Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


Siyamək (Nasir Rəhbəri) və Nemət Pənahlı



Yüklə 12,01 Mb.
səhifə125/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   121   122   123   124   125   126   127   128   ...   201
Siyamək (Nasir Rəhbəri) və Nemət Pənahlı
Azərbaycanda baş verən və bütün dünyanı silkələyən 18 günlük mitinqdən söz açan Elen Karrer de Ankos da özünün “Uluslararası zəfər və ya sovet imperatorluğunun çöküşü” adlı əsərində məhz bu üç nəfərin adını çəkir və yazır: “Azərilərin sovetə qarşı hərəkatıarında üç təşkilatları vardı. Onlardan birincisi “Çənlibel” təşkilatı idi ki, hələ təşkilatlar haqqında qanunun olmadığı dövrdə yaranmışdı. Onun məqsədi mədəni-tarixi mirasın, memarlıq abidələrinin və dilin qorunması idi. 1987-ci ildə bu dərnək maraqlı bir şəxsiyyəti üzv qəbul edir. Həmin şəxs Sovet İttifaqına gəlməmişdən öncə İranda Xalq Fədailəri Təşkilatının sıralarında Xomeyni rejiminə qarşı mübarizə aparmışdı. Siyamək kimi tanınan bu iranlı azəri, tarixçi-alim Hatəmi ilə birlikdə Bakıda tornaçı fəhlə işləyən Pənahovun irəli çıxmasına və ermənilərə qarşı təşkil olunan mitinqlərin öndərinə çevrilməsinə yardım etmişlər. Pənahov - Hatəmi – Siyamək üçlüyünü Valensa və onun ətrafında olan Geremek və Mişinq qrupu ilə müqayisə etmək olar. Bu üç nəfər üsyandan sonra həbs olundular, onların hərəkatı dağıdıldı, amma yerli hakimiyyət bir neçə aydan sonra onları azad etdi” (1, s. 95-96).

Maraqlıdır ki, bu mitinqdən Nemətin heç xəbəri belə yox idi və onu bu barədə Siyamək xəbərdar etmişdi.

Nemət bəy bu barədə yazır: «…Səhv etmirəmsə, Naxçıvandan Bakıya noyabrın 16-da qayıtdım ki, Leninqrada uçum. Yataqxanaya gəldiyimdə, məlum oldu ki, Siyamək məni axtarır. Sonra da dedilər ki, mitinq olacaq. Siyaməkin məni axtarmasında qeyri-adi bir şey yox idi. Çünki biz artıq dostlaşmışdıq. Amma mitinq xəbəri gözlənilməz xəbər idi. Axı, bizim mitinq keçirmək cəhdlərimizi göz görə-görə az boğmamışdılar. Bu barədə qərar qəbul edər-etməz, hər tərəfdən başımızın üstünü alırdılar.

Təcili Əbülfəzlə əlaqə saxladım, məlum oldu ki, onun bu barədə xəbəri yoxdur. Radikal qüvvələrin də bundan xəbəri olmadığını öyrənəndən sonra gəldim Siyaməkgilə, zaman-zaman inqilab ocağına çevrilən 50-ci binaya.

Orada Naxçıvan görüşlərim haqqında, bir növ, hesabat verdim. Söhbətimiz çox maraqlı keçdi. Burada öyrəndim ki, dostlarım mənim ad günümü keçirmək istəyirlər. Sabahısı, yəni noyabrın 17-si mənim ad günüm idi. Düzü, bu vaxta qədər, bircə dəfə də olsa, ad günü keçirməmişdim. Mənə bu kimi şeylər qəribə gələrdi. Qəribə gəlsə də, razılaşdım. Səhv etmirəmsə, həmin gün gecəni Siyaməkgildə qaldım. Səhər yuxudan ayılan kimi xəbər gəldi ki, millət meydanlara axışır.

İşin ən qəribə tərəfi isə bu idi ki, ərəfədə «Kommunist» qəzeti mitinqlə bağlı elan çap etmişdi. Anlaya bilmədim ki, bu nə oyundur…» (7, s. 154-155).

Nəzərə alsaq ki, Nemət bir neçə gün Naxçıvanda olmuşdu, oradan təzəcə qayıtmışdı və həmin günlərdə Bakıda olub-bitənlərdən tam məlumatlı deyildi, onun baş verənləri anlamaqda çətinlik çəkməsi təəccüblü deyildi.

Hatəmiylə mənim üçünsə hər şey gün kimi aydın idi. Birlikdə müzakirə edib bu qərara gəlmişdik ki, Xalq Hərəkatı Cəbhəsinin 14, 16 noyabr mitinqləri və ayın 20-nə təyin etdiyimiz növbəti mitinq hakimiyyət dairələrini ciddi narahat edib və təşəbbüsün yenidən Hatəminin və radikal qüvvələrin əlinə keçməməsi üçün özləri mitinq edib, önə yalançı liderlər çıxartmağa, hərəkatı onlara bağlamağa və sonra da onların əli ilə milli ruhu məhv etməyə qərar vermişlər. Sonradan, bir vaxtlar Hatəminin yaratdığı komissiyanın liberal qanadına daxil olan və daim mitinqləri pozmağa, dağıtmağa cəhd edən adamlardan ibarət saxta bir «Nümayiş Komitəsi» yaratdıqlarını və onlara rahat fəaliyyət göstərə bilmələri üçün Lenin küçəsi 3 ünvanında «qərargah» ayırmalarını öyrənəcək və təxminlərimizdə yanılmadığımıza əmin olacaqdıq. «Kommunist» qəzetində mitinqlə bağlı elanın çıxması, eləcə də sonrakı günlərdə eyni qəzetdə Sabir Rüstəmxanlının mitinqin əsas lideri kimi təbliğ edilməsi incəliklə düşünülmüş. xalqa zidd bir planın varlığından xəbər verməkdə idi. Hatəmiylə belə qərara gəldik ki, mitinqdə aktiv iştirak etmək və onu hakimiyyətin nəzarətindən çıxartmaq və xalqa mal etmək lazımdır.

Yeri gəlmişkən deyim ki, Siyaməklə mən də, Hatəmi də dost idik. Doğrusu, onunla «Çənlibel»də tanış olduğum gün solçu fikirlərinə görə ondan zəhləm getmişdi. Uzun-uzadı mübahisələrdən sonra marksizm-leninizmin artıq süqut etdiyini, bu gün ən aktual məsələnin milli məsələ olduğunu tədricən də olsa, qəbul etmiş və bizlərdən birinə çevrilmişdi. Başqa cür ola da bilməzdi, çünki biz bir vaxtlar bir-birimizdən ayrı salınsaq da, eyni xalqın, eyni millətin nümayəndələri idik və eyni acıları paylaşırdıq.

Meydanda gördüklərim, şəxsi müşahidələrim, ürək ağrısı ilə də olsa, Hatəminin aşağıdakı sözlərini təsdiqləməyə imkan yaradır. O yazır: “26-lar rayonunun partiya katibi Vəli Məmmədovun başçılığı altında meydanı dağıtmaq üçün ən çox canfəşanlıq edən ziyalılardan bunları görmüş, tanımışam: Təriqpeyma İsmayıl, Tağı Xalisbəyli, Əbülfəz Əliyev, Firidun Cəlilov, Bəhmən Sultanov, Nurəddin Quliyev, Vurğun Əyyubov və başqaları. Onlar bu istiqamətdə gecələri səhərə qədər tonqalların başında təbliğat işi aparırdılar. Sonra bu fəaliyyətlərini dövlətin təşkil etdiyi "Nümayiş Komitəsi"ndə davam etdirdilər. Şair Nüsrət Kəsəmənli də onlarla idi.

Meydanı dağıtmaq üçün B. Vahabzadə də az çalışmadı. Bir gecə 700-ə qədər adamı dalına salaraq meydandan çıxartdı. Belə işlərinə görə axırda ifşa olub sıradan çıxdı. Onun xalq yanındakı hörmətini bərpa etmək üçün, şübhəsiz DTK tərəfindən, meydana şayə buraxıldı ki, Bəxtiyarın ürəyi partlayıb ölüb (belə bir şayə Yerevanda xalq yanında ifşa olmuş Vazgen üçün buraxılmışdı). Sadəlövh kütlə bu şayədən yaman sarsılmışdı. Daha bilmirdi ki, şayə öz müsbət nəticəsini verən kimi, B.Vahabzadə yenə tribunada görünəcəkdir” (4).

Nemət Pənahlının yazdıqları da həmin dövrü, daha dəqiq desək, 17 (18) günlük fasiləsiz mitinqinin ilk iki gününün müəmmalarını anlamaq baxımından çox önəmlidir: «…Anladım ki, burada rəhbərliyin barmağı var. Meydana gəlib görəndə ki, camaat maneəsiz şəkildə hər tərəfdən meydana axışır başa düşdüm ki, mitinq baş tutacaq. Düşündüm ki, indi bizim yalnız bir yolumuz var – bu mitinqdən milli mənafe naminə yararlanmaq.

Xəbər gəldi ki, mitinqçilərin ən aktiv hissəsi Sabir bağında toplaşıb. Onların meydana gedən yolunu milislər kəsib. Təcili ora getdim.

Camaat «Hatəmi! Hatəmi!» deyə çığırırdı. Qala divarında özümə yer edib ətrafa baxdım və izdihamın içində Hatəmini gördüm. Ucadan çığırdım ki, meydana axışmaq lazımdır, hamı meydana toplaşır.

Ətrafdakı milislər izdihamın basqısına tab gətirməyib hadisə yerindən əkildilər…» (7, s. 155).

Əslində mitinq Sabir bağında deyildi. İzdihamın sadəcə başı orada idi. O biri ucunun isə harada olduğu məlum deyildi. Hatəmi ilə mənim durduğum yer ən ön sıralara yaxın bir yer idi. Arxamızda Bünyad Sərdərov zavodunun fəhlələri durmuşdular və deyilənə görə, təkcə bu zavodun kollektivinin sıralarının ən arxa cərgəsi «Bakı soveti» (İçərişəhər) metro stansiyasının yanında idi. Fəhlələrin önündə həmin zavodun əlaqələndiricisi Arzuman bəy durmuşdu. O, Vurğun Əyyubun yaxın qohumu idi. Onun yanında iki xanım gördüm. Biri ərə gedənə qədər yaşadığım binada yaşayan, yəni qonşum olan, bugünə qədər də adını bilmədiyim çox yaraşıqlı bir xanım, digəri isə tələbə yoldaşım olmuş, paralel qrupda, teatr rejissorluğu fakultəsində təhsil almış Solmaz xanım idi. Onların həmin dövrdə həmin zavodda işləyib-işləmədiklərini bilmirəm, amma B. Sərdərov adına zavodun fəhlələri ilə birgə idilər. Uzaqdan-uzağa Solmaz xanımla bir-iki kəlmə kəsdik. Necə olsa, institutu bitirdikdən sonra, ilk dəfə idi ki, üz-üzə gəlirdik.

Nemət Pənahlı daha sonra yazır: «…Ciddi bir münaqişə olmadı. Meydana tərəf axışmaqda olan izdihamın önündə gedənlərdən biri də mən idim. Yol boyu bizə qoşulanlardan biri xüsusi olaraq diqqətimi çəkdi. Bu əlində Azərbaycan SSR-in dövlət bayrağını tutan Ənvər Əliyev idi. Onu ilk dəfə idi ki, görürdüm. Fazildən (Fazil Mustafadan – B. T.) kim olduğunu soruşdum Aspirant olduğunu, xüsusi fəallığı ilə seçildiyini söylədi.

Biz meydana çatanda polis (milis B. T.) işçiləri aralanıb bu cavan oğlana yol verdilər. Mən də, Hatəmi də tribunaya qalxdıq. Bir neçə dəqiqə sonra milis işçiləri dəhlizdə dayanmış hökumət nümayəndələri ilə pıçıldaşıb, nə göstəriş aldılarsa, məndən və Hatəmidən aşağı düşməyimizi tələb etdilər. Hatəmi onları sərt şəkildə rədd edərək kürsünün lap qabağına keçib məhəccərdən yapışdı. O biri əlini yelləyərək milləti salamladı. Mən də cəld ona yaxın bir yerdə özümə yer etdim. Milis işçilərinin bizi zorla aşağı endirmək istədiyini görən kütlədən bir uğultu qopdu, milislərin ünvanına təhqir-söyqş yağışı yağmağa başladı. Polislər (milislər B. T.) məcbur qalıb bizdən aralandılar.

Ənvər heç bir maneəçiliklə üzləşmədən mikrofona yaxınlaşdı və dedi ki, mitinqin təşkilatçıları bu mitinqə 10 gündən artıq hazırlıq getdiyini bilirlər. Bakı şəhər rəhbərliyi ilə danışılıb, mitinqə heç bir maneəçilik olmayacaq. Rəhbərlik mitinq iştirakçılarını yemək-içməklə, hətta, lazım olarsa, isti geyimlə də təmin edəcəklər. Kişilikləri çatacaqsa pul verəcəklər, çatmasa özümüz pul yığıb alarıq.

Ənvər Əliyev sözlərinə bunu da əlavə etdi ki, burada artıq heç bir danışığa ehtiyac yoxdur. Mitinq 48 saat davam edəcək. Tələblərimizi rəhbərliyə çatdıracaq onlardan cavab gözləyəcəyik.

Bütün danışmaq istəyənlərə söz verən o idi. Deyəsən, Hatəmi də eynən mənim kimi bu adamdan şübhələnmişdi. Arada yaxınlaşıb qulağıma pıçıldadı ki, bu mitinqi ələ keçirmək lazımdır. Həmin gün mən də bir – iki dəfə çıxış elədim. Amma hələ də anlaya bilmirdim ki, respublika rəhbərliyi bu mitinqi nə münasibətlə düzüb-qoşub. Axı, necə ola bilərdi ki, milis mitinqi seyrçi kimi izləsin?» (7, s. 155-156).

Əslində, burada anlaşılmayan bir şey yox idi. Ənvər açıq şəkildə demişdi ki, Xalq Hərəkatı Cəbhəsinin təşkil etdiyi mitinqlərə alternativ xarakterli bu mitinqin arxasında Bakı şəhər rəhbərliyi, yəni Bakı şəhər Partiya komitəsinin katibi Fuad Musayev durub. Həmin Fuad Musayev ki, Xalq Hərəkatı Cəbhəsinə alternativ olaraq, Araz və Zərdüşt Əlizadə qardaşlarının əli ilə Xalq Cəbhəsini qurmaqla məşğul idi.


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin