdır ki, həmin dövrdə baş verən hadisələri Azərbaycandakı radikal milliyyətçiliyin təzahürü kimi qələmə verən Vil Dorofeyev ölkəmizdə baş qaldıran milliyyətçiliyin üç aparıcı simasının adını çəkir: «Nizami adına Ədəbiyyat Muzeyinin böyük elmi işçisi, filologiya elmləri namizədi Məhəmməd Hatəmi, Leytenat Şmidt adına maşınqayırma zavodunun fəhləsi Nemət Pənahov və Yuri Qaqarin adına Pioner və Məktəblilər Sarayının metodisti Bəxtiyar Şahveriyev (Bəxtiyar Tuncay – B. T.)» (5). Onun məqaləsi Sov. İKP-nın orqanı olan «Dialoq» jurnalında çıxdığından bu nöqteyi-nəzəri imperiya mərkəzinin, yəni Moskvanın həmin dövrdəki nəzəri hesab etmək olar.
M. Hatəmi yazır: «14 noyabr Sabir bağı mitinqini ermənilərin Şuşada Topxana meşəsini dağıdıb, orada sənaye obyekti tikmələrinə etiraz olaraq təşkil etmişdim.
16 noyabr Sabir bağı mitinqinə xalqla yanaşı, milis qüvvələri də az toplaşmamışdı. Əbülfəz Əliyev, İsmayıl Təriqpeyma, Bəhmən Sultanov milislərin mitinqi ha indi, ha bayaq dağıdacaqları, bizi də tutacaqları intizarı ilə özlərini Dommonolitin (Monolit adlı binanın –B. T) tinində gizləmişdilər. Milis zabitləri istəyirdilər məni mitinqçilərin içərisindən kənara çəkib tutsunlar, adamlar qoymadılar, mitinq başladı.
Dostları ilə paylaş: |