Şərqi Azərbaycan ostanı, Əcəbşir şəhərinin coğrafi mövqeyi
Siyaməkin dünyaya göz açdığı Əcəbşir şəhəri Pişəvəri hökuməti dövründə Azərbaycanın strateji əhəmiyyətli şəhərlərindən hesab edilirdi. Burada Rəhmanlı və Danalu adlı iki kiçik liman var idi, Təbrizdən, Marağadan, eləcə də, Culfadan keçməklə, SSRİ-dən gələn yüklər Urmiyaya həmin limanlar vasitəsilə nəql edilərdi. Şəhərdə Pişəvəri dövründən solçu ənənlər çox güclü idi. Təsadüfi deyil ki, dünyanın siyasi görüşlərinə görə ən uzunmüddətli məhbusu olmuş Səfər Qəhramani bu şəhərdən idi. O, 1948-cı ildən 1982-ci ilə qədər düz 32 il zindanda olub (3). Müqayisə üçün deyək ki, Nelson Mandela ondan 4 il az, yəni cəmi 28 il dustaqlıq həyatı yaşayıb.
Bu arada sol düşüncəli insanlarla tanış olan Siyamək İslam İnqilabından sonra yaranan və cəmi iki il davam edən nisbətən demokratik ab-havadan istifadə edərək, xalq fədailəri firqəsinə qoşulur (1980-ci il) və qızğın siyasi fəaliyyətlə məşğul olur. Çox çəkmir ki, onun fəaliyyəti molla rejiminin diqqətini çəkir. Onu bu fəaliyyətdən çəkindimək istəyən hizbullahçılar Siyaməkin oxuduğu məktəbə basqın düzənləyərək onu digər şagirdlərin gözləri önündə bərk döyürlər. Onda o 11-ci sinifdə oxuyurdu. Fəqət bu da Siyaməki yolundan döndərə bilmir. Belə olan halda onu həbs edirlər (1982-ci il) və o, təqribən 10 ay zindanda yatdıqdan sonra zəmanətlə azadlığa buraxılır. Həyatı təhlükədə olduğu üçün Əcəbşirdən Urmiyə şəhərinə köçür. Orada gecələr oxuyur, gündüzlər isə dərzixanada işləməklə çoxuşaqlı anasına maddi yardım edir. Üstəlik də şəhərdə bağlanan uşaq evinin çölə atılan 10-15 sakinini kirayə qaldığı və bir növ siyasi qərargah rolunu oynayan evində saxlayaraq, onları himayə edir və bu uşaqlara marksizm-leninizm təlimini öyrətməyə başlayır.
1983 - cü ildə evində keçirilən siyasi toplantı zamanı ev ETTELAAT məmurlarının hücumuna məruz qalır. Dostlar öncədən tədbir aldıqları, fövqaladə hallar üçün evdə daim oyun kartları və şərab saxladıqları üçün vəziyyətdən çıxa bilirlər. Yığışma səbəblərinin siyasi deyil, içki və qumar məclisi olduğu görüntüsü yaradırlar. Belə olan halda ETTELAAT onları Komitəyə (polisə) təhvil verir. Komitədə isə cəzalarının şallaq və ya cərimə olduğunu bildirir, bu cəzalardan birini seçmələrini təklif edirlər. Dostlar cəriməni seçir və onu ödəməklə canlarını qurtarırlar.
Siyasi fəaliyyətinə görə təqib və təzyiqlərə məruz qalan Siyamək 1986-cı ildə Astara tərəfdən, sərhəd simlərini kəsməklə, Quzey Azərbaycana keçir. Sərhəddə rus sərhədçiləri tərfindən yaxalanır. DTK tərəfindən dindirildikdən və siyasi kimliyi məlum olduqdan sonra Bakıya göndərilir və burada, Yeni Günəşli, Qulam Yəhya küçəsi 50 ünvanında yerləşən, məxsusi olaraq İranlı mühacirlər üçün nəzərdə tutulan binada mənzillə və 6 ay müddətinə ayda 150 manat məbləğində pul vəsaiti ilə təmin olunur.
Sovet İttifaqına yenicə mühacirət etmiş bütün İran vətəndaşları kimi ona da ciddi surətdə tapşırılır ki, Pişəvəri hökumətinin süqutundan sonra Bakıya pənah gətirmiş əski İranlılarla əlaqəyə girməsinlər, onlardan uzaq dursunlar. Çünki onların içərisində guya ETTELAAT-a işləyənlər də var.
Bakıda İncəsənət İnstitutuna girməyi qərara alan Siyamək qəbul şərtləri ilə tanış olmaq üçün həmin ali məktəbə yollanır və orada təsadüfən həmin institutda təhsil alan Ənvər Börüsoyla tanış olur. Ənvər Börüsoy onu Pişəvəri hökumətinin süqutundan sonra Bakıya pənah gətirmiş bir çox əski İran mühacirləri ilə, o cümlədən Məhəmməd Hatəmi və İsfəndiyar Coşğun (Bərxu) ilə tanış edir. Onlarla tanışlıq Siyaməkin dünyagörüşündə ciddi tərəddüdlərin yaranmasına səbəb olur.
Hatəminin rəhmətə getmiş atasının, sözün əsl mənasında milliyyətçilərin siyasi toplantısına çevrilən 40 məclisində bu taylı millətçilərdən Nemət Pənahlı, Şamil Saleh, Sabir Yanardağ, Bəxyiyar Tuncay, Əbülfəz Əliyev və digərləri ilə tanış olur. Eşidib-gördükləri düşüncələrində millilik istiqamətində ciddi dəyişikliklərə səbəb olur (7).
Siyaməkin sözlərinə görə, sonradan «Çənlibel»ə gəlib-getməyə başlayır və buradakı ab-havanın təsiri altına düşür, tədricən milli ideyaya bağlanır. Hətta Şəhriyarın vəfatının ildönümünə həsr edilmiş tədbirdə milli ruhda kəskin bir çıxış da edir. Milli görüşü mənimsəməsində Nemət Pənahlı və Bəxtiyar Tuncayla dostluğunun və onlarla apardığı uzun-uzadı söhbət və mübahisələrin rolu az olmur. Tez-tez gah Siyaməkgildə, bəzən Bəxtiyargildə, əksər hallarda da isə L. Şmitdt adına zavodun yataqxanasında görüşən dostlar Azərbaycanın gələcəyi barədə planlar qurmağa başlayırlar.
Zavod fəhlələrinin həyatı və məişəti ilə yaxından tanış olan Siyaməkin SSRİ və sosialist cəmiyyəti haqqındakı əski təsəvvürləri tamamilə alt-üst olur. Meydan hərəkatı başlayan kimi ona qoşulur və dostu Nemətlə birlikdə fəaliyyət göstərməyə başlayır. Onun ən yaxın köməkçisinə və sağ əlinə çevrilir (7).
Siyamək mitinqdə sadəcə bir dəfə, noyabr ayının 26-da çıxış edib və milli hökumətin qurulmasının zəruriliyini xüsusi vurğulayıb (9), amma hər zaman Pənahlı ilə birlikdə olub, onun hərəkatın sonrakı günləri ilə bağlı planlarının işlənib hazırlanmasında çox fəal iştirak edib.
Siyaməkin xatirələri Meydanla bağlı bəzi gizli məsələlərə işıq tutmaq baxımından çox önəmlidir. Bu xatirələrin birindən belə məlum olur ki, ayın 23-də Nemət meydanı tərk edən izdihamın çiyinlərində meydandan uzaqlaşdırıldıqdan sonra təcili onu tapıb, onunla birlikdə şəhərə daxil olmaqda olan rus ordusunun mövqelərini və planlarını öyrənmək üçün köhnə «Qaz-24» markalı maşında şəhərin hər yerini gəziblər və sonra qərara gəliblər ki, belə vəziyyətdə xalqı və meydanı tək qoymaq olmaz.
Ayın 24-də Siyamək fəaliyyətləri koordinasiya edə bilmək üçün meydanda Nemətlə «Çənlibel»çilərin birgə iclasını təşkil edib (7).
Siyamək (Nasir Rəhbəri)
Siyaməkdən daha bir xatirə: «Meydan rus qoşunları ilə əhatəyə alınandan sonra ziyalıların böyük əksəriyyəti tribunaya çıxmağa qorxurdular və var-gücləri ilə meydanı dağıtmağa, Neməti şərləyərək gözdən salmağa çalışırdılar. Onlar öz qorxaqlıqlarına haqq qazandırmaq üçün deyirdilər ki, guya Nemət ziyalıları özündən uzaqlaşdırır, onlara mikrofon vermir. Halbuki, mikrofona nəzarət Nemətin deyil, 26-lar rayonu partiya komitəsinin katibi Vəli Məmmədovun və MK işçisi Rafiq Zeynalovun əlində idi. Kimin çıxış edib-etməyəcəyini də onlar və onların xüsusi imtiyaz verdikləri Sabir Rüstəmxanlı müəyyən edirdi. Xalq sürəkli Neməti tələb etdiyi üçün ona söz verməyə bilmirdilər, buna məcbur idilər.
Belə olan halda, bizə çox lazım idi ki, şayiələrin heç bir əsasının olmadığını sübut etmək üçün tribunaya mümkün qədər çox ziyalı çıxsın. Onlar isə qorxurdular. Günlərin birində dincəldiyimiz çadıra Bəxtiyar Vahabzadə gəldi, Neməti xalqı qırğına sürükləməkdə suçlayaraq, onu çox pis təhqir etdi. Bəxtiyar müəllimə tribunaya çıxıb xalqa müraciət etməsini, çıxış etməkdən çəkinirsə, heç olmasa, meydana əl etməsini təklif etdik. Qəti surətdə etiraz etdi. Bunu görüb, özümü saxlaya bilmədim. Arxadan ona yaxınlaşıb başımı paçalarının arasına soxdum, çiyinlərimə qaldırdım və insanları yara-yara zorla tribunaya aprdım. Yol boyu yumruqlarını başıma endirir, pis-pis söyüşlərlə onu yerə qoymağımı tələb edirdi. Mənsə əhəmiyyət vermirdim. Onun yekə xayalarını bugünə qədər boynumun arxasında hiss edirəm.
Nə isə, tribunaya qalxdıq, onu yerə qoydum. Məcbur olub xalqa əl elədi və dərhal da tribunadan qaçdı.
Eyni qaydada Fransanın milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovu da zorla çiyinlərimdə tribunaya daşımışdım. O, boydan balaca olsa da, Bəxtiyar müəllimdən daha ağır idi. Əhmədiyyə Cabrayılov mitinqə Şəkidən bir qatar şəkili ilə birlikdə gəlmişdi.
Beləcə, ziyalıları, tanınmış adamları tribunaya zorla qalxmağa məcbur edirdik» (6).
Siyaməkdən daha bir maraqlı xatirə: «Bakıda mitinqlər getdiyi müddətdə əksər sənaye obyektlərində tətillər keçirilirdi. Bu yolla Moskvaya təsir etməyə və SSRİ-nin iqtisadiyyatını çökdürməyə çalışırdıq. Tətil məsələsini düzgün tənzimləyə, səhvə yol verməmək, ən əsası isə neftçilərin uzunmüddətli tətilinə nail ola bilmək üçün meydana İranın «Tudə» partiyasının əsas rəhbərlərindən birini, İranda neft sənayesi fəhlələrinin tətilini uğurla təşkil etməklə ad-san qazanmış qocaman siyasətçi, milliyyətcə ərəb olan Heşmətullah Rəisini dəvət etmişdim. O, meydana gizli şəkildə gəlmişdi və onun üçün ayırdığımız çadırda dostları - Pişəvərinin müavini olmuş Çeşmiazər və Qulam Yəhyanın oğlu Aslan Yəhya ilə birlikdə qalırdı. Hər gecə onlarla görüşür, hər keçən günü təhlil edir, sabahki gün üçün məsləhətlərini alır, sonra isə Nemətlə məsləhətləşib qərar qəbul edirdik.
Meydanda oxunan teleqramlar mitinq iştirakçılarına çox yaxşı təsir edirdi. Onları Ağamalı Sadiq oxuyurdu. Heşmətullahgilin məsləhəti ilə millətin ruhunu qaldırmaq üçün bəzən özümüzdən də saxta teleqram mətnləri uydururduq. Belə mətnlərdən biri guya çox sayda milisin xalqın tərəfinə keçdiyi ilə bağlı idi. Buna görə Fətullah Hüseynova ciddi qulaqburması da vermişdilər. Bu işin nəticəsi o oldu ki, bundan sonra doğrudan da ayrı-ayrı milis şöbələrindən xalqla bir olduqları barədə çoxlu teleqramlar gəlməyə başladı» (7).
Siyaməkin xatirələrindən biri də ümumi dostumuz Əhməd Rzanın «Milli Hərəkatımızın Qavroşu» adlandırdığı Yaşar Türkazərlə bağlıdır. Deyir ki, meydanda ikən ona oğlunun dünyaya gəldiyi xəbərini verirlər. Yaşar meydandan ayrılmır, evə sifariş göndərir ki, uşağa ümummilli liderimizin eşqinə Məmmədəmin adını qoysunlar: «Bu hadisə insanların Milli Azadlıq ideyasına nə qədər ürəkdən bağlı olduğunun sübutudur».
Siyaməkin sözlərinə görə, Nemətin tapşırığına əsasən, əl-ələ verərək, mitinq iştirakçıları ilə rus əsgərləri arasında sədd yaradan Əfqanıstan müharibəsi veteranlarına da o, başçılıq edirmiş: «Onlar hərbi geyimdə idilər və rus əsgərlərinin onlara açıq-aydın rəğbət göstərdiklərini hiss edirdik. Onlara demişdim ki, sayları az görsənməsin deyə, evdəki artıq hərbi formalarını da gətirsinlər. Həmin geyimləri başqalarına geyindirmişdik (təqribən 50-60 adam) ki, say çox görsənsin (6).
Siyaməki dinlədikcə, gözlərim önündə Səttarxan dövrü canlanır, Nemətlə onun dostluğunu Səttarxanla Əli Müsyonun dostluğuna və əməkdaşlığına bənzədirəm. Məncə, səhv etmirəm.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Siyamək Meydan hərəkatından sonrakı proseslərdə fəal iştirak etmişdir. Onun sonrakı fəaliyyətinin bir qismi barədə Fərəc Quliyevin «Missiya» kitabından məlumat əldə etmək mümkündür. Müəllif yazır: «Konfransa yüksək səviyyədə hazırlaşdıq. Çox aktual məsələlər müzakirə olundu və qərarlar qəbul olundu. Bir neçə əhəmiyyətli müraciət də edildi. Bütün bu sənədlər, proqram və nizamnamə konfransdan keçən qısa dövr ərzində xüsusi bülleten şəklində Ordubadda çap edildi. Bu bülleteni konfransda iştirak etməyən rayonlarda və Bakı məktəblərində yaymaq planım var idi. Əslən Təbrizdən olan Siyamək bu işdə köməyimə çatdı. Dırnıs kəndindən olan Məhərrəm Tağıyev və Siyaməkə göndərdiyim bülletenlər demək olar ki, Bakının əksər rayonlarının məktəblərində və kənd rayonları məktəblərində yayıldı. Bakıdakı bütün ali məktəblərdə, texnikumlarda sənədləri yaydıq. Hər yerdə gənclər təşkilatları formalaşmağa başladı. Ruslar AXC-ni dağıtmağa çalışmaqla millətin təşkilatlanmasının qarşısını almaq istəyirdilər. Biz isə əlavə bir təşkilatlanma işi apararaq yeni bir gənclər təşkilatı yaratdıq. Ən yaxşı müdafıə hücumudur - taktikası özünü doğrultdu. Ruslara anlatdıq ki, təkəri geri fırlatmaq olmaz, nə qədər ki cismimizdə can var, dirəniş göstərəcəyik. O sənədləri Bakıda yaymaqda Siyaməkin tanışı Zemfıra xanımın çox xidməti oldu. Mən onun haqqında əlavə məlumata malik deyiləm, amma ona öz təşəkkürlərimi bildirirəm. Siyamək Bakı mitinqlərində fəallardan olduğundan axtarışda idi. Onu Ordubadda bir neçə ay saxladım. Fəallardan Köçəri, sonralar Nemət də burada bir müddət qonağım oldu. O dövrdə Üstüpünün dağlarından təhlükəsiz yer yox idi. Siyaməklə bir çox məsələləri müzakirə etmək imkanımız oldu.
Vəziyyət bir az yumşaldıqdan sonra onu Bakıya yola saldım. Bir neçə istiqamətdə işlər qurduq. Demək olar ki, uğurlu alınırdı. Onun haqqında xeyli şayiələr yayılsa da, çox ciddi məsələlərlə bağlı heç bir məqam kimsəyə məlum olmadı. Olduqca ciddi işlərlə məşğul idik. Siyaməkin Cənubi Azərbaycandakı əlaqələri ilə bu sahədə xeyli iş gördük. Xarici ölkələrdəki Cənubi Azərbaycan siyasi mühacirləri ilə iş birliyi qurduq. Hətta Bakıda müvəqqəti məskunlaşan bir cənublunu tapşırıqla Avropaya - Almaniyaya göndərdik və o da işini olduqca uğurla yerinə yetirdi. Mənim 20 yanvardan sonra Bakıda qurduğum “Qisas” təşkilatından da Siyaməkin ətraflı məlumatı var idi. O “beşlik”lərin birinda təmsil də olunurdu. Hətta Məhərrəm Tağıyevin başçılıq etdiyi qrupun mənzil qərargahında da olmuşdu. Bütün bunlar olduqca ciddi informasiyalar idi. Ən axmaq satqın da bu informasiyalardan bəhrələnərdi. Amma bu məqamlar indiyə qədər gizli qalıb. İndi təhlükə törətmədiyi üçün danışmaq olar. Adından göründüyü kimi, bu təşkilatı rus ordusundan qisas almaq üçün qurmuşdum. Əsasən Bakıda, Sumqayıtda fəaliyyət göstərirdik. Təşkilatın yaranması üçün məşhur hüquqçu, dostum Fuad bəy Ağayev də tövsiyələrini verdi. O bəzi məsələlərdən xəbərdar idi. Qisas üçün alışıb-yanırdı. Hətta əməliyyatlarda iştirak etmək istəyirdi» (5).
Dostları ilə paylaş: |