Bakıda komendant saatının elan edilməsi və Meydanın rus tankları ilə mühasirəyə alınması
Nemət Pənahlı yazır: «Noyabrın 23-dən 24-nə keçən gecə mitinq iştirakçılarına dağılışmaq barədə müraciət etdim və gözlədiyim oldu. Kütlə məni eşitmədi, hətta məni fitə basanlar da tapıldı. Amma çaşqın halda meydanı tərk edənlər də. Yolda fitnə-fəsad, iğtişaş-filan olmasın deyə, dağılışan izdihamlı bir qrupun önünə düşmək istədim, insanlar gözlənilmədən məni qolları üstünə aldılar, nə qədər inad etsəm də, yerə qoymadılar. «Sahil» metrosuna çatana qədər ayaqlarım yerə dəymədi.
Nəhayət ki, yerə endirildim və endirildiyimdə plaşımın da, köynəyimin də, şalvarımın da cırıldığını gördüm. Yataqxanaya gedib üst-başımı qaydaya salmaq istəsəm də, nigaran idim, dözmədim, meydana qayıtdım və gəlib gördüm ki, dağılışmayan insanlar arasında haqqımda «onu da ələ aldılar», «o da xain çıxdı», «o da satıldı» kimi söz-söhbətlər gəzir.
Meydanda 5-6 min adam qalmışdı. Bu beş-altı mini də dağıtmaq üçün deyirdilər ki, şəhərə rus tankları yeridiləcək, fövqaladə hal elan ediləcəkdir. Mənim çıxışımın mənasını da bu cür yozurdular.
Doğrusu, çıxışımı edəndə mənə elə gəlmişdi ki, son çıxışımdır, məni həbs edəcəklər. Odur ki, ürəyimi boşaltmış, rus imperiyasının, sovet sisteminin astarını üzünə çevirmişdim. Sonda da hamını tətilə çağırmışdım. Bu da gurultulu alqışlara səbəb olmuşdu. Bununla belə, qulağım xoşagəlməz dedi-qodular çalırdı: «Nemətin də iç üzü açıldı», «O da xain çıxdı» və s.
Bilmirəm, bundan təsirləndim, ya nədəndir, yenə də tribunaya qalxdım, mikrofona yaxınlaşdın və dedim:
- Mən sizinləyəm, meydanda sonuncu adam qalana qədər sizinləyəm.
Plaş, köynək və hətta şalvarımın cırıldığını hamı görürdü. Bir də gördüm ki, haradansa, kim tərəfindənsə bir dəst kostyum gətirdilər. Kim almışdı, elə də bilmədim.
Ürək sözlərimi kütləyə çatdırdıqdan sonra onu da qeyd etdim ki, bir az sonra, çox güman ki, meydana tanklar yeridiləcək. Kim qorxursa, indidən getsin. Amma bu sözlərim meydanın seyrəlməsinə zərrə qədər də səbəb olmadı. Əksinə, bir vaxt Əfqanıstanda savşmış gənclər meydanı müdafiə etmək üçün mövqe tutdular. Onlara müqavimət göstərməyin mənasız olduğunu söylədim. Bildirdim ki, çalışıb ordu ilə dil tapmaq lazımdır.
Orduya müraciət yazdıq. Müraciəti sonralar səsini bir daha eşitmədiyim bir qız oxudu. Müracət meydanın yaxınlığında mövqe tutan orduya təsir eləmədi, amma, deyəsən, onlara hələ «hücum» əmri verilməmişdi. Yadımdadır ki, tanklardan birinin üstünə ilk olaraq elə həmin o qız çıxdı və bu da tankların motorlarını söndürməsinə səbəb oldu» (2, s. 167-168).
Nemət Pənahlının «Əbədiyyət yolçusu» kitabı hələlik əlyazma şəklində olduğundan və təbii ki, hələ redaktə edilmədiyindən kitabda təsvir edilən hadisələrin dəqiq xronologiyasını anlamaq bir qədər çətindir. Nə yaxşı ki, əlimizin altında Ədalət Tahirzadənin həmin dövrdə hadisələrin günbəgün və saatbasaat qeyd edilmiş salnaməsi var və məhz bu salnamə daha geniş və ətraflı məlumat almağımıza yardımçı olur. Ədalət bəylə birlikdə hadisələri daha yaxından izləyək:
«23 NOYABR 1988.
Feyzi, Mətləb və mən meydana çatanda (saat 01.30 dəq.) burada 50 mindən çox adamvardı; bu mehmanxanadan o mehmanxanaya qədər uzanan tonqalların ətrafında böyük dəstələrlə toplaşıblar. Əllərində bayraq olan azərbaycanlı əsgərlər də var burada. Öyrəndik ki, televiziyada deyilən mühüm xəbər" odur ki, sabah Bakıda komendant saatı elan ediləçək. "Molodyoj Azerbadjana" qəzetinin redaktoru Nəcəf Nəcəfov fəhlə Nemətlə söhbət edir. Deyəsən, komendant saatını müzakirə edirlər. Sonra eşitdim ki, Nemət deyib ki, əsgərlər gəlsə də heç yerə tərpənməyəcəyik: öldü var, döndü yox!
Nemət artıq xalq başçısı sayılır. Onu nümayişçilər sıx əhatə edirlər və beləcə də meydanı gəzir, adamlar arasında təbliğat aparır ki, mətin olun, dözümlü olun, bizə heç kəs bata bilməz.
Meydanda bir neçə yerdə odun, taxta dağ kimi qalanmışdır. Hamı özü gəlib, aparıb tonqal qalayır. İki oğlan tonqallara bir-bir baş çəkir, deyir ki, Ermənikəndin adı bu gündən "Azərkənd" olur, Ermənikənd bazarı isə "Nəsimi bazarı" adlandırılır. Hər tonqalın fədailəri “A-zər-kənd” çığırırlar. “Azərbaycan musiqiçilərinin Xalq Cəbhəsi” yazılmış çadırda camaata çay-çörək paylayırlar. Tələbələr çox sayıqdırlar. Hər kəsə çox diqətlə yanaşır, erməni olub-olmadığını bilmək üçün sənəd tələb edirlər. Məni dünən 5-6 dəfə (qeydlər etdiyim üçün şübhələnirdilər) saxlayıb sənəd soruşdular.
Deyilənə görə, Sov.İKP Siyasi Bürosunun üzvü, Sov. İKP MK katibi Medvedev Bakıya gəlib. Nizami qəzet üçün mətbəəyə getdi. Bir azdan qayıdıb gəldi ki, yolda tanışımla görüşdüm, dedi ki, nəşriyyatı da, telestudiyanı da əli avtomatlılar əhatə edib. Heç kəsi içəri buraxmırlar. Burada vərəqələr nəşr edirlər. Səhər 8-də komendant saatı elan olunacaq.
04.40. Bir yoldaş söylədi ki, komendant saatı haqqında xəbər şayiədir və onu camaatı dağıtmaq üçün Nüsrət Kəsəmənli ilə Aydın Məmmədov buraxıblar. Yəqin ki, gələcək bunun doğru-yalanlığını göstərəcək. Dedilər ki, Naxçıvanda bu gündən (daha doğrusu, dünəndən) hərbi vəziyyətdir. Sədərəklilər dəmir yolunu söküb Yerevan qatarını saxlayıblar.
05.11. Maştağalı Kazım Arif tribunadan meyxana deyir. Vətənpərvər şerlərdir.
05.20. T 38-69 AQ nömrəli “Jiquli” gəldi. Yiyəsi ağdamlı Şahin adlı rəssam oğlandır (Bakıda yaşayır). Camaata ərzaq gətirib. Maşını yenicə rənglədib. Qabaq kapotunun üstündə “Bakı”, qabaq şüşəsində “Qarabağ”, arxa şüşəsində “Ağdam”, arxa kapotda “Şuşa”, kənarlarda “Azərbaycan” sözləri yazılıb, Azərbaycanın bayraqları çəkilib. Maşın gəlinə bənzəyir. Əlvan rənglərlə bəzənmiş maşın vətənpərvərlik mücəssəməsidi.
06.00. Komendant saat haqqında hərə bir söz danışır. Yeni fikir odur ki, saat 9-da olacaq. Meydanda 30 minə qədər adam qalıb. Komendant saatına əslində heç bir əsas yoxdur. Zərdüşt Əlizadə dedi ki, ermənilər kütləvi şəkildə Moskvaya şikayət ediblər ki, həyatımız təhlükə altındadır. Sonra, bayraqlı maşınlar sürətlə gedəndə 2 adam vurub. Deyirlər ki, Vəzirov dünən bu hadisələrlə bağlı Moskvaya gedib və qayıdıb. Konstitusiya layihəsinin 119-uncu maddəsini dəyişdirmək üçün imza yığırlar. Mən 800-üncü adam oldum.Heç kəsin meydandan dağılmaq fikri yoxdur. Deyilənə görə, dünən Moskvada Puşkin meydanında 11 min azərbaycanlı nümayiş edib. Təbrizdə Səttar xan xiyabanında dünən 600 mindən artıq adam bizimlə həmrəylik nümayişi keçirib.
“Ağaclarımızı kəsənin sol qulağını kəsərik!” (Andranikin də sol qulağını kəsiblər).
07.16. Xor: “Harda gördün erməni, vur başına şilləni”.
Söhbət komendant saatı olanda nə etməkdən gedir. Əsas fikir odur ki, əsgərlər gəlsə müqavimət göstərməyib dağılışmaq, evdə tətil etmək gərəkdir.
1 №-li internat məktəbin şagirdləri bugünkü yığıncağın ilk qaranquşları oldu. Onlar böyük ruh yüksəkliyi yaratdı, çünki komendant saatının olmamasına inamı artırdı.
Xor: “Öldü var, döndü yox”, “Biz ölərik, Qarabağı vermərik”.
08.10. Nemət ucadandanışnla tribunadan camaatı (tələbələri) nizam-intizama çağırdı.
10.30. İşə gedib gəldim. Maqnitafonda “Qarabağ şikəstəsi” oxudurlar, “Sumqayıt” sözünü də lentə artırmışlar. Əliheydər Qarayev adına neftayırma zavodu də bu gün tətil edib. Ölən milis serjanti Fazil İsmayılovun da böyüdülmüş fotosunu gül-çiçəklə bəzəyib tribunadan asmışlar. (1 milyona yaxın adam var. Azərbaycanın çox yerindən gəliblər).
“Axdın ciblərinə yadın, özgənin! Adın Odlar yurdu, odun özgənin!”,
“Azərbaycan dili - dövlət dili”,
“Babək, Koroğlu qeyrətli oğullar, ayağa qalxın!”,
“Bizim dilənçilərə veriləsi torpağımız yoxdur!”,
“Topxanadan əlinizi çəkin!”,
“Dağlıq Qarabağdan əlinizi çəkin!”,
“Dağlıq Qarabağın muxtariyyəti ləğv edilsin!”,
“Mətbuata ar olsun!”,
“Balaxanı neftçiləri sizinlədir”.
Müsavatın və Türkiyənin bayraqları, Atatürkün fotosu da var nümayişçilərin əllərində. Divara karikatura yapışdırmışlar: “Al!!!” (Keçəl Vazgenə qarşı bir yumruq uzanmış, baş barmaq iki barmağın arasından qabağa çıxmışdır. Biləyə Azərbaycan SSR-in bayrağı lent kimi bağlanıb). Şəkililər kəsib-paylamaq üçün bir maşın qoyun gətirib.
13.22. Nemət:
- Mən yalnız özümə cavabdehəm. Mən sizinləyəm. Qoy bunlar (rəsmi adamlar) iclası aparsınlar. Əgər siz onlarla razılaşsanız mən də razıyam, olmasanız mən də sizinləyəm. Çox ehtiyatlı olun. Yeməyi ancaq mərkəzdən götürün. Heç kəs şayiələrə uymasın. İclası Vəli Məmmədov aparacaq (26-ların birinci katibi). Xalqın taleyi məsələsi var burda. Ayrı-ayrı adamlar öz taleyini düşünməməlidir. Ar olsun xalqa qarşı çıxanlara! Bu gün xalqın taleyi sizin - xalqın özündən asılıdır. Xalq yoxdursa mən kiməm? Mən xalqın oğluyam!
13.35-də vertolyot gəldi-keçdi.
13.35. Vəli Məmmədov:
- Bir qayda danışaq, işimiz yaxşı getsin. Fit çalınmasın. (Sonra nəsə dedi, fit çalındı). Bəs biz demədik fit çalmaq qadağan olundu? (Yenə güclü fit çalındı). (Çoxlu ürəyi gedənlər olur, uşaqlar itir. 670 min məktub alınıb camaatdan tribunaya).
13.51. Dəmir Gədəbəyli:
- Mənim böyük xalqım! Bu gün sənin taleyin həll olunur. Bizim başçılarımız 7 gündür ki, sizinlə maraqlanmır. Moskva Vəzirovu pis vəziyyətdə qoyub, o sizing üzünüzə çıxmağa utanır. Moskva bilməlidir ki, Azərbaycan xalqı oyuncaq deyil.
Eşq olsun Nemətə! Onun çıxışlarını alqışlayıram! And içirəm ki, bu yoldan dönməcəyik! (Alqışlar).