Tağı Xalisbəyli (ayaq üstə) İddialar bununla da bitmirdi. Yaxınlıqda yerləşən «Azərbaycan» kinoteatrının foyesinin divarı başdan başa Azərbaycan filmlərindən, o cümlədən «O olmasın, bu olsun», «Arşın mal alan», «Nəsimi» və s. filmlərindən müxtəlif fraqmentləri əks etdirən elementlərlə bəzədilmişdi. Çöldən, pəncərədən sadəcə dərisi soyulmaq üçün əlləri çarmıxa bağlanmış Nəsiminin fiquru daha aydın görünürdü. Və Tağı Xalisbəylinin fikrincə, orada Həzrət İsa (ə) təsvir edilmişmiş O, bütün deyilənləri «erməni təxribatı» kimi qələmə verirdi və ən qəribəsi isə budur ki, söylədiklərinə də ürəkdən inanırdı. Hatəmi də onun kimi. Düşünürdüm ki, bunu ehtirasları qızışdırmaq üçün qəsdən edirlər. Amma yox, dediklərinə özləri də inanırdılar.
Bütün bu deyilənlərlə yanaşı, iddialardan biri ilə, qismən də olsa, razılaşmaq olardı. Tunc kompozisiyanın elementlərindən biri divə bənzər mifoloji bir varlıqdan qaçan qadın fiquru idi ki, onun yönü vaxtilə yəhudi sinaqoqu kimi fəaliyyət göstərən, sonralar erməni kilsəsinə çevrilən binaya tərəf idi. Sanki, divdən xilas olmaq üçün kilsəyə tərəf qaçırdı…
Nə isə, biz – o dövrün gəncləri, iddiaların böyük əksəriyyətinin əsassız olduğunu bilsək də, eyni sözləri təkrar edir, bununla da ehtirasları qızışdırmağa, milləti küçələrə tökməyə çalışırdıq və istəyimizə nail olduq. Üstəlik də polislə əlbəyaxa olub, onları geri çəkilməyə məcbur etdik. Məqsədimiz qorxu sindromunu qırmaq idi, buna da nail olduq.
Keçirdiyimiz piketlərdən qorxuya düşən hökumət və dövlət orqanları dərhal fəvvarələr meydanındakı zibil yeşiklərinin başqa rənglə boyanmasına, heykəl-kompozisiyada isə dəyişiklik edilməsinə göstəriş verdilər. Nəticədə üzü kilsəyə tərəf olan qadın fiqurunun yönü əks istiqamətə dəyişdirildi, 4 nar formasında olan bəzək elementlərindəki narlardan biri ləğv edildi. Edilən dəyişikliklər əsərin bədii keyfiyyətinə heç bir xələl gətirmədi. Həmin abidə İlham Əliyevin hakimiyyəti illərinə qədər meydanda qalaraq, könül oxşamaqda davam edirdi. Meydanın rekonstruksiyasından sonra isə onu götürdülər.