Azərbaycan Milli Azadlıq Hərəkatının beşiyi olan qədim Bakı şəhəri
Nemət bəyin yazdığına görə, Türk milliyyətçiliyini təbliğ edən və əsas məqsədi Azərbaycanın rus işğalından qurtularaq istiqlal qazanması olan «Çənlibel»də radikal milliyyətçilər – Məhəmməd Hatəmi Tantəkin və Bəxtiyar Tucay, eləcə də milli demokratik görüşləri ilə fərqlənən Xudu Məmmədov, Aydın Məmmədov, Əbülfəz Elçibəy, Sabir Rüstəmxanlı, Firudin Cəlilov (Ağasıoğlu), Vurğun Əyyubov və başqa ziyalılarla yaxından tanış olur. Bu şəxslərlə tanışlığı onun siyasi düşüncələrinin daha da təkmilləşməsinə səbəb olur (5, s. 107-109).
Həmin dövrdə «Çənlibel» təşkilatının və onun üzvlərinin, o cümlədən alovlu inqilabçı şair Xəlil Rza Ulutürk tərəfindən Azərbaycan fəhlələrinin lideri elan edilən Nemət Pənahlının fəaliyyəti kommunist partiyasının rəhbərliyini ciddi əndişələndirməyə başlayır. Təsadüfi deyil ki, 1988-ci ilin əvvəllərində Azərbaycan Kommunist Partiyasının I katibi təyin edilən Əbdürrəhman Vəzirov hakimiyyətinin elə ikinci günü Nemət bəyin çalışdığı zavoda gəlir, orada çalışan fəhlələrlə görüşür və ertəsi gün onları öz iqamətgahına dəvət edir. Görüşdən sonra Nemət Pənahlı ilə ayrıca görüşür. Vəzirov ondan «Çənlibel»dən uzaqlaşmasını istəyir, fəqət istəyinə nail olmur.
Kitabda Nemət bəyin «Çənlibel» təşkilatının fəaliyyəti ilə bağlı bir çox qiymətli xatirələri yer alır. Məsələn o, «Çənlibelin üçüncü məşğələsində Sabir Rüstəmxanlının «Qan yaddaşı» kitabının müzakirə edildiyini xatırlayaraq yazır: «Müzakirə elə bir axara düşdü ki, şairin bütün yaradıcılığı müzakirə obyektinə çevrildi. Sabirin Azərbaycan dili haqqında fikirlərindən söz açılanda, mən də danışdım, onun fikirlərini tənqid etdim. Çünki o, Quzey Azərbaycanla Güney Azərbaycanı müqayisə edərək bu nəticəyə gəlmişdi ki, guya şimalda dilimiz çiçəklənmə dövrünü keçirir, guya Şimali Azərbaycan öz müstəqilliyinə, azadlığına nail olub. O 15 qardaşın (respublikanın B. T.) on beş səsinin biridir. Əlbəttə, mən bu iddia ilə barışa bilməzdim. Hansı çiçəklənmədən söhbət gedə bilərdi? Bütün rəsmi idarələrdə yazışmalar rus dilində aparılırdı. İşə girərkən ərizənin rusca yazılmasını tələb edirdilər…
O, yığıncaqdan sonra «Çənlibel»ə qarşı təzyiqlər oldu. Növbəti yığıncaq ərəfəsində klubun açarını bizə vermədilər. Bir dəfə yığıncaq zamanı öncə mikrofonu, sonra işıqları söndürdülər, daha sonra afişanı çap etmədilər və s.» (5, s. 122).
N. Pənahlının yazdığına görə, təşkilatın fəaliyyətində xoşa gələn ən müsbət cəhət gerçəkliyimizdəki neqativ cəhətlərin dərindən təhlili idi. Yalnız bu cür təhlillər milləti arzu olunan yola yönəldə bilərdi. Rüşvətxorluq, korrupsiya, ekologiya, elmdə ayrı-ayrı baxışların monopilizasiyası haqqındakı söhbətləri bütün xalqın eşitməsini istəyirdim. Bu kimi söhbətlərə xalqın böyük ehtiyacı vardı
Kitabın ən maraqlı hissələrindən biri də M. Hatəminin «Çənlibel»ə sədrliyin Nemətə həvalə etmək istəməsi barədki hissədir: «Məhəmməd Hatəmi çalışırdı ki, birliyə sədrliyi mən edim. Amma mən qətiyyən razı deyildim. Bunun doğru olmadığı barədə arqumentlərimi dinləmək istəmirdi. Hətta, məndən incimişdi də» (5, s. 122). Müəllifin sözlərinə görə, səbəb isə o idi ki, demək olar, hamıdan şübhələnirdi. Hamı onun gözünə «KQB agenti» kimi görünürdü. «Onun bu mövqeyi məni çox narahat edirdi. Ona dedim ki, «Çənlibel» elmi-ədəbi birlikdir. Mənimsə ali təhsilim yoxdur. Belə bir mötəbər təşkilatın başında fəhlənin durması söz-söhbətə səbəb olar, düşmən dəyirmanına su tökməkdən başqa heç nəyə yaramaz» (5, s. 122).
«Əbədiyyət yolçusu» kitabının bir hissəsi də müəllifin işlədiyi zavoddakı inqilabi fəaliyyətini əks etdirir. Bu mövzu o qədər önəmlidir ki, onun üzərində bir qədər geniş durmağa ehtiyac var. Çünki Azərbaycan Milli Azadlıq Hərəkatında fəhlələrin rolu ziyalıların və tələbələrin rolundan qətiyyən az olmayıb.
1988-ci ilin fevralında Elmlər Akademiyasının önündə alimlərin və fəhlələrin birgə iştirakı ilə keçirilməsi nəzərdə tutlan nümayiş-mitinqin baş tutmamasından, özünün isə polis tərəfindən saxlanılmasından söz açan N. Pənahlı yazır: «…Elə ki, qüvvələr toplaşmağa başladı, polis işçiləri və mülki geyimli şəxslər bizə hədə-qorxu gəlməyə, dağılışmağımızı tələb etməyə başladılar. Fəalların bir neçəsi müxtəlif qrupların içərisində şüarlar səsləndirməyə başladılar. Səhv etmirəmsə, onlardan biri Elçin Səlcuq idi.
Məhəmməd Hatəmi, Şamil Saleh, Sabir Yanardağ və digər «Çənlibel»çilər bağın içində mitinqə hazır vəziyyətdə gözləyirdilər» (5, s. 114).
Həmin gün təşkil olunması planlaşdırılan mitinqin əlaqələndiricisi olan Nemət Pənahlı, milislərə öz kəskin etirazını bildirərək, Dağlıq Qarabağda ermənilərin törətdiyi təxribatları dilə gətirir, lakin bu heç bir işə yaramır, nümyişçilərə qarşı zor tətbiq edilsə də, göstərilən müqavimət sayəsində heç kəsi tutub saxlamaq mümkün olmur. Amma mitinqə cəhd də baş tutmur. Sonradan məlum olur ki, həmin gün mitinqə gəlməli olan və Şmidt adına maşınqayırma zavodunun yataqxanasında toplaşan fəhlələrin yataqxanadan çıxması əngəllənibmiş. Belə olmasa idi, təbii ki, hər şey başqa cür ola bilərdi: «…Ertəsi gün, iş paltarımı yenicə geyinmişdim ki, növbə rəisi bildirdi: sex rəisi səni çağırır. Rəisin kabinetinə girəndə orada mülki geyimli bir şəxsin məni gözlədiyini gördüm. O dedi ki, onunla birlikdə rayon prokurorluğuna getməliyəm. Soruşdum: «Nə məsələdir?», bilmədiyini, orada hər şeyin aydın olacağını söylədi. Ona qoşuldum, maşınına minib prokurorluğa getdim. Bu xəbər ildırım sürəti ilə bütün zavoda yayıldı və fəhlələr arasında ciddi gərginliyə səbəb oldu» (5, s. 114-115).
N. Pənahlının sözlərinə görə, orada onun rayon prokuroru ilə söhbəti olur. Prokuror ilk andan səsinin tonunu qaldıraraq hədə-qorxu gəlməyə başlayır:
-Elə bilmə ki, sənin əməllərindən xəbərimiz yoxdur, zavodda çıxartdığın hoqqaları, «Çənlibel»dəki fəaliyyətini bilmirik. İndiyə qədər sənə yazığımız gəlirdi. Fikirləşirdik ki, cavan oğlandır, yazıqdır. Ancaq indi sənə qəti surətdə bildiririk, ikicə nəfərlə söhbət etdiyini bilsək, səni yox edəcəyik.
Prokuror onu «Qanunsuz mitinqlərin, nümayişlərin keçirilməsi ilə bağlı SSRİ Ali Sovetinin Fərmanı» ilə tanış edir. Və ona xəbərdarlıq edir (5, s. 115).
N. Pənahlı yazır: «Mən onun heç gözləmədiyi halda, ona mənimlə danışdığından daha sərt şəkildə cavab verib dedim ki, indiyə qədər nümayiş və mitinqlər barədə düşünməmiş və siz düşündüyünüz qədər də aktiv olmamışam. Anna bunadan sonra, söz verirəm ki, bu yolda əlimdən gələn hər şeyi edəcəyəm. Siz də nə bacarırsınızsa, edin.
Mübahisəmiz təxminən saat dördün yarısınadək çəkdi. Prokuror gah məni dilə tutmağa, gah da hədə qorxu-gəlməyə çalışdı» (5, s. 115).
Saat dördün yarısında prokurorluqdan ayrılıb zavoda gəldiyini söyləyə N. Pənahlının sözlərinə görə, fəhlələr onun geri döndüyünü eşidən kimi hər tərəfdən axışıb yanına gəldilər və dedilər ki, hakimiyyət onları sakitləşdirmək üçün Bəxtiyar Vahabzadəni zavoda göndərməyə qərar verib. Uşaqları qorxutmamaq üçün gəlinən hədə-qorxuları gizlədən Nemət bəy onları həmişəkindən daha mübariz olmağa çağırır: «…Aradan bir neçə dəqiqə keçmədi ki, zavodun qarşısında pəncərəsi pərdəli maşınlar dayandı. Maşınlardan raykom katibi Rəfail Allahverdiyev və başqa adamlar ilə birlikdə hörmətli şairimiz Bəxtiyar Vahabzadə, Şiməmməd Hüseynov və tarixçi alim Süleyman Əliyarov düşdülər.
Dostları ilə paylaş: |