Sevil Cahani
Əlimdə mitinqin içərisindən tribunaya göndərilmiş çoxlu qeydlər vardır. Mitinq zamanı və mitinqdən sonra dövlət onları əlimdən çıxartmaq üçün çox çalışdı. Vermədim, qoruyub saxladım. O vaxtlar xalqı duymaq, bilmək baxımından tarixi dəyəri olan həmin qeydlər bunlardır:
"Arvadları erməni olan rəhbər azərbaycanlı işçilərimiz işdən qovulsun. Onlardı torpağımızı satır",
"Qazax, Naxçıvan torpaqları geri qaytarılsın", "Mərkəzi Komitənin nümayəndəsi A. Rəsizadənin dəhşətli ağlasığmaz hərəkəti Azərbaycan xalqına, onun mədəniyyətinə ağırdan da ağır zərbə oldu. Hökmən Rəsizadə bu hərəkətini MK qarşısında izah etsin. Torpaqdan pay olmaz. 5000 hektar torpağı pay verməklə o, anasının südünü, bacısının namusunu pay verdi. Qətiyyətlə tələb edirik: o, bu müqəddəs torpağı qarış-qarış yadelli işğalçılardan alıb birləşdirən Şah İsmayıla, Babəkə, Azərbaycanda adı çoxdan unudulan Hacı Zeynalabdin bəy Tağıyevin müqəddəs ruhuna cavab versin!... M. Əliyev adına ADİİ tələbəsi Zülalova G.Y ",
"Ermənistanda ölən əsgərlərin ölümü haqqında məlumat verilsin", "Ermənistan cinayətkarları haqqında məlumat",
"Bütün qəzet səhifələrinin axırındakı ünvan Avakyan adı ilə bağlıdır. Tələb edirik: Avakyan küçəsinin adı dəyişdirilsin!",
"Necə ola bilir ki, Sumqayıta qoşun yeriyir, əmin-amanlıq yaranır, ancaq Qarabağda, xüsusi ilə Stepanakertdə indi də işləmirlər. Bu barədə xalqa niyə məlumat verilmir?",
"Sumqayıtda tutulanlar xuliqan adlandırılmasın və buraxılsın!",
"Sumqayıtda tutulanlar buraxılsın! Azərbaycan xalqı",
"40-cı illərdə Stalinin əmri ilə köçürülmüş 100 min azərbaycanlı öz vətənlərinə qaytarılsın!",
"Azərbaycan tarixi haçan öz yerini tutacaq?",
"Milli qəhrəmanlarımızın heykəlləri Bakının görkəmli yerlərində qoyulsun!",
"Tələbimiz: 1. Şah İsmayıl Xətainin abidəsi ucaldılsın, şəhərimizin görkəmli yerlərindən birində. 2. Zeynalabdin Tağıyevin adına küçələr və meydanlar qoyulsun, abidəsi ucaldılsın!",
"Sovet İttifaqında... ən çox xeyir verən bərəkətli Azərbaycan torpağıdır. Belə isə Moskva, konkret desək, Qorbaçov və durğunluq dövrünün havasından heç cür yaxa qurtara bilməyən Azərbaycan Mərkəzi Komitəsi nə vaxta qədər bizim xalqın arzularını boğacaqlar?",
"Bütün zəhmətkeşlər ümumi tətilə çağrılsın".
Qeydlərin bir sırasında ali məktəblərin qapılarını bağlatdırıb tələbələri mitinqə buraxmaq istəməmiş İsmayıl İbrahimov, Timuçin Əfəndiyev kimi rektorlara etiraz və Sumqayıtın keçmiş partiya katibi Cahangir Müslümzadənin köhnə iş yerinə qaytarılması tələb edilir» (3, s. 28-29).
Əgər 16 may mitinqini təşkil edə bilmək üçün «Çənlibel»çilər çox səy göstərməli olmuşdularsa, iki gün sonrakı mitinqi etmək üçün bir o qədər də çətinlik çəkmək lazım olmadı. M. H. Tantəkənin də qeyd etdiyi kimi, «18 may 1988 mitinqini xüsusi təşkil etmək lazım gəlməyəcəkdir. Mənim razılığımla Xəlil Rza 16 may mitinqində bu tarixə Azadlıq meydanına mitinq elan etdi…
Mitinqi Xəlil Rza ilə ikimiz idarə edirdik. Çıxışların şirin yerində bir də gördük ki, "Bəxtiyar, Bəxtiyar!" səsi meydanı başına götürdü. Bunun ardından qəribə bir teatr səhnəsinin şahidi olduq: Bəxtiyar Vahabzadə əllər üstündə təkəm kimi atıla-tutula Azərbaycan mehmanxanası tərəfdən tribunaya gətirilir. Bütün meydan balıq qarnı kimi yarılıb, ehtiramla o "müqəddəs" insana yol verirdi. Xəlil Rza rahatsızlıqla mənə yanaşıb dedi: " Əclaf indi gəlib meydanı dağıdacaq". Ona dedim: "Xəlil, sən bu saat bu tribunadan Şeyx Nəsrullaha döndərilmiş Bəxtiyarın əleyhinə bir söz desən, xalq sən sevimli oğlunu buradaca daşqalaq edər. Onun buraya nə üçün gəldiyi bizə məlumdur. Qoy gəlib danışsın, sonra bax gör başına nə gəlir. O, özü özünü ifşa edib sıradan çıxartmalıdır, bu haqda xalqa bizim bir söz deməyimizdən heç nə çıxmaz, arada özümüz yaman kişi olarıq". Bizim nə haqqımız vardı Bəxtiyara söz verməyək. Hamımız kənara çəkildik, o, təqdimatsız-filansız birbaşa mikrafona yaxınlaşıb danışmağa başladı. Şairlik istedadını işə salaraq, "igidsən, qəhrəmansan, cəngavərsən, tarixən böyük mədəniyyətlər yaratmısan" deyə, xalqı əvvəlcə bir xeyli oxşadı. Sonra, necə deyərlər, valı döndərib başladı ki, ağıllı olmaq lazımdır, emosiyaya uymaq lazım deyildir, uyanda içərisindən Sumqayıt hadisəsi çıxar. Mitinqi sona çatdırıb sakitcə dağılmaq lazımdır. Vahabzadənin mitinqi dağıtmaq istəməsinin astarı bütün çılpaqlığı ilə üzə çıxmışdı. Buna cavab olaraq, xalq onu hansı ehtiramla mikrofona gətirmişdisə, fitləyib, küyləyib eyni biabırçılıqla mikrafondan qovdu. Nəşəli iç, xəfif gülüşlü üzlə Xəlilə çevrilib: "Salam əleyküm, Xəlil" - dedim. Xəlil içərisinə rahatçılıq çökmüş bir adam kimi: "Xatadan qurtardıq" - dedi…
Təşkil etdiyimiz mitinqlər milli azadlıq hərəkatının canlı şöləsi idi. Meydan yazılı şüarlarla dolu idi. Bir çox yöndən maraqlı, dəyərli olan onları yazıya gətirirəm:
"Sumqayıt hadisəsinin əsil səbəbkarlarını tələb edirik".
"Biz millətçi deyilik, beynəlmiləlçiyik".
"Yoldaş Müslümzadəni partiyaya bərpa etmək".
"Erməni millətçilərinə ar olsun".
Dostları ilə paylaş: |